Bizim mövqeyimiz dəyişməzdir
Prezident
İlham Əliyev Türkiyənin "TRT Haber” televiziya
kanalına müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Türkiyənin "TRT Haber” televiziya kanalına müsahibə verib.
AZƏRTAC müsahibəni təqdim edir.
-Cənab Prezident və Ali Baş Komandan
İlham Əliyev, "TRT Haber”ə xoş gəldiniz. Zaman
ayırdığınız üçün təşəkkür
edirəm. İşğal altındakı
torpaqlarınızdan bu günədək nə qədəri
geri alınıb. Hərəkat bu anda hansı mərhələdədir
və planladığınız çərçivədə
gedirmi?
-Bəli, hər şey plan üzrə gedir. Bu günə qədər qarşımızda duran bütün vəzifələr icra edilmişdir. Azərbaycan Ordusu uğurla irəliyə gedir. Bir çox yaşayış məntəqələri, bir şəhər, bir neçə kənd işğaldan azad edildi. Hazırda müxtəlif istiqamətlərdə şiddətli döyüşlər gedir.
Bildiyiniz kimi, dünən Cəbrayıl şəhəri
işğaldan azad edildi və Cəbrayıl rayonunun bir
neçə kəndi də işğaldan azad edildi. Ümid edirəm
ki, bundan sonra da Azərbaycan Ordusu öz missiyasını
uğurla icra edəcək və Azərbaycanın ərazi
bütövlüyü bərpa olunacaq. Bizim
əsas məqsədimiz bundan ibarətdir. Bu
məqsəd tarixi ədaləti təmin edəcək. Eyni zamanda, bu beynəlxalq qanunlara da hörmət əlaməti
kimi qəbul edilməlidir. Çünki
Dağlıq Qarabağ və işğal edilmiş digər
torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır. Beynəlxalq hüquq baxımından da bu torpaqlar Azərbaycan
dövlətinə məxsusdur.
-Atəşkəs
çağırışlarına cavab verərkən
heç bir ölkə liderinə zəng etmədiyinizi, sadəcə,
danışmaq istəyənlərlə vəziyyəti dəyərləndirdiyinizi
bildirdiniz. Ermənistanın baş naziri
Paşinyanın isə adəti üzrə
yalvardığını, bir çox dövlət
başçısına zəng etdiyini vurğuladınız.
Keçmiş təcrübələriniz əsasında
bu dəfə başqa ölkələrin atəşkəs
çağırışlarının nəticə verəcəyini
düşünürsünüzmü?
-Atəşkəs müəyyən şərtlərlə təmin edilməlidir. Çünki bu günə qədər bizə ünvanlanan çağırışlar, sadəcə bundan ibarətdir ki, atəşkəsi təmin edin, müharibəyə ara verin, ondan sonra müzakirələr davam etsin. Hansı müzakirələr davam edəcək, müzakirələr nəyin əsasında davam edəcək, bunlar bizə deyilmir. Biz bu müzakirələrdə artıq 30 ilə yaxındır ki, iştirak edirik və ümidlərlə iştirak edirdik. Əgər ümidlərimiz olmasaydı, təbii ki, bu müzakirələrdə iştirak etməzdik. Hər zaman müzakirələr mövcud olan prinsiplər əsasında gedirdi. Bu prinsiplərin arasında Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsi vardır. İşğal altında olan bölgələrin mərhələli şəkildə azad edilməsi, bizə qaytarılması, ondan sonra da sülhün təmin olunması məsələsi müzakirə mövzusu idi. Amma bugünkü Ermənistan bütün əvvəldən, bəri başdan əldə edilmiş prinsipləri pozaraq bizə qarşı yeni hücum təşkil etdi. Təbii ki, biz əks-hücum əməliyyatına keçib öz torpaqlarımızı Azərbaycan əsgərinin gücü ilə azad edirik. Ona görə, sadəcə, atəşkəsin bərpa edilməsi məsələsi müzakirə mövzusu ola bilməz. Bizim tələblərimiz var. Mən bunu artıq rəsmən bəyan etmişəm. Bizə çox ciddi zəmanətlər verilməlidir. Beynəlxalq vasitəçilər bizə bu zəmanətləri təsdiq etməlidirlər. Eyni zamanda, Ermənistanın işğal edilmiş torpaqlardan çıxmaq qrafiki, yəni cədvəli bizə verilməlidir, hansı gün hansı bölgədən çıxacaq. Təbii ki, o zaman müharibə dayanacaq. Çünki biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll olunsun, amma həll olunsun. Bəzi vasitəçilər istəyirlər ki, sadəcə atəşkəs olsun. Atəşkəs isə 1994-cü ildən qüvvədədir. Bu illər ərzində niyə bu məsələ həll olunmadı? Birləşmiş Millətlər Təşkilatının qərarları niyə icra edilmədi? Təcavüzkar dövlətə sanksiyalar niyə tətbiq edilmədi? Bütün bu suallar havada qalır. Bu suallara cavab yoxdur. Bu gün Azərbaycanın şanlı Ordusu öz uğurlu əməliyyatlarını keçirərkən, bizim dədə-baba torpaqlarımızı azad edərkən bu çağırışlar gəlir ki, nəbadə irəliyə getməyin, ara verin. Müharibənin öz qaydaları, öz qanunları var. Hər günün öz əhəmiyyəti var, önəmi var. Biz ara versək, qarşı tərəf toparlanacaq, əlavə qüvvə yığacaq. Onsuz da onların çıxışlarında göstərilir ki, Ermənistanın xaricində yaşayan erməniləri də onlar bu müharibəyə cəlb edirlər. Beləliklə, bu müharibəni regional müstəvidən çıxarıb qlobal müharibəyə çevirmək istəyirlər. Ona görə bizim atəşkəslə bağlı sözümüz birdir. Biz buna hazırıq. Amma müəyyən şərtlər var ki, onları da mən açıqlamışam.
