Yuvam Vətən torpağı, olmayacaq ortağı!

 

Bu fikirlər ön cəbhəyə könüllü gedən vətənpərvər gənclərimizin müqəddəs andına çevrilib: "Oğul odur el başına and içə”

 

Bəlkə də belə çağırışlar ilk baxışdan bir qədər pafoslu səslənə bilər. Amma Dədə Qorqud boylarından da bilirik ki, Vətənin dar günlərində ona oğulluq edən igid ərənlərimizin yağı düşmən üzərinə gedəndə bir əlində qılınc, birində saz olub.

Bu gün də xalqımızın vətənpərvər oğulları düşmən üzərinə yeriməyə-yürüməyə hazırdır! Döyüşən ordu sıralarına könüllü yazılmaq üçün hərbi qeydiyyatda olduqları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli bölmələrinə kütləvi şəkildə müraciətləri isə xüsusi qürur doğurur!

Şahidi olduğumuz mütəşəkkillik, həmrəylik bir daha göstərir ki, xalqımız Qarabağımızı - ulularımızın bizə miras qoyduğu maddi-mənəvi sərvətimizi işğaldan azad etməyə hazırdır!

Təcavüzkar Ermənistan 30 ilə yaxındır nəinki tarixi, əzəli torpaqlarımızı işğal altında saxlayır, üstəlik, yeni ərazilərimizi zəbt etmək tamahı ilə cəbhə xəttinə yaxın yaşayış məntəqələrimizi, mülki vətəndaşlarımızı, eləcə də ictimai əhəmiyyətli obyektlərimizi atəşə tutur. Bu, sadə dillə desək, erməni harınlığının, daşnakların insanlığa sığmayan vəhşiliyinin son həddidir ki, ordumuz tərəfindən tutarlı, sanballı cavabını almaqdadır.

 

Ermənilərin "şıltaqlığı”, yaxud ermənisevdalıların ikiüzlülüyü

 

Azərbaycan Prezidentinin xalqa müraciətində qeyd edildiyi kimi, Ermənistan layiqli cəzasını almağa məhkumdur: "Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir...”

Bu il iyul ayının ortalarında dövlət sərhədlərimizi Tovuz istiqamətindən pozan Ermənistan təxribat törətdi və layiq olduğu şəkildə də cəzalandırıldı. Gözləmək olardı ki, beynəlxalq birlik bu təcavüzün qarşısını almaq üçün, nəhayət, hərəkətə keçəcək. Təəssüf ki, 1994-cü ildən atəşkəs haqqında saziş imzalansa da, hələ də birtərəfli şəkildə Ermənistan tərəfindən pozulmaqdadır. Beynəlxalq birliyin, xüsusən də sülh danışıqlarında vasitəçilik missiyasını yalnız kağız üzərində daşıyan, əslində təcavüzkarla ərazisi işğala məruz qalan tərəfi bir-birindən ayıra bilməyən ATƏT-in Minsk qrupu həmsədrlərinin "ermənilərin şıltaqlığı”na göstərdiyi susqunluq, yaxud ikiüzlülük özünü yenə də gizlətmədi.

Bu qanlı hadisələrdən hiddətlənən Azərbaycan gəncliyi isə düşmənə öz yerini göstərmək üçün döyüşən ordumuzun sıralarına könüllü yazılmaqla bir daha Ali Baş Komandanın hər əmrinə hazır olduqlarını nümayiş etdirdi.

Bakı şəhəri B.Sərdarov adına Binəqədi Maşınqayırma Zavodunun sex rəisi, Qarabağ müharibəsi veteranı Müzəffər Əliyev oğlu Elçini könüllü olaraq ordu sıralarına yola salan atayurdu dağıdılan məcburi köçkünlərimizdən biridir. Fikirləri aydın, inamı qətidir: "Ali təhsil alıb Bakıda yaşasam da, könüllü olaraq Kəlbəcərin mühasirə illərində düşmənlə üz-üzə döyüşənlərdən, son anlarda isə mühasirəni birtəhər yarıb çıxanlardan biriyəm. Danılmaz faktdır ki, o vaxtlar vətənpərvərlik olsa da, hərbi texnika və sursatımız, bunlardan başqa, iqtisadiyyatımız, ordumuz indiki kimi güclü deyildi. Bu gün isə qüdrətli ordusu olan Azərbaycan əsgərinin düşmənə layiq olduğu cavabları verdiyinin şahidiyik! Ali təhsilli oğlanlarım Eminlə Elçin Əliyevlər həqiqi hərbi xidməti Murov istiqamətində keçiblər. O yerlərə qarış-qarış bələddirlər. Bu gün Elçin könüllü olaraq ordı sıralarına yenidən yollanır. İnanıram ki, belə vətənpərvərlərimizlə biz Qarabağımızı azad edəcək, ata-baba yurdlarımızı daşnak quldurlardan təmizləyəcəyik”.

