Azərbaycandan Ermənistana növbəti dərs

 

İşğalçılıq siyasəti yeridən təcavüzkar Ermənistan Azərbaycan torpaqlarına sentyabrın 27-də, səhər saatlarında genişmiqyaslı hücuma keçdi. Sərhəd məntəqələrimizi, dinc vətəndaşlarımızı ağır artilleriya atəşlərinə məruz qoyan düşmən ordumuzun əks-hücumu ilə layiq olduğu cavabı aldı.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq norma və prinsiplərə, BMT Təhlükəsizlik Şurasının dörd qatnaməsinə, eləcə də ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə həllinə məhəl qoymayan, əslində, ikili oyun oynayan təcavüzkar Ermənistanın Azərbaycandan tutarlı dərs alması qaçılmaz idi. Cənubi Qafqazın ən güclü silahlı qüvvələri sayılan Azərbaycan Ordusu cavab atəşi ilə əks-hucuma keçərək, 30 ilə yaxındır erməni terrorçu, quldur dəstələrinin əsarəti altında qalan ərazilərimizin bir hissəsini, xüsusən əlverişli, strateji əhəmiyyətə malik bəzi yüksəklikləri azad etməklə, nəyə qadir olduğunu göstərdi.

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də televiziya ilə xalqa müraciət edərək, təcavüzkarların növbəti təxribatının qarşısının alındığı və Milli Ordumuzun zəfərlərə doğru irəliləməsini bildirdi.

Mülki əhali arasında itkilərin, yaralananların olmasına baxmayaraq, ordumuz düşmənin önarxa mövqelərinə ağır zərbələr endirir. Məhz bu cavab tədbirləri nəticəsində düşmənin bir çox hərbi texnikası sıradan çıxarılıb, canlı qüvvəsi məhv edilib.

Bu, bir daha faşizm ideologiyası ilə silahlanmış Ermənistanın təcavüzkarlığını və işğalçılıq siyasətinin növbəti təzahürüdür. Dövlət başçısının müraciətində bildirilir ki, iyul ayında Azərbaycan düşmənə layiqli cavabı verdi, öz ərazi bütövlüyünü qorudubir daha göstərdi ki, Azərbaycanla hədə-qorxu dilində danışan bundan peşman olacaq: "...Əfsuslar ki, bu, onlar üçün dərs olmadı. Halbuki mən iyul təxribatından sonra demişdim ki, Ermənistanın bu acı məğlubiyyəti onlar üçün dərs olmalıdır.

Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdır. İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində yenə də artilleriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdur. Heç kəsə sirr deyil ki, ilk atəşi, o cümlədən artilleriya atəşini Ermənistan açıbdır və ilk həlak olanlar da məhz Azərbaycan həbçiləri olmuşdur. Azərbaycan düşmənə layiqli cavabını verdi və düşmən bir santimetr irəliyə gedə bilmədi. Düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan tərəfi məcbur olub acı məğlubiyyətlə razılaşdı. Mən bu barədə demişəm, bir daha demək istəyirəm, əgər bizim istəyimiz olsaydı, hərbi döyüşləri Ermənistan ərazisinə keçirə bilərdik. Ancaq bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur və belə olan halda bir neçə gündən sonra atəş dayandırılmışdır”.

Prezident Ermənistanın bu təxribatı törətməklə hansı məqsəd güddüyünə aydınlıq gətirərkən qeyd etdi ki, ilk növbədə Azərbaycan torpaqlarının işğalı onların planındadır və bunu gizlətmirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı: yeni ərazilər uğrunda işğal siyasəti. Onların rəhbərliyinin siyasəti budur. Digər səbəb də var: Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadisiyasi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq, Azərbaycandan düşmən obrazı yaratmaq. Ermənistan hər necə olur-olsun, çalışır ki, danışıqlar prosesi pozulsun. Buna nail olanların riyakar, qeyri-konstruktiv və yalançı siyasəti nəticəsində danışıqlar pozulub. Budəfəki təxribat da məhz həmin məqsədləri güdür. Çünki bu, çirkin siyasi oyunların əsas məqsədləridir.

Sentyabrın 27-də keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısı bir daha əmin olduğunu bildirdi ki, uğurlu əks-hücum əməliyyatımız ədalətsizliyə, otuz ilə yaxın davam edən işğala son qoyacaq. Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Onlar Vətən həsrəti ilə yaşayırlar: "Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar doğma ocaqlarına qayıtmaq istəyirlər. Baxmayaraq ki, artıq onların ocaqları vəhşilər tərəfindən dağıdılıb. Baxın Ağdam şəhərinin qalıqlarına. Baxın Füzuli şəhərinin qalıqlarına. Baxın işğal edilmiş ərazilərdə bizim məscidlərimizin, qəbiristanlıqlarımızın dağılmış vəziyyətinə. Bütün bunları erməni cəlladları törədib və biz tam haqlıyıq. Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır. Otuz ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq”.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Təhlükəsizlik Şurasının iclasında verdiyi məlumatlar xalqımızın qəti qələbəyə - Azərbaycan Ordusunun Murovdağ zirvəsinə sancdığı kimi, tezliklə Şuşada da üçrəngli bayrağımızı dalğalandıracağına inamını bir daha artırdı. Füzuli, Cəbrayıl, Tərtər və Ağdam rayonlarının kəndləri artilleriyadan atəşə tutulsa da, dağıntılar, əhali arasında yaralananlar və itkilər olsa da, xalqımızın qələbəyə inamı bunları üstələdi. Eyni vaxtda Ağdam, Füzuli, Cəbrayıl istiqamətindən düşmənin silahlı qüvvələrinin cəmləşməsi müşahidə olunsa da, Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdurrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd kəndlərinin azad edilməsi, Azərbaycan Ordusunun digər istiqamətlərdə uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin böyük itkilər verərək geri çəkilməsi böyük qələbənin heçuzaqda olmadığını göstərir.

Cənab Prezident dəfələrlə beynəlxalq tribunalardan bəyan edib ki, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Ermənistanın baş naziri "Qarabağ Ermənistandır, nöqtə” deyəndə, Ali Baş Komandanımız qətiyyət və casərətlə bəyan edib: "Qarabağ Azərbaycandır və Nida”.

Artıq bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət tərəfimizdədir. Çünki işğaldan azad ediləcək ərazilər doğma, dədə-baba torpağımızdır. Tezliklə o torpaqlarda Azərbaycan bayrağı dalğalanacaq ki, bu zəfəri tarixə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Milli Ordumuz yazacaq!

 

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2020.- 3 oktyabr.- S.8.