Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla
mübarizə tədbirlərini müzakirə edib
Oktyabrın 7-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə mübarizəni gücləndirmək və karantin rejiminə daha ciddi əməl olunması üçün tədbirlərə həsr edilmiş geniş müşavirəsi keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə müharibə şəraitində ölkədə koronavirusla mübarizənin vəziyyəti və görüləcək tədbirlər müzakirə olunub.
Əli Əsədov qeyd edib ki, koronavirusla mübarizədə qazanılmış nailiyyətləri qoruyub saxlamaq və bütün resursları cəbhəyə yönəltmək üçün karantin rejiminin qaydalarına nəzarəti gücləndirmək lazımdır.
Baş Nazir bildirib ki, xüsusilə iş yerlərində, ictimai nəqliyyatda, ticarət mərkəzlərində və təhsil müəssisələrində qaydalara əməl olunmasına daha ciddi nəzarət edilməlidir.
Müşavirə iştirakçıları karantin rejiminin tələblərinə daha ciddi əməl olunması üçün tədbirləri gücləndirəcəklərini bildiriblər.
Tədbirdə bütün qurumlara koronavirusla mübarizənin gücləndirilməsi üçün müvafiq göstərişlər verilib.
Müşavirədən sonra Baş Nazir Əli Əsədov məsələ ilə
bağlı vətəndaşlara müraciət edib.
Azərbaycan.-
2020.- 8 oktyabr.- S.4.