“Bizim əsas
məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün
bərpa edilməsidir”
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 7-də "Euronews”
televiziyasına müsahibə verib.
AZƏRTAC müsahibəni təqdim edir.
-İndi Azərbaycan Prezidenti İlham Əliyev
bizimlə bağlantıdadır. Vaxt
ayırdığınıza görə təşəkkür
edirəm. Atəşkəsin əldə olunması və gərginliyin
deeskalasiyası ilə bağlı beynəlxalq ictimaiyyətin
güclü və davamlı təzyiqi var. Döyüşlər davam
edir, hətta daha da gərginləşir. İndi
Sizin münaqişədə məqsədiniz
nədən ibarətdir?
-Atəşkəs birtərəfli qaydada əldə oluna bilməz. Bu, ikitərəfli qərar olmalıdır və həm də yerində həyata keçirilməlidir. Bildiyiniz kimi, sentyabrın 27-də Ermənistan bizə hücum etdi, bizim hərbi mövqelərimizə hücum etdi, infrastruktura ziyan vurdu, mülki şəxslərə hücum etdi. İndiyədək demək olar ki, 30 mülki şəxsimiz Ermənistanın hücumu, o cümlədən ballistik mərmi və kasetli bombalarla törədilmiş hücum nəticəsində həlak olub.
Bizim əks-hücumumuz uğurlu oldu. Biz işğal olunmuş ərazilərimizin bir hissəsini azad etməyə müvəffəq olduq. Bizim əsas məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsidir. Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı bizə vaxt cədvəli verməlidir və bu cədvəl vasitəçi ölkələr olan Minsk qrupunun həmsədrləri tərəfindən təsdiqlənməlidir. Düşünürəm ki, bundan sonra atəşkəsin əldə olunmasına cəhd göstərilməlidir.
-Sizin qeyd etdiyiniz ölkələr dəfələrlə
atəşkəsə çağırış ediblər.
Niyə bu, baş vermir? Niyə Siz bunun dərhal baş verməsi
üçün
çalışmırsınız?
-Çünki
biz dəfələrlə hücuma
məruz qalmışıq. Son üç ayda Azərbaycana üç hücum edilib. Biri iyulda Ermənistan-Azərbaycan
sərhədində, Dağlıq
Qarabağ regionundan uzaqda olub və
Ermənistanın məqsədi
Azərbaycanın yeni
ərazilərini işğal
etmək idi. Onlar bunu etməyə müvəffəq olmadılar.
Ordumuz onları məğlub etdi. Sonra avqustun 23-də onlar
bizim mülki şəxslərimiz və
hərbçilərimizə qarşı terror aktları
törətmək üçün
diversiya qrupu göndərdilər. Bu da onlar üçün
uğursuz oldu. Çünki diversiya qrupunun
başçısı saxlanıldı
və o, eynilə mənim indi dediklərimə dair ifadələr verir. Sentyabrın sonunda onlar bizim
kəndlərimizə və
şəhərlərimizə qarşı genişmiqyaslı
hücuma keçdilər.
Sizə deyə bilərəm ki, bu günə qədər 900 ev
tamamilə dağılıb
və ya zərər çəkib,
mülki şəxslər
arasında çox sayda tələfat və yaralı insanlar var. İndi Ermənistan çox acı məğlubiyyətlə
üzləşəndə onlar atəşkəs üçün yalvarırlar.
Atəşkəsi onlar özləri
pozdular, Ermənistan qoşunlarının tam, dərhal
və qeyd-şərtsiz
çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının
qətnamələrinə məhəl
qoymurlar. Onlar status-kvonu
dəyişməz olaraq
saxlamaq istəyirlər.
Minsk qrupunun həmsədrləri
- ABŞ, Rusiya və Fransa, onların prezidentləri dəfələrlə
bəyanatlar veriblər
ki, status-kvo qəbuledilməzdir. Ermənistan buna
məhəl qoymadı,
indi isə Azərbaycan özü
status-kvonu dəyişir
və düşünürəm
ki, bu, münaqişənin
ən tez zamanda həlli istiqamətində mühüm
addım olacaq.
-Cənab
Prezident, bu münaqişənin hər
iki tərəfində
mülki şəxslər
qətlə yetirilib. Siz bunu öz məqsədlərinizlə
necə uyğunlaşdırırsınız?
