Azərbaycan Prezidenti Ermənistan
rəhbərliyinə bir daha xəbərdarlıq etdi:
“İşğal edilmiş torpaqlardan nə qədər tez
çıxsanız, sizin üçün o qədər də
yaxşı olacaq”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də CNN-Türk televiziyasına müsahibə verib.
AZƏRTAC müsahibəni təqdim edir.
- Cənab Prezident İlham Əliyev, "CNN Türk”ə
xoş gəldiniz. Azərbaycanın tarixi günlər
yaşadığı bir zamanda bu müsahibəni verdiyiniz
üçün təşəkkür edirik. Mən vaxt itirmədən
dərhal suallarıma keçirəm. Əvvəlcə əməliyyatlarda
son vəziyyət necədir, planlaşdırıldığı
kimi irəliləyirmi? İşğal altındakı nə qədər
torpaq azad olundu?
- Hər şey plan üzrə gedir. Bu gün Azərbaycan Ordusu öz ərazi bütövlüyünü bərpa edir. Əməliyyat uğurla davam edir. Artıq bir şəhər və bir çox kəndlər işğaldan azad edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Biz bunu dəfələrlə demişik: Qarabağ bizim tarixi, əzəli torpağımızdır! Təəssüf ki, uzun müddət ərzində aparılan müzakirələr bir nəticəyə gətirib çıxarmadı. Belə olan halda, əlbəttə ki, Azərbaycan təkbaşına öz ərazi bütövlüyünü bərpa etməli idi və bunu edir.
Bildiyiniz kimi, erməni silahlı qüvvələri keçən ayın 27-də bizə qarşı yeni hücuma keçdilər və bizim bir çox şəhərlərimiz, kəndlərimiz atəş altındadır. Bu günədək bizim mülki şəxslər arasında 30-a yaxın itkilərimiz, şəhidlərimiz var. Ermənistan silahlı qüvvələri bizim şəhərlərimizi, kəndlərimizi atəşə tutur və minə yaxın ev ya dağıdılıb, ya da ki, böyük ziyan görüb. Lakin hər şey plan üzrə gedir və ümid edirəm ki, qarşıda duran vəzifələr icra olunacaqdır.
- Yenə də əməliyyat zonasındakı proseslərə
qayıtmaq istəyirəm, cənab Əliyev. Bildiyimiz kimi, Ermənistan
ordusu münaqişə xəttinin kənarındakı Azərbaycan
şəhərlərini ballistik raketlərlə hədəfə
almağa başlayıb. Xüsusilə, Azərbaycanın
ikinci böyük şəhəri olan Gəncədəki
yaşayış məntəqələrini, Mingəçevirdəki
elektrik stansiyasını ballistik raketlərlə hədəfə
aldı. Sizcə, bunun məqsədi nə idi?
- Məncə, Ermənistan ordusunun acizliyi və Ermənistanın hərbi-siyasi rəhbərlərinin cinayəti. Çünki mülki şəxslərə zorakılıq göstərmək, onlara qarşı atəş açmaq, ballistik raketlərlə mülki şəhərləri dağıtmaq müharibə cinayəti sayılır. Bu, onu göstərir ki, Ermənistan döyüş meydanında bizim qarşımızda dura bilmir. Döyüşü uduzur və bizi dayandırmaq, eyni zamanda, mülki əhaliyə qarşı maksimum dərəcədə cinayət törətmək üçün belə çirkin əməllərə əl atır. Siz də qeyd etdiyiniz kimi, Gəncə, Mingəçevir döyüş bölgəsindən uzaqda yerləşən şəhərlərdir. Eyni zamanda, döyüş bölgəsinə yaxın olan şəhərlərimiz hər gün atəşə tutulur. Ən yaxın bölgə Tərtər bölgəsidir və Tərtər şəhərinə gündə mindən iki minə qədər mərmi düşür və bunun əsas məqsədi mülki şəxslərə qarşı törədilən zorakılıqdır. Bu, bir daha Ermənistanın faşist mahiyyətini göstərir, rejimin faşist mahiyyətini göstərir. Ancaq bu, Azərbaycan xalqını qorxutmur, bunun heç bir təsiri yoxdur. O bölgələrdə, o şəhər və kəndlərdə yaşayan soydaşlarımız orada möhkəm dayanıblar. Onların bir sözü var ki, Vətən sağ olsun, torpaqlar tezliklə işğaldan azad edilsin. Onlar sona qədər o yerlərdə qalacaq və ordumuza mənəvi dəstək verəcəklər.
- Ermənistanın mülki yaşayış məntəqələrini
atəşə tutmağa davam edəcəyi təqdirdə
hazırkı mövqeyinizdə bir dəyişiklik
olacaqmı?
