Tarix yazan xilaskar ordu

 

"Azərbaycan Ordusu Cəbrayılın daha üç kəndini və strateji yüksəklikləri işğaldan azad etdi”. Döyüş bölgələrindən gözlədiyimiz qələbə xəbərlərini alırıq. Köksümüz qabarır. Könlümüzə dolan sevinc gözlərimizdə işıq saçır. Uzun illərdi ki, Azərbaycan xalqı bu sevincə təşnədir.

Müharibə sınaq meydanıdır. Bu meydanda Azərbaycan Ordusunun Ermənistan ordusundan müqayisəyəgəlməz dərəcədə güclü olduğu göz önündədir. Səbəbləri çoxdur. Azərbaycan düşmən ölkədən çox qüdrətlidir. Ermənistanda ağır iqtisadi, siyasisosial vəziyyət hökm sürür. Azərbaycan isə bütün sahələrdə yüksək inkişafa nail olub. Ordu quruculuğunda əldə etdiyimiz nailiyyətlər də bu sıradandır. Ancaq bunlar da hələ məsələnin bir hissəsidir. Azərbaycan Ordusunda xidmət edənlər haqqın, ədalətin tərəfində olduqlarına əmindirlər. Bilirlər ki, atəş səslərinə bürünmüş, od-alov yağan bu torpaqlar onların Vətənidir. Bilirlər ki, Ermənistan silahlı qüvvələri tərəfindən otuz ilə yaxın işğal altında saxlanılan ərazilərimizi azad edirlər. Bilirlər ki, Vətəni sevmək onu qorumaqdır, müdafiəsinə qalxmaqdır. Azərbaycan Ordusunun gücü, qüdrəti də bundadır!

Ermənistanın işğal etdiyi müqəddəs torpaqlar çox həsrət çəkdi. Vəfalı övladlarının onu unutmayacağını, bu işğalla heç zaman barışmayacağını bildiyi üçün nisgilli gözlərini yollarımıza dikdi...

Sülhsevər xalqımız, dövlətimiz hər zaman torpaqlarımızın danışıqlar yolu ilə geri qaytarılmasının tərəfdarı olub. Ermənistanın isə uzun illərdi ki, bölgədə münaqişə ocağı yaratması, beynəlxalq hüququn norma və prinsiplərini heçə sayması, təcavüzkar siyasət yürütməkdə davam etməsi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal altında saxlaması, həmin ərazilərdə etnik təmizləmə aparması ilə sülhdən uzaq olduğunu göstərir.

Atəşkəs rejiminin tələblərini pozan Ermənistan silahlı qüvvələrinin həmlələri hər dəfə qəhrəman ordumuz tərəfindən alınıb. Əslində 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun qazandığı qələbə Ermənistan üçün dərs olmalı idi. Ancaq Ermənistan rəhbərliyinin məsuliyyətsiz çıxışları və Ermənistan ordusunun müntəzəm hücumları aydın göstərdi ki, düşmən tərəf məkrli niyyətlərindən əl çəkmək fikrində deyil. Son zamanlar Ermənistanın baş naziri Nikol Paşinyan təhrikedici çıxışları, davranışı ilə bölgədə gərginliyi daha da alovlandırır, ölkəsinin səbəbkarı olduğu münaqişəni danışıqlar yolu ilə həll etmək yerinə yeni sərsəm iddialar irəli sürürdü. Bu ilin 12-16 iyul tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində mövqelərimizə hücumu, avqustun 23-də Ermənistanın diversiya-kəşfiyyat qrupunun təxribat cəhdi, işğal etdikləri ərazilərimizdə qeyri-qanuni məskunlaşdırma siyasətinin nümayişkaranə şəkildə həyata keçirilməsi və başqa təxribatlarla Ermənistan rəhbərliyi münaqişənin siyasi həllinə zərbə vurdu.

Sentyabrın 27-də səhər Ermənistan silahlı qüvvələri müxtəlif növ silahlardan, eləcə də ağır artileriyadan istifadə edərək bir neçə istiqamətdən yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi atəşə tutdu. Həmin gün Azərbaycan xalqına müraciət edən dövlət başçısı İlham Əliyev vurğuladı ki, bütün beynəlxalq təşkilatlar, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır: "Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salıbdır. BMT-dən başqa bütün digər aparıcı beynəlxalq təşkilatlar bizim haqlı mövqeyimizi müdafiə edir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır ki, bu gün Azərbaycan bu təsisata sədrlik edir. Onlar münaqişə ilə bağlı ədalətli qətnamə qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı ədalətli qətnamələr qəbul etmişdir. ATƏT-in qərarları, Avropa Parlamentinin qətnamələri bizim mövqeyimizi dəstəkləyir. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq”.