-Açıqlamısınız. Zəmanət verilirsə dediniz, hansı zəmanəti nəzərdə tutursunuz?
- Birinci zəmanət. Ermənistanın baş naziri bir il bundan əvvəl bizim torpaqlarımızda demişdi ki, "Qarabağ Ermənistandır”, Azərbaycan xalqından üzr istəməlidir. İkincisi, o deməlidir ki, Qarabağ Ermənistan deyil. Üçüncüsü, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Dördüncüsü, bəyan etməlidir ki, hansı gündə, hansı bölgədən Ermənistan silahlı qüvvələri çıxır. Bu şərtlər Minsk qrupunun həmsədrləri tərəfindən təsdiq edilməlidir. O halda təbii ki, atəşkəs bərpa olunacaq və beləliklə, bu məsələ müzakirə yolu ilə həll olunacaq, Azərbaycan xalqı öz doğma torpaqlarına qayıdacaq. Amma biz bilməliyik ki, bu, nə zaman olacaq. Çünki biz 30 ildir ki, gözləyirik, 30 il bizə verilən vədlər, deyilən sözlər həyatda reallaşmır, gerçəkləşmir. Azərbaycan xalqı artıq buna dözə bilmir, Azərbaycan dövləti dözə bilmir. Bizə konkret, real tarix deyilməlidir ki, onlar nə zaman hansı bölgədən çıxacaqlar.
-İndi dediyiniz 30 il ərzində bu günə qədər bir çox söz verildi. Bundan sonra veriləcək sözə necə güvənəcəksiniz?
-Elə onun üçün mən söyləyirəm ki, sözdən başqa, bizə konkret tarix verilməlidir. Əgər o tarixdə, - bilmirəm veriləcək, verilməyəcək, - veriləcək tarixdə Ermənistan silahlı qüvvələri bəlli olan bölgələrdən çıxmazsa, o zaman biz də atəşkəsə riayət etməyəcəyik.
-Qarşıdurmalar daha böyük müharibəyə, böyük regional böhrana yol aça bilərmi? Narahatlığınız varmı?
-Bunu onsuz da Ermənistan istəyir. Onların çirkin əməlləri buna hesablanıb. Biz hesab edirik ki, buna yol vermək olmaz. Bu müharibə Azərbaycanla Ermənistan arasında olan müharibədir. Bu müharibəni biz başlamamışıq. Biz bu müharibənin səbəbkarı deyilik. Biz, sadəcə olaraq, özümüzü müdafiə edirik və öz torpaqlarımızı geri istəyirik. Bizim Ermənistan torpaqlarında gözümüz yoxdur. İyul ayında Ermənistan-Azərbaycan sərhədində ermənilər tərəfindən başlanan qarşıdurmalar nəticəsində Azərbaycan Ordusu Ermənistan torpağına keçmədi, halbuki ora keçə bilərdik. Onlara çox güclü zərbələr endirdik və onlar da geri çəkildi. Bizim qarşımızda heç bir maneə, heç bir əngəl yox idi. Biz onu etmədik. Çünki mən söylədim ki, bizim Ermənistan Respublikasının torpaqlarında hər hansı bir hərbi hədəfimiz yoxdur. Ermənistan isə bu gün Azərbaycana Ermənistan ərazisindən hücum edir. Bax, dünən Gəncəyə zərbələr Ermənistan ərazisindən vuruldu, Mingəçevirə zərbələr vuruldu. Bizim orada böyük stansiyamız var. Mərmilərdən biri stansiyanın yanına düşdü. Doğrudur, onların mərmiləri elə mərmilərdir ki, - siz mühümmat deyirsiniz mərmilərə, - onların bəziləri partlamadı. Bəzilərini isə bizim hava hücumundan müdafiə qurğularımız havada məhv etdi. Onlar bizi bu təxribata çəkirlər ki, biz də Ermənistana hücum edək, Ermənistana zərbələr endirək. Ondan sonra da çıxıb bütün dünyaya desinlər ki, Azərbaycan bizə hücum edir, gəlin Ermənistanı xilas edin, yəni Ermənistan canını qurtarır.
-Ermənistanın beynəlxalq hüquqla çərçivələnmiş sərhədlərində bu hücumlar davam edərsə, vaxt gələrsə, yenə bugünkü mövqeyinizi qoruyacaqsınız, yoxsa..?
-Bunu demək hələ tezdir. Biz qarşıdurmaların gedişinə baxacağıq. Hər halda, bizə vurulan hər bir zərbənin mənbəyi bizim üçün qanuni hədəfdir, legitim hədəfdir. Biz bu hədəfləri vurmağa məcbur olacağıq. Bu gün Azərbaycan Ordusu yalnız hərbi hədəfləri vurur. Bu, videogörüntülərdə artıq hər kəs üçün aydındır, hər kəs bunu görə bilir. Biz yalnız Ermənistanın işğalçı ordusuna qarşı döyüşürük. Mülki əhaliyə qarşı heç vaxt döyüşməmişik. Bu gün də etmirik və etməyəcəyik.
