Düşmən bayrağını, silahını, texnikasını ataraq şərəfsizcəsinə qaçır

 

Xalqımızın qəhrəmanlıq salnaməsinə şərəfli səhifələr yazılır. Azərbaycan Ordusunun şanlı qələbəsi, igid əsgərlərimizin məğrurluğu hər kəsdə ruh yüksəkliyi yaradıb. Ordumuz, xalqımız qələbəyə köklənib. Böyük Qələbəyə az qalıb.

Siyasət meydanında İlham Əliyev diplomatiyası, lider qətiyyəti qarşısında hər dəfə aciz duruma düşən Paşinyan savaş meydanında da eyni aqibəti yaşayır. Güvəndiyi "yenilməz erməni xətti” Ali Baş Komandan İlham Əliyevin cəsur əsgərləri tərəfindən darmadağın edilir. Cəzasızlıq mühitindən sui-istifadə edib doğma torpaqlarımızda "at oynadan” erməni hərbçisi, qəlbində Vətən eşqi, qələbə əzmi ilə savaşan Azərbaycan əsgəri qarşısında duruş gətirə bilmir.

Qorxudan bağrı yarılıb pərən-pərən düşən düşmən döyüş bayrağını, silah-sursatını atıb qaçır.

Bəllidir ki, döyüş bayrağı hər bir ordunun, hərbi birliyin şərəfi, namusu, qeyrəti sayılır. Amma indi Azərbaycan Ordusu Qarabağda elə bir əzmkar döyüş vəziyyəti yaradıb ki, düşmən bayrağını, "qeyrətini” də atıb qaçmağa məcbur olur.

Budur, İlham Əliyev qətiyyəti, Sərkərdə mətinliyi...

Budur, Azərbaycan əsgərinin vətənpərvərliyi, döyüş əzmi, qələbə ruhu!

Bu döyüşlərdə düşmənin 230-dək tank və digər zirehli texnikası, 250 ədəd atilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 38 ədəd hava hücumlarından müdafiə vasitələri,

10 komanda-idarəetmə və komanda müşahidə məntəqəsi, 7 silah-sursat anbarı, 130-dan artıq avtomobil texnikası, 1 ədəd S-300 zenit-raket kompleksinin məhv edilməsi, mövqelərini qoyub qaçan Ermənistan Silahlı Qüvvələrinin 193-cü desant həmlə batalyonununhava desant komanda birliyinin döyüş bayraqlarının ələ keçirilməsi Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha göstərir.

Aylardır Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq ünvanlayır və yeganə şərtinə əməl olunmasını tələb edirdi. Amma işğalçı ölkə özünü cəzasızlıq mühitində hiss edərək təxribatlardan əl çəkmədi. Paşinyan Şuşada şərab içib yallı gedərək, həyat yoldaşına hərbi forma geyindirib əlinə silah verərək, Qarabağda qanunsuz məskunlaşdırmanı açıq-aşkar nümayiş etdirərək Azərbaycanı təxribata çəkmək istədi. Lakin 30 ildir münaqişənin sülh yolu ilə həllinə razı olan Azərbaycan yenə Paşinyanın təxribatına uymadı.

Sentyabrın 27-də Azərbaycana qarşı növbəti dəfə hərbi təxribat edən Ermənistan Azərbaycan Ordusunun sürətli əks-hücumu ilə rastlaşaraq çıxılmaz vəziyyətə salındı. Torpaqlarının ərazisinin bütövlüyü uğrunda Vətən müharibəsinə başlayan Azərbaycanı artıq heç kim saxlaya bilməzdi. İndi düşmən qaçır, xarici ölkələrə yalvarır. Torpaqlarımız azad olunana, bütün terrorçu ünsürlər məhv olunana qədər Azərbaycan hərbi əməliyyatları davam etdirəcək. Bizim buna beynəlxalq hüquqda sonuna qədər haqqımız var.

Paşinyan indi anlayır ki, Azərbaycan Prezidentinin son xəbərdarlıqları mənasız deyildi. Əgər İlham Əliyevin yeganə şərtinə əməl edilsəydi, Ermənistan bu acınacaqlı duruma düşməzdi.

Bu günlərdə savaş meydanından gələn xəbərlər hər kəsi qürurlandırır. Azərbaycan Ordusu tarix yazır və əsgərlərimizin xoş müjdələri hər birimizi fərəhləndirir. Bəli, zəfərə çox az qalır. Ali Baş Komandanın dediyi kimi, bu müqəddəs günə yaxınlaşmalıyıq və yaxınlaşırıq.

Təqdirəlayiq haldır ki, bu gün xalqımız öz Ali Baş Komandanına və müzəffər ordusuna birmənalı dəstək nümayiş etdirir, torpaqlarımızın işğaldan tam azad olunacağına yüksək inam ifadə edir. Ordumuzun döyüş ruhu ölkənin bütün gənclərini səfərbər edib. Bu gün on minlərlə gənc könüllü surətdə cəbhəyə getmək, düşmənlə vuruşmaq, günahsız insanların qanını almaq, torpaqlarımızı qaytarmaq, bayrağımızı Şuşada, Xankəndidə, Ağdamda ucaltmaq arzusundadır.

Xalqımızın qəlbi Azərbaycan əsgəri ilə döyünür. Bakıdan səngərə kimi hamı qələbə əhvali-ruhiyyəsindədir. Azərbaycan Ordusu isə şərəfli missiyasını bitirənədək dayanmayacaq. Ali Baş Komandanın söylədiyi kimi, biz öz torpaqlarımızda vuruşuruq. Erməni əsgəri Azərbaycan torpağından rədd olana qədər mübarizəmiz davam edəcək. İlham Əliyevin qətiyyəti və Ordumuzun rəşadəti böyük qələbəni sürətlə yaxınlaşdırır.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2020.-4 oktyabr.- S.8.