Qarabağ uğrunda hər meydanda QƏLƏBƏ!

 

Ağdam klubu Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı

 

 

Hazırda Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Silahlı Qüvvələrimiz dövlətin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğalçılardan - erməni faşistlərindən və muzdlu terrorçulardan təmizlənməsi uğrunda mübarizə aparır. Qəhrəman əsgərlərimizin cəbhə boyunca qazandığı uğurlar hamımızı sevindirir.

Xalqımızın oğul və qızları şanlı Ordumuza hərtərəfli dəstək verərək möhkəm birlik nümayiş etdirirlər. Beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil edən idmançılarımız da onların arasındadır. Srağagün Ağdamın "Qarabağfutbol klubu UEFA Avropa Liqası yarışlarının həlledici pley-off oyununda Polşanın paytaxtı Varşavada ölkə çempionu "Legiya” komandası ilə qarşılaşmışdır. Xalqımız üçün belə bir vacib məqamda futbolçularımız böyük əzmkarlıq və ustalıq nümayiş etdirərək 3:0 hesabı ilə qələbə qazanmış və ardıcıl olaraq 7-ci dəfə Avropa Liqasının qrup mərhələsində yerini təmin etmişdir.

Matçda ağdamlılar rəqibi bütün komponentlər üzrə üstələdilər. "Qarabağ”ın qarşısını almaq mümkün deyildi. "Şükürlər olsun ki, komanda olaraq bunun öhdəsindən gələ bildik. Qazanacağımız qələbənin nə dərəcədə vacib olduğunu dərk edirdik. Sevinirəm ki, buna nail olduq”.

Bu sözləri deyən "Qarabağ”ın yarımmüdafiəçisi, Horadiz şəhərində anadan olmuş və 1 yaşında yurdundan didərgin düşmüş Qara Qarayev hazırkı vəziyyətdə qazandıqları uğuru o qədər də böyük saymır: "Əsgərlərimizin döyüşdə qazandığı zəfərlər daha önəmlidir. Çünki orada daha çətindir, səhvlər bağışlanmır. Əsgərlərimiz torpaqlarımızı qorumaq üçün hər saniyə ölümlə üz-üzədirlər. Nə qədər idmanla məşğul olsaq da, beynəlxalq arenada çıxış etsək də, fikirlərimiz, dualarımız əsgərlərimizlədir”.

Qara matçdan öncə iki gün yata bilmədiyini deyir: "Yuxularım qarışmışdı. İstər-istəməz həyəcan keçirirdim. Cəbhədə qazanılan zəfərlərin qarşılığında Polşadan qələbə sevinci ilə qayıtmalı idikbiz bunun öhdəsindən gələ bildik. Bu işdə baş məşqçimiz bizə çox kömək oldu. O, futbolçuları tamamilə qələbəyə kökləmişdi. Hamımız məsuliyyəti dərk edirdik”.

Varşavada qazanılmış mühüm qələbədən sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov da hadisələrə münasibətini bildirmişdir: "Hazırkı vəziyyətdə, müharibə şəraitində bu, vacib qələbədir. Matçdan dərhal sonra futbolçularıma təşəkkürümü bildirdim. Onların üzərində həddən artıq yük var idi. Onlar oyunun məsuliyyətini dərk edirdilər. Bu, futbolçuların meydandakı çıxışından, üz ifadələrindən də hiss olunurdu. Nə qədər ki, futbol, idman var, bu yük üstümüzdən götürülməyəcək. "Qarabağda bu, ikiqat olur. Azarkeşlərimiz bizdən daim qələbə gözləyirlər. Bizöz növbəmizdə hər zaman Azərbaycanı, Qarabağımızı, Ordumuzu layiqincə təmsil etməyə çalışırıq. Son günlər əsgərlərimizin fədakarlığını düşünsək, bizim etdiyimiz çox cüzidir... Hər bir halda futbolçularımla fəxr edirəm ki, belə bir nəticə əldə etdik. Hətta oyundan öncə söhbətimiz oldu ki, bu gün burada legioner yoxdur, hamımız azərbaycanlıyıq. Onlar da həqiqətən özlərini azərbaycanlı kimi göstərdilər. Ölkəyə, komandaya sevgilərini meydanda nümayiş etdirdilər. Hesabın 3:0 olmasına baxmayaraq, son dəqiqəyədək maksimum istək, konsentrasiya ilə oynadılar. Meydanda rəqibə heç bir mübarizədə uduzmamağa çalışırdılar. Bu da Ordumuzun döyüşlərdəki qələbələri ilə bağlı idi. Ona görə bu qələbənin xüsusi yeri var”.

Varşavanın "Polşa ordusustadionunda keçirilən oyunda "Qarabağ” futbolçuları meydançanın hər bir qarışında döyüşürdülər desək, yanılmarıq və bu, yekunda öz bəhrəsini verdi. Matç bitdikdən sonra "Qarabağ”ın futbolçuları, məşqçiləri və klubun digər nümayəndələri Ordumuza dəstək nümayiş etdirərək əsgər salamı verdilər.

Bu günlərdə Ordumuz uzun illər işğal altında qalmış bir çox ərazilərimizi düşməndən təmizləmişdir. İnanırıq ki, "Qarabağ” futbolçularının möhtəşəm qələbəsinin ardınca Qarabağda davam edən hərbi əməliyyat tezliklə erməni faşistlərinin darmadağın olunması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnəcək.

 

 

Rizvan HİLALOĞLU

Azərbaycan.-2020.- 3 oktyabr.- S.8.