İlham Əliyev heç bir güzəştə getməyəcək

 

Həmsədr statusunda olan Fransanın Ermənistana havadarlığı Azərbaycanı haqq savaşından çəkindirə bilməz

 

Ermənistan ciddi təlaş içərisindədir. Azərbaycan Ordusunun uğurlu əməliyyatları təcavüzkar ölkəni çıxılmaz duruma salıb.

30 ilə yaxındır ki, beynəlxalq təşkilatların qətnamələrini heçə sayan, danışıqlar prosesini müxtəlif bəhanələrlə uzadan Ermənistanın terrorçu rəhbərliyi indi həmin qurumlardan kömək umur və Azərbaycana təzyiq göstərilməsi üçün bəzi dövlətlərə yalvarır. Təəssüflər olsun ki,

ATƏT-in Minsk qrupunun həmsədri kimi indiyədək üzərinə götürdüyü öhdəliyə biganə yanaşan Fransa hökuməti Dağlıq Qarabağdakı vəziyyətlə bağlı qeyri-adekvat addım atır. Bu da haqlı olaraq rəsmi Bakının ciddi etirazına səbəb olub.

Siyasətçilər, Milli Məclisin deputatları hesab edirlər ki, Fransa Prezidenti Emmanuel Makronun beynəlxalq mandata zidd olan fikirləri sülhə deyil, balansın pozulmasına yönəlib. Görünən odur ki, Fransa Minsk qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə həllinə deyil, daha da qızışdırılmasına, status-kvonun saxlanmasına çalışır.

 

"Bizi bu cür səbatsız bəyanatlar qorxuda bilməz”

 

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov düşünür ki, Ermənistanın hazırkı baş naziri N.Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm şüarı, sülh prosesini tənzimləməli olan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi Fransanın dövlət başçısı Makronun "Qarabağın yenidən "ələ keçirilməsini” qəbul etməyəcəyik!” kimi səbatsız bəyanatı, ABŞ-da yaşayan erməniəsilli "qədim peşə ustası” Kim Kardaşyanın mənbəyi göstərilməyən paylaşımları trio təşkil edir:

"Bu trio sayəsində bir çox məsələ bizə və dünya ictimaiyyətinə öz çılpaqlığı ilə məlum oldu - beynəlxalq təşkilatların qərəzli mövqeyi, Ermənistanın hərbi siyasi rəhbərliyinin riyakarlığı və bacarıqsızlığı, mənbəyi bəlli olmayan yalanları dünyaya yayma məharətinin üzü... Budur erməni xisləti

Bizim haqq işimizi öz qərəzli niyyətlərinə və ehtiraslarına bürüyən Makron kimilər bir daha dünyaya sübut edir ki, onların ədalətdən, həqiqətdən, siyasətdən və sülhdən başqa hər şeydən anlayışları var. Amma bizə məlum oldu ki, onların pozuculuq və səbatsız əməlləri heç vaxt Azərbaycanı öz torpaqlarını işğaldan azad etməkdən çəkindirməyəcək. Bizim yolumuz haqq yoludur, Vətənin müdafiəsi yoludur!

Biz Qarabağ uğrunda Vətən müharibəsi aparırıq və ölkəmizin qüdrətli ordusu Ali Baş Komandanımızın rəhbərliyi altında öz şərəfli missiyasını həyata keçirir. Bizi bu cür səbatsız bəyanatlar qorxuda bilməz!”

