“Biz işğal olunmuş
bütün ərazilərdə Azərbaycan
bayrağını qaldıracağıq” YENİLƏNİB
Prezident İlham Əliyev
"Əl-Ərəbiyə” televiziya kanalına müsahibə
verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də "Əl-Ərəbiyə” televiziya kanalına müsahibə verib.AZƏRTAC müsahibəni təqdim edir.
-Əvvəllər soyuq müharibə olmuş bu münaqişə indi Azərbaycanı və Ermənistanı alova bürüyüb. Bu müharibə keçmişdən qaynaqlanır və indi artilleriya mərmilərinin səsi eşidilir. Dağlıq Qarabağ yenidən gündəmə gəlib, müharibə Qarabağdan və beynəlxalq tərəflərin müdaxilələrindən kənara doğru genişlənir, regional müharibəyə çevrilməklə bağlı xəbərdarlıqlar mövcuddur. Münaqişənin həll yolu, beynəlxalq müdaxilələr bizim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə müzakirəmizin mövzusu olacaq. Canlı yayımımıza Bakıdan Prezident İlham Əliyev qoşulur. Xoş gəlmisiniz cənab Prezident.
-Təşəkkür edirəm.
-Cənab Prezident, biz son günlərdə inkişaf edən hadisələrdən, Ermənistan və Azərbaycan arasında olan böhrandan başlayacağıq. Bu eskalasiyanın başlanğıcı necə oldu?
-Sentyabr ayının 27-də Ermənistan bizim hərbi mövqelərimizə və mülki şəxslərimizə hücum etdi. Mülki şəxslərimiz bu hücumdan əziyyət çəkmişdir. Mülki şəxslərimiz arasında qurbanlar var. Bu səhərə olan məlumata əsasən 22 mülki şəxs öldürülmüş və 73-ü yaralanmışdır. Əfsuslar olsun ki, bu gün bizdə yenə sadə kəndlilərimiz arasında onlarla yaralı və qətlə yetirilənlər var. Biz cavab tədbiri görməli idik və bizim cavabımız adekvat olmuşdur. Biz əks-hücuma başladıq və bu əks-hücum nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Ermənistanın atəş mövqelərini susdura bildik. Biz ərazilərin bir qismini, bir neçə kəndi azad edə bildik və bu gün biz 27 il Ermənistanın işğalı altında olan Cəbrayıl şəhərini azad etdik. Bizim uğurlu hərbi əməliyyatımız davam edir. Biz torpaqlarımızı azad etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün tamamilə qətiyyətliyik.
-Prezident Əliyev, açıq-aşkar görünür ki, Azərbaycan və Ermənistan arasında hadisələrin gedişi nəzarətdən çıxır, bu hərbi əməliyyatların genişlənməsinin hər hansı bir həddi varmı?
-Hadisələrin nəzarətdən çıxdığını düşünmürəm, vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır. Biz hazırda hücum əməliyyatını həyata keçiririk, bizim məqsədimiz ərazilərimizi azad etməkdir. Mən vasitəçilərə təklif etdim və Ermənistan xalqına da müraciət etdim ki, işğala görə öz hökumətini məsuliyyətə cəlb etsinlər və işğalı dayandırsınlar. Ermənistan buna razı olarsa, demək olar ki, 30 il ərzində qanunsuz olaraq öz nəzarətində saxladığı işğal edilmiş əraziləri boşaltmağa başlasa, müharibə dayanacaq. Bizə müharibə lazım deyil. Biz 1992-ci ildən bəri danışıqlar prosesində iştirak edirdik. Demək olar ki, bu 30 il ərzində danışıqlar masasında sıfır irəliləyiş olmuşdur. Ermənistan ərazilərimizdən qoşunların tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən Birləşmiş Millətlər Təşkilatının qətnamələrini icra etmək istəmirdi. Əksinə, onların hərbi-siyasi rəhbərliyi yeni torpaqları işğal etməyə cəhd edirdi. Onlar Azərbaycana qarşı hücuma keçməyə cəhd edirdilər və iyul ayında onlar faktiki olaraq yeni hərbi hücuma keçdilər. Beləliklə, biz özümüzü, insanlarımızı müdafiə etməli idik və dünyanın bütün ölkələri tərəfindən tanınan, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyümüzü bərpa etməli idik.
