Georgi Kunadze: Hər bir dövlətin onun əlindən alınmış ərazini geri qaytarmağa nail olmaq hüququ varbu, onun birbaşa vəzifəsidir

 

Ərazi barədə beynəlxalq mübahisələrdə, adətən, təşəbbüs həmin ərazinin qaytarılmasına (verilməsinə) çalışan tərəfə məxsus olur. Etiraf edirəm ki, həmin əraziyə nəzarət edən tərəfin təşəbbüs göstərməsi halları yadıma gəlmir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər nazirinin keçmiş müavini Georgi Kunadze söyləyib. Siyasətçi deyib: “Hər hansı xalqa nə qədər hörmət bəsləsək belə, həmin xalq özününkü hesab etdiyi ərazinin ona qaytarılmasını arzu edə bilər, lakin belə vəziyyətdə təşəbbüsü yalnız müvafiq dövlətin siyasi rəhbərliyi irəli sürə bilər. Mən belə başa düşürəm ki, Azərbaycanın siyasi rəhbərliyi məhz bu cür hərəkət edib. Beynəlxalq hüquq baxımından aydın məsələdir ki, həm Dağlıq Qarabağ, həm də onu Ermənistanla əlaqələndirən, belə adlandırılan “Laçın dəhlizi” Azərbaycanın suveren ərazisidir.

Bu da aydındır ki, hər bir dövlət onun əlindən alınmış ərazini geri qaytarmağa nail olmaq hüququna malikdirbu, hətta onun birbaşa vəzifəsidir. Lakin bundan ötrü heç də hər bir dövlət müharibə etmir. Azərbaycanın siyasi rəhbərliyinin nə üçün məhz indiki anda belə bir qərar qəbul etməsinin səbəbi mənə məlum deyil. Bu barədə çoxlu fərziyyələr söylənilir, lakin kənar müşahidəçilərin heç biri həmin fərziyyələri nə təsdiq, nə də təkzib edə bilir”.

“Ermənistan-Azərbaycan müharibəsi genişlənərək regional müharibəyə çevrilə bilərmi?” sualının cavabında G.Kunadze bildirib ki, nəzəri baxımdan belə bir təhlükə mövcuddur, lakinpraktiki baxımdan, əlbəttə, döyüş əməliyyatlarında belə adlandırılan “özəl hərbi şirkətlərin”, yəni xarici ölkələrdən gətirilmiş muzdluların iştirakını regional müharibə hesab etməsək, məncə bu təhlükə istisna olunur”.

G.Kunadzenin fikrincə, bu müharibədə Azərbaycanın qələbəsindən sonra Paşinyanın taleyi məsələsi heç də birmənalı deyil. O deyib: “Səhv etmirəmsə, Paşinyan bu vəzifəyə isteblişment tərəfindən irəli sürülməyib, küçədən gəlmiş birinci erməni lideridir. Rusiyanın hakimiyyət orqanları belə sistemdənkənar liderlərə çox böyük inamsızlıqla yanaşır və yəqin ki, onun getməsinə təəssüflənməyəcək. Xüsusən ona görə ki, indiki şəraitdə onu əvəz etməyə yəqin ki, daha anlaşıqlı və “Qarabağ müharibəsi” partiyasının Moskvadakı ali kabinetlərdə əyləşənlər üçün daha münasib olan növbəti nümayəndəsi gələcək”.

 

“Azərbaycanın öz torpaqları üzərində nəzarəti geri qaytarması Rusiya-Ermənistan münasibətlərinə necə təsir göstərəcək?” sualının cavabında siyasətçi vurğulayıb ki, döyüş əməliyyatları yalnız Azərbaycan ərazisində aparılan müddətdə Rusiyanın Ermənistana hərbi və hər hansı başqa yardım göstərməsi üçün hətta hüquqi əsaslar da yoxdur. Üstəlik, Rusiya hər iki ölkə ilə öz münasibətlərini qiymətləndirir.

 

Azərbaycan.-2020.- 6 oktyabr.- S.12.