Deputatın sözlərinə görə, 30 ildən çoxdur bu problemi çözə bilməyən ATƏT-in Minsk qrupunun, habelə bir çox beynəlxalq təşkilatın səmərəsiz fəaliyyəti bir daha onu göstərir ki, belə qurumların arxasında məhz makronlar, paşinyanlar kimi səbatsız siyasətçilər dayanıbmış. Ermənistan siyasi-hərbi hakimiyyətinin müharibə vəziyyətində ortaya qoymuş olduğu münasibət, eləcə də hər zaman Azərbaycan xalqına çox tanış olan, amma dünya ictimaiyyətinin fikrini çaşdırmaqla öz milli kimliklərinə və əxlaqlarına uyğun bir şəkildə yalanböhtanlara əl atan kardaşyanlar kimi erməni xisləti gözlədiyimiz reallıq idi: "Nikol Paşinyanın hakimiyyətə gəldikdən sonra qısa müddət içərisində əvvəlcə özünü liberal-demokrat kimi göstərməsi, daha sonra isə Qarabağ məsələsində əsl şovinist simasını, başqa millətlərə qarşı dözümsüz, amansız və qatı millətçilik düşüncələrini ortaya qoyması faktları bizim uzun illər ərzində Ermənistan hökumətindən və xalqından gözlədiyimiz dinc yolun birmənalı şəkildə mənasız və faydasız olduğunu sübut etdi. Nəticədə bizim səbr kasamız doldu və anladıq ki, bu məsələni danışıqlar yoluyla həll etməyin, uzatmağın mənası yoxdur. Bunun yalnız bir yolu var - işğalçıyla güc yolu ilə danışmaq və onu cəzalandırmaq!”

Deputat deyir ki, müharibə yolu məhz paşinyanların və onların havadarlarının maskalanmış simalarını ortaya qoymuş oldu. Azərbaycanı savaşa vadar edən amillərdən biri də məhz belə səbatsız liderin, eləcə də onun həyat yoldaşının silaha sarılması kimi ortaya qoya bildikləri reallıqlar oldu: "Əminliklə deyirəm, gün gələcək ki, biz məlum qonşu dövlətin başında duran bu səbatsız və miskin adama bəlkə də təşəkkür edəcəyik ki, nə yaxşı sən gəldin hakimiyyətə! Nə yaxşı ki, sən gəlib öz xalqını məhvə doğru sürüklədin!”

Fransa Prezidentinin tutduğu mövqeyə gəlincə isə R.Mahmudov qeyd edir ki, Makron son illərin siyasətçisidir və onun belə səbatsız, düşüncəsiz bəyanatı əslində başadüşüləndir. Onun təcrübəsi yoxdur və xüsusilə erməni lobbisinin təsiri altına düşməsi də şəksizdir. Lakin Makron unutmamalıdır ki, Fransa kimi qədim dövlətçilik ənənələri olan böyük bir ölkənin başçısıdır. Sözü ağzında bişirib çıxarmalıdır. Yaxşı olar ki, diplomatik dil və danışıq mədəniyyətini Azərbaycan kimi gənc və müstəqil dövlətin təcrübəli Prezidenti cənab İlham Əliyevdən öyrənsin.

Deputat vurğulayıb ki, bütün bu sərsəm bəyanatlar Azərbaycanı tutduğu yoldan döndərə bilməz. Müharibə Azərbaycan ərazisində gedirbiz torpaqlarımıza təcavüz etmiş düşmənlə vuruşuruq. Əgər kimsə xaricdən müdaxilə etmək barədə düşünürsə, çox yanılır. Buona, nə Yerevana fayda gətirməyəcək, əksinə, özləri yanacaqlar.

R.Mahmudov sonda ordumuzun uğurlu əməliyyatlarını da dəyərləndirdi: "Bu günlər nə qədər çətin, nə qədər məsuliyyətli günlər olsa da, tarixi günlərdir! Şanlı Ordumuz tarix yazır, şərəfli tarix! Buna qəlbən inanırıq! Biz Ordumuza, onun Ali Baş Komandanına inanırıq. Tarix dəfələrlə sübut edib ki, o yerdə ki, xalqla ordununAli Baş Komandanın sarsılmaz birliyi var, o yerdə zəfər, qələbə, uğur var. Var olsun bu sarsılmaz birlik!”