-Prezident Əliyev, əgər Ermənistan Sizin təqdim etdiyiniz bu təşəbbüsə cavab verməsə, bu eskalasiya davam edəcək və mülki şəxslərin həyatı üçün qorxular olacaq və bunun bədəli çox yüksək olacaq.
-Ermənistan təkcə mülki əhalinin yaşadığı kəndləri ağır artilleriyadan istifadə etməklə atəşə tutmaqla yox, eyni zamanda, işğal olunmuş ərazilərdə əcnəbilərin qanunsuz məskunlaşmasını təmin etməklə Cenevrə Konvensiyanı kobud şəkildə pozur. Biz ərazilərimizin azad olunmasını istəyirik, biz iki ölkə arasında olan münaqişənin həllini tapmağa imkan yaratmaq üçün mandatı olan vasitəçilərə çox güvənirdik. Lakin danışıqlar masasında konstruktiv yanaşma nümayiş etdirmək əvəzinə, Ermənistan iyul ayında bizə qarşı hərbi hücuma keçdi və biz onlara adekvat cavab verdik. Onlar terror aktları törətməyi planlaşdıran diversiya qrupunu göndərdilər və bu diversiya qrupunun başçısı yaxalanmışdır. İndi o, ifadə verir və sentyabr ayında onlar bizim kəndlərimizi və şəhərlərimizi artilleriya bombardmanına tutdular. Münaqişə bölgəsinə yaxın yaşayan sıravi azərbaycanlıların 500-dən çox evi tamamilə dağıdılmışdır və ya onlara ziyan dəymişdir. Buna görə Ermənistan bu təcavüzkar hərəkətləri dayandırmalıdır, onlar qoşunlarının bizim ərazilərimizdən çıxarılmasını üzərlərinə öhdəlik götürməlidirlər. Onlar işğal olunmuş ərazilərdən qoşunların çıxarılması ilə bağlı vaxt cədvəlini bizə təqdim etməlidirlər. Onların "Qarabağ Ermənistandır” deyən baş naziri indi deməlidir ki, "Qarabağ Ermənistan deyil” və bundan sonra əlbəttə ki, biz bu düşmənçiliyə son qoymağa və atəşkəs rejimini bərpa etməyə hazır olacağıq.
-Lakin Prezident Əliyev, "Əl-Ərəbiyə” vasitəsilə Ermənistan prezidenti danışıqlar haqqında danışdı və o dedi ki, münaqişə danışıqlar yolu ilə həll olunmalıdır. Siz buna nə cavab verərdiniz?