- Xeyr, bizim mövqeyimizdə heç bir dəyişiklik olmamalıdır. Bizim mübarizəmiz erməni xalqı ilə deyil. Mən bunu artıq bir neçə dəfə açıqlamışam. Bizim mübarizəmiz haqq mübarizəsidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, bunu edirik və bu işlərdə, bu istiqamətdə uğurlar əldə etmişik. Azərbaycan heç vaxt mülki əhaliyə, yəni, mülki şəxslərə qarşı müharibə etməyib. Mən artıq bu günlərdə də demişəm, bizim erməni xalqı ilə heç bir işimiz yoxdur. Azərbaycanda minlərlə erməni yaşayır və onlar bizim vətəndaşlarımızdır. O cümlədən bu gün Dağlıq Qarabağda yaşayan ermənilər də bizim vətəndaşlarımızdır. Bizim bütün hədəflərimiz hərbi hədəflərdir. Hərbi hədəfləri məhv etmək üçün bizim tam hüququmuz var. Çünki bu hərbi obyektlər bizim ordumuza, şəhərlərimizə böyük ziyan vurub. Ona görə bizim borcumuzdur ki, onları məhv edib əhalimizin təhlükəsiz həyatını təmin edək.
- Ermənistanın ballistik raketlərlə mülki
yaşayış məntəqələrini atəşə
tutması, əslində, müharibə cinayəti, Cenevrə
Konvensiyasına zidd bir hərəkətdir. Bu baxımdan
müharibə cinayətlərinə dair BMT
qarşısında bir təşəbbüs irəli sürməyi
düşünürsünüzmü? Hadisə yerlərində
bu cinayətlərin törədilməsinə dair sübutlar
toplayırsınızmı?
- Təbii ki, toplayırıq. Onların bütün hərbi cinayətləri artıq qeydə alınır. Amma təəssüf ki, beynəlxalq ictimaiyyət bundan əvvəlki dövrdə Azərbaycana və xalqımıza qarşı edilən müharibə cinayətlərinə səssiz qalmışdır. Xocalı qətliamı dünyanın gözü önündə baş vermiş soyqırımıdır. Amma Ermənistanın ovaxtkı hərbi-siyasi rəhbərliyi buna görə məsuliyyətə cəlb edilmədi. Bizim şəhərlərimizin, kəndlərimizin dağıdılması, bir milyondan çox məcburi köçkünün yaranması - bütün bunlara görə beynəlxalq ictimaiyyət hər hansı bir hərəkətə keçmədi. Ona görə də, bu məsələ uzun illərdir öz həllini tapmır. Çünki işğalçı ilə işğala məruz qalan arasında heç bir fərq qoyulmur. Bu gün də erməni silahlı qüvvələrinin bizim şəhərlərimizi və kəndlərimizi atəşə tutması, özü də ballistik raketlərlə atəşə tutması müharibə cinayətidir. Buna görə, əlbəttə ki, Ermənistan rəhbərliyi məsuliyyət daşımalıdır və daşıyacaqdır.
-Bu günə qədər Sizə bir neçə dəfə
atəşkəs çağırışı edildi. Siz bunlara şəxsən cavab
verdiniz. Amma
münaqişənin 30 illik tarixinə nəzər salarkən
bu çağırışların nəticə verəcəyini
düşünürsünüzmü?
- Hesab edirəm ki, bu
çağırışlar, sadəcə, atəşkəs
çağırışları olmamalıdır. Biz dəfələrlə demişik ki,
işğalçı dövlətə, Ermənistana
sanksiyalar tətbiq edilməli idi. Əgər
vaxtında sanksiyalar tətbiq edilsəydi, bəlkə də
bu məsələ çoxdan həll olunardı. Ermənistana qarşı çox ciddi təzyiq
göstərilməliydi, sözdə deyil, əməldə.
Amma təəssüf ki, bu, olmadı. Ona
görə bu proses 30 il çəkdi. Otuz
il heç bir nəticə verməyən
danışıqlar artıq mənasını itirməkdədir.
Bundan əlavə, son dönəmdə Ermənistanın
hərbi-siyasi rəhbərliyi həm təcavüzkar hərəkətlərlə,
eyni zamanda, aqressiv bəyanatlarla danışıqlar prosesini məhv
etdi. Yəni, ona çox böyük zərbə
vurdu. "Qarabağ Ermənistandır” demək,
əslində, müzakirələrə son qoymaq deməkdir.
Çünki müzakirələrin əsas
mahiyyəti ondan ibarətdir ki, işğal edilmiş torpaqlar
tədricən, mərhələli qaydada Azərbaycana
qaytarılmalıdır. Bu, əsas prinsiplərdə
təsbit olunub. "Qarabağ Ermənistandır”
demək faktiki olaraq bu prosesə son qoyur. Buna
oxşar digər açıqlamalar olubdur. Sonra iyul ayında Ermənistan Azərbaycana dövlət
sərhədi istiqamətində hücum etdi, bir çox hərbçi
və bir mülki şəxs həlak oldu. Ona görə atəşkəsin bərpası
şərtlərlə təmin edilməlidir. İlk növbədə, Ermənistan silahlı
qüvvələrinin işğal edilmiş torpaqlardan
çıxış təqvimi, yəni,
çıxış cədvəli bizə təqdim edilməlidir.
Bu məsələ ilə bağlı biz Minsk
qrupuna artıq öz mövqeyimizi
çatdırmışıq. Ümid edirəm
ki, bizim bu çağırışlar, bu təkliflər
cavabsız qalmayacaq.