Bu haqla Azərbaycan Ordusu işğalçılara sarsıdıcı zərbələr endirir. Öz Vətənini müdafiə etməkdən, ölkənin ərazi bütövlüyünü qorumaqdan şərəfli nə var ki, bu dünyada? Azərbaycan Silahlı Qüvvələri bu böyük missiyanı həyata keçirirlər. Vətən torpaqlarını erməni işğalından xilas edirlər.

Ermənistan silahlı qüvvələrinə gəlincə, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş komandanı, Prezident İlham Əliyevin onlara verdiyi dəqiq cavabı xatırladaq: "Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, "Dağlıq Qarabağ ordusunun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Dünyanın bütün ölkələri - görənlər də, özünü görməməzliyə vuranlar da, haqqın, haqlının yanında olduğunu bəyan edənlər də, susan, yaxud yalanlara, iftiralara qoşulanlar da yaxşı bilirlər ki, Azərbaycan Ordusu tarixi torpaqlarından işğalçıları qovur. Ermənistan ordusu isə işğalçılıq siyasətini davam etdirmək niyyətindədir. Azərbaycan Ordusu haqlı mübarizəsində mətanət, rəşadət göstərir, öz şərəfli adını uca tutaraq düşmən təxribatına uymur, yalnız döyüş gedən ərazilərdə müharibə aparır. Ermənistan silahlı qüvvələri isə beynəlxalq humanitar hüququ və Cenevrə Konvensiyasını kobud şəkildə pozaraq məqsədli şəkildə Azərbaycanın mülki əhalisini atəşə tutur. Naftalan, Bərdə, Tərtər, Şəmkir və başqa şəhərlər Ermənistan silahlı qüvvələrinin artilleriyaraket atəşinə məruz qalıb. Azərbaycanın ikinci ən böyük şəhəri Gəncə, xüsusi strateji infrastrukturun yerləşdiyi Mingəçevir, Abşeron və Xızı rayonları raket atəşinə tutulub. Raket atəşləri Ermənistana məxsus Vardenis, Gorus, Berd və digər ərazilərdən atılır. Ermənistan silahlı qüvvələrinin atəşləri nəticəsində sentyabrın 27-dən bəri 25 mülki şəxs qətlə yetirilib, 121 mülki şəxs xəsarət alıb, 300-dən çox mülki infrastruktur dağıdılıb.

Ermənistan öz gücünə arxalanmadığından hər vasitəyə əl atır. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib: "Açıq mənbələrdə Yaxın Şərqdə terror qruplarının tərkibində döyüşmüş terrorçuların da Ermənistan tərəfindən döyüşə qatıldığı haqda məlumat yayılıb. Son zamanlar Ermənistan diaspor təşkilatları vasitəsilə xaricdə yaşayan ermənilərin müəyyən vəsait qarşılığında toplanılaraq döyüşmək üçün Ermənistana gətirilməsi haqda məlumatlar var. Hazırda Ermənistan və erməni diaspor təşkilatları Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş terror aktlarına görə beynəlxalq məsuliyyət daşıyırlar. Həmçinin öz vətəndaşlarının Ermənistana gələrək orada döyüşlərdə iştirak etməsinə şərait yaradan digər dövlətlər də əslində məsuliyyət daşıyırlar”.

İşğalçı Ermənistan cinayətkar xislətindən əl çəkmir. Ancaq məğlubiyyətə uğrayacağı özünə də bəllidir. Azərbaycan Ordusu qələbə tariximizə hər gün yeni səhifə yazır, hər gün bizi qələbəyə yaxınlaşdırır.

Bu günlər yuxularımız çin, xəyallarımız həqiqət, ümidlərimiz gerçək olur. Azərbaycan Ordusu zəfərlə irəliləyir. Qarşıda yolumuzu gözləyən Füzuli, Ağdam, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Xankəndi, Şuşa... var. Yəqin onlar da bizim qədər həyəcanlıdırlar, çünki müzəffər Azərbaycan Ordusunun ayaq səslərini eşidirlər.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2020.-7 oktyabr.- S.7.