- Qaşaltı Qaraqoyunluda gördüm, ikisi uşaq olmaqla, beş Azərbaycan vətəndaşı qətlə yetirildi. Azərbaycan Ordusunun 27 sentyabr erməni hücumlarına cavab verməsi ilə başlayan hərəkatın son hədəfi artıq bəllidir: Dağlıq Qarabağın Ermənistanın işğalından qəti şəkildə azad edilməsi, təmizlənməsi, boşaldılması. Siz ilk gündən etibarən dediniz ki, bundan sonra döyüşlər ancaq Azərbaycanın işğal altındakı torpaqlarından Ermənistanın qeyd-şərtsiz çıxması ilə dayandırılacaq. Hələ də eyni mövqedəsiniz, düzgünmü anlayıram?
-Bəli, mənim mövqeyimdə hər hansı bir dəyişiklik yoxdur. Biz bu məsələni tarixi ədalət əsasında həll etməliyik. Tarixi ədalət onu deyir ki, Qarabağ qədim Azərbaycan torpağıdır və bütün tarixi sənədlər, bütün tarixi abidələrimiz bunu göstərir. Eyni zamanda, biz həmişə müzakirə masasında çox müsbət davranış nümayiş etdirmişdik və müzakirə masasında olan təkliflər də bu məsələnin həllini mümkün edir. Orada göstərilir ki, mərhələli həll olmalıdır. İlk mərhələdə ermənilər beş bölgədən çıxır, sonrakı mərhələdə daha iki bölgədən çıxır, ondan sonra vaxtilə Dağlıq Qarabağın ərazisindən qovulmuş azərbaycanlılar Dağlıq Qarabağa qayıdır, o cümlədən Şuşaya qayıdır, iki toplum çərçivəsində artıq həyat bərpa edilir, Ermənistan-Azərbaycan arasındakı sərhəd açılır, ticarət başlanır, ondan sonra insanlar bir-biri ilə təmasa girirlər və beləliklə, sülh gələcək. Yəni bu, bizim mövqeyimizdir və bu, beynəlxalq vasitəçilərin, həmsədrlərin də münasibətidir. Ermənistan bunu qəbul etmir. Bundan əlavə Ermənistanın müdafiə naziri bir neçə ay öncə demişdir ki, biz yeni torpaqlar uğrunda yeni müharibəyə başlamalıyıq.
-Qısa adı ATƏT olan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupunun 3 həmsədr ölkəsi var – Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa. Sizə atəşkəs çağırışı etdilər. Cavabınız dəyişdimi? Şərtiniz yerinə yetirilmədiyi təqdirdə, yəni işğal altındakı torpaqlardan ermənilərin çəkilmədikləri müddətdə hər hansı atəşkəs ehtimalı varmı?
-Bizim mövqeyimizdə hər hansı bir dəyişiklik
yoxdur. Mən bunu sizə
bu gün bir daha dedim. Hətta biz ona da
hazırıq ki, əgər bizə erməni silahlı
qüvvələrinin torpaqlarımızdan
çıxarılması tarixləri verilərsə, o zaman
atəşkəs üzərində çalışmaq olar.
Amma onu da bilməliyik ki, atəşkəsi bərpa
etmək o qədər də asan məsələ deyil. Çünki atəşkəs birtərəfli bərpa
edilmir və bu anda çox ciddi şiddətli
döyüşlər gedir. Hər iki tərəf
yerlərdə olan əsgər və zabitlərə təlimat
verməlidir. Biri buna əməl edəcək,
o biri əməl etməyə bilər. Yəni
o, çox çətin bir prosesdir. Ancaq əgər
o çıxma tarixi bizə verilərsə təbii ki, biz bu
təlimatı verəcəyik. O zaman Minsk qrupunun həmsədrləri
və digər ölkələr, mümkün olan ölkələr
buna qoşularsa, atəşkəs bərpa oluna və beləliklə,
bu döyüşlərə son qoyula bilər.
-Mümkün
olan ölkələr deyərkən nəyi nəzərdə
tutursunuz?
-
Türkiyəni. Türkiyə güclü bir
dövlətdir, dünya miqyasında böyük potensiala
malik olan ölkədir, bizim qonşumuzdur, Ermənistanın
qonşusudur, Cənubi Qafqazın qonşusudur. Ona görə
təbii ki, Türkiyə bu işlərdə fəal olmalıdır
və mən fürsətdən istifadə edərək, bizim
bütün türk qardaşlarımıza öz adımdan,
Azərbaycan xalqı adından təşəkkürümü
bildirmək istəyirəm, başda əziz qardaşım, cənab
Prezident Rəcəb Tayyib Ərdoğan olmaq şərtilə.
Türkiyənin ilk saatlardan bizə göstərdiyi
dəstək xüsusi önəmə malikdir. Bu, təkcə öz qardaşlarına verilən dəstək
deyil. Odur ki, biz - bütün Azərbaycan
xalqı buna görə dərin təşəkkür hissi ilə
yaşayırıq. Eyni zamanda, bu
döyüşlərin daha böyük müstəviyə
çıxmaması üçün Türkiyənin qəti
münasibəti çox önəmlidir. Çünki
Türkiyə dedi ki, biz Azərbaycanın yanındayıq,
sona qədər Azərbaycanın yanındayıq. Azərbaycan haqq yolundadır, haqq-ədalət Azərbaycanın
tərəfindədir və bu, bir çox başqa aktorlara da
xəbərdarlıq oldu. Ona görə
bundan sonrakı sülh prosesində Türkiyə mütləq
olmalıdır. Təbii ki, sülh prosesi
başlanacaq, müharibə daim aparıla bilməz və bu, nə
qədər tez olsa, o qədər də yaxşıdır.