-Avropa Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatının Minsk qrupundan söz
düşmüşkən, düşünürəm
Fransanı da ayrıca qeyd etmək lazımdır. Fransanın bu məsələdəki
mövqeyi ilə bağlı nə deyə bilərsiniz?
-Mən artıq bu məsələ
ilə bağlı bir neçə dəfə
açıqlamalar verdim. Biz hər zaman Minsk
qrupunu bir qrup kimi qəbul edirdik və bu gün də belədir.
Hesab edirdik ki, bu qrupa həmsədrlik edən
ölkələr bitərəf qalmalıdır, heç bir tərəfi
dəstəkləməməlidir. Çünki
əks təqdirdə onların vasitəçilik missiyası
sual altına düşür. Son hadisələrə
qədər onlar neytrallığı az-çox saxlamağa
müvəffəq olmuşdular. Biz bilirik
ki, bu ölkələrdə erməni lobbisi
güclüdür. Erməni lobbiləri o
ölkələrin hökumətlərinə də təsir
edə bilər və edir. Bu gün biz
görürük ki, müxtəlif ölkələrdə
yaşayan ermənilər təşkilatlanmış qaydada Azərbaycana
qarşı qara təbliğat kampaniyası aparırlar.
Ancaq əfsuslar olsun ki, bu günlərdə bəzi ölkələr
tərəfindən birtərəfli mövqe sərgiləndi,
tərəftutma halları baş verdi. Bu da qəbuledilməzdir. Buna
görə biz öz sözümüzü demişik. Əgər vasitəçilər vasitəçi
kimi qalmaq və bu məsələ ilə bundan sonra məşğul
olmaq istəyirlərsə, onlar daha məsuliyyətli
olmalıdır və heç bir tərəf
tutmamalıdır. Çalışmalıdırlar
ki, bu məsələnin həllinə hesablanmış
addımlar atsınlar və münaqişə tezliklə həll
olunsun. Ondan sonra atəşkəs bərpa
edilsin və uzunmüddətli sülh olsun.
-Fransa prezidenti
Emmanuel Makronun nə üçün üzr istəməsinin
gərəkliyini söylədiniz?
-Siz də bilirsiniz ki, bizə
qarşı ittihamlar səsləndi. Rəsmi
açıqlamalarda səsləndi ki, sanki Azərbaycanla
Türkiyə birlikdə bölgəyə terror
qruplarının nümayəndələrini gətirib. Halbuki bunun heç bir sübutu yoxdur. O
açıqlamalardan artıq on gün keçir. Bu günə qədər bizə heç bir
sübut verilməyib. Bu, bizə
qarşı edilən haqsızlıqdır. Bu, yalan məlumat əsasında ifadə edilən
açıqlamadır. Bu ya
yoxlanılmamış, təsdiqini tapmamış məlumat əsasında
deyildi, ya da ki, bu qəsdən deyildi. Bunu mən
deyə bilmərəm. Hər halda, hər
bir ölkə özünü müdafiə etməlidir.
Bizə qarşı edilən haqsızlıq təbii
ki, biz tərəfdən cavablandırılır. Biz buna səssiz qala bilmərik. Eyni
zamanda, başqa bir açıqlama da olmuşdur ki, "Azərbaycan
Dağlıq Qarabağı fəth etmək istəyir”. Bu da beynəlxalq qanunlara tamamilə zidd olan bir
açıqlamadır. Çünki
Dağlıq Qarabağ bizim torpağımızdır. Bir ölkə öz torpağını necə fəth
edə bilər? Bu cür sözlər
Minsk qrupunun mandatına tamamilə zidd olan
açıqlamalardır. Biz, sadəcə
olaraq, istəyirik ki, 30 ilə yaxın öz yurdlarından didərgin
salınmış məcburi köçkünlərimiz
öz evlərinə qayıtsınlar, Azərbaycanın ərazi
bütövlüyü təmin edilsin. Azərbaycanın
ərazi bütövlüyü başqa ölkələrin ərazi
bütövlüyü qədər əhəmiyyətlidir
.
-Qara təbliğatdan
söz düşmüşkən, Azərbaycan əks-hücumu
başlayandan bəri Azərbaycana qarşı, xüsusilə
sosial mediada qara təbliğat aparılır. Bununla
bağlı nə deyə bilərsiniz? Əlinizdə
buna dair nə kimi faktlar var?