-Mən razıyam. Mən həllin danışıqlar vasitəsilə olduğunu düşünürəm. Lakin danışıqların məğzi olmalıdır. Ermənistanın "Qarabağ Ermənistandır” deməsi, - onların baş naziri bunu söyləyib, - münaqişənin həlli prinsiplərini faktiki olaraq məhv etdi. Çünki həmsədr ölkələri Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa olan ATƏT-in Minsk qrupu - onlar danışıqlar zamanı illər ərzində münaqişənin həlli üçün prinsipləri hazırlayıblar və regionumuzda dayanıqlı sülhə nail olmaq üçün birinci addım işğal olunmuş ərazilərin boşaldılmasıdır. İki il bundan əvvəl dövlət çevrilişi və Corc Soros tərəfindən maliyyələşdirilmiş "inqilab” nəticəsində hakimiyyətə gəlmiş Ermənistanın baş naziri "Qarabağ Ermənistandır” deyəndə o danışıqların məğzini məhv edir. Danışılası heç bir şey qalmır. Buna görə Ermənistanda hakimiyyətdə olan baş nazir öz destruktiv davranışı, hərbi toqquşmaya gətirib çıxarmış hərəkətləri barədə ciddi şəkildə düşünməlidir. Biz 28 ildir ki, danışıqlar prosesində idik və mənim Ermənistanın iki sabiq prezidenti ilə danışıqlar təcrübəm var idi. Biz həll yolunu tapmaq üçün nisbətən məqbul şəkildə işləyirdik, biz kiçik addımlar atırdıq. Biz vasitəçilərlə birlikdə münaqişənin həlli üçün əsas prinsipləri işləyib hazırlayırdıq. Sonra iki il bundan əvvəl siyasi həyatda heç bir təcrübəsi olmayan, bütün həyatı boyu hətta kiçik bir şirkətin rəhbəri olmayan, geosiyasət, beynəlxalq münasibətlər haqqında heç bir anlayışı olmayan, küçədən olan bir şəxs hakimiyyətə gəlir və öz ölkəsini dağıtmağa başlayır. İndi Ermənistan böhran vəziyyətindədir. O, əsas siyasi partiyanın rəhbərini həbs edir. O, mənim müxtəlif dövrlərdə danışıqlar üzərində çalışdığım iki sabiq prezidentə qarşı cinayət araşdırmasına başlayır. O, tamamilə despotik bir rejim yaradır və danışıqları məhv edir və biz nə etməliyik? O, azərbaycanlılara qarşı təhqiramiz bəyanatlar verir, o, tərhrikedici addımlar atır və vasitəçilərin özlərini, yumşaq desək, bu qəribə davranış çox çaşdırmışdır. O, danışıqlar prosesini məhv edir. Ona görə mən hesab edirəm ki, danışıqlara geri qayıtmaq üçün birinci Ermənistanın baş naziri "Qarabağ Ermənistan deyil” deməlidir, çünki "Qarabağ Ermənistandır” ifadəsi yalandır, Qarabağ Azərbaycandır! O, torpaqların sahibi olan bizə onların qaytarılmasını təmin edən iyirmi il ərzində işlənib hazırlanmış prinsiplərə sadiq qaldığını deməlidir. Bu çirkin hərbi hücuma keçdikdən sonra o, bizə şəhərlərimizdən qoşunların çıxarılması üzrə vaxt cədvəlini verməlidir və belə olan halda biz savaşı dayandırmağa hazırıq. Əks halda, biz bunu güc yolu ilə edəcəyik, biz ərazi bütövlüyümüzü güc yolu ilə bərpa edəcəyik və ona yerini göstərəcəyik.
-Prezident Əliyev, tərcümə olduğuna görə müdaxilə edə bilmirdim, lakin cavabınızla bağlı şərh vermək istədiyim üç məsələ var. Birincisi, Siz Ermənistanın böhran vəziyyətində olduğunu dediniz. Lakin biz erməni xalqının öz rəhbərliyini dəstəklədiyini görürük və onlar ölkə rəhbərliyinin onları necə müdafiə etməsini alqışlayırlar. İkincisi odur ki, Ermənistanın "Qarabağ Ermənistan deyil” deməsi ərazilərdən çıxması üçün yeganə şərtdir, yoxsa danışıqlar masasına qayıtmaq üçün başqa şərtlər və ya ilkin şərtlər var? Üçüncüsü, vasitəçilərin haqqında danışdığı və ya çaşqınlıq yaşadığı ölkələr hansılardır?
-Ölkələr
haqqında artıq mən dedim, ATƏT-in
Minsk qrupu. ATƏT-in Minsk qrupunun həmsədr
ölkələri Rusiya, Amerika Birləşmiş
Ştatları və Fransadır. Bu qrupun
nümayəndələri ilə son illər ərzində təmaslarımda
bizim fikir mübadiləsi aparmaq imkanımız oldu və nə
mən, nə də onlar danışıqların irəli
aparılması üçün nəyin edilməsinin
mümkün olduğunu bilmirdik. Çünki
bildiyiniz kimi, danışıqlar prinsipləri və
danışıqlar formatı müəyyən olunmuşdur.