Məhz, bizim fikrimiz bundan ibarətdir və beləliklə,
artıq bu bölgədə uzunmüddətli dayanıqlı
sülh təmin edilə bilər.
-Cənab
Prezident, Minsk qrupunun həmsədrləri deyərkən
Fransanı ayrı bir yerə qoyursunuz.
- Fransa
özünü ayrı yerə qoyur, mən qoymuram. Bütün prosesdə biz həmsədrlərə
eyni gözlə baxmışıq və mən dəfələrlə
rəsmi çıxışlarımda demişdim ki, hər
bir ölkə ilə Azərbaycanın ayrı münasibətləri
var, təbii ki, bu münasibətlərin səviyyəsi fərqlidir.
Amma, eyni zamanda, bu məsələdə biz bu ölkələri
bir-birindən ayırmırıq və bu ölkələr
deməliyəm ki, bütün proses boyunca son olaylara qədər
vahid bir mövqedən çıxış edirdi, bitərəf
idi, yəni tərəf tutmurdu. Halbuki biz bilirdik
ki, bəlkə də bunların ürəyində tərəftutma
var. Bu da təbiidir. Amma rəsmi
addımlarda və bizimlə təmaslarda heç zaman bunu
göstərmirdilər.
- Fransa
prezidenti Makronu üzr istəməyə dəvət etdiniz.
- Bəli,
təbii, çünki bizə qarşı ittiham irəli
sürdü. Olmayan şeyləri
üstümüzə atdı. Bu, bizim
ölkəmiz üçün qəbuledilməzdir.
-Hansı
ittihamları?
- Deyib ki,
Azərbaycan Türkiyə ilə birlikdə bölgəyə
terrorçuları gətirib. Onun
açıqlamasında bu, var. Ondan sonra bir
açıqlamasında demişdir ki, "Azərbaycan
Dağlıq Qarabağı fəth etmək istəyir və
biz buna icazə vermərik”. Dağlıq
Qarabağ bizim torpağımızdır. Bir
dövlət öz torpaqlarını fəth edə bilərmi?
Yəni, həmsədr bilmirmi ki, bu torpaqlarda
qanunsuz olaraq ermənilər oturub bizim bütün tarixi abidələrimizi,
məscidlərimizi, qəbirlərimizi, evlərimizi yerlə-yeksan
ediblər. Ağdamın, Füzulinin
görüntülərinə baxın. Bizim
yarıdağılmış məscidlərimizdə donuz, inək
saxlayır. Bütün müsəlmanları
təhqir edir. Görmürlərmi bunu?
Ona görə "Azərbaycan Dağlıq
Qarabağı fəth etmək istəyir və biz buna icazə
vermərik” sözləri qəbuledilməzdir. Ona görə Fransa özü-özünü
artıq bu bərabər üçlüyün xaricinə
qoyur və biz buna səssiz qala bilmərik.
-Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik
Şurasının bu məsələ ilə bağlı
tarixi qərarları var.
-Təbii,
özü səs vermişdi. Özü
1993-cü ildə səs vermişdi, yəni öz səsinə
hörmət etsin.
- İcazənizlə, daha bir neçə sualım
olacaq. İstər cəbhə xəttinə uzanan quru
yolları üzərində, istər olduğumuz şəhər
və kəndlərə baxdığımızda, istərsə
də paytaxt Bakıda dünən axşam gördük ki, Azərbaycan
bayrağının yanında Türkiyənin bayrağı
dalğalanır. Evlərdə,
iş yerlərində, avtomobillərdə, hər yerdə. Türkiyədə də bənzər bir mənzərə
var, bəlkə xəbərlərdə
görmüsünüz.Cəbrayıldakı zəfərdən
sonra Türkiyənin dörd bir yanında küçələrə
axışıb qardaş Azərbaycana böyük dəstək
nümayişləri var idi.
-Doğrudur.
Biz qürur duyuruq. Bu, təbiidir.
Bizim qardaşlığımız əbədidir
və bizim qardaşlığımız bütün
sınaqlardan keçib. Bilirsiniz ki,
Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər
dünya ölkələri üçün örnəkdir.
Mən dəfələrlə bu mövzu ilə
bağlı öz sözlərimi demişdim. Əziz
qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanla təşkil olunan birgə mətbuat
konfranslarında dəfələrlə demişəm ki, bu
gün dünya miqyasında Türkiyə və Azərbaycan qədər
bir-birinə yaxın olan ikinci ölkə yoxdur və bu, sadəcə
olaraq, söz deyildi. Bu, ürəkdən gələn
duyğulardır. Bizim birliyimiz bizim
tariximizə əsaslanır, ortaq etnik köklərə,
dilimizə, dinimizə, qardaşlığımıza əsaslanır.
Əziz qardaşım Tayyib bəylə tarixi
xidmətimiz odur ki, biz çox güclü bir təməl
üzərində müasir Türkiyə-Azərbaycan birliyini
yaratdıq. Türkiyə bayraqları onsuz
da Azərbaycanda hər yerdə var, Azərbaycan bayraqları
da Türkiyədə. Biz bir-birimizi
bir-birimizdən ayırmırıq, birlikdəyik. Bu hadisələr bir daha onu göstərdi ki, bizi ən
çox dəstəkləyən, birinci dəstəkləyən
Türkiyə olmuşdur, birmənalı şəkildə, qəti
şəkildə. Türkiyə Prezidentinin çox cəsarətli
və qəti açıqlamaları bir çox ölkələrə
xəbərdarlıq oldu - kənarda durun,
qarışmayın, Azərbaycan tək deyil, Türkiyə
yanındadır və Azərbaycan da hər zaman Türkiyənin
yanındadır! Bütün mövzularda,
bütün kürsülərdə biz bir-birimizi dəstəkləyirik
və bizim birliyimiz əbədi olmalıdır.