-Bilirsiniz, bizə qarşı qara təbliğat
uzun illər ərzində aparılır. Bunun
bir neçə səbəbi var. Onlardan biri də odur ki, Azərbaycan
dünya miqyasında müstəqil siyasət aparır. Bizim siyasətimizin mərkəzində Azərbaycan
xalqının maraqları dayanır. Biz
başqa ölkələrin əlində alət
olmamışıq, olmaq da istəmirik və
olmayacağıq. Bugünkü Azərbaycanın
inkişafı, bütün istiqamətlər üzrə əldə
edilmiş inkişaf göstərir ki, Azərbaycan haqq
yolundadır. Baxın, bizim beynəlxalq əlaqələrdə
böyük uğurlarımız var. Bu gün Azərbaycan
dünya miqyasında məsuliyyətli və etibarlı
ölkə kimi tanınır. Biz
hazırda Birləşmiş Millətlər Təşkilatından
sonra ikinci böyük beynəlxalq təsisata, Qoşulmama Hərəkatına
sədrlik edirik. Biz 120 ölkənin dəstəyi ilə
buna nail ola bilmişik. Azərbaycan
bu gün Avropa ilə Asiya arasında həm siyasi, həm
coğrafi, həm də enerji körpüsüdür. Yəni, bütün bu uğurları, o cümlədən
müstəqil siyasət sayəsində əldə
etmişik. Bu, bəzi ölkələrin
xoşuna gəlmirdi, bəzi ölkələr Azərbaycana
yuxarıdan aşağı baxmağa
çalışırdılar. Ancaq bizim qətiyyətli
mövqeyimiz buna imkan vermədi. Ona görə
bizə olan təzyiqlərin səbəblərinin biri də məhz
budur ki, müstəqil siyasət aparırıq, öz yolumuzla
gedirik, heç kimin sözü ilə oturub-durmuruq, heç
kimin qarşısında baş əymirik. Digər səbəblər
də var. Bu, çox uzun bir söhbətdir, ayrı
müsahibənin mövzusu ola bilər. Bu
hadisələr baş verən kimi dərhal bizə
qarşı müntəzəm olaraq qara təbliğat
aparanlar, qeyri-hökumət təşkilatları və bəzi
ölkələrin dairələri, media nümayəndələri
hərəkətə keçdilər ki, Azərbaycanın
imici ləkələnsin, bizə böhtan atılsın, bizim
haqqımızda olmayan yalanlar uydurulsun və beləliklə,
informasiya məkanında bu münaqişə
ilə bağlı yanlış bir rəy, yanlış bir
fikir yaradılsın.
Biz, əlbəttə ki, bizə
ünvanlanan bu ittihamlarla təkbaşına mübarizə
apararaq müəyyən uğurlar əldə etmişik. Ancaq bizim də
imkanlarımız məhduddur. Bir çox
hallarda bizim səsimiz eşidilmir. Bizə
beynəlxalq platforma verilmir. Beynəlxalq
media qurumları daha çox Ermənistanın tərəfini
tuturlar və münaqişə ilə bağlı yalan məlumatlar
yayırlar. Ona görə, fürsətdən istifadə
edərək qardaş Türkiyənin media mənsublarına
təşəkkürümü bildirmək istəyirəm
ki, onlar bu günlərdə bütün dünyaya bu
savaşla bağlı həqiqətləri
çatdırır, canlı efirdə məlumatlar verirlər
- dağıdılmış şəhərlər, düşən
raketlər, Gəncə şəhəri, Mingəçevir
şəhəri, Tərtər şəhəri. Yəni, daha çox Türkiyə media qurumları tərəfindən
verilən bu məlumatlar dünyada bu münaqişə ilə
bağlı daha ədalətli fikrin yaranmasına xidmət
göstərir.
-Cənab
Əliyev, əməliyyat başlanmazdan bir neçə
gün əvvəl ABŞ-da - Nyu-Yorkda BMT Baş
Assambleyasında iştirak edən liderlərə
çağırış etdiniz, dünyaya
çağırış etdiniz. Həmin
çıxışınızda bəzi terrorçu
qrupların Ermənistana göndərildiyini
açıqladınız və bu məsələyə diqqəti
yönəltdiniz. Xüsusilə də bu məsələyə
diqqət yetirilməsini vurğuladınız. Bu açıqlamanızdan üç gün sonra
Ermənistan Azərbaycana hücuma başladı. İndi bu məsələ ilə bağlı Azərbaycanın
əlində hansı kəşfiyyat məlumatları var?
-Mən o
çıxışımda, eyni zamanda, bildirmişdim ki, Ermənistan
yeni müharibəyə hazırlaşır. Bizdə
olan məlumat onu göstərir və Ermənistan
dayandırılmalıdır. O ki qaldı, Ermənistanda
terror təşkilatlarının düşərgələrinin
mövcudluğuna, bu məlumatlar bizdə əvvəldən də
olub.
-Bunlar hansı
terror qruplarıdır?
-İlk növbədə, PKK
terror qruplarının düşərgələri Azərbaycanın
Ermənistan tərəfindən işğal edilmiş
torpaqlarında mövcud idi. Bizdə olan yeni kəşfiyyat
məlumatları, - bunların bir hissəsi artıq mətbuata
da açıqlandı, - onların danışıqları,
onların təmasları haqqında artıq sənədlər
və audioməlumat var. Bu, bizdə heç bir şübhə
doğurmayan bir məsələ idi. Çünki
Ermənistan terrorçu ölkədir. Birinci
Qarabağ müharibəsi dönəmində bizə
qarşı onlarla terror aktı törədilmişdir -
metrolarda, avtobuslarda, gəmilərdə. Hesab
edirəm ki, erməni terroru dünyada məşhur olan bir mənfur
fakt kimi dünya tərəfindən qəbul edilməlidir.
