Ordumuz təcavüzkarı
beynəlxalq qanunvericilik çərçivəsinə
qaytarmaqda israrlıdır
Bu günlər Azərbaycan Ordusu müqəddəs vəzifəsini icra edir: Silahlı Qüvvələrimiz dövlətin uzun illərdir işğal altında qalan suveren ərazisini azadlığa qovuşdurmaq üçün azğınlaşmış düşmənə yerini göstərir.
"Ermənistan respublikası” adlanan terrorçu dövlət indiyədək hansısa formada cəzalandırılmadığından hesab edirdi ki, hadisələr davamlı olaraq istədiyi məcrada cərəyan edəcək, işğal etdiyi torpaqlarda mənfur planlarını həyata keçirəcək, özgələrin torpaqları hesabına "Böyük Ermənistan” xülyasını maneəsiz gerçəkləşdirəcək. Düşmən ağlının ucuna da gətirə bilmirdi ki, zəbt etdiyi ərazinin qanuni yiyəsi var və o, nə vaxtsa təcavüzkarla haqq-hesab çəkəcək. Ona görə də Ermənistan rejiminin indi bütün dünyada çığır-bağır salması, həmişə sığal gördüyü havadarlarının dərhal təcavüzkarın yanında yer almayıb işə qarışmamasından hiddətlənməsi başadüşüləndir.
Erməni işğalçılarının həyasızlaşmasında beynəlxalq təşkilatların və Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesində vasitəçilik edən dövlətlərin, ilk növbədə, ATƏT-in Minsk qrupunun günahı az deyil. Axı məlumdur ki, hələ 27 il əvvəl - 1993-cü ildə ən nüfuzlu beynəlxalq təşkilatın - BMT-nin Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edərək münaqişənin nizamlanmasının dəqiq yolunu göstərmişdir: erməni silahlı birləşmələri Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmalıdır! Ardınca digər beynəlxal qurumlar, o cümlədən NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti Ermənistanın təcavüzkar siyasətini pisləyib Azərbaycanın ərazi bütövlüyünün və hamı tərəfindən qəbul olunmuş sərhədlərinin toxunulmazlığına tərəfdar çıxmışdır.
Doğrudur, ötən dövrdə beynəlxalq vasitəçilər münaqişənin dinc yolla həlli naminə xeyli təşəbbüslər irəli sürmüş, ard-arda danışıqlar aparılmış, amma tənzimləmə prosesini ölü nöqtədən tərpətmək mümkün olmamışdır. Bu təşəbbüslərin, demək olar ki, hamısı Azərbaycanın milli maraqları ilə daban-dabana zidd olsa da, rəsmi Bakı prosesin başlaması üçün konstruktivlik nümayiş etdirmiş, müəyyən güzəştlərə getməyə hazır olduğunu bəyan etmişdir. Elə məqamlar olurdu ki, Azərbaycan və Ermənistan rəsmiləri danışıqlar zamanı ayrı-ayrı məsələlər barədə razılaşmalar əldə etdiyindən tərəflərin mövqelərinin tezliklə bir-birinə yaxınlaşacağı təsəvvürü yaranırdı. Lakin növbəti görüşdə Ermənistan tərəfi həmin razılaşmalardan müxtəlif bəhanələrlə geri çəkilir və beləliklə, tənzimləmə prosesi sıfır nöqtəyə qayıdırdı. Beləcə uzun müddət keçməsinə baxmayaraq, problemi nəinki həll etmək, hətta bu istiqamətdə, kiçik də olsa, addım atmaq mümkün olmadı.