Bu, Azərbaycan tərəfindən birtərəfli
qaydada müəyyən olunmamışdır. Bu, vasitəçilər tərəfindən təklif
olunmuşdur və iki ölkə - Azərbaycan və Ermənistan
tərəfindən qəbul olunmuşdur. Danışıqların
formatı Azərbaycan və Ermənistandır, bu, iki ölkə
arasında münaqişədir. Ermənistanın
baş naziri bu formatın qəbuledilməz olduğunu və Azərbaycanın
Ermənistanın özü də daxil olmaqla heç bir
dünya ölkəsinin tanımadığı qondarma
"Dağlıq Qarabağ respublikası” ilə
danışıqlar aparılmalıdır dedi. Bu,
danışıqları pozmaq üçün qəsdən
edilmiş bir hərəkət idi, çünki o, bilirdi ki, nə
biz, nə də vasitəçilər bunu qəbul etməyəcək.
Vasitəçilər - Rusiya, Amerika Birləşmiş
Ştatları və Fransa bunu rədd etdilər. Sonra o dedi ki,
"Qarabağ Ermənistandır”. Bunu onun sələflərindən
heç biri əvvəllər deməmişdi. Onların heç biri. Çünki
bu, danışıqların sonu deməkdir. Çünki danışıqların mahiyyəti ərazini
sülh yolu ilə, danışıqlar vasitəsilə Azərbaycana
qaytarmaq və sonra Dağlıq Qarabağda azərbaycanlı
və erməni icması arasında normal birgəyaşayışı
təmin etməkdir. Çünki
müharibədən əvvəl, Ermənistan bizim ərazilərimizi
işğal etməzdən əvvəl, Dağlıq
Qarabağ əhalisinin 25 faizi azərbaycanlılar idi. Lakin bu gün Dağlıq Qarabağla yanaşı,
erməni əhalinin mövcud olmadığı, 700 mindən
çox azərbaycanlının yaşadığı
Dağlıq Qarabağ ətrafındakı yeddi rayon
işğal altındadır. Onların hamısı
didərgin düşüb, evlərinin hamısı
dağıdılıb. Bütün tarixi abidələrimiz,
o cümlədən məscidlərimiz erməni barbarları tərəfindən
dağıdılıb və indi biz irəliləyişə
yaxınlaşdığımız bir vaxtda Ermənistan
hökumətində dəyişiklik olur, siyasətlə
heç bir əlaqəsi olmayan yeni insanlar, yeni komanda hakimiyyətə
gəlir, bu destruktiv bəyanatları verir və
addımları atır, bizə qarşı hərbi təcavüzə
başlayır. Biz nə etməli idik? Biz özümüzü müdafiə etməli idik.
Biz məhz bunu etdik və ərazi
bütövlüyümüz bərpa olunanadək biz bunu edəcəyik.
-Prezident
Əliyev, Rusiya və Fransa Türkiyə üzərindən
Suriyadan gələn muzdlularla bağlı sizə qarşı
ittihamlar irəli sürür. Siz buna necə
cavab verərsiniz?
-Biz bunu
tamamilə rədd edirik. Son on gün ərzində,
ötən həftə Fransa Prezidenti mənə iki dəfə
telefon zəngi edib. Mən ona dedim ki, bizə dəlil
verin. Bizim ərazimizdə guya suriyalı
döyüşçülərin olmasına dair heç bir
dəlil yoxdur. O, mənə sentyabrın 27-də zəng
edəndə mən ondan soruşdum və o vaxtdan bu yana məndə heç bir dəlil yoxdur. Əgər belə dəlilləri varsa, niyə bizə
təqdim etmədilər? Sonra o, mənə
bir neçə gün əvvəl zəng edəndə bu məsələni
yenidən qaldırdı. Dedi ki, onlarda kəşfiyyat məlumatı
var. Mən dedim onu bizimlə paylaşın. Heç
bir dəlil və sübut təqdim etmədən ölkəni
ittiham etmək doğru deyil və bu gün mən bu qəbuledilməz
ittihamla bağlı Fransadan bir dəlil belə
almamışam. Azərbaycan torpağında əcnəbi
döyüşçülər yoxdur və mən Fransa
Prezidentinə dedim ki, bizim ordumuz demək olar ki, yüz min nəfərdən
ibarətdir. Bizim indi döyüş zonasında
etdiyimiz internetdə göstərilir. Bizim
müasir dronlarımızın erməni tanklarını və
hava hücumuna qarşı sistemlərini necə
dağıtdığını hər kəs görə bilər.