Fransa aeroportunda 1980-ci illərdə terror
aktını törədən şəxs sonra Ermənistana
verildi, daha sonra sərbəst buraxıldı və o, qəhrəman
hesab olundu. Ona görə bu gün də
müxtəlif ölkələrdən Ermənistana
terrorçular axışır. Bizdə
olan məlumata görə, bəzi Yaxın Şərq ölkələrindən,
orada yaşayan ermənilər və digər qeyri-millətlərdən
olan insanlar Ermənistana axışır ki, Azərbaycana
qarşı bu haqsız müharibəyə qoşulsunlar.
- ATƏT-in Minsk
qrupu mövzusuna təkrar qayıtmaq istəyirəm. Onun həmsədrlərindən biri də
Rusiyadır. Rusiyadan bölgədə
hansı gözləntiləriniz var?
-Rusiya da ATƏT-in Minsk
qrupunun həmsədri kimi təbii ki, vasitəçilik
missiyasını icra edir. Bu məsələ ilə
bağlı bizdə hər hansı problem yoxdur. Eyni zamanda, bu üç həmsədr arasında
Rusiya tək ölkədir ki, bizimlə qonşudur. Təbii ki, Rusiya ilə bizim uzun tarixi münasibətlərimiz
var. İndiki dönəmdə Rusiya həm Ermənistanla, həm
də Azərbaycanla əlaqələrini inkişaf etdirir.
Bu, çox önəmli faktdır. Ona görə nə ikitərəfli formatda, nə də
ki, Minsk qrupu çərçivəsində hər hansı
bir problem yoxdur. Bu hadisələr dönəmində
də Rusiyanın mövqeyi məsuliyyətli mövqedir.
-Cənab Prezident,
İran bu məsələdə hansı mövqedədir?
-İran rəsmiləri Azərbaycanın
haqq işini dəstəklədilər. Bir-iki gün
bundan əvvəl İranın rəsmi şəxsləri
açıqlamalar vermişlər ki, işğala son
qoyulmalıdır, Azərbaycanın ərazi
bütövlüyü bərpa edilməlidir və bizim
köçkünlərimiz öz torpaqlarına
qayıtmalıdırlar. Bu da ədalətli
mövqedir.
-Yaxşı, bəs,
bu prosesdə ABŞ Prezidenti Donald Trampla hər hansı təmaslarınız
oldumu? Siz ABŞ-ın bu prosesdə
olmasının vacibliyini
düşünürsünüzmü?
- Amerika da Minsk qrupunun həmsədridir. Digər iki həmsədrlə
birlikdə bu işlərdə iştirak edir. Amerika Prezidenti ilə mənim hər hansı bir təmasım
olmamışdır. Ancaq Amerikanın
yüksəksəviyyəli rəsmiləri bu işlərlə,
bu hadisələrlə bağlı təbii ki, öz fikirlərini
bildirmişdilər. Eyni zamanda, hörmətli
Donald Tramp da bu məsələ ilə bağlı
açıqlama vermişdir. Hesab edirəm
ki, tam, məntiqli bir açıqlama idi. Amerika
ilə bizim ikitərəfli formatda əlaqələrimiz
uğurla inkişaf edir. Bir çox sahələrdə
biz tərəfdaş kimi fəaliyyət göstəririk.
Təbii ki, Amerika superdövlət kimi, bu məsələ
ilə də bağlı öz sözünü deyir. Biz Amerikanın mövqeyindən də
razıyıq.
-İyul ayında Ermənistan Tovuz şəhərinə
hücum etdi. İndi bu əməliyyat
vaxtı yenə də mülki yaşayış məntəqələrini
vurur. Bunu Ermənistanın Azərbaycanı
təxribata çəkmək üçün etdiyini bir qədər
əvvəl demişdiniz. Təxribata çəkməkdən
başqa, bu məntəqələrin, xüsusilə də
Tovuz şəhərinin, Mingəçevirdəki elektrik
stansiyasının hədəfə alınması, bu kimi hədəflərin
vurulması, əslində, regiondakı enerji təhlükəsizliyini
də təhlükə altına alırmı? Bu,
enerji xətlərinin hədəfə alınması
anlamına gəlirmi? Xüsusilə Bakı-Tbilisi-Ceyhan
neft boru kəmərini, TANAP layihəsini nəzərdə
tuturam. Bunlarla bağlı nə deyə
bilirsiniz?
-Təbii, bu da Ermənistanın hədəflərindən
biridir. Bunu onlar gizlətmirdilər və eyni
zamanda, bu hadisələrə qədər Ermənistan rəhbərliyi
tərəfindən verilən açıqlamalarda göstərilmişdir
ki, onlar bizim strateji enerji infrastrukturumuzu vurmaq fikrindədirlər.
