İndi mərdlik
vaxtı, qeyrət çağıdır
Ana
xeyir-duası döyüşən oğullara
güc-qüvvət verir
Dünyada ana qədər incə qəlbli, ana qədər kövrək bir məxluq varmı, görəsən?! Yer üzünün ən ucqar bir guşəsində atılan güllənin səsi də sanki ona gəlib çatır. Üzünü belə görmədiyi əsgərlər, haqq işi uğrunda vuruşan döyüşçülər üçün dua edir. Bu top-tüfəng öz yurdumuzda,öz torpağımızda səslənəndə analarımızın yüzqat incələnən qəlbi şir, aslan ürəyinə də dönə bilir ("Aslanın erkəyi, dişisi olmaz” deyib xalqımız).
Vətən, torpaq uğrunda haqq savaşına qalxan oğullarımıza xeyir-dua verər analar, qələbə dilər. Ulu nənələrimizin bayatı dili ilə oğullara sağ-salamatlıq arzulayar:
Sən igidlər nəslisən,
Dəyməz heç güllə sənə!..
Oğullar da
qəlblərindəki ana sevgisi
ilə atılar döyüşə. Ana Vətən, ana torpaq, ana
yurd, ana qeyrəti uğrunda vuruşar və... Lazım gələndə həyatından
keçər igidlərimiz.
Çünki torpaq əgər uğrunda ölən varsa, Vətəndir!
Belə olduğu halda Azərbaycan anası qəlbini polada da döndərə bilir. "Bağrına daş
bağlayıb” ifadəsi
dilimizdə əbəs
yerə yaranmayıb ki...
"Şəhid anası”
deyə çağırıldığı
andan ağır oturub batman gələn xanım-xatın Azərbaycan
qadınlarının gözü
önünə üç
onillikdən çoxdur
erməni faşistləri
tərəfindən xalqımızın
başına gətirilən
faciələr, müsibətlər,
soyqırımıları gələr. Oğlunun torpaq,
xalq, haqq işi uğrunda şəhid olduğunu düşünərək başını
uca tutar. Dərin kədər qarışıq bir ülvi hiss də keçirər, fəxarət
duyar, qürurlu duyğular yaşayar. "Oğulu böyütmüşəm
- Vətən üçün!”
deyən analarımız
azdırmı?
Dünən oğlu orduda zabit kimi xidmət
edən bir anaya ürək-dirək, təsəlli verdik, səbir dilədik. O isə
bütün döyüşçülərimizə
uğur, qələbə
arzuladı, hamısının
sağ-salamat olması
üçün dua etdi. O ana bilir
ki, oğlu odlu döyüşlərdədir.
O ana hətta belə düşünməyə
də özündə
güc tapır: "Nə oğlum indiyə qədərki şəhidlərimizdən artıqdır,
nə də özüm onların analarından...”
Dünən bir zabit xanımı
ilə həbsöhbət
olduq. O da anadır, iki körpəsi var, üçüncüsünün yolunu gözləyir. Ömür-gün yoldaşı
odlu cəbhədə
düşmənlə üz-üzə
olan bu gənc
qadın çox təmkinlidir: "Demişəm,
evdən, uşaqlardan
nigaran qalmasın. Fikri işində, xidmətində
olsun, Vətən qarşısında müqəddəs
borcunu yerinə yetirsin”.
İstər-istəməz yadımıza vaxtilə radio dalğalarında
"Müharibə illərinin
mahnıları” silsilə
verilişlərində səslənən
bir nəğmə düşür:
Gəl,
ana yurdumun qızı, gəlini,
İndi namus vaxtı, qeyrət dəmidir.
Sən də əsirgəmə kömək əlini,
Hər sözün, söhbətin
can məlhəmidir.
Bu gün yüzlərlə
Azərbaycan qızının
qəlbindən silaha sarılmaq keçir. Ancaq güclü
dövlət olan Azərbaycanın güclü
Ordusu buna ehtiyac duymur. Azərbaycan oğulları yağı
düşmənə necə
lazımdırsa, elə
də cavab verir. Ancaq bu gün də, böyük şairimiz Səməd Vurğunun zamanında dediyi kimi, "Hər sözün, söhbətin can məlhəmidir”,
Azərbaycan qızı,
Azərbaycan anası!
Bütün müharibələrdə döyüşən
ordu, vuruşan əsgər və zabitlər arxa cəbhədən güc alır. Həm də təkcə
maddi mənada yox. Bəlkə ondan az
əhəmiyyət daşımayan
mənəvi dəstəkdən
söhbət gedir.
Bu gün Azərbaycan
Ordusunun arxasında Azərbaycan dövləti,
xalqımız dayanıb. Döyüşən hər oğul, eyni zamanda, öz
evindən, ailəsindən
mənəvi güc alır. Anasından, bacısından, ömür-gün yoldaşından
eşitdiyi hər söz onun qolunun
qüvvətini, gözünün
işığını artırır.
Əgər yarası olsa,
o sözlər məlhəmə
çevrilir. Ana xeyir-duası, qadın sədaqəti, bacı sevgisi düşmən üstünə şığıyan
oğullarımızın qələbəyə
inamını artırır.
Flora SADIQLI
Azərbaycan.-2020.- 3 oktyabr.- S.8.