-Əlbəttə,
biz təəssüflənirik ki, mülki şəxslər qətlə
yetirilir. Sözsüz ki, bu hücumu biz törətməmişik,
hücumun mənbəyi
olmamışıq. Çünki
bu, sentyabrın 27-də
səhər onların
etdiyi ilk iş oldu. Onlar bizim şəhər
və kəndlərimizə
hücum etdilər və biz cavab verməli olduq. Lakin bizim cavabımız əsasən və başlıca olaraq onların hərbi mövqelərinə, tanklarına
və silahlarına oldu. Bizim döyüş meydanında
etdiklərimiz internetdə
var. Bizim dronlarımız
və digər avadanlıqlarımız yalnız
işğal olunmuş
ərazilərdə hərbi
hədəfləri məhv
edir. Əfsuslar ki, Ermənistan
yerlərdə daha çox adamın olması üçün
mülki şəxslərdən
istifadə edir. Çünki onların demoqrafik vəziyyəti çox pisdir və bizdə, sadəcə, silahların
yanında mülki şəxslərin olması
ilə bağlı videolar var və
əlbəttə ki, əgər şəxs oradadırsa...
-Sözünüzü
kəsdiyimə görə
üzr istəyirəm,
cənab Prezident. Ermənistan deyə bilər ki, bu döyüşdə onlar tərəfdən mülki şəxslər
qətlə yetirilib və onlar bu
zorakılığın niyə
yenidən sentyabrın
27-də alovlandığını mübahisə edərlər.
İcazə verin, Xarici İşlər nazirinizin ötən il verdiyi
vədi qeyd edim. Deyilmişdi ki, xalqları sülhə hazırlamaq üçün konkret tədbirlərin görülməsi
vacibdir. Bizim hazırda gördüklərimiz
bunun əksidir. Siz mülki şəxslərin
əzablarını necə
məhdudlaşdırmağa çalışırsınız?
-Bilirsiniz, biz müharibənin başlanmasına görə məsul deyilik. Dediyim kimi, biz Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Ermənistan ordusunun fiziki hücumuna məruz qalmışdıq. Bundan əlavə, Ermənistandakı indiki rejim danışıqlar prosesini məhv etmək üçün hər bir şeyi etmişdir. Düz bir il bundan əvvəl Ermənistanın baş naziri Azərbaycanın işğal olunmuş ərazisində keçirilən aksiyada "Qarabağ Ermənistandır” bəyan etmişdir. Bu bəyanat faktiki olaraq danışıqlar prosesini məhv etdi. Çünki danışıqlar masasında olan və münaqişənin həlli üçün əsas təşkil edən prinsiplər işğal altındakı ərazilərin Azərbaycana qaytarılmasını tələb edir. Ermənistanın baş naziri Azərbaycana bir santimetr torpağın belə qaytarılmayacağını, "Qarabağ Ermənistandır” deyəndə, onlar Cenevrə Konvensiyasının kobud pozuntusu sayılan əcnəbi şəxslərin işğal olunmuş ərazilərdə məskunlaşmasını təşkil edəndə danışıqlar prosesini məhv edirlər. Bundan sonra bizi buna görə günahlandırmaq üçün onlar bizə üç dəfə - iyul, avqust və sentyabr aylarında hücum edirlər. Biz onları döyüş meydanında məğlub etdikdə onlar Azərbaycanı dayandırmaq üçün hər kəsə zəng edir və hər kəsə yalvarırlar. Biz dayanmaq istəyirik, lakin biz işğalın dayanmasını istəyirik. Buna görə Ermənistanın ünvanına əsas mesaj ondan ibarət olmalıdır ki, biz Ermənistanın torpağında deyilik, biz öz torpağımızdayıq. Bizim torpağımız 27 il ərzində...
-Ermənistan Türkiyənin burada ciddi təsir göstərdiyini, o cümlədən hərbi yardım kimi məsələlərdə sizi təchizatla təmin etdiyini
deyəcək. Siz Türkiyənin bu münaqişədə ölkənizə nə
dərəcə təsir göstərdiyini və hərəkətlərinizi
sürətləndirdiyini deyə bilərsiniz?
