Azərbaycanın ən müasir tarixinin qəhrəmanı

 

 

Bu gün Qarabağda baş verənlər dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Oktyabrın 1-də Brüsseldə Avropa Birliyi liderləri, Moskvada Rusiya Təhlükəsizlik Şurasının üzvləri, daha öncə isə BMT Təhlükəsizlik Şurası və Minsk qrupuna daxil olan dövlətlərin başçıları yaranmış vəziyyətlə bağlı narahatlıqlarını dilə gətirib, tərəfləri barışığa dəvət ediblər.

Erməni təcavüzü, Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərinə sayğısızlığı, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini 30 ildir susqunluqla izləyən, açıq-aşkar ikili standartlar tətbiq edən dünya başbilənlərinin hazırkı canfəşanlığı suallar doğurmaya bilməz. Bəlkə də bu canfəşanlıq BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnaməsinin kağız üzərində qalması, Xocalı soyqırımı, "köhnə qitə”də erməni lobbisinin sifarişilə yazılmış siyasi ssenarilərin tərkib hissəsi olan qərəzli şouların reallaşdırılması zamanı sərgilənsəydi, Qarabağ problemi çoxdan həllini tapmış olardı. Amma görünən odur ki, indiyədək dünya supergücləri "Kim güclüdür, o da haqlıdır” prinsipinə sadiq qalıblar və seçimlərini yanlış ediblər. Bu məqamı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəqiqliklə və adil şəkildə dəyərləndirib: "Ermənilərin qədim Azərbaycan torpağı Qarabağın işğalına qarşı kor, kar, lal qalanların bu gün sərgilədikləri duruş ikiüzlülükdür. İşğalçılara səssiz qalan, vətənini qoruyanı isə suçlayanların sözünün bizim üçün heç bir dəyəri yoxdur”.

Siyasi proseslərdə qlobal maraqların miqyasını və meqatrendləri, beynəlxalq müstəvidə gedən oyunları, qlobal siyasi konfiqurasiyanın bir cinahında hələ də neoimperializm siyasətini davam etdirməkdə israrlı olan dövlətlərin məqsədlərini dəqiq hesablayan Prezident İlham Əliyev öz nitqlərində dəfələrlə yeganə çıxış yolu kimi güclü Azərbaycanı gördüyünü səsləndirib və bu istiqamətdə ciddi addımlar gerçəkləşdirib. Hazırda Azərbaycan dünya reytinqlərində layiqli yer tutub, "Davamlı İnkişaf Hədəfləri İndeksi”nə görə 166 ölkə arasında 54-cü pillədə qərarlaşıb, iqtisadiyyatda pozitiv dinamika qorunur, cəmiyyətdə milli birlik ruhu yüksəkdir.

Sirr deyil ki, Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdiyi gündən bu yana üzləşdiyi ən böyük təhdid ərazisinin 20 faizinin erməni işğalçıları tərəfindən ilhaqı, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsidir. Bu fakt eyni zamanda işğal prosesini müşayiət edən digər təzahürlər Azərbaycanın, həmçinin bütövlükdə bölgənin iqtisadi, sosialhumanitar inkişafına neqativ təsirsiz ötüşməyib. Buna baxmayaraq, 30 ildir ölkə rəhbərliyi təmkinlə problemin sülh, danışıqlar yolu ilə həllinə çalışıb. Lakin ölkə Prezidentinin sentyabrın 27-də xalqa müraciətində qeyd etdiyi kimi, "məhz Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançı siyasəti nəticəsində hazırda danışıqlar faktiki olaraq dayanıbdır. Növbəti təxribatın törədilməsi məhz bu məqsədləri güdürbu məqsədlər onlar üçün əsas məqsədlərdir”. Göründüyü kimi biz təmkin sərgilədikcə ermənilər daha da azğınlaşıb, unudublar ki, Qarabağ tarixən Azərbaycanın ərazisidir, tarixi isə dəyişmək mümkün deyil. Bu gün məhz tarixi ədalətin bərpası, erməni faşizminin durdurulması üçün Azərbaycan mənfur düşmənin açdığı bütün cəbhələrdə ona layiqli cavabını verir.

Bəlli faktdır ki, çətin dönəmlərdə, xüsusilə müharibə dönəmində hər bir xalqın güclü liderə ehtiyacı olur. Azərbaycanın bu sarıdan bəxti gətirib. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə məntiqli arqumentləri, qətiyyəti və məğrur duruşuyla Ermənistan baş nazirinin sərsəm sayıqlamaları ilə ölkəsinin yalanla yoğrulan siyasətini ifşa edən, həm Ermənistanda, həm də onun hüdudlarından kənarda dəfələrlə acizkomik duruma düşən Paşinyanın dərsini verib. Bu gün bütün dünya azərbaycanlıları "Qarabağ Azərbaycandır və nida işarəsi”, - deyən liderinin savaşın davamı üçün zəruri stratejitaktiki qərarlarının arxasındadır. Çünki Azərbaycanın Ali Baş Komandanının qərarları ölkəsinin qüdrətindən qaynaqlanır, sadəcə intuisiyaya deyil, həm də güclərin və vasitələrin dəqiq hesablanmasına əsaslanır.

