Estoniya parlamentinin Azərbaycanla parlamentlərarası
əlaqələr üzrə deputat qrupu cəbhədəki vəziyyətlə
bağlı bəyanat yayıb
Estoniya
parlamentinin Azərbaycan ilə parlamentlərarası əlaqələr
üzrə deputat qrupu çox sayda günahsız insanın həlak
olduğu Dağlıq Qarabağda Ermənistanla Azərbaycan
arasında hərbi münaqişənin gərginləşməsini
dərin narahatçılıqla izləyir.
AZƏRTAC
xəbər verir ki, qrupun bununla bağlı bəyanatında
deyilir: “Biz münaqişənin beynəlxalq hüququn norma və
prinsiplərinə uyğun həll edilməsinin tərəfdarıyıq.
Biz regionun bütün dövlətlərinin suverenliyinə,
ərazi bütövlüyünə və beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin
toxunulmazlığına tam dəstəyimizi
ifadə etməkdə davam edirik. Eyni zamanda, biz
hazırkı vəziyyətin ciddiliyini nəzərə
alaraq tərəfləri hərbi əməliyyatları
dayandırmağa, atəşkəsi bərpa etməyə və
ATƏT-in Helsinki Yekun
Aktına və onun yerinə yetirilməsi
ilə bağlı elementlərə əsaslanan Minsk qrupunun vasitəçiliyi
ilə yenidən danışıq masasına
qayıtmağa çağırırıq. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll
edilməsinə yeni təkan vermək bütün regionun sabitliyi və inkişafı üçün
çox vacibdir”.
Azərbaycan.-2020.- 3 oktyabr.- S.3.