Ermənilərin hədəf seçdiyi Gəncə əhalisini heç bir təxribatla qorxutmaq mümkün deyil

 

Erməni faşistlərinin qurbanları mülki şəxslər və obyektlərdir

 

Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini hədəfə alması onu göstərir ki, düşmən yenə də beynəlxalq hüquqazidd addımlar atmaqla öz hiyləgər planlarını həyata keçirmək niyyətindədir. Artıq bir həftədən çoxdur ki, cəbhəboyu ərazilərimizdə mülki əhalimiz düşmənin hədəfinə çevrilib. Hədəf kimi seçilən ərazilər əhalinin sıx yaşadığı məntəqələr, şəhər və rayon mərkəzləridir.

Oktyabrın 4-də səhər saatlarında düşmənin Gəncəyə atdığı raketlər əhalidə təşviş yaratsa da, şəhərdə elə bir gərginlik yaşanmadı. Gəncəlilər bu təxribatı Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusunun qazandığı qələbələri erməni tərəfinin ört-basdır etmək cəhdi kimi dəyərləndirdilər.

Vətən müharibəsinin 8-ci günündə cəbhə bölgəsindən on kilometrlərlə uzaqda yerləşən Gəncənin raket atəşinə tutulması nəticəsində bir nəfər həlak olmuş, 32 nəfər mülki şəxs müxtəlif dərəcəli xəsarət almışdır. Yaralılar təcili olaraq xəstəxanalara yerləşdirilmiş və onlara yüksək səviyyədə tibbi yardım göstərilmişdir. Yüngül xəsarət alan vətəndaşlar isə tibbi müdaxilədən sonra evə buraxılmışlar.

Xəsarət alanların yerləşdirildiyi şəhər 3 saylı təcili tibbi yardım xəstəxanasında olduq, yaralılarla görüşüb söhbət etdik. Hamının fikri bu oldu ki, növbəti təxribat düşmənin döyüşlərdəki uğursuzluqlarının və çoxsaylı itkilərinin nəticəsidir. Bildirdilər ki, Gəncə əhalisi olduqca nikbindir. Hər kəs Azərbaycan Ordusunun qələbələrini diqqətlə izləyir və sevinir. Müharibənin getdiyi bir ölkədə isə belə təxribatlar gözləniləndir.

Biz xəstəxanada erməni millətindən olan, Gəncə sakini Karina Qriqoryanla da görüşdük. Dağıntı zamanı yaralandığından xəstəxanaya yerləşdirilmişdi. Bizi görcək söhbətə birinci özü başladı. Dedi ki, bütün ömrünü Gəncədə keçirib: "Azərbaycanlıların necə humanist olduqlarını bilirəm. Ermənilərin Dağlıq Qarabağı işğal edəndən özümü günahkar kimi hiss edirəm. İndi Azərbaycan Ordusunun uğurlarına hamı kimi mən də sevinirəm”.

Sonra düşmənin atdığı raketlərin dağıntı törətdiyi ərazidə olduq. Raketin partladığı yerdə demək olar ki, hər şey dağılmışdı. Hətta küçədəki şam ağacları da qırıq-qırıq olmuşdu. Ətrafda yerləşən evlərin və mağazaların şüşələri, həmçinin barmaqlıqları qırılıb küçəyə səpələnmişdi.

Evinə ziyan dəymiş sakinlərdən biri də Şərqiyyə Quliyevadır. Raketin partlaması nəticəsində əlləri, alnı, eləcə də bədəninin kürək nahiyyəsi yaralanmışdı: "Həmin vaxt evdə idim. Qəflətən eşitdiyin dəhşətli partlayış məni diksindirdi. Sanki yer-göy dağıldı. Tez evdən küçəyə çıxdım. Nə baş verdiyini əvvəlcə anlamadım. Sonra gördüm ki, mənim evimlə yanaşı, bir neçəsi də dağılıb”.

Şərqiyyə Quliyeva onu da əlavə etdi ki, biz ermənilərdən qətiyyən qorxmuruq: "Televiziyadan aldığımız qələbə xəbərləri bizi çox sevindirir. Bilirik ki, ordumuz işğal olunmuş torpaqlarımızı azad edir. Bugünkü təxribatı da ermənilərin uğurlarımızı həzm edə bilməmələrindən irəli gəlir”.

Digər dağılmış evlərdən birinin sahibi Ələsgər İsgəndərov baş vermiş hadisə ilə bağlı bunları dedi: "Evdən bayıra təzəcə çıxmışdım. Birgördüm ki, göydən iki paraşüt aşağıya tərəf gəlir. Əvvəlcə elə bildim ki, desantlardır. Ancaq yerə düşəndə partlamağından bildim ki, bu, düşmən tərəfindən atılan raketdir. Raketin biri partlasa da, ikincisi partlamadı. Lakin partlayan raket yeri-göyü lərzəyə gətirdi”.

Söhbət zamanı məlum oldu ki, Ələsgərin qardaşı Azad İsgəndərov Qarabağ müharibəsində şəhid olub. Qardaşının adını yaşatmaq üçün oğluna onun adını qoyub. İndi o da Vətən müharibəsində iştirak etmək üçün orduya yazılıb. Dedi ki, nə vaxt çağırsalar, cəbhəyə getməyə hazırdır. Təki, işğal olunmuş torpaqlarımız mənfur düşməndən azad edilsin: "O gün isə çox da uzaqda deyil. İnanırıq ki, işğal olunmuş torpaqlarımız güclü OrdumuzunAli Baş Komandanın qətiyyəti sayəsində tezliklə düşməndən azad ediləcək”.

İkinci qrup Qarabağ müharibəsi əlili Telman Səlimov da ermənilərin törətdikləri bu vandalizm aktını pislədi. Dedi ki, onsuz da düşmənin son nəfəsidir: "Bilirlər ki, yaxın günlərdə bütün Qarabağ ərazisində Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq. Ona görə də belə təxribatlara əl atmaqla bizi sarsıtmaq istəyirlər. Lakin düşmən buna nail ola bilməyəcək. Çünki artıq cəbhədə bütün üstünlüklərə nail olmuşuq. Hər gün eşitdiyimiz şad xəbərlər onu deməyə əsas verir ki, qələbəyə çox qalmayıb”.

Hadisə yerində öyrəndik ki, Fövqəladə Hallar Nazirliyinin əraziyə cəlb olunan müvafiq qüvvələri bir ünvanda baş verən yanğının qarşısını almış, üç ünvanda isə dağıntıların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görmüşdür. 2 nəfər dağıntılar altından çıxarılaraq xilas edilmişdir.

Bəli, törədilən hadisə dağıntılarla müşayiət olunsa da, gəncəlilər qələbə əhvali-ruhiyyəsindədirlər. Yaxşı bilirlər ki, ermənilərin törətdikləri bütün bu təxribatlar Qarabağda başlanan Vətən müharibəsinin əhatə dairəsini genişləndirmək, üçüncü dövləti bu münaqişəyə cəlb etməklə özlərinin xilas cəhdidir. Ancaq Azərbaycan nikbindir. Bu nikbinlik bir çox ərazilərimizin, xüsusilə Suqovuşanın və Cəbrayıl şəhərinin və bir neçə kəndin azad olunmasından sonra daha da artmışdır.

 

* * *

 

Yazı hazırlanan zaman Gəncə yenidən raket atəşinə məruz qalıb.

 

 

Sabir ƏLİYEV

Azərbaycan.-2020.- 6 oktyabr.- S.10.