Azərbaycan Ordusu
tarixi vəzifəsini şərəflə
yerinə yetirir
İlham
ƏLİYEV: "Biz öz
torpaqlarımıza geri
qayıdacağıq. Bu, bizim
qanuni hüququmuzdur. Bu, bizim üçün
tarixi vəzifədir”
Vətən müharibəsi Ordumuzun işğal altında olan torpaqlarımızı azad etməsi ilə davam edir. Hər gün cəbhədən Azərbaycan əsgərinin qələbə dolu müjdələri gəlir. Ermənistanın 1994-cü ildən bəri möhkəmləndirdiyi, keçilməz hesab etdiyi istehkamlar, ön xətt mövqeləri bir-birinin ardınca darmadağın edilir, işğal altında olan kəndlərimiz, strateji yüksəkliklər sürətlə düşməndən təmizlənir. Cəbrayıl şəhərində, Suqovuşan və digər neçə-neçə kəndimizdə artıq Azərbaycan bayrağı ucalır.
Ermənistanın
cəzalandırılması işğala son qoyulana qədər
davam edəcək
Bu gün Ordumuz tarixi ədaləti inamla bərpa edir. Azərbaycan BMT TŞ-nin 30 ilə yaxındır icra etmədiyi 4 qətnaməsinin tələblərini özü inamla təmin edir, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığına dair beynəlxalq hüququn şərtlərini işğal olunmuş ərazilərimizdə reallaşdırır. Ən əsası Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünün müstəsna hüququnu yerinə yetirir. Xəbərdarlıqlardan nəticə çıxarmayan, Azərbaycan torpaqlarında ikinci erməni dövləti qurmaq istəyən, son dövrlər təxribatlarını daha da artıran Ermənistan indi tarixinin ən ağır günlərini yaşayır, xilas üçün ona-buna yalvarır. Hərbi əməliyyatlar, Ermənistanı cəzalandırma tədbirləri isə işğala son qoyulana qədər davam edəcək.
Bu günlərdə "Əl-Cəzirə” və "Əl-Ərəbiyə” televiziya kanallarına müsahibə verən Prezident İlham Əliyev sualları cavablandırarkən bir daha problemin səbəblərini izah etdi, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi, danışıqları pozması, son vaxtlar hərbi-siyasi təxribatları daha da artırması ilə bağlı ətraflı məlumat verdi. Dövlətimizin başçısı bir daha diqqətə çatdırdı ki, problemin indiyədək həll olunmamasının səbəbləri, Ermənistanın sülh istəməməsi, status-kvonun olduğu kimi qalmasına çalışması, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməməsi, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda heç bir nəticə əldə edilməməsidir. BMT Təhlükəsizlik Şurasının 27 il əvvəl qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi üçün indiyədək Ermənistana heç bir təsir göstərilməyib. Lakin 1993-cü ildən bəri digər ölkələrə dair qəbul edilmiş qətnamələrin yerinə yetirilməsi üçün hansı təsir mexanizmlərinin işə salındığı tarixdən məlumdur. "Əl-Cəzirə” televiziyasına müsahibəsində buna münasibət bildirən Prezident İlham Əliyev deyib: "Münaqişənin həlli üçün hüquqi çərçivəmiz var, lakin təcavüzkara kifayət qədər praktiki təzyiq yoxdur. Beləliklə, biz burada beynəlxalq hüquq və reallıqda baş verənlər arasında ziddiyyət görürük. Ermənistan tərəfindən beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl qoyulmaması beynəlxalq hüququn işləmədiyinin və ya selektiv üsulla işlədiyinin yaxşı göstəricisidir. Bildiyiniz kimi, bəzi hallarda Təhlükəsizik Şurasının qətnamələri bir neçə gün, bəlkə də bir neçə saat ərzində icra olunur. Lakin bizə gəldikdə qətnamələr uzun illərdir ki, kağız üzərində qalıb. Beləliklə, təcavüzkara praktiki təzyiqin olmaması münaqişənin nəyə görə bu qədər uzun çəkməsinin səbəblərindən biridir”.