Ordumuz bir kəndin ardınca o birini azad edir.
Uzun illər ərzində işğal
altında olan torpaqlarda bayrağımız
qaldırılır. Beləliklə, bu
ittihamlar tamamilə əsassızdır.
Sizə deyə biləcəyim digər bir məsələ
ondan ibarətdir ki, ermənilər başqa bir feyk xəbər
yayıblar ki, Türkiyəyə məxsus F-16 Ermənistanın
Su-25 təyyarəsini vurub. Bu, feyk xəbər
idi. Bu feyk xəbər mediaya təqdim
olundu. Siyasətçilər, avropalı siyasətçilər
bu feyk məlumatı istifadə etməyə başladılar
və indi sübut olunanda ki, bu, baş verməyib, heç kim üzr belə istəmədi. Mən bizi ittiham edənlərdən üzrxahlıq
tələb edirəm. Mən onlardan məsuliyyətli
olmağı, söylədiklərinə nəzarət etməyi
tələb edirəm. Biz ittihamlara dözəcək
ölkə deyilik. Biz təhqirə dözəcək
ölkə deyilik. Əgər biz
düşündüyümüzü deməyə
başlasaq, zənnimcə, həmin ölkələrdə
çoxlu çaxnaşma olacaq. Onlar Azərbaycandan
əl çəkməlidirlər, onlar regiondan əl çəkməlidirlər.
Biz burada öz torpağımızdayıq.
Bizim torpağımız işğal olunub.
Əgər Fransa Dağlıq Qarabağ üçün
öz müqəddəratını təyinetmə istəyirsə,
qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən
ibarət olan Marsel şəhərini onlara versinlər və
onlara Dağlıq Qarabağ respublikası elan etməyə
icazə versinlər və qoy onlara müstəqillik versinlər.
Qoy Korsikaya müstəqillik versinlər, qoy
basklara müstəqillik versinlər. Niyə
onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik
tələb edirlər? Onların bunu bizdən
tələb etməyə nə haqqı var? Onlar bu ittihamları dayandırmalıdırlar.
Azərbaycana hücum etməyi və
nüfuzumuza xələl gətirməyi
dayandırmalıdırlar. Əgər biz
muzdlular və terrorçular barədə danışmağa
başlasaq, düşünürəm ki, bizi
günahlandıranlar özləri çox utancverici vəziyyətə
düşəcəklər. Yaxşı
olar ki, onlar bizi günahlandırmazdan əvvəl
güzgüyə baxsınlar.
-Bəziləri
hesab edir ki, bu böhran genişlənsə, sizin
torpaqlarınız savaş meydanına çevriləcək və
bu, sizin xeyrinizə olmayacaq. Bu, bir növ sizin
torpağınızda marionetlər müharibəsinə bənzəyir.
Siz qorxmursunuz ki, bu, regionlar arasında mübarizə
olar?
-Xeyr,
marionetlər müharibəsi yoxdur. Azərbaycan
müstəqil ölkədir. Bizim müstəqilliyimiz
bütün beynəlxalq ictimaiyyət tərəfindən
tanınır. Azərbaycanın beynəlxalq
arenada çox güclü mövqeyi var. Mən bizim nailiyyətlərimizlə
bağlı sizə cəmi iki misal gətirə bilərəm.
