Kamran Əliyev: Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı Azərbaycanın Baş Prokurorluğu tərəfindən 12 cinayət işi başlanıb

 

Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 12 cinayət işi başlanıb. Bu günədək 19 mülki şəxs həlak olub. Təəssüf doğurucu hal ondan ibarətdir ki, həlak olan şəxslər arasında qadınlar və uşaqlar da var. Üç qadın və iki azyaşlı uşaq Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində öldürülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev oktyabrın 3–də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı ölkəmizdə akkreditə olunan diplomatik korpusun, yerli və beynəlxalq media qurumlarının nümayəndələri üçün təşkil olunan brifinqdə məlumat verib.

Baş prokuror bildirib ki, Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələrinin artilleriya silahlarından atdığı mərmi nəticəsində Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kənd sakini Qurbanov Elbrus İsa oğlu və ailəsinin dörd üzvü – anası, həyat yoldaşı və övladları həlak olub. Həmin faktlarla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (ikiya daha çox şəxsi qəsdən öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2-ci (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb.

Kamran Əliyev diqqətə çatdırıb ki, bu müddət ərzində dinc əhaliyə qarşı törədilən cinayətlərlə bağlı başlanan 12 cinayət işinin 1-i Goranboy, 5-i Tərtər, 3-ü Ağdam, 2-si Füzuli, 1-i isə Cəbrayıl rayonu üzrə başlanıb.

Ümumilikdə, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrimizin atəşə tutulması nəticəsində 19 mülki şəxs həlak olub, 63 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Yaralanan şəxslərdən 26-sı Tərtər, 10-u Ağcabədi, 14-u Ağdam, 6-sı Füzuli, 2-si Goranboy, 2-si Bərdə, 1-i Daşkəsən, 1-i Xocalı, 1-i isə Cəbrayıl rayonlarının sakinləridir. Xəsarət alanlardan 56-sı kişi, 6-sı qadın, 1-i isə uşaqdır. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin dinc əhalini atəşə tutması nəticəsində 181 ev və 44 mülki obyekt yararsız vəziyyətə düşüb.

Kamran Əliyev bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində törətdiyi təxribatlar həm də hərbi cinayətlərdir. Bu cinayətlərlə bağlı hazırda Respublika Hərbi Prokurorluğunda beş cinayət işi başlanıb və istintaq davam etdirilir.

Qeyd edilib ki, Ermənistan mülki əhalimizə qarşı cinayətlər törətməklə yanaşı, işğal etdiyi ərazilərdə Azərbaycanın sərvətlərini talamaqla məşğuldur. Ermənistanın 1994-cü ildən bu günədək ölkəmizə qarşı təcavüzü davam edir. İşğal olunmuş ərazilərimizdə iqtisadi fəaliyyətlə məşğul olduğu üçün 12 nəfər beynəlxalq axtarışa verilib.

Kamran Əliyev vurğulayıb ki, bundan başqa, Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri Qurqen Alaverdyan barəsində cinayət işinin istintaqı davam edir. O, iki nəfərlə birlikdə Azərbaycan ərazisinə daxil olaraq strateji baxımdan əhəmiyyətli yerləri öyrənmək istəyib. Bu fakt sübut edir ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilərində birbaşa Ermənistan silahlı birləşmələrinin, Ermənistan Müdafiə Nazirliyinin əməkdaşları xidmət edirlər.

Baş prokuror qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı təxribat törətməkdə məqsədləri mülki əhali arasında qorxupanika yaratmaqdır. Ermənistan Azərbaycanın ərazilərinə təcavüz edib. Ermənistan rəhbərliyi təcavüzkar siyasətindən əl çəkmir. Erməni silahlı birləşmələri dinc azərbaycanlı əhalinin öz torpaqlarını qoyub getməsini istəyirlər. Onlar hər zaman olduğu kimi, Azərbaycana və vətəndaşlarımza qarşı təcavüzkar siyasətlərini davam etdirirlər.

Diqqətə çatdırılıb ki, 1994-cü ildən bu günədək Azərbaycan vətəndaşlarına qarşı təxribat törədənlər sırasında Ermənistan vətəndaşları olan ermənilər də var. Bu da onu göstərir ki, Ermənistan vətəndaşları başqa ölkə əhalisinə qarşı hücumlar edir. Bununla da onlar Azərbaycan əhalisinin həyatına təhlükələr yaradıb. Ermənistan tərəfi heç vaxt atəşkəs rejiminə riayət etməyib, onlar hər zaman mülki şəxslərə və hərbçilərimizə qarşı cinayətlər törədib. 1994-cü ildə atəşkəs elan olunsa da həmin vaxtdan bu günə qədər yaşayış məntəqələrini və mülki əhalimizi hədəfə alıb.

Atəşkəs imzalanandan - 1994-cü il mayın 12-dən indiyə qədər 398 nəfər Azərbaycan hərbçisi, 31 nəfər mülki şəxs isə qətlə yetirilib. Atəşkəs sazişinin imzalanmasından indiyədək 1038 hərbçi, 69 mülki şəxs yaralanıb. İndiyədək ermənilərin törətdikləri cinayətlərlə bağlı 287 cinayət işi qəsdən adam öldürmə, 625 cinayət işi isə qəsdən adam öldürməyə cəhdlə bağlıdır. 2015-2018-ci illərdə bu cinayətləri törətməkdə təqsirləndirilən iki nəfər Ermənistan vətəndaşı həbs edilib. Onlar uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Həmin işlər üzrə yeddi nəfər axtarışa verilib. Bütün bu faktlarla bağlı prokurorluq orqanları tərəfindən müvafiq cinayət işləri başlanılıb.

Kamran Əliyev əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini hədəfə alaraq cinayətlər törətməsi əvvəllər də olub. 2016-cı ilin Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən altı mülki şəxs qətlə yetirilib, 26 nəfər xəsarət alıb. Həmçinin 300-dən çox evmülki yaşayış sahəsi yararsız hala salınıb.

Brifinqdə Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində həlak olmuş dinc əhali haqqında məlumatlar slayd şəklində nümayiş etdirilib.

 

Azərbaycan.- 2020.-4 oktyabr.- S.5.