Millisiyasi həmrəyliyin təntənəsi

 

Siyasi partiyalar Vətən müharibəsində Prezident İlham Əliyevi dəstəkləyir, dövlət başçısının ətrafında sıx birləşdiklərini bəyan edirlər

 

 

Haqq savaşını davam etdirən Azərbaycan Ordusu şərəfli yol keçir, tariximizdə yeni səhifələr açılır. Ermənistan qoşunlarının işğalı altında olan şəhərlərimiz, kəndlərimiz və vacib strateji yüksəkliklər ard-arda azad edilir, torpaqlarımızda üçrəngli bayrağımız dalğalandırılır.

İlham Əliyevin müzəffər ordusu düşmənə və bütünlükdə dünyaya öz əzəmətini, qətiyyətini nümayiş etdirir. Yüksək döyüş ruhu, əzmkarlıq bizi sürətlə böyük qələbəyə yaxınlaşdırır.

 

 

Xalq-hakimiyyət birliyinin təcəssümü

 

 

Azərbaycanın haqq savaşı milli birliyimizlə yanaşı, siyasi həmrəyliyi də möhkəmləndirib. Siyasi partiyaların mütləq əksəriyyəti bir araya gələrək Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşiblər.

Xatırladaq ki, hələ bu il iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribatla əlaqədar müstəqillik tariximizdə ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən siyasi partiyaların 43-ü birgə bəyanat yayaraq cənab İlham Əliyevə birmənalı dəstəklərini ifadə etmişdilər.

Sentyabrın 27-də isə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar ölkəmizdəki 52 siyasi partiyadan 50-si Ali Baş Komandanın ətrafında sıx birləşdiklərini bəyan etdilər. Partiya sədrlərinin imzaladıqları bəyanatda qeyd edilir ki, rəhbəri olduqları siyasi təşkilatların hər bir üzvü Azərbaycan Ordusunun zəfər yürüşünə, haqq savaşına dəstək verməyə, əldə silah döyüşlərdə iştirak etməyə hazırdır.

Oktyabrın 3-də ölkədə fəaliyyət göstərən 50 siyasi partiya rəhbərlərinin iştirakı ilə Prezident Administrasiyasında "Milli həmrəylik - siyasi dialoqun nəticəsi” adlı görüşün keçirilməsi də bu prosesin tərkib hissəsi idi.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə keçirilən tədbirdə ölkənin siyasi partiyalarının rəhbərləri bir araya gəlməklə, Azərbaycanda yaşanan milli və siyasi həmrəyliyi bir daha nümayiş etdirdilər.

Şöbə müdiri Ədalət Vəliyev qeyd edib ki, mütləq çoxluğu təşkil edən siyasi partiyaların bir araya gəlməsi, Prezidentin ətrafında sıx birləşmələri məmnunluq doğurur. Bütün bunlar bir daha təsdiq edir ki, cənab İlham Əliyevin rəhbərliyi ilə vətəndaş cəmiyyətinin daha da gücləndirilməsi, siyasi plüralizm istiqamətində inkişaf, partiyalarla, siyasi institutlarla dialoqun daha da möhkəmləndirilməsi prosesi uğurlu nəticələr verir. Bu amil yeni siyasi münasibətlərin formalaşdığını təsdiqləyir: "Siyasi sabitliyə, etibarlı münasibətlərə və davamlı inkişafa xidmət edən bu addım milli həmrəyliyin, xalq-hakimiyyət birliyinin təcəssümüdür”.

 

 

Azərbaycan müasir tarixinin ən məsuliyyətli və qürurlu dövrünü yaşayır

 

 

 

Cəbhədə yaşanan hadisələr, əldə olunan uğurlar, Prezident İlham Əliyevin mövqeyi, diplomatik müstəvidə qazanılan nəticələr, habelə Ermənistan hökumətinin qeyri-adekvat addımlarının geniş müzakirə olunduğu görüşdə bildirilib və vurğulanıb ki, Azərbaycan dövləti və xalqı müasir tariximizinhaqq mübarizəsinin ən məsuliyyətli və ən qürurlu mərhələsini yaşayır. Bu günlərdə milli həmrəyliyə xidmət edən hər bir addım və layihə böyük əhəmiyyətə malikdir.