Boru xətlərini, eyni zamanda, Səngəçal
neft-qaz terminalını, hansı ki, dünya miqyasında ən
böyük neft-qaz terminallarından biridir. Əslində, Tovuz hadisələrinin səbəblərindən
biri də məhz bu idi - yeni Azərbaycan torpaqlarını
işğal etmək, ondan sonra müzakirə masasında
öz mövqelərini gücləndirmək, eyni zamanda, bizim
strateji enerji xətlərimizə ya yaxınlaşmaq, ya da ki,
onları nəzarət altına almaq və ondan sonra bizə
diktə etmək. Bu, erməni dövlətinin
planlarında hər zaman olan bir məsələdir. Onlar bunu gizlətmirlər. Mingəçevir
elektrik stansiyasının vurulması da bu planın bir tərkib
hissəsidir. Çünki Mingəçevir
stansiyası nəinki Azərbaycanın, bütün Cənubi
Qafqazın ən böyük stansiyasıdır. Baxmayaraq ki, biz son illər ərzində bir çox
stansiyalar inşa etmişik, bu gün Mingəçevir bizim ən
böyük stansiyamızdır və ölkəmizin
böyük hissəsinin elektrik enerjisini o, təmin edir. Əgər o sıradan çıxsaydı, təbii
ki, enerji məsələlərində müəyyən
problemlər yarana bilərdi. Bu gün Azərbaycan
həm xam neft, həm təbii qaz, həm də elektrik enerjisi
ixrac edir. Yəni, bizdə istehsal olunan
elektrik enerjisinin artıq hissəsini ixrac edirik. Bu, bizim iqtisadi potensialımıza hesablanan bir
addım idi və bir daha Ermənistanın, Ermənistan
rejiminin cinayətkar mahiyyətini bütün dünyaya
göstərir.
-Cənab
Əliyev, Dağlıq Qarabağda nə qədər Azərbaycan
əhalisi yaşayır?
-Dağlıq Qarabağda bu
gün bir dənə də azərbaycanlı yoxdur,
hamısı qovuldu. Həm Dağlıq Qarabağ ərazisindən,
həm də ki, Dağlıq Qarabağın, - Dağlıq
Qarabağ bir muxtar vilayət idi sovetlər dönəmində,
- ətrafındakı 7 rayondan da bütün azərbaycanlı
əhali qovuldu. Sovetlər dönəmində,
1980-ci illərin sonunda Dağlıq Qarabağın əhalisinin
yüzdə 25-i azərbaycanlılar idi. Şuşa
şəhərinin əhalisinin 98 faizi azərbaycanlılardan
ibarət idi. Şuşa bizim qədim
tarixi şəhərimizdir. Birinci mərhələdə
bütün azərbaycanlılar Şuşadan, sonra Xankəndidən,
digər şəhər və kəndlərdən, daha sonra
Dağlıq Qarabağın ətrafında olan yeddi bölgədən
qovuldu. Bu gün Dağlıq Qarabağda və
işğal altındakı ətraf bölgələrdə
Azərbaycan əhalisi yoxdur. Biz indi
qayıdacağıq. Biz dörd il
bundan əvvəl artıq qayıdışa
başlamışıq. Ancaq indiki toqquşmalar
başa çatandan sonra biz əlbəttə ki, o bölgələrə
qayıdacağıq.
-Azərbaycanlılar
işğal altındakı Qarabağ torpaqlarından qovuldu
dediniz. Amma hazırda Azərbaycanın digər
torpaqlarında da çoxlu sayda erməni əhali
yaşayır. Bununla bağlı nə
söyləyərdiniz?
- Bu da təbiidir. Çünki
Azərbaycanda bir çox millətlər yaşayır, bir ailə
kimi yaşayır və Azərbaycan dünya miqyasında
multikultural ölkə kimi tanınır. Bunu
həm Birləşmiş Millətlər Təşkilatı,
eyni zamanda, humanitar sahədə fəaliyyət göstərən
digər beynəlxalq təşkilatlar qeyd edirlər. Azərbaycan tolerantlıq, milli, dini
dözümlülük məkanıdır. O cümlədən
bizdə bu gün minlərlə erməni yaşayır, onlar
bizim vətəndaşlarımızdır. Onlar
da başqa millətlər kimi normal yaşayırlar. Əlbəttə, bu müharibə, münaqişə
başa çatandan sonra mən əminəm ki, bu gün
Dağlıq Qarabağda yaşayan ermənilər də bizimlə
bərabər yaşayacaqlar. Azərbaycan
çoxmillətli ölkədir, tarixən belə olub. Hesab edirəm ki, bu, bizim böyük
üstünlüyümüzdür.
Amma Ermənistanda heç
bir başqa millət yaşamır. Ermənistan dünya
miqyasında çox nadir ölkələrdəndir ki, orada əhalinin
yüzdə doxsan doqquzu ermənilərdir. Bütün digər millətlər oradan qovuldu.
İlk növbədə, azərbaycanlılar
qovuldu, ondan sonra digər millətlər qovuldu. Ermənistan monodövlətdir və bu, bir daha onu
göstərir ki, irqçi dövlətdir. Heç bir başqa millətin nümayəndəsi
orada yaşaya bilmir. Ya o əziyyətə
dözməyərək özü oradan çıxır, ya
da ki, zor gücü ilə çıxarılır.
-Cənab Prezident,
bir neçə sualım qaldı, icazənizlə, onları
da söyləyim. Bir daha əməliyyat zonası ilə
bağlı mövzuya qayıdası olsaq, xüsusən
pilotsuz uçuş aparatlarının və silahlı pilotsuz
uçuş aparatlarının Azərbaycan Ordusunun
arsenalına daxil edilməsi necə bir fərq yaratdı?
- Çox böyük fərq
yaratdı. Türkiyə istehsalı olan
silahlı pilotsuz uçuş aparatları çox müasir,
çağdaş texnologiyalar əsasında
yaradılmış silah növüdür və dünyada cəmi
bir neçə ölkə var ki, belə imkanlara malikdir.