Telefondan asılı qalan Paşinyanın ümidləri boşa çıxır
Beləliklə, bu gün cəbhə xəttində baş verənlər yalnız və yalnız Azərbaycanın özünün hüquqlarını bərpa etməsidir. Sentyabrın 27-də təxribatın qarşısının alınmasından bəri Ermənistanın hərbi texnikasına, hərbi infrastrukturuna və təchizatına ciddi zərbələr vurulub. Ümumiyyətlə, Azərbaycan problemin müharibə yolu ilə həllini heç vaxt istisna etməyib. Respublikamızın həyata keçirdiyi modern ordu quruculuğunun ən mühüm səbəbi elə budur. Bununla belə Bakı problemin danışıqlar yolu ilə həllinə həmişə müsbət yanaşıb. Lakin Ermənistanın yeni rəhbərliyi təcavüzkar siyasətə daha da rəvac verməklə danışıqlar prosesini kökündən baltaladı. Hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqların mahiyyət və məzmununa zidd bəyanatlarla çıxış edən baş nazir N.Paşinyanın daha sonra formatın dəyişdirilməsi, danışıqlara separatçı rejimin cəlb olunması kimi qəbulolunmaz təkliflərlə çıxış etməsi bütövlükdə danışıqlar prosesinin gələcəyini sual altında qoydu. Daha sonra onun "Qarabağ Ermənistandır” deməsi, Azərbaycanın qarşısında qoyduğu 7 şərt, "Yeni ərazilər üçün yeni müharibə” konsepsiyasını irəli sürməsi, Şuşada separatçı rejimin andiçmə mərasiminin keçirilməsi, bu ilin iyulunda dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycana hücum edilməsi, bu ilin avqust ayından başlayaraq işğal olunmuş ərazilərimizdə Livan ermənilərinin yerləşdirilməsi göstərdi ki, bundan sonra sülh danışıqlarının aparılmasının faydası yoxdu.
Ermənistanın avqust ayında Goranboy istiqamətində törətmək istədiyi diversiya, könüllü hərbi birliklərin yaradılmasına başlaması isə yeni müharibəni tamamilə labüd etmişdi. Prezident İlham Əliyev bu barədə dünya ictimaiyyətini vaxtında xəbərdar etmişdi. Sentyabrın 27-də baş verən növbəti təxribatdan sonra Prezident İlham Əliyevin etdiyi xəbərdarlığa uyğun olaraq Azərbaycan hərbi yolla Ermənistanı cəzalandırmağa başladı.
İşğalçılığı və son təxribatları indi Ermənistana baha başa gəlməkdədir. Telefonlardan asılı qalan Paşinyan ayrı-ayrı dövlətlərin rəhbərlərinə atəşkəsin əldə olunması, danışıqların bərpa edilməsi üçün yalvarmaqdadır. Lakin indi şərtləri Azərbaycan diktə edir. "Əl-Ərəbiyə” televiziyasına müsahibəsində Prezident İlham Əliyev bu barədə deyib: "Danışıqlara geri qayıtmaq üçün birinci Ermənistanın baş naziri "Qarabağ Ermənistan deyil” deməlidir, çünki "Qarabağ Ermənistandır” ifadəsi yalandır, Qarabağ Azərbaycandır! O, torpaqların sahibi olan bizə onların qaytarılmasını təmin edən iyirmi il ərzində işlənib hazırlanmış prinsiplərə sadiq qaldığını deməlidir. Bu çirkin hərbi hücuma keçdikdən sonra o, bizə şəhərlərimizdən qoşunların çıxarılması üzrə vaxt cədvəlini verməlidir və belə olan halda biz savaşı dayandırmağa hazırıq. Əks halda, biz bunu güc yolu ilə edəcəyik, biz ərazi bütövlüyümüzü güc yolu ilə bərpa edəcəyik və ona yerini göstərəcəyik”.
