Şanlı Azərbaycan əsgəri, Qələbə
sənindir!
Vətən, sənə canımız fəda!
Bu gün gərək
Hər anımız Vətən! - desin.
Qılıncımız, qalxanımız
Vətən! - desin.
Ölənlərin əvəzinə
Qalanımız Vətən! - desin.
Bu gün bütün Azərbaycan Vətən deyir, Qarabağ hayqırır!
Vətən övladları doğma yurd uğrunda çarpışmağa, döyüşməyə, düşmənə qan uddurmağa tələsir.
İllərdir ürəyimizdə yaraya, könlümüzdə qubara çevrilən doğma Qarabağ bizi səsləyir, ana vətən uğrunda canlarını fəda edən müqəddəs şəhidlər qisasa haylayır...
Haydı, igidlər, yolunuz haqq yoludur, irəli!
Ey şanlı Azərbaycan əsgəri, endir yağının başına zərbəni, zəfər sənindir!
Qarabağa qayıdış inamı zirvələrə
daşındı
Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı və birbaşa mülki əhalini hədəfə alması səbrimizi daşıran son damla oldu. Və elə həmin andan etibarən Azərbaycan Ordusu vətən uğrunda ölüm-dirim savaşına başladı. Çox keçmədən cəbhədən gələn qələbə sədaları milyonların sevincinə, bütün Azərbaycanın şadyanalığına səbəb oldu. Ay-ulduzlu üçrəngli müqəddəs bayraqlarımız azad edilən doğma yurdlarımıza, arxa cəbhədə isə milyonlarla ələ bəzək vurdu. Bayrağımızın vətən torpaqlarına kölgə salması, şah zirvələrdə qürurla dalğalanması hər birimizin qəlbini riqqətə gətirdi, illərlə köksümüzdə sıxılıb qalan həsrəti bir andaca yox eylədi.
Rəşadətli ordumuzun sarsıdıcı həmlələri, zəfərləri milyonlarla qaçqın və köçkünün ürəyində Qarabağa qayıdış inamını zirvələrə daşıdı. İşğaldan azad edilən doğma kəndlərimizin adlarının çəkilməsi qulaqlarımızı oxşadı, ruhumuza dirilik bəxş etdi.
Azərbaycan xalqı çoxdan gözləyirdi bu qələbə müjdələrini. Elə buna görədir ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin haqq savaşına başlamaq əmri xalqımızın sevincinə, igid oğul-qızlarımızın coşqusuna səbəb oldu.
Biz Vətən uğrunda vuruşuruq!
Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı da vurğuladı ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq: "Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar”.
Hazırda Azərbaycanda qismən səfərbərlik elan edilməsi ilə əlaqədar olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin hərbi hissələrə yola salınması davam etdirilir. Cəbhə bölgəsinə göndərilən gənclər zəfər əzmi ilə yola düşür, tezliklə qələbə ilə dönəcəklərini yüksək inamla bildirirlər.
Könlüm keçir Qarabağdan
"Vətən bizi çağırır!” deyən minlərlə könüllü vətən övladı da döyüşlərdə iştirak etmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edir. Gəncindən, yaşlısından, qazisindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı torpaqlarımıza göz tikib qanımıza susayan erməni vandallarından qisas almaq üçün ordu sıralarına qoşulmaq istəyir.
Hələ iyul ayından etibarən Ermənistan silahlı qüvvələrinin Tovuz rayonuna hücumundan sonra on minlərlə vətəndaşımız könüllü şəkildə ordu sıralarına qoşulmaq istəyini bildirib. Prezident
İlham Əliyevin çağırışına səs verən 55 mindən çox vətən övladı işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmək üçün arzusunu ifadə edib.
Xüsusilə vurğulamalıyıq ki, təkcə ölkə vətəndaşlarımız deyil, qardaş Türkiyədən, eləcə də digər ölkələrdən xeyli insan Azərbaycanın haqq davasına dəstək olmaq, ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə iştirak etmək üçün ölkə Prezidentinə məktub ünvanlayıb. Dünyanın ən güclüləri sırasında yer alan Azərbaycan Ordusu isə mövcud imkanları ilə düşmən üzərində tam qələbə çalmaq əzmindədir və buna görə də ehtiyat qüvvələrin, könüllülərin müharibədə iştirakına ehtiyac görülmür.
İlham Əliyev müalicə olunan hərbçilərlə görüşü zamanı bir daha vurğuladı ki, Azərbaycan Ordusu kifayət qədər güclü və təchiz edilmiş ordudur: "Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Orduda ruh yüksəkliyi var. Siz də bunu yaxşı bilirsiniz. Cəmiyyətdə ruh yüksəkliyi var. Mənə artıq bu son 3-4 gündə hər gün çoxlu məktublar gəlir, həm ölkə vətəndaşlarından, həm də digər ölkələrin vətəndaşlarından. Xaricdən ən çox məktublar qardaş Türkiyədən gəlir. Türk qardaşlarımız o məktublarda bizimlə bərabər bu haqlı davada vuruşmaq barədə öz istəklərini ifadə edirlər. Mən onlara təşəkkür edirəm. Amma bir daha demək istəyirəm ki, buna ehtiyac yoxdur. Azərbaycan Ordusu kifayət qədər güclü ordudur, təchiz edilmiş ordudur. Biz bu işi elə həll etməliyik ki, tarixi ədalət bərpa olunsun”.
Bu zəfər tarixdə iftixarla vərəqlənəcək
Bəli, haqqın öz yerini tezliklə tapacağı, ədalətin bərqərar olacağı tarixi bir zamanın astanasındayıq. Bu gün ana vətənimiz Qarabağ uğrunda döyüşən əsgərlərimizin müqəddəs amalı qələbəni təmin etmədən geri dönməmək, bu yolda son damla qanlarınadək vuruşub düşməni darmadağın etməkdir.
Bütün Azərbaycan xalqı da igid vətən savaşçılarının arxasında dağ kimi dayanıb və tezliklə zəfərin ordumuzun tam qələbə xəbəri ilə yeri-göyü lərzəyə salacağına ürəkdən inanır.
Əminik ki, illər keçəcək, 2020-ci ilin 27 sentyabrından start götürən bu tarixi qələbə günləri xalqımızın Qarabağ zəfəri kimi min illərin o üzündə iftixarla vərəqlənəcək. Gələcək nəsillər haqq işimizdə qazandığımız bu qələbə ilə, canlarını fəda edən qəhrəmanlarımızla qürurlanacaq, fəxr edəcək...
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2020.-4 oktyabr.- S.9.