Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib

 

Oktyabrın 5-də Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Komitənin sədri Əhliman Əmiraslanov əvvəlcə torpaqlarımızın işğaldan azad olunması istiqamətində Ordumuzun uğurlarından söz açıb, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və siyasi iradəsi ilə beynəlxalq hüquq çərçivəsində aparılan zəfər yürüşünün davam etdiyini vurğulayıb.

İclasda Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əhliman Əmiraslanov bildirib ki, komitə üzvləri könüllü olaraq bir aylıq maaşlarının Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsi barədə yekdil qərar qəbul ediblər.

Səhiyyə komitəsinin iclasında "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Gündəlikdəki məsələ barədə məlumat verən komitə sədri birinci oxunuş zamanı səslənmiş təkliflərə münasibət bildirib.

Sonra müzakirələr başlanıb.

İclasda ekspert qismində iştirak edən Tibb Universitetinin, Mərkəzi Klinik Xəstəxananın və Mərkəzi Gömrük Hospitalının təmsilçiləri – professorlar Nuru Bayramov, Kamran Musayevtibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Vüqar Qurbanov qanun layihəsi ilə bağlı rəy və təkliflərini diqqətə çatdırıblar. Belə mükəmməl qanun layihəsi hazırladıqlarına görə Səhiyyə komitəsinin üzvlərinə təşəkkürlərini bildiriblər.

Daha sonra komitə sədrinin müavini Rəşad Mahmudov, deputat Kamaləddin Qafarov transplantasiya ilə əlaqədar müxtəlif məsələlərə toxunublar.

Çıxışları komitə sədri Əhliman Əmiraslanov yekunlaşdırıb. Qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

 

Azərbaycan.-2020.- 6 oktyabr.- S.5.