Bu da Türkiyənin həm texnoloji, həm
iqtisadi, həm intellektual potensialının təzahürüdür.
Əlbəttə ki, belə imkanların bizdə
olması işimizi asanlaşdırır və
insanlarımızın, əsgərlərimizin həyatını
xilas edir. Çünki onlar olmasaydı,
havadan vurulan həmin tankları, topları və digər erməni
texnikasını biz gərək yerdən vuraydıq. O
da çox böyük insan itkisinə gətirib
çıxara bilərdi. Bu aparatlar insan itkisinin
yüksək rəqəmlərlə ölçülməməsi
üçün bizə böyük üstünlük verir.
Eyni zamanda, onların texnologiyası mükəmməldir.
-Hava hücumundan
müdafiə sistemlərindən söz düşmüşkən,
Ermənistan tərəfində xüsusən Rusiyadan
alınan müasir hava hücumundan müdafiə sistemləri
var – S-300-lər kimi. Həmçinin Azərbaycan Ordusunda da
müdafiə sistemləri var, ancaq bu silahlar yoxdur. Sizcə bu,
ikili standart yaradırmı?
- Xeyr, bizdə S-300 hava hücumuna
qarşı qurğular var, biz onları Rusiyadan
almışıq. Rusiyadan bir çox silahlar
almışıq. Burada heç bir məhdudiyyət
yoxdur. Ona görə ikili standartlardan
danışa bilmərəm. Yalnız bir fərq
ondadır ki, biz bunu pulla alırıq və bu da çox
bahalı sistemlərdir. Ermənistan isə
bir çox hallarda pulsuz alır. Yəni, hədiyyə
kimi, ya da ki, kredit şəklində alır. Amma o kredit kağız üzərində qalır,
qaytarılmır. Təbii ki, bu bahalı silahlar Ermənistana
pulsuz verilməsəydi, Ermənistanın buna sahib olması
müzakirə mövzusu ola bilməzdi və
bu münaqişə çoxdan çözülərdi. Çünki Ermənistanın silahlanması və
pulsuz silahlanması onlarda bir əminlik yaratdı ki, bu
torpaqları işğal altında əbədi saxlaya bilərlər.
Yəni, fərq bundadır. Ancaq
bizim imkanımız var ki, Rusiyadan silahlar alaq. Biz başqa ölkələrdən də silahlar
alırıq. Bu məsələ ilə
bağlı hər hansı bir məhdudiyyət yoxdur. Bəzi ölkələr var ki, onlar bizə embarqo
qoyublar, ancaq bu, bizə o qədər də böyük problem
yaratmır. Çünki indi silah
bazarı daha çox şaxələnmiş bazardır,
coğrafiyası da genişlənir. Mən
bu yaxınlarda demişəm, bu gün Türkiyənin
müdafiə sənayesi o qədər sürətlə
inkişaf edir ki, ümid edirəm, gələcəkdə
bizim Türkiyə silahları ilə təchizatımız
daha da yüksək səviyyəyə qalxacaqdır.
-Bizim burada diqqətimizi
çəkən bir məsələyə toxunmaq istəyirəm.
Hara getsək - Bakıda və ya münaqişə bölgəsindəki
şəhərlərdə, Tərtərdə, hər yerdə
Azərbaycan bayraqlarının yanında Türkiyə
bayraqlarını da görürük. Bununla
bağlı nə söyləmək istərdiniz.
- Bu, əslində, hər zaman belə
idi. Çünki Türkiyə bizim
üçün təkcə müttəfiq və ən
yaxın ölkə deyil. Türkiyə
bizim üçün qardaş ölkədir, necə ki, Azərbaycan
Türkiyə üçün. Türkiyə
bayrağı bizim üçün əziz bayraqdır, Azərbaycan
bayrağı qədər əzizdir. Ancaq təbii ki, bu
münaqişə, bu döyüşlər zamanı
Türkiyənin dəqiq mövqeyi, cənab Prezident, mənim
qardaşım Rəcəb Tayyib Ərdoğanın açıqlamaları,
Azərbaycana göstərilən dəstək, Türkiyədən
gələn məktublarda insanların "Azərbaycan tək
deyil” sözləri, əlbəttə ki, Türkiyəyə
olan məhəbbəti daha da artırdı. Siz
də bunun şahidisiniz ki, bütün bölgələrdə
Türkiyə və Azərbaycan bayraqları bir yerdə
dalğalanır. Eyni zamanda, bu gün
Türkiyədə də Türkiyə ilə Azərbaycan
bayraqları bir yerdə dalğalanır. Mənə
göstərilən o videokadrlar da bizi çox
duyğulandırır, çox məmnun edir ki, bizim türk
qardaşlarımız orada avtomobilləri, binaları
Türkiyə və Azərbaycan bayraqları ilə bəzəmişlər.
Yəni bu, əsl qardaşlıq, həmrəylik
rəmzidir. Azərbaycanı Türkiyə
qədər dəstəkləyən ikinci ölkə yoxdur.