Beynəlxalq vasitəçilər hadisələrin gedişinə münasibətdə seyrçi mövqe tutur, hansısa irəliləyişə nail olmağa maraq göstərmirdilər. Düzdür, istər ATƏT-in Minsk qrupu səviyyəsində, istərsə də digər müstəvilərdə danışıqlar zamanı tez-tez belə bir bəyanat verilirdi ki, münaqişə zonasında status-kvonun davam etməsi yolverilməzdir, yəni Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır. Amma bu, bəyanatdan o tərəfə getməmiş, əməli işə çevrilməmişdir. Məsələ burasındadır ki, Ermənistan-Azərbaycan münaqişəsinin təməl prinsipi kimi Dağlıq Qarabağın statusunun müyyən edilməsi irəli sürülür, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının vacibliyi, təcavüzkarın işğal etdiyi torpaqlardan didərgin saldığı yüz minlərlə azərbaycanlının ev-eşiyinə qaytarılmasının zəruriliyi kimi məsələlər arxa plana keçirilirdi. Hətta Bakıya utanmadan təklif olunurdu ki, əzəli torpaqlarının itirilməsi ilə barışsın, heç nə olmamış kimi, Ermənistanla əlaqələr qursun. Azərbaycan tərəfi isə təkrar-təkrar vurğulayırdı ki, hərbi təcavüz faktdır və ona görə də təcavüzkarla təcavüzün qurbanının bərabər tutulması heç bir çərçivəyə sığmaz. Başqa sözlə, silahlı təcavüzün nəticələrinin aradan qaldırılması istiqamətində konkret addımlar atmaq, işğalçı tərəfə beynəlxalq hüquqa zidd hərəkətlərdən çəkinməyi başa salmaq lazımdır. Amma bu məqamlar təcavüzkar tərəfə izah edilmədi, nəticə etibarilə tənzimləmə prosesi yerində saydı. Üstəlik, Ermənistan faktiki olaraq danışıqlardan çəkildi və beləliklə, münaqişənin dinc vasitələrlə nizama salınması perspektivinin üstündən xətt çəkdi. Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır” kimi sərsəm bəyanatı tərəflər arasında dialoqa yer qoymadı. Digər tərəfdən, İrəvan rejimi gələcəkdə də danışıqlar masası arxasına keçməyi istisna etdi: guya ki, münaqişənin tərəfləri Ermənistan və Azərbaycan yox, Dağlıq Qarabağdakı separatçı qruplaşma və Azərbaycandır, ona görə də danışıqlar Xankəndi ilə Bakı arasında aparılmalıdır. Təbii ki, Azərbaycan tərəfi separatçı-terrorçu zümrə ilə dialoqa girə bilməzdi, çünki heç bir normal dövlət separatçılar və terrorçularla dialoq qurmur, onları məhv etmək üçün bütün mümkün tədbirləri görür.
Bütün bu səbəblərdən Ermənistanın əl-qolu açıldı, təcavüzkar dövlət işğal etdiyi Azərbaycan torpaqlarında yeni-yeni qanunsuz addımlar atmağa, müharibə cinayətləri törətməyə başladı. Düşmən əvvəlcə işğal etdiyi yaşayış məntəqələrinin adlarını dəyişdirib erməniləşdirdi, sonra zəbt etdiyi ərazilərin məskunlaşdırılmasına start verdi. Dağlıq Qarabağa və ona bitişik rayonlara Ermənistandan və xarici ölkələrdən erməni ailələri köçürüldü. Bu faktı beynəlxalq səviyyədə də təsdiq olunmuş, amma dünya ictimaiyyəti əvvəlki kimi ağzına su alıb susmuşdur.
Tez-tez belə bir fikir səslənir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün mexanizm formalaşdırılmamışdır. Amma tarixi təcrübə göstərir ki, lazım gələndə beynəlxalq təşkilatın qərarlarını yerinə yetirmək üçün dərhal mexanizm tapılır və işə salınır. Məsələ Azərbaycanın üzərinə gələndə isə mexanizm söz-söhbəti ortaya çıxır.
Bununla belə, beynəlxalq qanunvericiliyin normalarını reallaşdırmağın başqa bir yolu da var. BMT-nin Nizamnaməsinə görə, hər bir üzv-dövlətin öz ərazi bütövlüyünü bütün mümkün vasitələrlə təmin etmək hüququ var. Bu gün Azərbaycan Silahlı Qüvvələri Qarabağda həm dövlətin ərazi bütövlüyünü, həm də Ermənistan tərəfindən pozulmuş beynəlxalq hüququ bərpa edir. Bu işi gördüyünə görə Azərbaycan əsgərinə yalnız alqış düşür.
Allahverdi MEHDİYEV
Azərbaycan.-2020.- 3 oktyabr.- S.5.