Azərbaycan və Fransa Xarici İşlər
nazirləri bölgədəki mövcud vəziyyətlə
bağlı fikir mübadiləsi
aparıblar
Oktyabrın
5-də qarşı tərəfin təşəbbüsü
ilə Azərbaycan Respublikasının Xarici İşlər
naziri Ceyhun Bayramov və Fransa Respublikasının Xarici
İşlər naziri Jan İv Lö Drian arasında telefon
danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, telefon danışığı zamanı tərəflər arasında bölgədəki mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Fransanın Xarici İşlər naziri bölgədə baş verən gərginliyin alovlanmasının ciddi narahatlıq doğurduğunu qeyd edib. O, Minsk qrupunun həmsədr ölkələri vasitəsilə məsləhətləşmələrin davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Nazir Ceyhun Bayramov bölgədə artan gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxslərini və obyektlərini qəsdən atəşə tutması barədə qarşı tərəfə məlumat verib. Nazir təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərini, o cümlədən Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin, sənaye şəhəri Mingəçevirin, eləcə də Xızı və Abşeron rayonlarının hədəfə çevrilməsinin mülki əhali arasında itki və infrastrukturun məhv olması ilə nəticələndiyini vurğulayıb. Fransalı həmsöhbətinə bu günə qədər Ermənistanın açdığı atəş nəticəsində 25 azərbaycanlı mülki şəxsin həlak olduğu və 127 nəfərin yaralandığı barədə məlumat verilib.
Fransanın Xarici İşlər naziri mülki əhalinin hədəfə alınması və hərbi əməliyyatların coğrafiyasının genişləndirilməsinin yolverilməz olduğunu vurğulayıb.
Nazir
Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının
müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistanın
bütün silahlı qüvvələrinin Azərbaycanın
işğal olunmuş ərazilərindən
çıxarılması bölgədə sülhün təmin
edilməsi üçün mühüm şərt
olduğunu qeyd edib.
Azərbaycan.-2020.- 6 oktyabr.- S.6.