İlham Əliyev qısa zaman çərçivəsində milli qüruru canlandırıb, Azərbaycanı beynəlxalq arenada bərabərhüquqlu tərəfdaş kimi qəbul etdirib. "Bu yaxınlarda bizim Azərbaycanın qədim şəhəri olan Şuşada qondarma kriminal xunta rejiminin başçısının "andiçmə” mərasimi keçirilmişdir. Bu, təxribat deyilmi? Bu, bizə qarşı təhqirdir. Onlar hesab edirdilər ki, biz bu təhqirlə barışacağıq, razılaşacağıq. Onlar bizi şüurlu şəkildə təxribatlara çəkirlər və bunun acı nəticələrini görəcəklər. Bu yaxınlarda qondarma "Dağlıq Qarabağ respublikası” parlamentinin qədim Azərbaycan şəhəri - Şuşaya köçürülməsi haqqında qərar qəbul edildi. Bu, növbəti təxribatdır. Bu yaxınlarda Ermənistanın baş naziri bəyan etmişdir ki, on minlərlə insanı birləşdirən "könüllü” hərbi birləşmələr yaradılacaqdır. Bu, nə üçün lazımdır? Bunlar kimə qarşı vuruşacaqlar? Bu, Azərbaycana qarşı bu gün törədilən təxribatın hazırlıq mərhələsi idi. Mən artıq bir neçə dəfə demişdim, o cümlədən bu yaxınlarda BMT kürsüsündən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır və dayandırılacaqdır”, - deyən dövlət başçısının qətiyyəti həm dostlarını, həm də düşmənlərini heyran qoymaya bilməz. İlham Əliyevin böyük uğurunun sirrini üç sözlə ifadə etmək olar: uzaqgörənlik, inam və hədəfə çatmaq. O, siyasətçilərə məxsus kübarlıq və liderlərə xas cəsarətə malik, ölkəsinin gələcəyi ilə bağlı aydın baxışa sahib şəxsiyyətdir. Azərbaycan Prezidenti siyasi uzaqgörənliyi ilə seçilir, düzgün hədəflər seçməyi və onlara çatmağı, imkanlardan düzgün istifadə etməyi bacarır, səbirlidir və çağırışları qələbəyə çevirməkdə mahirdir. Amma ən əsası o, necə irəliləmək lazım olduğunu yaxşı bilir. Məhz bu səbəbdəndir ki, İlham Əliyev öz hərəkətləri ilə Ermənistanı idarə etmiş və idarə edən "təlxək liderləri” hər zaman çətin vəziyyətə salıb. Sonuncularla müqayisədə dövlət başçımızın daha cəsarətli olması Azərbaycan həqiqətlərinin təntənəsinə, Azərbaycanla bağlı psixoloji baryerlərin aradan götürülməsinə şərait yaradıb. İlham Əliyevin ilk gündən situasiyanı düzgün dəyərləndirməsi, yerində və zamanında atılan addımlar və verilən açıqlamalar sayəsində ermənilər ən güclü dayağından - Rusiyanın dəstəyindən məhrum duruma düşüblər. İlham Əliyev "Rossiya-1” telekanalının "60 dəqiqə” proqramında "bu gün Ermənistanda Soros rejimi mövcuddur. Belarusda baş tutmayan çevriliş iki il bundan əvvəl Yerevanda baş tutdu. Bu gün Paşinyanın şəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır”, - deməklə hər zaman ermənilərin yalanlarını təkrarlamağa meyilli rus auditoriyasına ciddidüşündürücü mesaj ünvanlayır. Nəticə özünü gözlətmir: belə ki, Rusiya sentyabrın 27-dən, yəni Qarabağ münaqişəsi geniş miqyasda kəskinləşəndən neytrallığını saxlayır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan özüetiraf edib. "Hazırda Rusiya tamamilə neytral mövqe tutur”, - deyə Paşinyan "The Spectator” nəşrinə müsahibəsində Yerevanın Moskvadan dəstək zəmanəti alıb-almadığı barədə sualı cavablandırarkən bildirib.

Artıq siyasi opponentlərinin belə liderliyini qeyd-şərtsiz qəbul etdikləri İlham Əliyevin ən vacib keyfiyyəti ümumi hədəfi düzgün müəyyənləşdirmək və xalqı ardıcıl şəkildə o hədəfə doğru aparmaqdır. "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” - söyləməklə cənab Prezident növbəti hədəfi açıqlayıb. Bəli, indi yeganə hədəf Qarabağ, onun işğaldan azad edilməsidir və hazırda Azərbaycanın böyüklü-kiçikli bütün vətəndaşları "mən qalibəm-sən qalibsən” paradiqmasından yola çıxaraq cəsarətli liderinin rəhbərliyi ilə ən müasir tarixini yazır və böyük dönüş üçün zəmin hazırlayır.

 

Ziyafət HƏBİBOVA,

siyasi elmlər doktoru, professor, Azərbaycan

 Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının şöbə müdiri

Azərbaycan.-2020.- 3 oktyabr.- S.7.