XİN: Mülki şəxsləri və obyektləri hədəfə alan Ermənistan beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozur

 

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən, oktyabrın 2-də günorta saatlarından etibarən Ermənistan ərazisindən Azərbaycanın Şəmkir rayonunun Sabirkənd kəndi raket atəşinə, Tovuz rayonunun Ağdam kəndi isə artilleriya atəşinə tutulur. Ermənistan silahlı qüvvələri, həmçinin işğal olunmuş ərazilərimizdən Bərdə rayonunun Əmirli və Ağdam rayonunun Quzanlı yaşayış məntəqələrini artilleriya atəşinə tutur.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alan Ermənistan tərəfi beynəlxalq humanitar hüquq normalarını, eləcə də bu xüsusda üzərinə götürdüyü öhdəlikləri kobudcasına pozur.

Təcavüz siyasətini davam etdirən Ermənistan, ölkə rəsmilərinin bəyan etdiyi kimi, “yeni ərazilər üçün yeni müharibə” taktikasını həyata keçirməyə çalışır.

“Azərbaycan Ordusu ölkəmizin beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü qorumaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Ermənistan tərəfinin həmlələrinə adekvat cavab verəcəkdir. Bir daha bəyan edirik ki, yaranmış vəziyyətə görə tam məsuliyyət Ermənistanın üzərinə düşür, - deyə məlumatda bildirilir.

 

Azərbaycan.-2020.- 3 oktyabr.- S.3.