- Bu arada,
Pakistanı da xatırlatmaq istəyirəm. Onların
da bayraqlarını hər bir yerdə görürəm.
Rusiya harada durur Sizcə? Çünki
Rusiya xüsusi bir önəmə sahibdir.
- Mən
fürsətdən istifadə edərək, bizim digər
dost-qardaş ölkələrə də təşəkkürümü
bildirmək istəyirəm. Türkiyədən
sonra bizə ikinci dəstək verən ölkə Pakistan
oldu, ondan sonra Əfqanıstan oldu, ondan sonra daha bir neçə
ölkə bizə öz dəstəyini göstərdi.
Onların hər birinə, o ölkələrin
prezidentlərinə təşəkkürümü bildirirəm.
Bu çətin dönəmdə təbii ki,
onların həmrəyliyi, dəstəyi bizim
üçün çox önəmlidir və bizə mənəvi
güc verir.
Rusiya bizim qonşumuzdur. Rusiya ilə münasibətlərimiz
uğurla inkişaf edir. Bu gün bir çox
sahələrdə Rusiya ilə Azərbaycan arasındakı
münasibətlər çox yüksək səviyyədədir.
Hər iki ölkə bu münasibətlərə
strateji tərəfdaşlıq münasibətləri kimi
yanaşır və bu, birgə imzalanmış müqavilələrdə
də öz təsdiqini tapır. Bu məsələ
ilə bağlı Rusiya çox məsuliyyətli və
böyük ölkə kimi davranır. Rusiyadan
müsbət mesajlar gəlir və hər hansı bir tərəfi
dəstəkləmək müzakirə mövzusu deyil. Halbuki Ermənistan buna çox ümid edirdi. Ermənistanın bu toqquşmanı bölgənin
xaricinə çıxarmaq məqsədi də Rusiyanı
buraya cəlb etməkdir. Ermənistan Azərbaycana
hazırda Ermənistan ərazisindən niyə hücum edir?
Məhz ona görə ki, biz də hücum edək, o da Rusiya
ilə, başqa ölkələrlə birgə iştirak
etdiyi Kollektiv Təhlükəsizlik Təşkilatı
Müqaviləsinin baş katibliyinə müraciət etsin və
desin ki, Azərbaycan bizə hücum edir, gəlin bizə
yardım edin. İyul ayında, niyə onlar bu təxribatı
Ermənistan-Azərbaycan sərhədində törətdilər?
Tovuz Qarabağ bölgəsindən uzaq məsafədə
yerləşir. Orada onların hansı hədəfləri
var idi - bir hədəfi ki, biz hücum edək, biz dövlət
sərhədini keçək, - mən dedim bizdə belə
bir fürsət var idi, - və ondan sonra müraciət etsin o
təşkilata ki, gəlin bizimlə bərabər
Azərbaycana qarşı vuruşun. Yəni,
Rusiyanı bu işlərə cəlb etmək istəyir və
bu, növbəti təxribatdır, mən əminəm ki, buna
müvəffəq olmayacaq.
- İyul
ayında Ermənistan Tovuza hücum edərkən daha başqa
bir şeyi hədəfləmiş ola bilərdimi?
Misal üçün, hədəfdə enerji təhlükəsizliyini
zəiflətmək ola bilərdimi? TANAP, Bakı-Tbilisi-Ceyhan xətləri ağlıma
gəlir.
- Bəli,
təbii ki, o da ola bilərdi. Bir neçə hədəfi var idi. Çünki ondan öncəki dönəmdə bəyan
etmişdilər ki, əgər Dağlıq Qarabağ ətrafında
döyüşlər olarsa, onlar bizim strateji infrastruktur layihələrimizi
vurmağa hazırdırlar - Səngəçal Neft-Qaz
Terminalı və boru xətti. Ona görə
Tovuz bölgəsində hücumun bir məqsədi də o
idi ki, onlar test edirdilər, haraya qədər girə bilərlər.
Çünki orada onların əsas məqsədi
dövlət sərhədini keçmək, Azərbaycan
torpaqlarını işğal etmək və həmin TANAP boru
xəttinə yaxınlaşmaq, yaxud da ki, onu nəzarətə
almaq idi. Ancaq bu, alınmayanda geri çəkildilər,
bütün vasitəçilərdən imdad dilədilər.
Mən də söylədim ki, Ermənistan
torpaqlarında bizim hədəfimiz yoxdur. Ona
görə dörd gündən sonra hücum dayandı.
Başqa
bir səbəb ola bilər. Mən
bununla bağlı öz fikirlərimi bildirmişdim. Hazırda Ermənistanda çox dərin böhran
yaşanır, həm siyasi, həm iqtisadi. Bu böhran nəticəsində Ermənistanda siyasi əlaqələr
pozulub. Çünki indi Paşinyan hakimiyyəti
əsas müxalifət liderlərini həbsə
atdırır. Misal üçün, əsas
müxalifət partiyasının sədrini deputat
toxunulmazlığından məhrum etdi, həbsə atdı.
İki keçmiş prezidentə qarşı
cinayət işi açıldı. Söz
azadlığı, sərbəst toplaşma
azadlığı yoxdur. Konstitusiya Məhkəməsini
zor gücü ilə məhv etdi, öz adamlarını gətirdi.
