Azərbaycan bayrağı Qarabağda bir daha enməyəcək

 

Düşmən bayrağı isə ayaqlar altındadır

 

Döyüş bayrağını qaldıran oğul,

Tanrı qollarına güc verəcəkdir.

Xankəndə bayrağı sancdığın günü

Analar, bacılar sevinəcəkdir...

 

Bir həftədən çoxdur xalqımızın qəhrəmanlıq salnaməsinə şərəfli səhifələr yazılmaqdadır. Azərbaycanın müzəffər ordusu, dəyanətli, mərd oğulları əzəli torpaqlarımızda at oynadan erməni faşistlərinə qarşı Vətən müharibəsi aparırlar.

Onların xalqımıza qarşı törətdiyi soyqırımların, qəddarcasına öldürdükləri körpələrin, illərdir axıdılan qanların, göz yaşlarının intiqamı alınır.

Azərbaycanın rəşadətli əsgərləri haqq-ədalət uğrunda, yağı tapdağında qalan doğma yurdumuzu düşmən pəncəsindən xilas etmək üçün savaşır.

Yad ayaqlar altında inildəyən ata-baba torpaqlarımız həsrətdən sonra azadlığına qovuşur. Mənfur düşmən bayrağı endirilərək, layiq olduğu yerə - ayaqlar altına atılır. Yerinə müqəddəs üçrəngli bayrağımız sancılır... Sahib olduğu, haqq etdiyi əzəli və əbədi yerində dalğalanmaq, bir daha enməmək naminə...

Xalqımızın bayraq sevgisi, bayraq qovğası həmişə böyük olub. Bu sevgi min illərdən, sınaqlardan keçib, bugünümüzə gəlib çıxıb. Bayrağa münasibət dövlətə, dövlətçiliyə, vətənə, millətə sevgi kimi qəbul olunub.

Vətən, torpaq uğrunda şəhid olanların bayrağa bükülərək son mənzilə yola salınmasının da mənası çox böyükdür: ən ağır faciənin, dərdin qarşısına millət başı üstündə qaldırdığı bayraqla çıxır. Millət, dövlət, ölkə endirilmiş bayraqları ilə o dərdə, hüznə şərik olur...

Bayraqlar həm də hərbi əməliyyatlarda şərəf simvoludur, döyüş zamanı göz bəbəyi kimi qorunur. Döyüş bayrağı isə əsgərin ləyaqət, şücaət rəmzidir. Bayrağın enməsi və ya düşmən əlinə keçməsi məğlubiyyətin əlaməti sayılır.

Bir neçə gün öncə Ağdərə (Suqovuşan) istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun əsgərlərimiz tərəfindən darmadağın edilən 6-cı dağatıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı ələ keçirildi.

Başqa bir döyüşdə işğalçı erməni hərbçiləri bayraq qaldıraraq rəşadətli Azərbaycan əsgərinə təslim oldu.

Milli Ordumuz şərəflə, cəsarətlə, addım-addım, kənd-kənd irəlilədikcə, müstəqilliyimizin rəmzi, müqəddəs and yerimiz olan bayrağımız o yerlərdə yenidən ucaldılır.

Elə dövlət başçısı İlham Əliyev də oktyabrın 3-də keçmiş Madagizin, indiki Suqovuşanın erməni işğalından azad olunması ilə bağlı etdiyi paylaşımda bunu yazmışdı: "Bu gün Azərbaycan ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı”.

Milli Qəhrəman Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda erməni əsgərini məhv etdiyi posta da Azərbaycan Bayrağı sancıldı.

Vətənimizin azadlığı uğrunda şəhid olan minlərlə soydaşımızın qanına boyanan, tarixin keşməkeşli yollarından keçib gələn ay-ulduzlu, üçrəngli bayrağımız xalqımızın azadlıq mücadiləsinin, milli kimliyinin, birliyinin, şərəf və ləyaqətinin ifadəsi, hörmət və ehtiramının möhtəşəm ünvanı, qürur, güvənc yerimizdir. Bu bayrağın heç vaxt dəyişməyəcək yeri, məkanı bəllidir - xalqın ürəyi, vətən torpağının ən hündür zirvələri. Bu bayraq bir dəfə yüksəldisə, bir daha enməyəcək...

Qansa-qan, cansa-can,

Yetər ki, sən dalğalan...

 

Xəyalə MURADLI

 

Azərbaycan.- 2020.- 7 oktyabr.- S.1; 6.