Ermənistanın siyasi hakimiyyəti xalqının diqqətini ölkə daxilindəki sosial-iqtisadi problemlərdən, pandemiyanın yaratdığı sosial çətinliklərdən yayındırmaq məqsədilə cəbhədə təxribat törədib. Bu, bir daha göstərir ki, Ermənistan hökuməti 30 ildir sürən münaqişənin həllində maraqlı deyil. Bu məqsədlə mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozur. Ermənistan baş nazirinin qəbuledilməz bəyanatları, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi müzakirələrində konstruktiv mövqe nümayiş etdirməməsi, "Qarabağ Ermənistandır” kimi sərsəm bəyanatları danışıqların pozulmasında əsas amillərdir.

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Ali Baş Komandanın Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və onun yanında olduqlarını bildiriblər.

 

 

 

Dialoq davam etdiriləcək

 

 

Son bir neçə ay ərzində siyasi dialoqun bərqərar olunmasında, etibarlı münasibətlərin formalaşmasında və siyasi partiyaların fəaliyyəti üçün dövlət tərəfindən göstərilən dəstək haqqında məlumat verən Ədalət Vəliyev mövcud istiqamətdə əməkdaşlığın mütləq davam etdiriləcəyini diqqətə çatdırıb. Parlamentin fəaliyyətinə xüsusi toxunan Ədalət Vəliyev VI çağırış Milli Məclisdə müxalifət partiyalarının təmsil olunmasını ölkəmizdə demokratik münasibətlərin və siyasi dialoqun mövcudluğunu sübut edən əsas göstəricilərdən biri kimi xarakterizə edib.

Ümumiyyətlə, son vaxtlar siyasi sistemin komponentləri arasında yeni müzakirələrin - dialoqun başlaması yüksək qiymətləndirilir və siyasətçilər hesab edirlər ki, Prezident Administrasiyasında parlamentlə və siyasi partiyalarla əlaqələr üzrə yeni şöbənin yaradılması əslində ölkədə siyasi ab-havanı müsbət yöndə xeyli dəyişib. Bununla ölkə Prezidenti daha aktiv parlament fəaliyyəti və daha çox inkişaf edən partiya demokratiyası modelinin formalaşması istiqamətində gözləntilərini ortaya qoyub.

Bu məqsədə nail olmaq üçün siyasi qüvvələr arasında məhz açıq dialoq mühitinin yaranması zəruri şərt idi. Prezident Administrasiyasının Siyasi partiyalarqanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin qısa müddətdə və ağır pandemiya şəraitində demək olar ki, bütün siyasi partiyalarla təmasa keçməsi və konstruktiv müzakirələr aparması uğurlu nəticə verir. Demək olar ki, hazırda ölkəmizdə yeni etibarlı siyasi dialoq mühitinin formalaşması təmin edilib.

Hazırda da bütün siyasi qüvvələr üçün bərabər şəraitin yaradılması məqsədilə partiya sədrlərinin fəaliyyətinin təşviqi istiqamətində müvafiq tədbirlər görülür. Sabit siyasi mühitin dəstəklənməsi və partiyaların bölgələrdə normal fəaliyyətinin təmin olunması üçün mütəmadi qaydada yerli icra hakimiyyəti başçıları ilə görüşlər keçirilir.

Siyasi dialoqun dəstəklənməsinin ölkəmizdə demokratiyanın inkişafında mühüm rol oynadığını vurğulayan Ədalət Vəliyev Azərbaycan xalqının ölkə rəhbərliyini daim dəstəklədiyini deyib, həmçinin millisiyasi həmrəyliyin qorunması üçün bütün lazımi işlərin görüləcəyini vurğulayıb.

Göründüyü kimi, bu görüşlərin baş tutması, həm parlamentdə təmsil olunan, həm də parlamentdən kənarda fəaliyyət göstərən siyasi partiya rəhbərləri ilə silsilə görüşlərin keçirilməsi iqtidarın siyasi partiyalarla dialoq mühitinin formalaşmasında və möhkəmləndirilməsində maraqlı olduğunu bir daha təsdiqləyir.

Hər bir görüş dialoqun möhkəmləndirilməsinə dəstəkdir. Çünki bu görüşlərdə ölkədaxili münasibətlər, gerçək siyasi dialoq mühitinin yaradılması istiqamətində fikir mübadiləsi aparılır, Partiyaların ümummilli məsələləri müzakirə etməsi, vahid mövqe ortaya qoyması Prezident İlham Əliyevin siyasi islahatların daha da təkmilləşdirilməsi istiqamətində mütərəqqi addımlar atdığını bir daha təsdiqləyir.

 

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2020.- 6 oktyabr.- S.8.