Ərazi bütövlüyümüz mübahisə predmeti deyil

 

Azərbaycan Respublikası bu gün mürəkkəb, həm də şərəfli bir tarix yaşayır.

XX əsrdə ikinci dəfə öz müstəqilliyini bərpa edən Azərbaycan xalqı təəssüf ki, bədnam ermənilərin dövlətimizə qarşı təcavüzkar, işğalçı əməlləri ilə üzbəüz qaldı.

Xatırlatmaq istərdim ki, ermənilər daim öz havadarlarının dəstəyi ilə Azərbaycana qarşı ərazi iddiaları, deportasiya, terror, soyqırım əməllərini həyata keçirməklə məşğul olmuşlar. XIX əsrin əvvəllərində Azərbaycan torpaqları çar Rusiyası və İran Qaçarlar dövləti arasında bölündükdən sonra Cənubi Qafqaza, o cümlədən Azərbaycan torpaqlarına köçürülən ermənilər türk-müsəlman əhalisi üçün bir bəlaya çevrildi. Müstəmləkəçilik siyasətini həyata keçirmək məqsədilə ermənilərdən bir vasitə kimi istifadə edən çar Rusiyası onları tarixi Azərbaycan torpaqlarında, o cümlədən Qarabağda məskunlaşdırdı.

1918-ci ildə xarici ölkələrin dəstəyi ilə Azərbaycan torpaqlarında ermənilərə öz dövlətlərini yaratmağa imkan yaratdılar. Həmin dövrdə hiyləgər ermənilər Azərbaycanın Qarabağın dağlıq hissəsinə iddia etməyəcəklərini bildirmişdilər. Ancaq erməni ikiüzlülüyü bütün dövrlərdə özünü büruzə vermişdir. Sovet dövlətinin yardımı və dəstəyi ilə Azərbaycan ərazisində muxtar vilayət yaratmağa nail olan ermənilər XX əsrin 20-ci illərində Azərbaycanın bir sıra ərazilərini də ələ keçirdilər. Demək olar ki, Azərbaycan SSR-in mövcudluğu dövründə ermənilərin respublikamıza qarşı ərazi iddiaları dayanmamışdır. 1948-1953-cü illərdə azərbaycanlıların Qərbi Azərbaycan torpaqlarından deportasiya edilməsi də ermənilərin məkrli siyasətinin davamı idi.

Ötən əsrin 80-ci illərinin sonunda keçmiş SSRİ məkanında baş verən hadisələr, nəticədə bu totalitar dövlətin dağılması ilə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi mühüm tarixi hadisə idi. Ancaq ermənilər bu dövrdə baş verənlərdən yararlanaraq ölkəmizə qarşı yenidən öz məkrli niyyətlərini həyata keçirməyə başladılar. Nəticədə Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğala məruz qaldı. Onlar Qarabağda qondarma ikinci erməni dövlətinin yaradıldığını elan etdilər. Təəssüf ki, bu problemi həll etmək məqsədilə yaradılmış Minsk üçlüyü problemi həll etmək əvəzinə təcavüzkarı dəstəkləmək, şirnikləndirmək yolunu tutdu. Azərbaycan dövlətinin regionda sülhə nail olmaq üçün atdığı humanist addımlar heç bir nəticə vermədi.

Bu günlərdə Azərbaycan xalqı öz torpaqlarını işğalçı erməni qüvvələrindən azad etmək üçün Vətən müharibəsinə qalxdı.

Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycanda ikinci bir erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini dəfələrlə bəyan etmişdir. Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin mübahisə predmeti olmayacağı dəfələrlə dövlətimizin başçısı tərəfindən elan olunmuşdur. Öz havadarlarına arxalanan ermənilər Azərbaycana qarşı bu gün işğal əməllərini davam etdirirlər. Lakin Ali Baş Komandanın əmri ilə şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün mübarizəyə qalxmışdır.

Bu gün cəbhədə gərgin döyüşlər gedir. Bütün xalq ordumuzu, Prezidentimizi dəstəkləyir, sarsılmaz həmrəylik nümayiş etdirir. Əsgərlərimizin cəbhədə qazandığı uğurlar Azərbaycan vətəndaşlarını ruhlandırır, torpaqlarımızın erməni işğalçılarından azad olunacağına inamı daha da gücləndirir.

Azərbaycanda fəaliyyət göstərən 52 siyasi partiyanın 50-nin sentyabrın 27-də verdiyi bəyanat cəmiyyətin həmrəylinin təcəssümüdür. Bütün xalq Prezident İlham Əliyevin apardığı siyasətin tezliklə müsbət nəticə verəcəyinə möhkəm şəkildə inanır, dövlət başçısının yeritdiyi daxilixarici siyasəti dəstəkləyir. Azərbaycan xalqı inanır ki, dövlətimiz yaxın müddətdə ölkəmizin ərazi bütövlüyünü tam təmin edəcək, Ermənistanın təcavüzkarlığına son qoyulacaq.

Azərbaycan əsgərinə eşq olsun!

Azərbaycanın müstəqilliyi əbədi və dönməz olacaqdır.

 

Vəkil HƏSƏNOV,

Azərbaycan Dövlət İqtisad Universitetinin

kafedra müdiri, tarix elmləri doktoru, professor

 

Azərbaycan.- 2020.-4 oktyabr.- S.10.