Silahlı Qüvvələrə Yardım Fonduna 120 milyon manatdan çox vəsait
toplanıb
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna cari il oktyabrın 1-dək 120 milyon 106 min 408,24 manat, 218 min 680,68 ABŞ dolları, 18 min 341 avro və 5000 min rubl vəsait daxil olub.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Təkcə bir ay ərzində - sentyabrın 1-dən oktyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna 6 milyon 691 min 593,07 manat və 5102,8 dollar vəsait yığılıb.
Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan Ordusuna maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə dərin minnətdarlığını bildirir.
Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.
Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.
Azərbaycan.- 2020.-4 oktyabr.- S.4.