Bir neçə il bundan əvvəl 155
ölkənin dəstəyi ilə Azərbaycan BMT Təhlükəsizlik
Şurasına seçildi. Bu, bizim müstəqil
siyasətimiz sayəsində və ölkəmizin beynəlxalq
ictimaiyyətin çox məsuliyyətli üzvü olması
sayəsində oldu. Bu il biz Bakıda
120 ölkənin iştirakı ilə Qoşulmama Hərəkatının
sammitini keçirdik və Azərbaycan Qoşulmama Hərəkatına
sədrliyi üzərinə götürdü. Bu
şərəfli vəzifə 120 ölkənin yekdil qərarı
ilə Azərbaycana həvalə oldu. Marionet
ölkə bu dəstəyi ala bilərmi? Marionet
ölkələr miskindir. Heç kim
onlara hörmət etmir. Heç kim onlara
diqqət yetirmir. Bu gün Azərbaycanın
sözü dünya üçün əhəmiyyət kəsb
edir. Bu gün regionda Azərbaycan olmadan
heç bir siyasi, iqtisadi, enerji, nəqliyyat layihəsi həyata
keçirilə bilməz və bizə marionet deyənlər
özləri marionetdir. Qoy onlar
güzgüyə baxsınlar. Onlar ölkələrə
yuxarıdan aşağı baxmağa öyrəşiblər.
Biz belə vəziyyətdə deyilik. Biz öz ləyaqətimizi müdafiə edirik, biz
öz müstəqilliyimizi müdafiə edirik. Dünyada heç bir ölkənin bizim işlərimizə
müdaxilə etməyə haqqı yoxdur və onlar bunu
başa düşməlidirlər. Öz ərazi
bütövlüyünü bərpa etmək Azərbaycanın
maraqlarına xidmət edir. Azərbaycanın
bir milyon insanı öz doğma torpaqlarına
qayıdacağı vaxtı gözləyir və biz hökumət
olaraq bunu təmin edəcəyik. Biz
insanlarımızı öz vətəninə
qaytaracağıq, şəhərlərimizi bərpa edəcəyik,
kəndlərimizi bərpa edəcəyik. Biz
işğal olunmuş bütün ərazilərdə Azərbaycan
bayrağını qaldıracağıq.
-Prezident
Əliyev, Avropa deyir ki, sizinlə Ermənistan arasında olan
bu böhranın hərbi həll yolu yoxdur. Siz
Avropanın bu mövqeyinə necə cavab verərdiniz?
-Mən
çox eşidirəm münaqişənin hərbi yolla həlli
yoxdur. Birincisi, mən bununla razı deyiləm.
İkincisi, yaxşı, əgər hərbi həll
yolu yoxdursa, bizə qeyri-hərbi həll yolu verin, bizə
diplomatik həll verin. BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə əməl edin.
Onlar dünyanın ən ali beynəlxalq
qurumu tərəfindən qəbul olunub və bu qətnamələr
erməni qoşunlarının işğal olunmuş ərazilərdən
heç bir şərt olmadan çıxarılmasını
tələb edir. Biz 1992-ci ildən bu yana
danışıqlar aparırıq və bu 28 il ərzində
hər hansı diplomatik həll olubmu? Vasitəçilər
və ya digər beynəlxalq təşkilatlar bizə siyasi həll
təqdim ediblərmi? Xeyr. Onlar bu münaqişəni dondurulmuş etdilər.
