Dağıdılan, talan edilən maddi-mədəniyyət və dini abidələrimiz

 

Ermənistan bu vandalizmə görə beynəlxalq hüquq müstəvisində məsuliyyətə cəlb olunmalıdı

 

 

"...Bizim işğal edilmiş bəzi ərazilərimizdə Ermənistan qanunsuz məskunlaşma aparıbdır. Bizim rayonlarımızın, kəndlərimizin adları dəyişdirilir. Azərbaycanlıların tarixi irsi silinir. Bizim tarixi abidələrimiz dağıdılır. Azərbaycan məscidləri dağıdılır, təhqir edilir. Bizim məscidlərimizdə Ermənistan inək, donuz saxlayır. Bu, bütün müsəlman aləminə ən böyük təhqirdir. Bizim əcdadlarımızın qəbirləri traktorla dağıdılır. Bunu edən faşistlərdir, vandallardır, vəhşilərdir”.

Azərbaycan Prezidenti İlham Əliyev 27 sentyabrda xalqa müraciətində belə deyib.

Azərbaycanın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Odur ki, ölkəmizin ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edir. Bəşəri dəyərlərdən uzaq olan erməni vandalları isə iki əsrdən artıqdır ki, Azərbaycana qarşı məkrli planlar qurur və əllərinə fürsət düşdükcə həyata keçirməyə cəhd göstərirlər. İki yüz ildən çoxdur ki, xalqımıza qarşı davam edən erməni təcavüzünün qurbanları təkcə soydaşlarımız, yurddaşlarımız deyil, həm də yaşı minilləri ötən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız və məbədlərimizdir. Elə təkcə bir tarixə nəzər salaq. Ötən XX əsrin sonlarında xarici havadarlarından güc alan erməni qəsbkarları qədim Azərbaycan torpaqları hesabına yenidən öz ərazilərini genişləndirmək məqsədilə təxribatlar törətməyə başladılar. Münaqişəni getdikcə alovlandırdılar. Nəticədə tarixin müxtəlif dönəmlərində hiylə və işğal yolu ilə mənimsədikləri əzəli torpaqlarımızda yaratdıqları Ermənistandan yerlu əhalini didərgin saldılar. Həmin ərazilərdən Azərbaycanın və azərbaycanlıların izlərini silmək üçün qədim abidələrimizi dağıtdılar, yaxud təmir adı ilə saxtalaşdırdılar. İrəvanda Dəmir Bulaq məscidi bu səbəbdən məhv edildi, Göy məscid isə orijinal görünüşünü dəyişdirilmək məqsədilə yenidən təmir olundu. Dağıdılmış memarlıq abidələri arasında İrəvan şəhərində XIX əsrin ikinci yarısında tikilmiş Hacı Novruz Əli məscidi və İrəvan xanları saray kompleksivar. İrəvanın mərkəzindəki Sərdar məscidi də sistemli şəkildə dağıdıldı. 2014-cü ildə yerləyeksan edildi.

Ermənistan bununla kifayətlənmədi, işğalçı siyasətini davam etdirdi, hərbi qüvvələri tərəfindən Dağlıq Qarabağ işğal olundu. Erməni vandalları otuz ilə yaxındır ki, ələ keçirdikləri ərazilərimizdə tarixi abidələrimizin qəsdinə durublar. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ələ keçirdiyi ərazilərdə yerləşən mədəniyyət abidələrimizə böyük ziyan dəyib. Belə ki, işğal edilmiş ərazilərdəki yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzeymuzey filialı, dörd rəsm qalereyası, dörd teatr müəssisəsi, iki konsert müəssisəsi, səkkiz mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi, o cümlədən, Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri (VII-XII əsrlər), Kəlbəcər rayonunda Gəncəsar və Xudavənd məbədləri (XIII əsr), Ağdam rayonunun Xaçın Türbətli kəndində məqbərə (XIV əsr), Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri - Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilib. Həmin abidələrdəki qiymətli əşyalar və sənət əsərləri maşınlara yüklədilərək Ermənistana daşınıb.

Ermənistanın otuz ilə yaxındır ki, işğal altında saxladığı torpaqlarımız Azərbaycanın Şanlı Ordusunun gücü və qüdrəti ilə geri qaytarılacaq. Artıq hər bir azərbaycanlının ən böyük sevinci, qüruru olan Qələbə xəbərləri gəlməkdədir. Xalq torpaqlarımızın düşmən işğalından tamamilə azad ediləcəyi günü inamla gözləyir. Ölkə rəhbərinin xalqa müraciətində bildirdiyi kimi: "Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salıbdır. BMT-dən başqa, bütün digər aparıcı beynəlxalq təşkilatlar bizim haqlı mövqeyimizi müdafiə edir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır ki, bu gün Azərbaycan bu təsisata sədrlik edir. Onlar münaqişə ilə bağlı ədalətli qətnamə qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı ədalətli qətnamələr qəbul etmişdir. ATƏT-in qərarları, Avropa Parlamentinin qətnamələri bizim mövqeyimizi dəstəkləyir. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır”.

Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən Ordumuz düşmənə sarsıdıcı zərbələr endirir. Torpaqlarımızın geri alınacağı günlər uzaqda deyil. Təəssüf ki, Azərbaycanın tarixi abidələrinə erməni vandallarının vurduqları zərərin aradan qaldırılması çətin, bəzi hallarda hətta mümkünsüz olacaqdır.

Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn qanunazidd əməlləri beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilir. Ermənistan bu cinayət əməlləri ilə - Azərbaycan torpaqlarında özbaşınalığı, tarixi-dini abidələrimizi dağıtmaları və qəsdən korlamaları, saxtakarlıq etmələri beynəlxalq səviyyədə təsbit olunmuş "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, "Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının və "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESKO-nun 1972-ci il Konvensiyasının tələblərini pozub. Nəzərə alınmalıdır ki, bəşər sivilizasiyasının mərkəzlərindən biri kimi, Azərbaycanın qədim maddi-mədəniyyət və dini abidələrinin dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi Ermənistan tərəfindən uzun illər planlı şəkildə həyata keçirilib. Bu əməllərinə görə Ermənistan beynəlxalq hüquq çərçivəsində cavab verməli, məsuliyyətə cəlb olunmalıdır.

 

Zöhrə FƏRƏCOVA

Azərbaycan.-2020.- 3 oktyabr.- S.11.