Ermənistanın təxribatları regionda
təhlükəsizliyə ən böyük
əngəldir
İran İslam
Respublikasının Prezidenti Həsən Ruhani oktyabrın 6-da
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
telefonla zəng edib.
Həsən Ruhani Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın davam etməsindən ölkəsinin narahatlığını ifadə edib və münaqişənin tez bir zamanda sülh yolu ilə həll olunacağına ümidvar olduğunu bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, sentyabrın 27-dən başlamış və bu gün də davam edən Ermənistanın hərbi təxribatı nəticəsində təmas xətti boyu yerləşən hərbi birləşmələrimizin mövqeləri və yaşayış ərazilərimiz Ermənistan tərəfindən ağır artilleriya atəşinə məruz qalıb. Nəticədə hərbi qulluqçularımız, 27 mülki şəxsimiz həlak olub, 170-dən çoxu yaralanıb, 900-dən artıq evə ziyan dəyib və ya tamamilə dağıdılıb. Azərbaycan tərəfi uğurlu əks-hücum əməliyyatları həyata keçirərək, işğal olunmuş torpaqlarımızın bir hissəsini işğaldan azad edib.
Dövlətimizin başçısı qeyd edib ki, İran-Azərbaycan dövlət sərhədinin işğal olunmuş ərazisinin bir hissəsi Azərbaycanın nəzarətinə keçib və sərhədboyu işğaldan azad olunmuş ərazilərdə tezliklə Azərbaycan sərhəd qoşunlarının və sərhəd infrastrukturunun yerləşdirilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev bildirib ki, Ermənistanın davam edən hərbi təcavüzü və təxribatları regionda sülhün və təhlükəsizliyin təmin olunması işində ən böyük əngəldir.
Prezident İlham
Əliyev və Prezident Həsən Ruhani ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin
gələcək uğurlu inkişafı
ilə bağlı məsələləri müzakirə edib və əlaqələrimizin ölkələrimizin
və xalqlarımızın maraqlarına uyğun
olaraq bundan sonra da genişlənəcəyinə
və möhkəmlənəcəyinə ümidvar
olduqlarını bildiriblər.
Azərbaycan.-
2020.-7 oktyabr.- S.1.