Ona görə Ermənistanın daxilində
artıq çox ciddi bir narahatlıq var. Paşinyan ictimai
fikri yayındırmaq üçün bu hücumu təşkil
edir. Rusiyanı cəlb etmək, strateji
infrastrukturumuzu məhv etmək, daxildəki vəziyyəti
sabitləşdirmək və Azərbaycan torpaqlarının
bir qismini işğal etmək və ondan sonra müzakirələrdə
öz mövqeyini gücləndirmək.
-Hörmətli
Prezident, icazənizlə son iki sualımı vermək istərdim.
İndi bu cür münaqişə, savaş və
böhranların olduğu bölgələrdə qara təbliğat
da meydana çıxır. Ermənistan
hücumlarını başladığı gündən
etibarən bu mövzuda - qara təbliğat mövzusunda nə
kimi müşahidələriniz oldu. Dəyərləndirmənizi
xahiş edə bilərəmmi?
-Bilirsiniz,
Azərbaycana qarşı qara təbliğat bir dəqiqə,
bir saniyə dayanmır. Bunun bir neçə səbəbi
var. Birincisi, erməni lobbisi bizə qarşı daim hərəkətdədir.
Azərbaycanı qaralamaq, bizim üstümüzə
ləkə atmaq, bizim imicimizi korlamaq səyləri dayanmır.
Dünyanın bir çox ölkələrində
erməni lobbiləri var. Bu, heç kəs üçün
sirr deyil. Müntəzəm olaraq mütəmadi
qaydada bizə hücum edirlər. Olmazın
yalanlarını, iftiralarını uydururlar. Bu münaqişə dönəmində təbii ki,
erməni lobbisi bütün gücünü səfərbər
edib və bizə qarşı yeni qara təbliğat səylərini
ortaya qoyubdur. Ancaq bizə
yapışmır. Mən demişəm, dəlil
verin, sübut verin, fakt verin. O cümlədən Fransa
prezidentinə, - o, mənə telefonla iki dəfə zəng
etmişdi, - dedim ki, fakt verin. Sentyabrın 27-dən
artıq 8 gün keçir.
- Makron nə
deyir?
-
Heç nə demir, deyir ki, bizdə kəşfiyyat məlumatı
var. Dedim verin bizə, haradadır bu kəşfiyyat
məlumatı? Yoxdur bu, ola da bilməz.
- Sizin kəşfiyyatınız
Ermənistanla bağlı nə deyir?
-
Hansı mövzuda?
- Əlinizdəki kəşfiyyat materiallarında, Ermənistandakı
xarici güclərdən bəhs edilir. Livandan, Suriyadan gələn...
-Bizdə
təbii ki, belə məlumatlar var və bu məlumatlar əsaslıdır,
artıq onlar dəqiqləşdirilir. Biz
çox məsuliyyətli dövlət olduğumuz
üçün rəsmi bəyanatlarda buna toxunmuruq. Təbii ki, mediada, ondan sonra siyasətçilər,
politoloqlar arasında belə məlumatlar dolaşır. Amma biz bunu gərək təsdiqləyək. Bizdə əvvəldən kəşfiyyat məlumatı
var idi ki, Dağlıq Qarabağa terrorçular gətirilib
yetişdirilir, onlara təlim keçilir.
-Hansı
terror qruplaşmaları?
-PKK terror
qruplaşmaları. Bu barədə çoxlu məlumatlar
var idi. Hələ bir neçə il
bundan öncə biz bu məsələni beynəlxalq
platformalarda qaldırırdıq. Onlar təlim
alır və istisna edilmir ki, bu gün də var. Sadəcə
olaraq, mənim əlimdə yüzdə yüz fakt olandan sonra
bunu deyəcəyəm. Bu gün ehtimal
çox böyükdür. Amma Ermənistandan
və bəzi başqa ölkələrdən fərqli olaraq
biz 100 faiz təsdiqini tapmamış məlumatı ortaya
atmırıq.
Bir misalı da gətirə bilərəm, bizə
qarşı iddia qaldırdı ki, Türkiyənin F-16 təyyarəsi
Ermənistanın SU-25 təyyarəsini vurdu. Dedim ki, sübut
verin. Bizdə məlumat var, bunu bütün bu
qara təbliğatın üzvləri ortaya atdılar. İndi özləri gördülər ki, bu, yoxdur.
Amma bir adam bizdən üzr istədimi? Xeyr. Bizə böhtan atdılar,
ləkə vurdular, ondan sonra gördülər ki, bu,
yalandır. Amma üzr istə.
-Bəli,
silahlı pilotsuz uçuş aparatlarının Azərbaycan
Ordusunun sərəncamına verilməsi yanılmıramsa, bu
hərəkatın gedişinə çox təsir etdi.
-
Doğrudur. Bunun çox böyük təsiri
var. Maşallah, bu silahlı uçuş aparatları
dünyanın ən yüksək səviyyəsində olan
aparatlardır və onların Azərbaycan Ordusunda olması
bizim ordumuzu böyük dərəcədə gücləndirmişdir.
Bu aparatlar bizə böyük imkanlar yaratdı
və eyni zamanda, canlı qüvvə itkisinin çox da
böyük olmamasına gətirib çıxardı.
Çünki əgər bu imkanlar bizdə olmasaydı, Ermənistanın
Dağlıq Qarabağda və işğal edilmiş
torpaqlarda 30 il ərzində qurduğu istehkamları,
tankları, topları, yaylım atəş
qurğularını məhv etmək daha çətin ola bilərdi.