Dünyada Türkiyəni də Azərbaycan qədər
dəstəkləyən ikinci ölkə yoxdur. Bu, bizim böyük sərvətimizdir.
-Son sualımı
ünvanlayacam, cənab Prezident. Hazırda qarşınızda
mənim yerimə Ermənistanın baş naziri Paşinyan
olsaydı, ona nə söyləyərdiniz?
- Əslində, mənim ona
sözüm yoxdur. Çünki mən onunla dəfələrlə
görüşmüşdüm. İki il
bundan əvvəl o, hakimiyyətə gələndən sonra
bizim ilk təmaslarımızda hesab edirəm ki, aramızda
çox yaxşı söhbət olmuşdu. Mənim də
ümidlərim var idi ki, o, yeni baş nazir kimi Ermənistanın
işğalçılıq siyasətinə düzəlişlər,
dəyişikliklər edəcək, anlayacaqdır ki, bu
münaqişə həll olunmasa bölgəyə sülh gəlməyəcək,
çevriliş zamanı hakimiyyətə gəlmiş,
böyük vədlər vermiş bir insan kimi o vədləri
tuta bilməyəcək, yerinə yetirə bilməyəcək.
Çünki əgər Azərbaycan ilə Ermənistanın
əlaqələri normallaşmasa, Ermənistanın iqtisadi
inkişafından danışmağa dəyməz. Ümid edirdim ki, o, bunu anlayır və Ermənistandan
gələn ilk mesajlar çox müsbət idi. Biz də
təmkin göstərdik, onların xahişini nəzərə
alaraq atəşkəs rejimini möhkəmləndirdik və
demək olar ki, son iki il ərzində atəşkəs
rejimi möhkəm saxlanılan rejim idi. Bunu Minsk
qrupunun həmsədrləri də öz
açıqlamalarında qeyd etmişlər. Ancaq sonra nəyi gördük? Onu
gördük ki, o, bizi aldatdı. Amma hesab
edirəm ki, siyasətdə bu, çox yanlış bir yoldur.
Aldatmaq olmaz. Bizim
sözümüz imzamız qədər keçərlidir.
Ancaq bizə verilən sözlər yalan
çıxdı və onun tərəfindən
"Qarabağ Ermənistandır və nöqtə” deməsi
müzakirələrə faktiki olaraq son qoydu. Ondan sonra digər təxribatçı
açıqlamalar, o cümlədən Azərbaycan
Dağlıq Qarabağla, yəni qondarma "Dağlıq
Qarabağ respublikası” ilə danışıqlar
aparmalıdır kimi bəyanatlar verildi. Bu
da danışıqlar formatına vurulan zərbə idi.
Təkcə biz yox, Minsk qrupu da bunun əleyhinə
çıxmışdır. Sonra iyul
ayında Tovuzda hərbi təxribat törətdilər,
avqustda təxribat qrupunu göndərdilər və keçən
ay artıq genişmiqyaslı hücum həyata keçirdilər.
Ona görə mən ona bütün sözlərimi
demişdim. Mənim sözüm erməni
xalqınadır ki, onlar öz hökumətini məsuliyyətə
cəlb etsinlər, onlardan atəşin
dayandırılmasını, işğala son
qoyulmasını tələb etsinlər, öz
övladlarını, öz uşaqlarını müharibəyə
göndərməsinlər, Azərbaycana göndərməsinlər.
Çünki bu gün qondarma "Dağlıq
Qarabağ respublikasının ordusu”nun 90 faizini Ermənistan vətəndaşları
təşkil edir. Yəni,
"Dağlıq Qarabağ ordusu” anlayışı yoxdur.
Nə üçün Ermənistanda
doğulmuş bir insan gəlib Azərbaycan torpaqlarında bizə
qarşı vuruşmalıdır? Ona
görə mənim sözüm erməni xalqınadır ki,
bu gün Azərbaycanda ermənilər rahat yaşayır,
bundan sonra da yaşayacaqlar. Onların normal
yaşaması üçün Azərbaycan dövləti hər
şeyi edir. Ermənistan rəhbərliyinə
bir sözüm var ki, siz işğal edilmiş torpaqlardan nə
qədər tez çıxsanız, sizin üçün o qədər
də yaxşı olacaq.
-Cənab Prezident,
bu tarixi günlərdə, döyüşlərin davam etdiyi
bir vaxtda çox önəmli açıqlamalar verdiniz. Müsahibə üçün bir daha CNN Türk
televiziyası adından çox təşəkkür edirəm.
-Mən də sizə təşəkkür
edirəm, CNN Türk televiziyası demək olar ki, hər
gün gözəl reportajlar yayımlayır. Studiyalarda
canlı müzakirələr təşkil edilir, bu müzakirələrə
önəmli insanlar qatılır. Azərbaycana
göstərilən birmənalı dəstəyə görə
kanalınıza təşəkkürümü bildirirəm.
Türkiyənin bütün media toplumuna təşəkkürümü
bildirirəm ki, onlar bu ağır günlərdə bizimlə
bir yerdədirlər.
-Çox sağ olun, bir daha təşəkkür edirəm.
- Sağ olun, təşəkkür
edirəm.
Azərbaycan.-
2020.-8 oktyabr.- S.1-3.