-Bu, tamamilə yanlış informasiyadır. Türkiyə bizim üçün güclü müttəfiq, tərəfdaş və qardaş ölkədir. Əlbəttə ki, onların verdiyi bəyanatlar onların mövqeyini ifadə edir və biz bu dəstəyə görə Türkiyə hökumətinə, Türkiyə Prezidentinə və Türkiyə xalqına minnətdarıq. Lakin Türkiyə heç bir digər şəkildə bu münaqişəyə cəlb olunmayıb. Ermənistan mediaya belə feyk xəbərlər yaymaqla Azərbaycan Ordusunun bacarığını azaltmaq istəyir. Biz özümüz savaşırıq. Bəli, biz Türkiyədən silahlar alırıq, lakin biz təkcə onlardan almırıq. Bizim əsas silah təchizatçımız Türkiyə deyil. Yəqin bu barədə hər kəs bilir. Beləliklə, bizim müasir türk avadanlığını, o cümlədən döyüş dronlarını almağımız faktı heç kim üçün problem olmamalıdır. Çünki Ermənistan silahları pulsuz əldə edir. Biz onlara görə pul ödəyirik, Ermənistan pulsuz alır. Türkiyə heç bir digər şəkildə münaqişəyə cəlb olunmayıb.
-Biz burada silahlar və döyüş
barədə danışmağa davam edirik. Diplomatiya Sizin üçün
hələ də bir seçim yoludurmu? Bu münaqişədən fərqli
çıxış yolunu
tapmaq üçün
Siz Ermənistanın baş naziri ilə bir araya
gəlib danışıqları
apararsınızmı?
-Sizə deyə bilərəm ki, prezidentlik müddətimdə Ermənistanın iki sabiq prezidenti və indiki baş naziri ilə bəlkə də onlarca danışıq aparmışam. Əvvəlki debatlar ərzində biz danışıqlar masasında əsaslı irəliləyişə nail olmuşduq. Biz bugünkü münaqişənin həlli üçün prinsipləri işləyib hazırlamışdıq. Biz konstruktiv idik. Danışıqlar 1992-ci ildən bəri davam edirdi. Təsəvvür edirsiniz? Demək olar ki, 30 il müddətində biz ümidlərlə yaşayırdıq. Vasitəçilər bizə "bir az gözləyin, Ermənistan tərəfindən daha konstruktiv yanaşma olmalıdır” deyirdilər. Lakin iki il bundan əvvəl dövlət çevrilişi nəticəsində bu baş nazir hakimiyyətə gələndən sonra danışıqlar prosesini tamamilə məhv etdi. Mənim onunla dəfələrlə görüşlərim olmuşdur, lakin bu görüşlər tamamilə mənasız idi. O, mənə əraziləri geri qaytarmayacaqlarını dedi, onlar Dağlıq Qarabağın Ermənistana birləşməli olduğunu deyirdi. Beləliklə, bunlar mənim üçün tamamilə qəbuledilməz tələblər idi və onlar vasitəçilər üçün də qəbuledilməz idi. Ermənistan hökuməti mövqeyini dəyişməlidir, maksimalist mövqeyindən çəkinməlidir, "Qarabağ Ermənistandır” deməyi dayandırmalıdır. Çünki bu, həqiqət deyil, danışıqlar prosesini məhv edir və əlbəttə ki, biz geriləyirik. Yeri gəlmişkən, sabah bizim Xarici İşlər nazirimiz Minsk qrupunun səfirləri ilə görüşmək üçün Cenevrədə olacaq. Mən bildiyim qədər, Ermənistanın xarici işlər naziri oraya ayın əvvəlində getməli idi, lakin o, buna məhəl qoymadı. O, orada deyil. Bizim Xarici İşlər nazirimiz oradadır. Bu, kimin danışıqlar aparmaq istədiyini, kiminsə, sadəcə, Azərbaycanı günahlandırmaq istədiyini nümayiş etdirir.
-Prezident İlham
Əliyev, "Euronews”un
xüsusi buraxılışında bizə
qoşulduğunuz üçün
Sizə təşəkkür edirəm. Bizə vaxt ayırdığınız üçün çox sağ olun.
-Təşəkkür edirəm.
Azərbaycan.-
2020.-8 oktyabr.- S.1; 4.