“Qələbəyə Dəstək Hərəkatı” əsgərlərimizin yanındadır

 

Torpaqlarımızı Ermənistanın işğalından azad etmək üçün başladılan əks-hücum əməliyyatlarını həyata keçirən Azərbaycan Ordusuna dəstək məqsədilə bir qrup iş adamı tərəfindən yaradılmış "Qələbəyə Dəstək Hərəkatı” Təşəbbüs Qrupunun sıraları sürətlə artır.

İstər iri şirkətlər, istərsə də fərdi sahibkarlar belə bir müqəddəs amal uğrunda yaradılan hərəkata çox həvəslə qoşulur, maddi və mənəvi dəstəklərini göstərirlər.

İş adamlarının "Qələbəyə Dəstək Hərəkatı” bayrağı altında topladıqları ianələr hesabına alınmış müxtəlif adda məhsullardan ibarət 2 yük maşını dolu yardım Beyləqan rayonu ərazisində yerləşən N saylı hərbi hissəyə təhvil verilib. Əsgərlərimizin gündəlik istifadəsi üçün nəzərdə tutulan əşyalar (corab, papaq, isti alt paltarları, əlcək, tibbi ləvazimatlar, dərman preparatları və s. məhsullar) həmin hissədən hərbi maşınlarla birbaşa döyüş bölgəsinə göndərilib.

Xatırladaq ki, sentyabrın 29-da yaradılan "Qələbəyə Dəstək Hərəkatı”na 30-dan artıq şirkət və fərdi sahibkar qoşulub. Təşəbbüs qrupu üzvləri önümüzdəki günlərdə də digər cəbhə bölgələrində döyüşən əsgərlərimizi ziyarət edəcək, onlara öz sovqatını çatdıracaqlar.

Bununla yanaşı, "Qələbəyə Dəstək Hərəkatı” yeni bir kampaniyaya da başlayıb. Belə ki, könüllü şəkildə ordu sıralarına qoşulan əsgərlərimizin ailələrinin yanında olmaq, onların problemləri ilə maraqlanıb həll etmək üçün həmin şəxslərin siyahısı tutulur.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2020.- 7 oktyabr.- S.6.