Xalqımızın
şərəf salnaməsi yazılır
Ali Baş
Komandanımızın rəhbərliyi ilə şanlı
ordumuz bizi tarixi torpaqlarımıza hər an daha da
yaxınlaşdırır
Bu günlər hər birimizin
ürəyi səngərdədir və hərbçilərimizlə
birgə döyünür. Ard-arda cəbhədən gələn
xoş xəbərlər sanki 30 ilə yaxın düşmən
tapdağı altında inləyən torpaqlarımızın
azadlıq nəğməsidir. Bu nəğmə Azərbaycan
əsgərinin silahından atılan mərmi ilə ifa
olunaraq, göylərdə "qisas” deyə hayqıran şəhid
ruhlarına da bir salavat duasıdır. Haqq davası
üçün düşmənə atılan o mərmidən
ətrafa yayılan barıt qoxusu sabah xarı
bülbülün ətrini ciyərlərimizə çəkəcəyimizin
müjdəsidir.
"Nə vaxt, nəyi, necə etmək
lazımdır, bunu biz bilirik” - deyən cənab Prezident, Ali
Baş Komandan İlham Əliyevin mahir sərkərdəliyi ilə
düşmənin təxribatlarına cavab olaraq əks-hücum
əməliyyatlarına başlayan şanlı ordumuz illərlə
həsrətlə boylandığımız, qürurumuzun və
şərəfimizin Murov zirvəsinə üçrəngli
bayrağımızı sancıb.
Dövlət
başçısının bu həssas və şərəfli
günlərdə verdiyi müdrik, qətiyyətli qərarlar
xalqımız tərəfindən rəğbətlə,
coşquyla qarşılanır. Ali Baş
Komandanımızın sərkərdəliyi ilə
şanlı ordumuzun düşmənə vurduğu
sarsıdıcı zərbələr, uğurlu
döyüş əməliyyatları, qazanılmış qələbələr
bizi bütün tarixi torpaqlarımıza hər saat, hər an
daha da yaxınlaşdırır.
Təcavüzkar Ermənistan isə
yenə də terrorçu xislətini büruzə verir. Beynəlxalq
humanitar hüququn norma və prinsiplərini kobud şəkildə
pozaraq dinc əhalini, yaşayış evlərini və
mülki obyektləri intensiv atəşə tutmaqda davam edir.
Sentyabrın 27-dən başlanan belə təxribatların əhatə
dairəsi getdikcə böyüməkdədir.
İşğalçı ölkə Tərtər və
Ağdamın mülki obyektlərini, hərbi əməliyyatların
olmadığı Şəmkir və Bərdə
rayonlarını artilleriya atəşinə tutur. Bunun nəticəsində
mülki əhaliyə, yaşayış evlərinə,
infrastruktura ciddi ziyan dəyib. Ermənistanın bu cinayətləri
nəticəsində onlarca insan həyatını itirib, xeyli
vətəndaşımız yaralanıb.
Azərbaycan Ordusu isə Ermənistandan
fərqli olaraq mülki əhaliyə deyil, yalnız hərbi
obyektlərə zərbələr endirir. Artıq ordumuzun həyata
keçirdiyi uğurlu əks-həmlə əməliyyatı
nəticəsində işğal altında olan bir sıra kəndlərimiz,
strateji yüksəkliklər azad olunub. Bu baxımdan sentyabr
ayının 27-ni Azərbaycanın şanlı tarixinin
möhtəşəm zəfər gününün
başlanğıcı hesab etsək, yanılmarıq.
Bütün cəbhə boyu uğurlu əks-hücum əməliyyatı
hər kəsi sevindirir. Qısa müddətdə düşmənin
bir çox hərbi texnikası, tank və artilleriya qurğusu
sıradan çıxarılıb, yüzlərlə
canlı qüvvəsi məhv edilib, hərbi qərargahları
darmadağın olunub. Rəşadətli və müzəffər
ordumuz əməliyyat şəraitinə nəzarəti tamamilə
ələ keçirib.
Ermənistanın sülh prosesinə
ciddi zərbə vurması, qeyri-konstruktiv mövqeyi ilə
danışıqlardan imtina edərək təxribata əl
atması onunla sülh dilində
danışılmasını mümkünsüz vəziyyətə
gətirib çıxardı. Budəfəki təxribatdan
sonra artıq düşmənə yerini göstərməyin
zamanı gəlmişdi. Aprel qələbəsindən,
Günnütün işğaldan azad edilməsindən və
bu ilin iyul ayında Tovuz döyüşləri zamanı əldə
edilmiş zəfərdən sonra Azərbaycan Ordusunun qələbə
çalacağı şübhəsizdir.
