“QARDAŞIN ZƏFƏRİ”
Azərbaycan Ordusunun
uğurlu hücum əməliyyatları
Türkiyə mətbuatının əsas mövzusudur
Azərbaycan qonşu dövlətlərlə milli maraqlar əsasında qarşılıqlı əməkdaşlığını genişləndirməkdə, onlarla əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməkdədir. Qeyd edilən məqamlar özünü xüsusən eyni tarixi kökə, mədəniyyətə malik olan Azərbaycan-Türkiyə münasibətlərində daha aydın büruzə verir. Azərbaycan və Türkiyə dostluq və qardaşlıq münasibətlərindən irəli gələrək hər iki ölkə bölgədə və dünyada gedən proseslərə münasibətdə həmişə eyni mövqe sərgiləyib, ortaq maraqlardan çıxış edib.
Bu mənada təmas xəttində erməni təxribatı nəticəsində baş verən hərbi əməliyyatların, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinin qardaş ölkədə KİV-in xüsusi diqqət mərkəzində yer alması tamamilə təbiidir. Artıq günlərdir ki, Türkiyədə qəzetlərin baş xəbərləri Azərbaycanın uğurları barədədir.
"Sabah” qəzeti "Azərbaycan addım-addım zəfərə gedir”, "Atəş açmayın, təslim oluruq” başlıqlı xəbərləri manşetdən verib. Qeyd olunur ki, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları davam edir. Daha 10 kənd və uzun illərdən sonra Cəbrayıl şəhəri işğaldan azad olunub, Azərbaycan Ordusu Ermənistanın döyüş mövqelərini ələ keçirib. Bu zaman erməni hərbçiləri ağ bayraq qaldıraraq təslim olublar. Təslim olan erməni əsgərlərinin fotoları sosial şəbəkələrdə yayılıb.
"Hürriyet” qəzeti "Azadlığa az qaldı”, "İlham Əliyevdən çox sərt açıqlamalar” başlıqlı xəbərlərində Ermənistanın Azərbaycan kəndlərinə hücumu, Azərbaycan Ordusunun mülki əhalini qorumaq üçün cavab tədbirləri və Silahlı Qüvvələrimizin zəfərləri barədə məlumat verir. Qeyd olunur ki, bölgədə Dağlıq Qarabağın işğalı ilə başlayan böhrana son qoyulmalıdır.
"Yeni Şafak” qəzeti "Cəbrayıl işğaldan azad edildi”, "Madagizə bayraq sancıldı” başlıqlı xəbərləri manşetdən verib. Bildirilir ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlər qəhrəmanlıq göstərir, Ermənistana sarsıdıcı zərbələr endirirlər. Yazılır ki, oktyabrın 3-də Dağlıq Qarabağ uğrunda şiddətli döyüşlərin ardınca Azərbaycan Madagizin azad olunmasını elan edib, bu barədə Prezident İlham Əliyev öz "Twitter” səhifəsində paylaşım edib.
"Milliyet” qəzetində "Madagiz işğaldan azad edildi” başlıqlı xəbərdə Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkədəki "Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!” paylaşımı yer alıb. Bildirilir ki, Madagiz (Suqovuşan) əvvəllər Ağdərə rayonu inzibati ərazisinə aid olub. Madagiz ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Lakin 1994-cü ilin aprelində Ermənistan tərəfindən işğal edilib. Kənd ərazisində Madagiz su anbarı və Madagiz-1 su elektrik stansiyası yerləşir. Ermənilər Madagizi işğal etdikdən sonra burada hərbi hissələr yaradıb. 49971 saylı hərbi hissə Ermənistan ordusunun Qarabağdakı ən yaxşı hərbi hissələrindən biri hesab olunurdu.
"Akşam” qəzeti isə "Cəbhədən qaçır, mülkü əhalini vurur”, "30 il daha gözləməyə vaxtımız yoxdur” başlıqlı məqaləni manşetdən verib. Prezident İlham Əliyevin "Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur” fikirlərinin geniş yer aldığı məqalədə qeyd olunur ki, Azərbaycanın uğurlu əks-hücum əməliyyatı ədalətsizliyə və 30 ilə yaxın davam edən işğala son qoyacaq. Cəbrayıl şəhərinin işğaldan azad olunduğunu diqqətə çatdıran nəşr həmçinin yazır ki, Ermənistanın baş naziri Azərbaycanın mülkü vətəndaşlarını hədəfə alır.
"Qarabağda küncə sıxışdı, mülkü əhalini hədəf alır”, "Addım-addım azadlığa” başlıqlı məqalələr isə "Karar” qəzetində dərc olunub. Məqalələrdə Cəbrayıl şəhərinin və Azərbaycanın işğal altında olan 10 kəndinin azad edildiyi, bir neçə strateji əhəmiyyətli yüksəkliyin Azərbaycanın nəzarətinə keçdiyi bildirilir.
"Yeni akit” qəzeti isə Azərbaycanın uğurları "Erməni əsgərləri təslim olmağa başladı” başlıqlı məqalədə bəhs olunur. Azərbaycan Ordusunun tarix yazmağa davam etdiyinə toxunan müəllif, döyüşlərdə artıq Ermənistan hərbçilərinin təslim olduqlarını bildirir.
"Qardaşın sevinci”, "Ya təmizləyin, ya da biz təmizləyərik” başlıqlı məqalələr "Türkiyə” qəzetində yer alıb. Məqalələrdə mövzu ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışlarına yer ayırılır, Cəbrayıl şəhərinin işğaldan azad olunduğu sevinc hissi ilə yazılır. Müəllif onu da yazır ki, Azərbaycanın uğurlu əks-hücum əməliyyatı ədalətsizliyə və 30 ilə yaxın davam edən işğala son qoyacaq.
"Cumhuriyyət” qəzeti "30 il daha gözləməyəcəyik” başlıqlı məqaləsində Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərinə geniş yer ayırıb. Yazılır ki, hazırkı vəziyyət bölgədəki bütün böyük dövlətlərə real və ədalətli həll üsullarını tətbiq etmək imkanı verir. Otuz ildir bu problemin həlli üçün heç nə edilməyib, ona görə Azərbaycan problemini özü həll etmək məcburiyyətində qalıb və bunun üçün hərəkətə keçib, istədiyi nəticələrə də nail olmaqdadır.
"Milat” qəzeti oxucuları ilə görüşünə "Qardaş tarix yazır”, "Paşinyan çox peşimandır” başlıqlı xəbərlərlə gəlib. Müharibənin Ermənistanın məğlubiyyəti ilə başa çatacağını yazan qəzet Milli Qəhrəman Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağının sancılmasını sevinc hissi ilə bölüşür.
Qəzetlərdən
"Yeni söz” "Əliyev: 30 il daha gözləməyə
vaxtımız yoxdur”, "Yeni çağ” "30 il daha
gözləməyəcəyik”, "Sözçü”
"Azərbaycan Ermənistan əsgərlərini əsir
aldı” və s. başlıqlı xəbərlərdə cəbhə
xəttində Azərbaycanın əldə etdiyi uğurlar, əsgərlərimizin
şücaəti barədə ətraflı bəhs olunur,
prezidentlər İlham Əliyev və Rəcəb Tayyib
Ərdoğanın Ermənistanın təxribatları ilə
bağlı fikirləri, qonşu dövlətlərin prosesə
münasibətləri diqqətə
çatdırılır.
Elçin CƏFƏROV
Azərbaycan.-2020.- 6 oktyabr.- S.11.