Makronun bəyanatları
beynəlxalq hüquq normalarına ziddir
Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalçılarına endirdikləri ağır zərbələr və torpaqlarımızın təcavüzdən azad olunması uğrunda aparılan haqlı mübarizə nədənsə Fransanın prezidenti Makronun yuxusunu ərşə çəkib. O, son günlərdə saxta faktlara əsaslanaraq səsləndirdiyi bəyanatlarla siyasi savadsızlığını, dövlət başçısına yaraşmayan hərəkətlərə yol verməklə nəinki özünə, sülhsevər bəşəriyyətə hörmətsizlik edir.
Bu bəyanatlar, Makronun açıq şəkildə Ermənistanın təcavüzkarlarını, terrorçularını müdafiə etməsi, yalana, şantaja arxalanıb, dövlət başçısına yaraşmayan fikirlər söyləməsi və Azərbaycanı atəşkəsi dayandırmağa səsləməsi beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in Minsk qrupunun mandatına tamamilə ziddir.
Makronun təcavüzkarı müdafiə etməsi və terrorçunun yanında olması ali dəyərlərə, insanlığa xəyanət olmaqla, haqqa-ədalətə, ilk növbədə, Fransa dövlətinin adına ləkədir.
Fransa prezidentinin seçkilər ərəfəsində ermənilərin səsini almaq üçün göstərdiyi cəhdlər - işğalçıya haqq qazandırmağı, bu mübarizədə Azərbaycanı, Türkiyəni, eləcə də haqqa, ədalətə dəstək verən ölkələri günahlandırması təcavüzün bir formasıdır. Elə bilirəm fransız xalqı öz təcavüzkar rəhbərinin çirkin əməllərinə qiymət verəcəkdir. Azərbaycan Prezidenti bu günlərdə Makronun ona telefon zəngində kimin haqlı, kimin haqsız olduğunu ermənipərəst dövlət rəhbərinə xatırladıb, bildirib ki, atəşkəsi erməni tərəfi pozub, onlar mülki əhalini qətlə yetiriblər, kəndlərimizi, şəhərlərimizi dağıdıblar. Məhz bundan sonra Silahlı Qüvvələrimiz əks-hücuma keçiblər, əraziləri işğalçılardan təmizləməyə başlayıblar.
Sözsüz ki, bu sözlər, gətirilən tutarlı faktlar, qeyd olunan hadisələr Makron kimi ermənipərəst bir insanı qane edə bilməz. Bu onun öz işidir. Azərbaycan Prezidenti, xalqımız artıq Fransanı ATƏT-in Minsk qrupu mandatında görmür, ona ümid etmir. Biz Ali Baş Komandanımıza, Şanlı Ordumuza, gücümüzə və birliyimizə arxalanırıq. Qələbə bizimlədir və torpaqlarımızı azğın düşməndən azad edəcəyik. Son günlərdə düşmənin məhv edilməsi, Cəbrayıl şəhərinin və bir çox kəndlərimizin təcavüzkarlardan təmizlənməsi, zəfər yürüşü, əsgər və zabitlərimizin, xalqımızın yüksək əhvali-ruhiyyəsi buna sübutdur.
Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan cənab
İlham Əliyevin xalqımıza son müraciəti bir daha
göstərdi ki, torpaqlarımız düşməndən
tam azad olunmayınca təcavüzkarlara aman verilməyəcək,
haqq uğrunda mübarizəmiz davam etdiriləcəkdir.
Tahir RZAYEV,
Milli Məclisin Aqrar
siyasət komitəsinin sədri
Azərbaycan.-2020.- 6 oktyabr.- S.8.