Bu gün qüdrətli Azərbaycan
Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm
zəfər tarixi yazmaqdadır. Cənubi Qafqazın ən
güclü ordusu müxtəlif növlərdə müasir
döyüş texnikası ilə təchiz edilmiş,
müdafiə sənayesini kifayət qədər zənginləşdirmişdi.
Hazırda hərbi qulluqçularımız arasında
çox yüksək döyüş əhvali-ruhiyyəsi, qələbə
ruhu var. Hər birimiz Azərbaycan Ordusuna güvənir və
onun şanlı tarix yazacağına əminik.
Bugünkü durum onu göstərdi
ki, beynəlxalq hüququn norma və prinsiplərinə zidd
siyasət aparan Ermənistanla diplomatik
danışıqların heç bir faydası və mənası
yoxdur. İmitasiya və riyakar mövqedən əl çəkməyən
Ermənistanın siyasi rəhbərliyi dəfələrlə,
Prezident
İlham Əliyev tərəfindən
ən yüksək beynəlxalq tribunalardan faktlarla ittiham
edilib, onların faşist xisləti ifşa olunub. Bölgədə
sülhə və təhlükəsizliyə rəvac verən,
terrora dəstək olan təcavüzkar siyasi rejimə isə
ancaq hərbi müstəvidə cavab verilməlidir. Aprel,
Günnüt və Tovuz döyüşləri buna ən bariz
nümunədir.
Dünya birliyi bilməlidir ki, Azərbaycan
haqq mübarizəsi aparır və bu yolda heç bir qüvvə
bizə mane ola bilməz. Azərbaycan öz doğma
torpaqlarında əks-hücum əməlliyyatları həyata
keçirməklə bölgəyə sülh və sabitlik gətirəcəyində
tam qərarlıdır.
Bu müharibə həm də təsdiqləyir
ki, bizim hər bir vətəndaşımız statusundan və
vəzifəsindən asılı olmayaraq düşmənlə
ön cəbhədə vuruşmağa hazırdır. Əsgərlərimiz,
gizirlərimiz, zabitlərimiz vətən uğrunda, Azərbaycan
dövlətinin vahidliyi uğrunda canlarını fəda etməyə
hazırdırlar. Artıq dünya Azərbaycanın qəhrəman
oğullarının, canından keçən şəhidlərimizin
möhtəşəm vətənpərvərliyinin şahididir.
Onlar dünyaya sözün əsl mənasında igidlik
nümunəsi göstərirlər.
Döyüşlərin getdiyi bir
zamanda daha da məsuliyyətli olmaq lazımdır. Hər
birimizin üzərinə bu baxımdan mühüm vəzifələr
düşür. Bu vəzifə vətənimiz
qarşısında borcumuzdan qaynaqlanır. İnformasiya
müharibəsində ayıq-sayıq olmalı, ön cəbhədəki
əsgərlərimizə dəstək üçün
yalnız rəsmi qaynaqlardan alınan xəbərlərə
inanmalıyıq.
Bu gün ordumuzun Ali Baş
Komandanın rəhbərliyi ilə yazdığı tarix Azərbaycan
xalqının illərdir səbirsizliklə gözlədiyi zəfər
salnaməsinə çevriləcək. Azərbaycan Ordusu
işğal altındakı əzəli və əbədi
torpaqlarımızı azad edəcək, ölkəmizin ərazi
bütövlüyünü təmin edəcək, şəhidlərimizin
qanını yerdə qoymayacaq, onların ruhunu şad edəcək.
İnanırıq ki, ordumuz tezliklə bizə tam qələbə
xəbərini verəcək. Cənab Prezidentin dediyi kimi:
"Biz heç kimin torpağına göz dikməmişik,
heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan
hərbi birləşmələrinin heç bir hədəfi,
heç bir məqsədi yoxdur. Ancaq biz öz
torpağımızda özümüzü müdafiə edəcəyik
və torpaqlarımızı işğaldan azad edəcəyik”.
Günel
MƏLİKLİ,
AMEA-nın Fəlsəfə
İnstitutunun şöbə müdiri,
siyasi elmlər
üzrə fəlsəfə doktoru
Azərbaycan.
- 2020.-4 oktyabr.- S.7.