Erməni təbliğatının süqutu

 

Müasir müharibələrdə düşmənlə üzbəüz döyüşdə qalib gəlmək nə qədər asan deyilsə, informasiya savaşında da bütün dünyanı hörümçək toru kimi bürüyən erməni təbliğat maşınını çökdürmək bir o qədər çətindir. Müharibə bitəcək, Qafqaza sülh gələcək, lakin faşist ideologiyası ilə zəhərlənən erməni təbliğat maşını əbədi düşmən axtarışından, sonsuz qisas hissindən əl çəkməyəcək.

Bu gün işğal altındakı torpaqlarımızda nəfəsi kəsilənədək müqavimət göstərən qanunsuz erməni silahlı birləşmələri antiterror əməliyyatları zamanı dabanlarına tüpürüb qaçırlar. Bu məğlubiyyətdən savayı, biz həm də onların təbliğat maşınının süqutunu görürük.

Sonuncu savaşda 30 ilə yaxın "qalib pozası”nda danışıqlara gələn erməni liderlərinin qüruru sabun köpüyü kimi partlayıb. "Qalib” erməni əsgəri isə səngərdə məğlubiyyətin gözlənilməzliyindən dəli kimi dərdinə ağı deyib şalvarını qoyub qaçır. İşğalçı olduqlarını sanki indi anlayırlar. Erməni təbliğat maşını da sualtı mina ilə toqquşub dənizin qaranlıq sularına qərq olan gəmi kimi çökür.

Sentyabrın 27-si səhər Ermənistanın müdafiə naziri işğal edilmiş torpaqlarımızdan dinc əhalini ağır artilleriya ilə atəşə tutan kimi rəsmi saytlarında hamıya "şad” xəbərin anonsunu verib "gözləyin” dedi. Belə müştəbeh əda ilə çırtma çalıb qol atmaq üçün gərək qələbə çalacağına yüz faiz əmin olasan. Amma anons elə verilmişdi ki, Ermənistanın hərbi maşını şad xəbərə sanki milyon faiz arxayın idi. Üstəlik, Paşinyan guya oğlunu da müharibəyə yola salırdı. Amma qəfildən onun arvadı Anna Akopyan ərini saymadan bəyan etdi ki, sən demə, oğluna cəbhədə ehtiyac yox imiş.

Paşinyan isə erməni xalqına "qələbə” müjdəsini vermək əvəzinə dünyanı və erməni diasporunu ayağa qaldırdı ki, amandır qoymayın, Azərbaycan üstümüzə gəlir. Onun vurduğu zənglərin, yalvardığı siyasi liderlərin, qecə-gündüz tər töküb yaydığı bəyanatların sayı-hesabı yoxdur. Bu minvalla ermənilər yağışdan çıxıb yağmura düşdülər. Bu barədə xəbərlərsə erməni saytlarında yoxa çıxıb.

Məhz bu məqamı erməni təbliğat maşınının dalana dirəndiyi gün kimi qeyd etmək lazımdır. Ona görə ki, çarəsiz qalan erməni təbliğatçıları "şad” xəbərin nədən ibarət olduğunu açıqlamadan döyüş bölgəsində "üstünlük”lərini tirajlamağa başladılar. Hər gün ermənilərin guya vurduqları tankların, helikopterlərin, təyyarələrin sayı durmadan artırdı.

Amma qəribəsi o idi ki, erməni resurslarında belə feyk xəbərlərin sayına mütənasib olaraq Paşınyanın və onun komandasının imdad nalələri də göyə yüksəlirdi. Döyüşlərdə aramsız "üstünlük” əldə etdiklərini hər gün dəfələrlə tirajlayan ermənilər yenə nədənsə "şad” xəbərin nədən ibarət olduğunu demirlər. Əksinə, erməni hərb maşınının "üstünlük”lərinin artan statistikasına baxmayaraq, daha ucadan imdad diləyirlər.

Azərbaycan tərəfi gündə bir neçə dəfə ictimaiyyətə məlumatlar çatdırır, döyüşlərdən videolar təqdim edir və ən başlıcası, düşmənin vurulan və ələ keçirilən hərbi texnikasını nümayiş etdirir və xalqımız bundan qürur duyur. Düşmən mənbələri məlumat yaydıqca isə bütün Ermənistanda nüfuzdan düşür. Artıq ermənilər öz məlumat mənbələrinə güvənmirlər. Döyüşən əsgər də, arxa cəbhə də, bütün cəmiyyət də vahimə içindədir. Çünki erməni mənbələrinin yaydığı qələbə raportları təsdiqlənmir, videogörüntülərlə müşayiət edilimir. Qoyulan videolar yalnız təlimləri və ya Suriyadan götürülən köhnə görüntüləri əks etdirir.

Erməni təbliğat maşını elə bilirdi ki, yalan məlumatlarla auditoriyanı inandıra biləcək. Düşmən təbliğatçılarını anlamaq o qədər də çətin deyil. Çünki yüz illərdir peşələri yalanları tirajlamaqdır. Həqiqətləri gizlətmək, ya da kəllə-mayallaq təqdim etmək onlar üçün adi haldır. Sadəcə ermənilər başa düşmürlər ki, ağır döyüşlər zamanı yalan tez ifşa olunur. Halbuki bütün yalanlarının dünyada ayaq tutub yeriməsi üçün milyonlar xərcləyən erməni millətçiləri anlamalı idilər ki, bu dəfə istəkləri onlara xeyir gətirməyəcək. Əksinə, döyüşdən "şad” xəbər gözləyən hər bir erməniyə öldürücü zərbə endirəcək. Çünki Azərbaycan Müdafiə Nazirliyinin operativobyektiv məlumatları, cəbhə xəttindən müntəzəm yenilənən görüntülər bu gün erməni təbliğatını darmadağın edir.

Buna baxmayaraq, erməni faşistləri yenə də qarşı tərəfdə şok yaratmaq, onu yalan məlumatlarla vahiməyə salmaq niyyətlərindən əl çəkmirlər. Onlar bütün münaqişələr zamanı olduğu kimi, bu dəfə də yalan məlumatları, feyk xəbərləri yerləşdirməyə xüsusi diqqət ayırırlar. Odur ki, azərbaycanlıların adları ilə yüzlərlə profil yaradılır, provokasiya xarakterli dezinformasiyalara rəvac verilir. Nəticəsi nədir?

Bu dəfə erməni millətçiləri başqasına qazdıqları quyuya özləri düşüblər. Azərbaycan tərəfi ermənilərə ikinci zərbəni vurub və döyüşlər gedən ərəfədə sosial şəbəkələrin fəaliyyətini ölkə ərazisində məhdudlaşdırılıb. Bununla internet məkanında feyk xəbərlər yayan, provokasiyalar tirajlayan erməni trolları zərərsizləşdirilib. Həmişə ciddi vahimə, xof yaratmaq gücünə qadir olan ermənilər bu dəfə trolluqda irəli tullanmaq istədikləri yerdə geri düşüblər. Üstəlik, Ermənistanda internet istifadəçiləri Azərbaycan tərəfinin məlumatlarını paylaşmağa başlayıblar. o yerə çatıb ki, Ermənistanın Müdafiə Nazirliyi rəsmi səhifəsində internet istifadəçilərini Azərbaycan tərəfinin məlumatlarını yaymamağa çağırıb. Bunu isə bizim informasiya məkanında qazandığımız qələbə hesab etmək olar.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2020.-4 oktyabr.- S.10.