Lakin o dondurulmuş deyil. Biz
nə qədər gözləməliyik? Daha 30 il? Ermənilər bizim
torpağımızda oturmağa və bizim insanlarımıza
öz evlərinə geri qayıtmağa icazə verməməyə
nə qədər davam edəcəklər? Əgər beynəlxalq ictimaiyyət beynəlxalq qətnamələrin
yerinə yetirilməsini təmin edə bilmirsə, Azərbaycan
bunu özü edəcək. Bu da baş
verir. Mən bir daha münaqişənin həllinə
kömək etmək istəyən bütün tərəflərə,
həmçinin Ermənistan rəhbərliyinə deyirəm
ki, nə qədər gec deyil işğala indi son qoyun. Bəyanat
verin ki, siz həll prinsiplərini qəbul edirsiniz, Azərbaycanın
ərazi bütövlüyünü qəbul edirsiniz,
işğal olunmuş bütün ərazilərdən
çıxmaqla bağlı bizə vaxt cədvəli verəcəksiniz
və Azərbaycan ərazisində "Qarabağ Ermənistandır”
deyən Ermənistanın baş naziri Azərbaycan xalqı
qarşısında üzr istəməli və deməlidir
"Qarabağ Ermənistan deyil” və onda biz dayanarıq.
-Prezident
Əliyev, son olaraq, Ermənistanın ünvanına dediklərinizdən
sonra bizim xəbər kanalı vasitəsilə erməni
xalqı və Ermənistandakı bütün rəsmilərə
demək istədiyiniz başqa bir şey varmı?
-Bilirsiniz,
bir neçə gün əvvəl mən Ermənistanın
hücumu nəticəsində yaralanmış Azərbaycan əsgərlərinə
baş çəkdim və onlarla söhbət edərkən
mən erməni xalqına müraciət etdim. Mən
başa düşdüm ki, onlar üçün mənim
dediklərim adi bir şey deyil. Bu, bəlkə
də onların eşitmək istədiyi yeganə şey
deyildi. Çünki onlar az qala ermənilər
tərəfindən öldürülmüşdülər və
onların qarşısında əyləşərkən,
onlara və bizim üçün belə qəhrəmanlar
yetişdirmiş valideynlərinə minnətdarlığımı
ifadə edərkən mən dedim ki, müraciətim həm də
erməni xalqınadır. Öz hökumətinizi
etdiklərinə görə məsuliyyətə cəlb edin,
övladlarınızı Azərbaycana göndərməyin,
öz övladlarınızı işğal olunmuş ərazilərə
göndərməyin. Bu gün qondarma
"Dağlıq Qarabağ ordusu”nun 90 faizi Ermənistan vətəndaşlarından
ibarətdir. Bu işğala son qoyun. Azərbaycan ərazisini tərk edin. Öz torpağınızda yaşayın və onda
bizdə sülh olacaq. Biz yenidən Azərbaycan
və erməni xalqlarının əvvəlki normal əlaqələrini
bərpa etməyə çalışacağıq. Biz çalışarıq. Bu,
asan olmayacaq, lakin biz çalışarıq qonşu olaq,
yanaşı yaşayaq. Bu, necə deyərlər,
mənim erməni xalqına sözümdür. Ermənistan hökumətinə deyəsi
sözüm yoxdur. Mən onların nə etməli
olduğunu artıq dedim. Əgər onlar atəşkəs istəyirlərsə,
mən artıq dedim, bizim qarşımızda üzr istəyin,
bizə çıxmaqla bağlı vaxt cədvəli verin,
sadəcə sözlər yox ki, biz bunu
dayandıracağıq və danışıqlar
aparacağıq. Bu, işləməyəcək.
Onların hansı ərazini nə vaxt azad edəcəkləri
ilə bağlı vaxt cədvəli - birinci gün, ikinci
gün, üçüncü gün. Bizim müqəddəs
Şuşa torpağında öz
bandası ilə rəqs etməklə və "Qarabağ
Ermənistandır” deməklə azərbaycanlıların
hissələrini təhqir etmiş Ermənistanın baş
naziri üzr istəməli və deməlidir ki,
"Qarabağ Ermənistan deyil”. Mənim
sözüm budur.
-Azərbaycan Prezidenti İlham Əliyev, bizə
Bakıdan qoşulduğunuza görə təşəkkür
edirik.
-Təşəkkür
edirəm!
Azərbaycan.-2020.- 6 oktyabr.- S.1;3.