Baş Prokurorluq: Düşmənin dinc
əhalini hədəfə alması nəticəsində 175
evə və 41 mülki obyektə külli miqdarda ziyan vurulub
Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Baş
Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan
əhalisinin sıx yaşadığı əraziləri
növbəti dəfə ağır artilleriyadan atəşə
tutması nəticəsində hazırkı vaxtadək
ümumilikdə mülki əhalidən 55 nəfər müxtəlif
dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara
yerləşdirilib, 19 nəfər isə həlak olub.
Bundan
başqa, Ermənistan hərbi birləşmələri əhalinin
kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini,
mülki infrastruktur obyektlərini – yaşayış evlərini,
xəstəxanaları, tibb məntəqələrini, məktəb
binalarını, uşaq bağçalarını, dövlət
qurumlarının inzibati binalarını, təsərrüfat
təyinatlı əraziləri ağır artilleriya
qurğularından intensiv atəşə tutmaqda davam edir.
İşğalçı
ölkənin silahlı qüvvələrinin mülki
infrastruktur obyektləri atəşə tutması nəticəsində
175 evə, həmçinin 41 mülki obyektə külli
miqdarda ziyan vurulub, eləcə də dinc sakinlərə məxsus
nəqliyyat vasitələri yararsız vəziyyətə
düşüb, çoxlu sayda xırda və iribuynuzlu
heyvanlar tələf olub.
Hazırda
prokurorluq əməkdaşları tərəfindən
döyüş şəraitində mümkün olan
bütün istintaq-əməliyyat tədbirləri həyata
keçirilir.
Ordumuza
və dinc əhaliyə qarşı cinayətlər törətmiş
təxribatçı erməni birləşmələrinin hərbi
qulluqçularının beynəlxalq hüquq normaları
çərçivəsində məsuliyyətə cəlb
edilmələri üçün Azərbaycan
Respublikasının Baş Prokurorluğu tərəfindən
bütün zəruri tədbirlər görüləcək.
Azərbaycan.-2020.- 3 oktyabr.- S.9.