Daha çox insan həlak ola bilərdi. Ona görə bu mükəmməl texnoloji
intellektual məhsul Türkiyə xalqının
potensialını göstərir. Biz o ölkəyik ki,
bizim Türkiyə kimi müttəfiqimiz var. Biz çox
xoşbəxt ölkəyik ki, bizim Türkiyə kimi müttəfiqimiz,
qardaşımız var. Əlbəttə ki, Türkiyənin
bizə göstərdiyi mənəvi dəstək, eyni zamanda,
Türkiyə müdafiə sənayesinin məhsullarının
bizdə olması bizi gücləndirir və bunu bütün
dünya görür. Bu gün Türkiyə
Ordusu NATO-da ikinci ordudur. Heç kim
türk ordusunun qabağında dura bilməz. Bunu
hər kəs gördü, hər kəs anladı. Biz də Türkiyə Ordusunun daha kiçik modelini
qururuq və inşallah bərabər quracağıq.
Bizim də qarşımızda bölgədə heç kim dura bilməz. Bizim və
Türkiyənin işi haqq işidir. Biz
özümüzü müdafiə edirik, öz vətəndaşlarımızı
müdafiə edirik, öz ərazi
bütövlüyümüzü saxlamaq istəyirik. Bizim başqa ölkənin torpağında
gözümüz yoxdur. Amma bizə mənsub
olan bizə qalmalıdır. Otuz ildir ki,
ermənilər bizim qədim torpağımızı istismar
edirlər. İnsanlara o torpaqlara
qayıtmağa icazə vermirlər. Beynəlxalq
vasitəçilər biganə qalır, məhəl qoymur.
Belə olan halda Azərbaycan özü bunu edəcək.
- Gəncəyə
hücumda bir erməni vətəndaşınızın
yaralandığı məlumatını paylaşdım. Bu
arada, cəbhədə gecə və gündüz
müşahidə aparmaq imkanımız oldu, komandirlər Sizin onlara telefonla zəng etdiyinizi bizə
söylədilər.
- Bəli,
təbii ki, bu, Ermənistanın terrorçu ölkə
olmasını bir daha göstərir. Yəni, bu
Cenevrə Konvensiyasına daban-dabana zidd olan bir hərəkətdir.
Yəni, mülki əhalini, şəhərləri
vurmaq qəbuledilməzdir. Gəncə
şəhəri döyüş bölgəsi deyil. Gəncə şəhərinin içərisində
hər hansı bir top, tank yoxdur. Niyə
bunu vurursan? Yəni, nifrətə görə.
Azərbaycana, Türkiyəyə qarşı
nifrət onların qanındadır. Əfsuslar
olsun ki, Ermənistanın gənc nəsli də bu nifrət əsasında
tərbiyə edilir. Ancaq bu, bizi yolumuzdan
döndərə bilməz. Bilirsiniz, Tərtər
şəhərini demək olar ki, dağıdıblar. Tərtər
şəhərində bizim vətəndaşlar kişi kimi, mərd-mərdanə durublar. Deyiblər ki, öldü var, döndü yoxdur,
torpağımızdan heç yerə getməyəcəyik.
Nə qədər mərmi düşüb?
Gün var idi ki, təkcə Tərtər şəhərinə
iki min mərmi düşdü. O da balaca bir şəhərdir,
böyük şəhər deyil.
O ki
qaldı, mənim komandirlərə telefonla zəng etməyimə,
təbii ki, onlar tarixi ədaləti bərpa edirlər. Onlar
öz həyatlarını risk altında qoyurlar. Onlar qəhrəmandırlar və onlar
torpaqlarımızı xilas edirlər, azad edirlər,
qaytarırlar. Madagizin işğaldan azad
edilməsi çox böyük strateji önəm
daşıyır. Qəsəbə o qədər
böyük olmasa da, bunun strateji önəmi çox
böyükdür. Oranı götürmək
çox çətin bir işdir. Bunu hər
bir hərbçi deyər. İnanılmaz
çətin bir işdir. Amma o
götürüldü, Madagizdə indi Azərbaycan
bayrağı qaldırıldı və həmin gün o qəsəbəyə
tarixi adı qaytarıldı – Suqovuşan. Bu, bizim tarixi adımızdır.
Cəbrayıl şəhərini götürmək
böyük qəhrəmanlıq tələb edir. Çünki bir daha demək
istəyirəm ki, bu 30 il ərzində, atəşkəs
rejimi dönəmində orada bir neçə xətt istehkam
quruldu, özü də çox möhkəm. Bir
də ki, o bölgənin relyefi də təbii istehkamdır.
Yəni, Dağlıq Qarabağ dağlarda yerləşir.
Yəni, biz aşağıdan yuxarıya gedirik.
Bunun nə qədər çətin olduğunu
hər kəs anlayar. Ona görə Azərbaycan
əsgəri, Azərbaycan zabiti, generalı şücaət,
rəşadət, cəsarət göstərir, canı,
qanı bahasına ərazi bütövlüyümüzü
təmin edir. İnşallah sona qədər
irəliyə gedəcəyik.
-Qarabağ,
işğal edilən torpaqlar yenidən Azərbaycana
qaytarılandan sonra orada yaşayan ermənilərə nə
deyəcəksiniz?
