Hərb tariximizə yeni şanlı səhifələr yazılır

 

Artıq bir neçə gündür ki, Ermənistanın Azərbaycana qarşı təcavüzə səbəb olan hərbi təxribatlarının qarşısı Milli Ordumuz tərəfindən qətiyyətlə alınır, bütün istiqamətlərdə düşmənə sarsıdıcı zərbələr endirilir. Uğurlu hərbi əməliyyatlarla bağlı xəbərlər ictimaiyyətdə rəğbət doğurur.

Etiraf edək ki, müharibə, terror, qərəz və haqsızlıq dinindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsi ağrıdır, insanları ölüm və faciələrlə üz-üzə qoyur. Bunun bariz nümunələrini Azərbaycan xalqı otuz ildən artıqdır ki, mənfur ermənilərin timsalında görür. 30 ildən artıqdır ki, Azərbaycan torpaqlarının iyirmi faizi Ermənistan silahlı birləşmələrinin işğalı altındadır, bir milyona yaxın insan öz dədə-baba yurdundan qaçqın və köçkün düşüb. Erməni silahlıları, erməni terrorçuları işğal etdikləri ərazilərdən tutmuş paytaxt Bakı Metropolitenində, eləcə də ölkəmizin müxtəlif bölgələrində xidmətdə olan sərnişin avtobusları və sərnişin qatarlarında dəfələrlə faciələrə səbəb olan, beynəlxalq aləmin diqqətindən yayınmayan terror aktları həyata keçiriblər. Ermənistan hakimiyyəti ordusunun Azərbaycanın işğal etdikləri ərazilərdən çıxarılması üçün nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrinə, tələb və tövsiyələrinə əməl etməyib. Bu illər ərzində ATƏT-in Minsk qrupu heç bir nəticə ortaya qoymayıb.

Ötən 30 il müddətində Ermənistanda dəfələrlə hakimiyyət dəyişikliyi olsa da, onların faşist xarakteri, işğalçılıq niyyəti dəyişməyib. Ermənistanın bütün beynəlxalq aləmin gözü qarşısında sentyabrın 27-də Azərbaycan ərazisinə sərhədboyu hücumu, dinc əhalini iriçaplı silahlardanqumbaraatanlardan atəşə tutması, əlavə torpaqlar işğal etmək istəməsi hamıda təəssüf doğurub. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin xalqımıza müraciətində təxribatın səbəbləri, habelə son saatlarda Ermənistanın işğalçılıq addımları, bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan Azərbaycan mövqelərini atəşə tutduğunu bildirib. Eyni zamanda belə əməllərin bir daha Ermənistan faşizminin eybəcər sifətini göstərdiyini, dinc əhaliyə qarşı bu cür qəddarlığın ancaq faşist dövlətlərinə aid olduğunu xatırladıb.

İqtidara gəldiyi gündən bəri verdiyi vədlərə əməl edə bilməyən Nikol Paşinyan hakimiyyətdə qalmağın yeganə yolunu müharibə mühiti yaratmaqda və daxildə narazı kütlənin fikrini başqa istiqamətə yönəltməkdə görür. Bununla ölkənin və əhalinin müdafiə qayğıları ilə məşğul olması ilə gündəmi zəbt etmək istəyir.

Lakin işğalçı Ermənistan bilməlidir ki, beynəlxalq qanunların tələbləri baxımından Azərbaycan öz torpaqlarını işğaldan azad etmək hüququna malikdir. Artıq ölkəmiz iqtisadi baxımdan güclənib, milli birliyə nail olunub, Azərbaycan xalqı dövlət başçısını dəstəkləyir, insanlar, xüsusən də gənclər Milli Ordunun sıralarında Vətən naminə, torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün könüllü olaraq döyüşə getməyə hər an hazırdırlar. Bu sıradan neçə-neçə könüllü bu dəqiqə cəbhənin ön xəttində düşmənlə mərdliklə vuruşur. Hərbçilərimiz cəbhənin təmas xəttində yüksək vətənpərvərlik nümayiş etdirir, əsgər və zabitlərimiz şücaət və qəhrəmanlıq salnaməsi yaradırlar. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşməyi, hətta bu yolda şəhid olmağı özlərinə şərəf bilirlər.

Dövlət başçısı Təhlükəsizlik Şurasının iclasında Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini bir daha xatırlatmaqla, Dağlıq Qarabağın tarixi ilə bağlı beynəlxalq tədbirlərdə müxtəlif kürsülərdən dəfələrlə bu barədə öz sözünü dediyini, öz qəti mövqeyini, tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırdığını, məqsədyönlü və yorulmaz səylər nəticəsində bu gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünyada tam geniş təsəvvür yarandığını vurğulayıb.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin illərdən bəri səbir və təmkinlə həyata keçirdiyi ölkənin hərbi təhlükəsizliyi siyasəti bu gün müstəqil dövlətimizin öz ərazi bütövlüyünü təmin etməsinə hərtərəfli zəmin yaradıb. Azərbaycan Ordusu neçə gündür düşmənə ağır zərbələr endirir, onları zərərləşdirdikcə geri çəkilməyə məcbur edir. Dünyanın sülhpərvər siyasətçiləri, uzaqgörən və obyektiv dövlət xadimləri Ermənistanı müharibə iddiasından əl çəkməyə, insanları əsassız qırğına verməməyə, Azərbaycanın suveren ərazisindən qoşunlarını çıxarmaqla atəşkəsə, sülhə nail olmağa çağırırlar. Ermənistanın baş naziri Nikol Paşinyan və işğalçı qoşunların komandir heyəti deyilənləri nəzərə alaraq, ağıllarını başlarına yığıb dincliklə Dağlıq Qarabağı və digər işğal etdikləri əraziləri tərk etməlidirlər.

Ölkəmizin bütün əhalisi dövlət başçısının və hərbçilərimizin haqq yolunda olduğuna, dədə-baba torpaqlarımızın işğaldan azad ediləcəyinə, nəhayət, ədalətin zəfər çalacağına tam əmindirlər. Bu əminlik həm də ondan irəli gəlir ki, hər bir vətəndaş ölkəmizin özünü müdafiə etdiyinə, hərbçilərimizin əks-hücumlarda peşəkarlığına, Azərbaycanın hərb tarixinə şanlı səhifələr yazan rəşadətli odumuzun gücünə inanır.

 

 

Rəhman SALMANLI

Azərbaycan.-2020.- 3 oktyabr.- S.8.