Azərbaycan Həmkarlar
İttifaqları Ermənistanın son təxribatları
ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət
edib
Azərbaycan
Həmkarlar İttifaqları Ermənistanın son təxribatları
ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət
edib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından AZƏRTAC-a bildirilib ki, müraciətdə deyilir: “Sentyabrın 27-dən hərbi təxribatlara başlayan işğalçı Ermənistanın faşist xislətli rejimi “ənənəsinə” sadiq qalaraq yenə də çirkin simasını göstərir, kəndlərimizi, dinc əhalini nişan almaqdan çəkinmir. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini dayandırmaması, Azərbaycanı özünümüdafiə hüququndan yararlanaraq, nəhayət, düşməni sülhə məcbur etmək, Ermənistanın təxribatlarının, hərbi avantüralarının, ölkəmizə qarşı işğalçılıq siyasətinin qarşısını almaq məqsədilə əks-hücum əməliyyatlarına başlamağa vadar edib.
Ordumuzla döyüş meydanında rüsvayçı məğlubiyyətlər yaşayan Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, fərdi və çoxmənzilli yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutaraq dağıntı və yanğınlar törədir, dinc əhalini qətlə yetirir.
Ermənistan silahlı qüvvələri 2020-ci ilin oktyabrın 4-də səhər saatlarından başlayaraq münaqişə zonasından xeyli kənarda yerləşən, Azərbaycanın qədim tarixə malik, ikinci böyük şəhəri, çoxsaylı mədəniyyət turizm obyektləri olan, əhalinin sıx məskunlaşdığı Gəncə şəhərinə raketlər ataraq 1 mülki vətəndaşın ölümünə, 35 nəfərin yaralanmasına səbəb olub. Dağılan yaşayış binaları, tarixi abidələrin uçqunları altında xeyli insan xəsarət alıb.
Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə Beyləqan və Tərtər şəhərlərini, Füzuli rayonunun Horadiz şəhərini, Bərdə, Ağdam, Ağcabədi, Cəbrayıl, Xızı və Bakı ətrafındakı Abşeron rayonlarını, habelə mülki əhalinin sıx məskunlaşdığı digər yaşayış məntəqələrini də ağır artilleriyadan və raketlərdən istifadə etməklə atəşə tutub. Nəhəng su anbarının və elektrik stansiyasının yerləşdiyi Azərbaycanın iri sənaye mərkəzlərindən olan Mingəçevir şəhəri də atəşə məruz qalıb. Ermənilər tərəfinin məqsədyönlü atəşləri nəticəsində bu günədək 24 azərbaycanlı mülki şəxs qətlə yetirilib, 121 nəfər yaralanıb, 300-dən çox yaşayış binası və mülki obyektlər dağıdılıb. Halbuki, beynəlxalq humanitar hüquq əsas prinsip kimi hərbi əməliyyatların gedişində döyüşçülərin və mülki şəxslərin, hərbi və mülki obyektlərin aydın şəkildə fərqləndirilməsini tələb edir. Xüsusi raket sistemlərindən istifadə etməklə mülki əhalini hədəf seçən işğalçı Ermənistan dövləti isə BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq humanitar hüquq normalarını, Cenevrə konvensiyalarını, xüsusilə müharibə zamanı “Mülki əhalinin müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Konvensiyanı, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il 14 may tarixli Haaqa Konvensiyasının və insan hüquqları sahəsində digər beynəlxalq sənədlərin müddəalarını kobud şəkildə pozmaqla öz təcavüzkar siyasətini, müharibə cinayətlərini davam etdirir.
Azərbaycan Ordusu dinc əhaliyə silah tuşlamır, bir güllə, mərmi belə atmır. Azərbaycan döyüşçüləri yad torpaqlarda deyil, öz qədim yurdunda sülhün bərqərar olması uğrunda erməni terrorçularına qarşı savaşır. Azərbaycan mülki əhaliyə zərər dəyməməsi üçün səy göstərməklə beynəlxalq hüququn tələbləri çərçivəsində özünü müdafiə hüququndan istifadə edir.
Təəssüflər olsun ki, Azərbaycan hökuməti, hüquq müdafiə və qeyri-hökumət təşkilatları, ayrı-ayrı vətəndaşlar tərəfindən erməni silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı törədilən cinayətlərlə bağlı dünyanın aparıcı beynəlxalq təşkilatlarına, o cümlədən Birləşmiş Millətlər Təşkilatına, ATƏT-ə, Avropa İttifaqına, Avropa Şurasına və digər beynəlxalq təşkilatlara etdikləri müraciətlər cavabsız qalmaqdadır. Dinc əhali qırılır, tarixi abidələr, mədəniyyət obyektləri dağıdılır, lakin başda Birləşmiş Millətlər Təşkilatı olmaqla, beynəlxalq təşkilatlar, eyni zamanda, münaqişənin nizamlanmasının birbaşa məsuliyyətini daşıyan ATƏT-in Minsk qrupu susmaqda davam edir. İkili standartlar sayəsində Ermənistanın cinayətlərinə göz yumulur, Azərbaycanın haqlı səsi eşidilmir.
Biz həmkarlar
ittifaqları olaraq dünyanın aparıcı dövlətlərini,
beynəlxalq qurumları, eləcə də beynəlxalq əməkçi
təşkilatlarını Ermənistanın Azərbaycan ərazisində
törətdiyi cinayətlərə seyrçi qalmamağa,
eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi nəticəsində mülki əhalinin
pozulmuş hüquq və azadlıqlarının bərpası
istiqamətində üzərlərinə düşən zəruri
addımları atmağa və müvafiq tədbirlər
görməyə çağırırıq”.
Azərbaycan.-2020.- 6 oktyabr.- S.12.