Düşmənin təxribatları bərdəliləri
sarsıtmır
Azərbaycan Ordusunun uğurlu döyüş əməliyyatları geniş miqyas aldıqca ərazilərimiz ard-arda işğaldan azad edildikcə düşmənlərimizin havası çatmır, nəfəsi daralır. Faşist xislətli erməni işğalçıları Qarabağ savaşını uduzduqlarının fərqində olsalar da, çirkin əməllərindən, mülki obyektləri, dinc əhalini hədəfə alan təxribatlarından əl çəkmək istəmirlər.
Xəbər verildiyi kimi, son günlər Bərdənin rayon mərkəzi, ətraf kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulmuşdur. Bərdə şəhərinə çox sayda raket atılmışdır. Nəticədə yaşayış evlərinə, mülki obyektlərə ciddi zərər dəymişdir. Əsl barbarlıq olan düşmən təxribatı nəticəsində bir nəfər həlak olmuş, üç nəfər müxtəlif dərəcəli xəsarət almışdır.
Buna baxmayaraq, əhali arasında əhvali-ruhiyyə yüksəkdir. Əvvəlcədən görülmüş zəruri təhlükəsizlik tədbirləri əhalidə kütləvi qorxu, xaos yaranması ehtimallarını heçə endirmişdir. Bərdə şəhər sakini, təqaüddə olan müəllim Fəqan İbrahimov bizimlə söhbətində bərdəlilərin yüksək əhvali-ruhiyyədə olduğunu inamla vurğuladı:
- Bü gün bütün Azərbaycan xalqı kimi Bərdə camaatı da öz xilaskar ordusu ilə nəfəs alır. Hər kəs ölkəmizdə müharibə getdiyinin fərqindədir. Qələbəyə aparan yol isə qurbanlardan, itkilərdən keçir. Düşmən mərmiləri evlərimizi dağıtsa da, övladlarımızı şəhid etsə də, iradəmizi qıra bilməz. Xalqımız öz ordusuna arxa-dayaqdır. Məqsədimiz isə qələbədir. İnanırıq ki, şanlı ordumuz bizi tezliklə arzusunda olduğumuz bu qələbəyə qovuşduracaqdır.
Lazım QULİYEV
Azərbaycan.- 2020.-7 oktyabr.- S.5.