Azərbaycanın Baş prokuroru “Amnesty International” təşkilatının baş katibinə rəsmi müraciət
ünvanlayıb
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev “Amnesty International” təşkilatının baş katibi xanım Julie Verhara rəsmi müraciət ünvanlayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətə səbəb “Amnesty International” təşkilatının veb-saytında oktyabrın 5-də yerləşdirilmiş “Ermənistan-Azərbaycan: mülki şəxslər qadağan edilmiş “claster” bombalarının istifadəsindən qorunmalıdır” sərlövhəli məqalədə bir sıra faktların təhrif edilməsi olub.
Müraciətdə qeyd edilib ki, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat həyata keçirərək bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və mövqelərini atəşə tutub. Nəticədə mülki şəxslər və hərbi qulluqçularımız arasında ölən və yaralananlar var. Dinc mülki əhalinin sıx yaşadığı məntəqələr, mülki infrastruktur obyektləri - xəstəxanalar, tibb müəssisələri, məktəb binaları və uşaq bağçaları qəsdən hədəfə alınır ki, bu da Ermənistan rəhbərliyinin dövlət səviyyəsindəki terror siyasətinə sadiq olduğunu bir daha göstərir.
Diqqətə çatdırılıb ki, sentyabrın 27-dən başlayan erməni terroru nəticəsində 27 mülki şəxs həlak olub, 141 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, çoxlu saytda evə və mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.
Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozulmaqla, döyüş bölgəsindən xeyli uzaqda yerləşən müxtəlif şəhər və rayonlarımızda dinc mülki əhalinin sıx yaşadığı məntəqələr ağır artilleriya atəşinə tutulub. Belə ki, 500 mindən artıq əhalisi olan, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələrin yerləşdiyi qədim Gəncə, strateji əhəmiyyət daşıyan sənaye şəhəri Mingəçevir, habelə Beyləqan, Bərdə, Ağcabədi, Goranboy və digər rayonlar istifadəsi qadağan edilmiş raket və qurğulardan atəşə tutulub.
Oktyabrın 4-də Ermənistan tərəfindən növbəti təxribat törədilərək döyüş bölgəsindən xeyli uzaq məsafədə yerləşən Xızı və Abşeron rayonlarına ortamənzilli iki raket atılıb.
Qeyd edilib ki, mütəxəssislərimiz tərəfindən Ermənistan silahlı qüvvələrinin mülki və strateji obyektlər də daxil olmaqla bütün hədəflərə qarşı beynəlxalq səviyyədə qadağan edilmiş yüksək dağıdıcı qüvvəyə malik “claster” bombalarından və “Smerch” raketlərindən istifadə etməsi müəyyənləşdirilib. Bunu sübut edən foto və videolar da müraciətə əlavə olunub.
Bu məlumatlar
“Amnesty International” təşkilatının
rəhbərinin diqqətinə çatdırılmaqla rəsmi
veb-saytda yerləşdirilməsi və bu həssas məsələdə obyektiv və qərəzsiz mövqe
tutulması xahiş edilib.
Azərbaycan.-
2020.-7 oktyabr.- S.4.