Azərbaycan əsgəri -
qılıncım, qalxanım mənim
Azərbaycan əsgəri bu gün hər birimizin döyünən ürəyi, vuran əlidir. Hər birimiz bu gün bir loxma çörəyi də ağzımıza aparanda Azərbaycan əsgərini, ordunu, qələbəni düşünürük və bu yolda əlimizdən gələni etməyə çalışırıq.
Orduya yardımlardan danışmazdan öncə iki kiçik əhvalatla Azərbaycan əsgərinin rəsmini cızmaq vacibdir ki, onun hansı ürəyə, hansı gücə və hansı əxlaqa sahib olmasını bir də yada salaq.
1992-ci ildə Ağdərə uğrunda qanlı döyüşlər gedirdi. Yaralıları Tərtərdə, Bərdədə və bölgədəki digər səhra hospitallarına daşıyırdılar. Onlara baş çəkib bəzilərinin şəklini çəkəndə yaralılardan biri nəsə dedi, amma halsız olduğundan onu eşitmək mümkün deyildi. Əyilib nə demək istədiyini soruşdum.
- Sifətimi çəkmə ki, anam necə öldüyümü görməsin. Yazıqdı, dözməyəcək, - dedi.
İkinci əhvalatı isə keçmiş briqada komandiri, polkovnik Şair Ramaldanov danışıb. Deyir ki, Horadiz əməliyyatına getdikləri vaxt yolun kənarında ayağını dizdən aşağı mərmi qoparan əsgəri görür. Yaralı kəmərlə ayağını bağlamışdı ki, qan itirməsin. Amma o, polkovniki görən kimi bütün ağrılarını və yaralı olduğunu unudub raport verib: "Komandir, kənd bizdədir!”
Bu iki kiçik xatirə Azərbaycan əsgərinin qüdrət və ləyaqətinin hüdudsuz olduğunu bir daha göstərir. Belə səhnələri hansı rəssam yaradıb tabloya köçürə, hansı bəstəkar nota düzə bilər? Təbii ki, heç biri. Azərbaycan əsgəri ən mükəmməl rəsmini igidliyi və qəhrəmanlığı ilə özü yaradır. Ona görə bu gün hər birimiz ordu üçün əlimizdən gələni etməliyik və edirik. Bacaranlar, qolunda təpər olanlar əlini silah alıb səngərə gedir, qalanları da bacardıqları işin qulpundan yapışır, orduya dəstək veririlər.
Sentyabrın sonunda Qusar rayonundan olan hərbi çağırışçıları yalnız qusarlılar yox, xaçmazlılar, qubalılar birlikdə yola salırdı. Avtovağzala uşaqdan böyüyə minlərlə insan toplaşmış, yola düşənləri üzük qaşı kimi əhatəyə almışdı. Ölkənin şimalındakı rayonlarda azərbaycanlılar, ləzgilər, tatlar bir nəfər kimi çağırışçılarla sağollaşmağa gəlmişdi. Onu da qeyd edək ki, Qusarda səfərbərliyə çağırılanların demək olar ki, hamısı başqa rayonlardan idi. Amma hamı sanki öz övladını yola salırdı. Azərbaycanlısı da, ləzgisi də, tatı da.
Ermənilər Azərbaycanda etnik çaxnaşmalar salmaq, ara qarışdırmaq istəyirdi. Bu izdiham Azərbaycanda yaşayan xalqların möhtəşəm və qırılmaz birliyini ortaya qoyurdu. Ermənilər Azərbaycanda milli zəmində nifaq yaratmaq üçün illərdir ki, əldən-ayaqdan gedirlər, böyük vəsaitlər xərcləyirlər. Amma anlamırlar ki, Azərbaycan tolerantlığı, unikallığı ilə bütün dünyaya örnəkdir. Bu dövlətin ləzgisi də, tatı da, dağlısı da, yəhudisi və rusu da zəncir kimi bir-birinə bağlıdır. Biz bütün millətləri təqib edib qovan monoetnik Ermənistan deyilik. Bir-birimizə ürəkdən və damarlarımızdan axan qanla bağlıyıq. Bu bağları qırmağa kimsənin gücü çatmaz!
Həmin gün əsgərlərimizi yola salmağa gələnlərin heç biri əliboş gəlməmişdi. Hamı çağırışçılar üçün yola azuqə gətirmişdi. Yola düşən hərbi maşın karvanının arxasınca yola onlarla maşın da çıxdı. Əsgərlərin və onları yola salan mülki vətəndaşların karvanı xalqın öz ordusuna sonsuz sevgisinin təzahürü idi. Kənardan bu səhnəni müşayiət edənin ağlına belə gəlməzdi ki, burada kimsə kimsəni tanımır. Çünki hamı yaxşı bilirdi ki, hər kəs öz balasını, qardaşını müqəddəs amal üçün yola salır.
Azərbaycan əsgəri bu gün hər birimiz üçün mərdliyin, igidliyin və cəsurluğun müqəddəs rəmzidir. Ona görə də orduya yardım edənlərin və mənəvi dəstək verənlərin sayı-hesabı yoxdur. Biz isə sizə yalnız birindən yazdıq.
Bahadur İMANQULİYEV
Azərbaycan.-2020.- 6 oktyabr.- S.11.