 

"Fransanın mövqeyi bizi qətiyyən düşündürməməlidir”

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı da hesab edir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanı dəstəkləyən tərəflər olduğu kimi, əleyhimizə fikir səsləndirənlər də var. Fransa Prezidenti Emmanuel Makron demək olar bütün bəyanatlarında işğalçı ilə işğala məruz qalan ölkəni ən yaxşı halda eyniləşdirir. Bu isə düşmənə açıq-aşkar dəstəkdir. Makronun son günlər səsləndirdiyi fikirlər də birbaşa onun ermənipərəst mövqeyindən xəbər verir.

Deputatın sözlərinə görə, məhz bu mövqeyinə görə Fransa həmsədrlikdən uzaqlaşdırılmalıdır: "Bu mövqe təkcə Makronun deyil, Fransa hökumətinin mövqeyidir. Ümumiyyətlə, Fransa həmişə - bütün tarix boyu ermənipərəst mövqedən çıxış edib. Son bəyanat zamanı da o, Azərbaycana qarşı ciddi təzyiqlərin olmasını təklif edirdi. Bununla da özünü növbəti dəfə ifşa etmiş oldu. Fransanın bu mövqeyi bizi qətiyyən düşündürməməlidir”.

Deputatın fikrincə, Emmanuel Makron ikinci Ermənistan dövlətinin yaradılmasının tərəfdarıdır. Amma Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan torpaqlarında ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verilməyəcək: "Belə bir məsuliyyətli dönəmdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransanın proseslərdə tutduğu mövqeyi birmənalı şəkildə pisləyirik. Fransa Prezidentinin hərbi əməliyyatlar başladığından bəri verdiyi bəyanatlar bu ölkənin münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddirneytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır. Ona görə də bu ölkə həmsədrlikdən uzaqlaşdırılmalıdır. Düşünürəm ki, Azərbaycan ictimaiyyəti də bu fikri səsləndirən parlamentariləri dəstəkləyir”.

 

"Fransa həmsədr ölkə kimi açıq-aşkar Ermənistana havadarlıq edir

 

Milli Məclisin deputatı, Vəhdət partiyasının sədri Tahir Kərimli də həmkarları ilə həmrəydir. Deputat deyir ki, bu gün Azərbaycan haqq savaşı aparır. Lakin bəzi ölkələr işğalçı Ermənistana havadarlıq edirlər. Dünyanı idarə edən bəzi güclər Azərbaycanın haqq işini görmək istəmirlər, öz torpaqlarını azad etmək haqlarına razı ola bilmirlər:

"Uzun illərdir problemin həlli üçün BMT Təhlükəsizlik Şurasından mandat almış və missiyası problemi sülh yolu ilə həll etmək olan Fransa ötən illər ərzində heç bir real addım atmamış, əksinə problemin həlli ötən dövr ərzində daha da mürəkkəbləşmişdi. Bu gün isə Fransa tərəf kimi çıxış etməyə başlayıb. Bununla da işğalçı ölkənin müttəfiqi kimi çıxış etməklə problemin həllinə maneçilik törədir”.

Deputatın sözlərinə görə, münaqişənin həlli Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasından asılıdr və hazırkı vəziyyətdə bu, yeganə şərtdir. Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin qətiyyətli həlli Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra mümkündür. Fransa Prezidentinin bəyanatı bir daha göstərir ki, bu ölkə açıq-aşkar Ermənistana havadarlıq edir. Bu, ilk növbədə həmsədr ölkə kimi Fransanın götürdüyü öhdəliklərə ziddir”.

Tahir Kərimli hesab edir ki, istənilən bəyanat, təzyiq Azərbaycanı yolundan döndərə bilməz. Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi ortadadır. Əməliyyatlar yalnız Prezident İlham Əliyevin yeganə şərtinin yerinə yetirildiyi halda dayandırıla bilər. Ermənistan silahlı birləşmələri Azərbaycan torpaqlarından tam çıxmayınca Azərbaycan Ordusu dayanmayacaq. Bu, Azərbaycanın haqq işidir.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2020.-4 oktyabr.- S.7.