 

Milli Ordumuz zəfər salnaməsi yazır

 

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon bölməsindən oğlunu ordu sıralarına yola salan atalardan biri də Mirzə Cabbarovdur. Doğulduğu Qubadlının 30 ilə yaxındır ki, həsrətini çəkən ata bu intizara son qoyacaq Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin düşmən üzərində qələbə əzmini artıran inamlı, qətiyyətli siyasətini alqışlayır. Deyir ki, Ali Baş Komandan İlham Əliyevin bugünkü hərbi-siyasi mübarizəsi xalqımız tərəfindən birmənalı şəkildə dəstəklənir. Bu da başlanılan haqq işimizdə ən mühüm amil, xalq-dövlət və ordu birliyi deməkdir: "Gənclərimizin göstərdiyi vətənpərvərliyi də bura əlavə etsək, tezliklə öz doğma torpaqlarımıza qayıdacağımız şəksiz, qaçılmazdır. Düşmənə cavab verməyə başladığımızdan heç bir həftə keçməyib, artıq ermənilərin hərtərəfli itki ilə üzləşməsi Milli Ordumuzun zəfər salnaməsi yazacağına xalqımızın inamını qat-qat artırmaqdadır. Ona görə də hərbi çağırışçılardan başqa, ordu sıralarında döyüşmək üçün müraciət edən gənclərimizin sayının hər gün artması məndə fəxarət hissini gücləndirir! Qürur duyuram ki, nişanlı oğlum da öz həmyaşıdları kimi, Vətən müharibəsində müqəddəs borcunu verməyə hazırdır. Anası Sevdaya, II qrup əlil qardaşı Fəridə söz verib ki, düşmən üzərində qəti qələbə çalmadan geri dönmək yoxdur! Yolu açıq olsun belə oğulların! Qürur duyuram ki, qismən elan edilən səfərbərlikdən öncə də vətənpərvər oğullarımız döyüşmək üçün könüllü olaraq ordı sıralarına yazılır”.

Müsəlləh əsgər kimi ordu sıralarına yola salınan oğullardan biri də Xəyal Qurbanovdur, Mingəçevir şəhərində dünyaya göz açsa da, atası Elbrus Qurbanov şəhid qardaşıdır. Əsgər atasının qənaətincə, bugünkü ruh yüksəkliyi bir daha onu göstərir ki, xalqımız işğal olunmuş ərazilərimizi düşməndən azad etmək üçün ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlarla qürur duyur. Ümumi qələbəmiz naminə nəbzi Vətənlə döyünən Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qismən səfərbərliklə bağlı sərəncamını yüksək əhvali-ruhiyyə ilə qarşılayır: "Çoxmillətli ölkəmizdə hər kəs bu gün Vətənin müdafiəsini özünə mənəvi borc bilir. Hər bir çağırışçının dilində əsas şüar bunlardır: "Biz birlikdə güclüyük!”, "Biz zəfər çalacağıq!” Çünki bizim işimiz haqq işidir. Vətən sevgisi, yurd təəssübü milli mənlik şüurunun təməl daşlarıdır!”

 

Haydı, irəli, Azərbaycan əsgəri!

 

Dili bu cür xeyir-dualı valideynlər az deyil. Yusif Alışov da öz oğlu İlkini Vətənin çağırışı ilə ordu sıralarına yola salanda ona qeyrətini silaha çevirməyi tapşırıb: "Bu günlərdə sarsılmaz xalq-ordu birliyi, həmrəyliyi nümayiş etdirən vətəndaşlarımız cəsur oğullarını Azərbaycan Ordusu sıralarına təntənə ilə yola salmaqdadır. Cəbhənin bütün istiqamətlərində uğurlu əks-hücum əməliyyatı həyata keçirərək düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusunun sıralarına qələbə əhvali-ruhiyyəsi ilə yola düşən oğullarımızla fəxr edirik. Televiziyalardan eşidirgörürük ki, düşmən tərəfinin döyüşə, ön cəbhəyə göndərməyə gəncləri yoxdur. Fərarilik ermənilərin qorxaqlığını göstərir. Erməni anaları Paşinyan hakimiyyətinə etirazlarını bildirir və oğullarını ordu sıralarına göndərməkdən qorxurlar. Bu, bironu göstərir ki, Ali Baş Komandan İlham Əliyevin son günlər beynəlxalq aləmə, o cümlədən Ermənistana ünvanlı müraciəti öz təsirini göstərir. Bəli, erməni əsgəri ölmək istəmirsə, ona zorla verilən silahı yerə atıb bizim orduya təslim olsun. Bundan da yaxşı humanistlik olarmı? Yox! Erməni silahlılarının başında duranlar insan, xüsusən uşaq qatilləridir. Ordumuza gücü çatmadığından başlayıblar cəbhə boyu kəndlərimizi, şəhərlərimizi atəşə tutub, insanları, mülki obyektləri hədəfə almağa. Bu, onların son nəfəsdə olduqlarını, ordumuzun gücü qarşısında acizliklərini göstərir”.

Valideynlərin, eləcə də gənclərin yaxın-uzaq qohum-əqrəbalarının izdihamsevgi ilə yolasalma tədbirlərində iştirakı xalqımızın ordumuzaAli Baş Komandana böyük inamıdır! Bu gün hamının bir istəyi var: torpaqlarımızı düşmən tapdağından azad etmək!

Bəli, öz övladını Vətən müharibəsini qələbə ilə başa vurmaq üçün döyüşən ordu sıralarına könüllü yola salan ölkə vətəndaşlarının ürək sözlərindən də bunu duymaq çətin deyil. İnşallah, tezliklə üçrəngli bayrağımız Şuşada, Laçın və Kəlbəcərdə, Ağdam və Füzulidə, Cəbrayıl və Zəngilanda, nəhayət, Xankəndidə dalğalanacaq ki, bu, həm də Xocalının, Ağdabanın, Bağanis Ayrımın, Qaradağlı və digər kəndlərin qisasının alınması deməkdir!

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2020.-4 oktyabr.- S.9.