-Mən artıq öz sözümü dedim. Mən bir neçə gün bundan öncə bizim yaralı əsgərlərimizin yanına getdim, hərbi hospitalda onlarla görüşdüm. Onlara təşəkkürümü bildirdim və eyni zamanda, onlarla görüş əsnasında erməni xalqına müraciət etdim. Anlayırdım ki, onların yanında bunu demək o qədər də asan deyil, çünki onlar ermənilər tərəfindən vurulub. Amma dedim ki, bizim erməni xalqı ilə işimiz yoxdur. Erməni xalqı öz hökumətini məsuliyyətə cəlb etməlidir. Öz hökumətinin yarıtmaz, çirkin siyasətinin nəticəsində bu döyüşlər baş verdi. Bizim mövqeyimiz dəyişməzdir. Torpaqlarımız azad olunandan, işğala son qoyulandan sonra Dağlıq Qarabağda yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar bir yerdə yaşayacaqlar. İki toplum çərçivəsində, bir ölkə ərazisində. Bu gün Azərbaycanda minlərlə erməni var. Siz də qeyd etdiyiniz kimi, Gəncədə Ermənistanın hücumu nəticəsində yaralanmış insanlardan biri də milliyyətcə ermənidir. Burada ermənilər yaşayır. Onlara söz deyən yoxdur. Onlar bizim vətəndaşlarımızdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Erməni xalqı öz hakimiyyətinin əsiridir. Təəssüflər olsun ki, Paşinyan hakimiyyəti iqtidara gələndə çox vədlər verdi. Biz də ümid edirdik ki, artıq o köhnə kriminal rejim tarixə atıldı. Amma bunun yerinə yeni rejim gəldi, o rejim ki, artıq öz xalqını bəlaya saldı. O rejim ki, indi bizim mülki insanlarımızı, əsgərlərimizi öldürür. Mən tam əminəm ki, erməni və Azərbaycan xalqları barışacaq. Bu gün bir çox ölkələrdə ermənilər və azərbaycanlılar bir yerdə yaşayırlar. Gürcüstanda, orada 300 minə yaxın azərbaycanlı, 200 minə yaxın erməni var. Bəzən onlar bir kənddə yaşayırlar. Onların arasında problem yoxdur. Türkiyədə, Rusiyada, - Rusiya vətəndaşı olan azərbaycanlıların sayı 700 minə yaxındır, - bir yerdə yaşayırlar. Heç bir problem yoxdur. Nə üçün burada yaşamasınlar? Onsuz da yaşayıblar bir yerdə. Mənim xatirəmdədir, 1982-ci ildə mərhum atamla birlikdə Dağlıq Qarabağa - Şuşaya getmişdik. Bizim böyük şairimiz Vaqifin məqbərəsi açılırdı. Bu məqbərənin açılışı mərasimində erməni və Azərbaycan şairləri şeirlər deyirdilər, Azərbaycan dilində, erməni dilində. O bir dostluq bayramı idi. Yəni, o, mənim şahidi olduğum mənzərədir. Bizim Bakı şəhərində ermənilər yaşayırdı. Yəni, bizim heç bir problemimiz yox idi. Biz istəyirik ki, yenə də birlikdə yaşayaq. Yenə də Ermənistanla yaxşı qonşular kimi yaşayaq. Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Biz onları belə tanıyırıq. Ümid edirəm ki, bu işğalçı siyasətə son qoyulandan sonra bizim xalqlarımız barışacaq.
-Mərhum atanızın sizə Dağlıq Qarabağla bağlı vəsiyyəti olubmu, olubsa nə idi?
-Atamın yolu mənim üçün bir işıq yoludur. Onun siyasətini davam etdirmək mənim onun oğlu kimi və Prezident kimi borcumdur. Mən ilk dəfə prezident seçiləndə andiçmə mərasimində dedim ki, Heydər Əliyev yolu ilə gedəcəyəm, bu yoldan dönməyəcəyəm və bu yolun Azərbaycan üçün yeganə yol olduğunu demişdim. Bütün sahələrdə - istər xarici siyasət sahəsində, istər iqtisadiyyat, sosial, o cümlədən Dağlıq Qarabağ məsələsində bu yola sadiqəm. Çünki ona da təzyiqlər olmuşdur. Onun dövründə də təzyiqlər olmuşdu ki, Dağlıq Qarabağa müstəqillik verin, Dağlıq Qarabağ sizdən ayrıldı, sizdən qopdu. O, təzyiqlərə tab gətirdi, dözdü. Azərbaycan xalqının maraqlarına zidd olan heç bir sənədə qol qoymadı. Çünki o xalqımızın Lideri idi. Qarabağ məsələsində mənim də mövqeyimdə heç vaxt tərəddüd olmamışdır. Mən 17 il bundan əvvəl nəyi demişəmsə, bu gün də deyirəm - Dağlıq Qarabağ bizim torpağımızdır, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir! Mən heç zaman imkan verməyəcəyəm ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Bütün imkanlardan istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Biz buna yaxınlaşırıq.
-Bir millətin iki dövlətindən Azərbaycanın Prezidenti cənab İlham Əliyevə çox təşəkkür edirəm. Belə bir vəziyyətdə, müharibə şəraitində bizi qəbul etdiniz. Bir Ali Baş Komandan olaraq, sağ olun.
-Mən təşəkkür edirəm və şadam ki, bizim söhbətimizin sonunda siz atamın çox məşhur kəlamını yada saldınız, Heydər Əliyevin sözləridir və indi bütün Türkiyə-Azərbaycan üçün bir işıq yoludur - Bir millət, iki dövlət. Türkiyə-Azərbaycan - tək millət, iki dövlət.
-
Çox təşəkkür edirəm.
-Sağ
olun. Təşəkkürlər.
Azərbaycan.-2020.- 6 oktyabr.- S.1-4.