Makronun bəyanatları heç bir əhəmiyyət kəsb etmir
Azərbaycanın Ermənistanı cəzalandırmağa başlamasından sonra bir sıra dövlətlər məsələ ilə bağlı münasibətlərini bildirərək, atəşkəsə dəvət etdilər. Bu, beynəlxalq münasibətlər sistemində qəbul olunmuş diplomatik yanaşmadır. Olduqca sevindirici haldır ki, Azərbaycan çoxsaylı dövlətlərdən ən ali səviyyələrdə dəstək aldı. Prezident İlham Əliyevin ünvanına xarici ölkələrdən siyasi xadimlər dəstək məktubları ünvanlamaqdadırlar.
Ermənistana gəldikdə isə vəziyyət fərqlidir. Paşinyanın çoxsaylı zənglərinə rəğmən, hətta ermənilərin özünə yaxın hesab etdiyi dövlətlər belə gözlənilən siyasi dəstəyi ifadə etmədilər. Yalnız Fransa prezidenti E.Makron açıq şəkildə ermənipərəst mövqe tutdu ki, bu da ölkəsinin münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına tamamilə zidd idi. Makron bununla neytral vasitəçilik missiyasının tələblərini kobudcasına pozdu.
Xatırladaq ki, Makron ermənipərəst açıqlamalarından əvvəl Prezident İlham Əliyevə telefonla zəng etmişdi. Cənab İlham Əliyev telefon söhbəti zamanı bir daha özünün qətiyyətli və prinsipial mövqeyini ifadə etmiş və göstərmişdi ki, heç nə Azərbaycanı özünün milli maraqlarından çəkindirə bilməz. "Hər bir ölkənin öz mövqeyi ola bilər, bu, normaldır. Lakin əgər siz belə həssas məsələdə vasitəçisinizsə, bu mövqedən çıxış etməlisiniz. Əgər milli mövqeyinizdən çıxış etmək istəyirsinizsə, onda siz Minsk qrupunun həmsədrliyindən çıxmalısınız, istədiyinizi deyin, kimi istəyirsinizsə onu günahlandırın, baş verənlərlə bağlı sübutu olmayan xəbərlər verin və sözsüz ki, heç kim etiraz etməyəcək. Lakin əgər siz vasitəçisinizsə, neytral olmalısınız, vasitəçi olmalısınız. Əks halda, vasitəçilik bizim tərəfimizdən qəbul edilməyəcək”, - deyə Prezident İlham Əliyev "Əl-Cəzirə” televiziyasında bildirib.
Görünür, Makron Azərbaycanı Fransanın əsrlər boyu əsarətdə saxladığı və təsirlərinin olduğu hansısa ölkə ilə dəyişik salıb. Fransanın bundan sonra Minsk qrupunun həmsədri kimi qalması mümkün olmayacaq. Lakin iş orasındadır ki, Azərbaycanın qələbəsi bütövlükdə Minsk qrupunun özünün fəaliyyətinə son qoyacaq.
Ordumuz tarixi vəzifəsini şərəflə, ləyaqətlə yerinə yetirməkdədir. Azərbaycanın qarşısında duruş gətirə bilməyən Ermənistan isə zəifilyinin əlaməti olaraq döyüşlər getməyən şəhərləri, mülki insanları atəşə tutur, bu kimi təxribatlarla döyüş meydanını dəyişmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək istəyir. Bütün bunlar Ermənistanın işğalçılığının son akkordlarıdır. Düşmənin diz çökdürülməsinə sayılı günlər qalır. Artıq Ermənistanı köç dalğası bürüyüb. Respublikamızın 1993-cü ildə yaşadığını indi ermənilər yaşayır. 30 ilə yaxındır kef çəkdikləri, murdarladıqları Qarabağ torpaqlarından indi pərən-pərən düşüblər.
Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyənin "TRT Haber” televiziya kanalına müsahibəsində də bu barədə geniş danışıb.
Ermənistana bu müharibədə elə bir zərbə vuruldu ki, yarası heç vaxt sağalmayacaq. Ona görə Paşinyan hökumətinin yeganə çıxış yolu İlham Əliyevin şərtlərini qəbul etməkdir. Əks təqdirdə Azərbaycan öz ərazi bütövlüyünü güc yolu ilə bərpa etməkdə davam edəcək.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2020.- 6 oktyabr.- S.8.