Ermənistan silahlı qüvvələri mülki obyektləri atəşə tutmaqda davam edir
Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədir, dinc əhalinin, eləcə də dövlət əmlakına ciddi ziyan vurur.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin atdığı mərmi nəticəsində Füzuli rayonunun Horadiz şəhərinin ətrafında qamışlıq-bataqlıq ərazidə yanğın baş verib, 20 hektar sahədə qamışlıq, kol-kos və ağaclıq yanıb. Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən görülən tədbirlər sayəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinə mərmi düşməsi nəticəsində vətəndaşa məxsus təsərrüfat obyekti yanıb. Yanğın zamanı tövlənin içərisində olan 3 baş iribuynuzlu heyvan çıxarılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Düşmənin atdığı mərmi Ağdam rayonunun Evoğlu kəndində vətəndaşa məxsus təsərrüfat obyektində yanğına səbəb olub. Yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində obyektin bir hissəsi yanğından mühafizə olunub.
Qeyd edək ki,
düşmənin artilleriya atəşləri
nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki
obyektlərə, fərdi və çoxmənzilli
yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən
ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal
aradan qaldırılması üçün FHN gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Baş verən hər hansı fövqəladə
hadisə ilə əlaqədar nazirliyin
112 – “qaynar” telefon xəttinə
dərhal məlumat verilməsi xahiş olunur.
Azərbaycan.- 2020.-4 oktyabr.- S.4.