Baş Nazir Əli Əsədov əhaliyə
müraciət edib
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov oktyabrın 7-də əhaliyə müraciət edib.
AZƏRTAC müraciəti təqdim edir.
“Məlum olduğu kimi, sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribata əl atıb. Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutub. Bu təcavüzə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb.
Sentyabrın 28-dən başlayaraq ölkənin bir neçə regionunda hərbi vəziyyət və komendant saatı elan edilib.
Düşmən qadağan edilmiş üsullardan istifadə edərək müharibə cinayətlərinə əl atır, dinc əhalini hədəfə alır, münaqişə zonasından uzaq olan şəhər və rayonlarımızı raket atəşinə tutur.
Buna baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusu uğurla irəliyə gedir. Şanlı Ordumuzun apardığı əməliyyatlar nəticəsində işğal altındakı torpaqlarımızın azad olunmasına başlanıb.
Bütün Azərbaycan xalqı Ordumuza dəstək nümayiş etdirir və bu uğurlara sevinir. Biz hamımız, bütün Azərbaycan xalqı Prezident, Ali Baş Komandanın ətrafında sıx birləşmişik və işğal olunan torpaqlarımızın azad ediləcəyinə tam əminik.
Xalqımız cəbhədən gələn qələbə xəbərlərini çox böyük coşqu və fərəh hissi ilə qarşılayır, şanlı Ordumuza dəstək vermək, sevinclərini bir-biriləri ilə bölüşmək üçün insanlar bir yerə toplaşırlar. Təbii ki, bu, başadüşüləndir.
Operativ Qərargah adından vətəndaşlarımıza müraciət edərək bildirirəm ki, koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi davam edir.
Vətəndaşlarımız arasındakı emosional ruh yüksəkliyi təmasların artması ilə müşayiət olunur ki, bu da davam edən koronavirus xəstəliyi fonunda insanların sağlamlığına böyük təhlükələr yarada bilər. Məlum olduğu kimi, Azərbaycanla qonşu olan, həmçinin dünyanın digər ölkələrində xəstəlik sürətlə yayılmaqdadır və ekspertlər bunu hətta ikinci dalğanın başlaması kimi qiymətləndirirlər. Bu, bizi daha ehtiyatlı olmağa sövq edir.
İndiyədək
vətəndaşlarımız xüsusi karantin qaydalarına ciddi
şəkildə riayət ediblər və bunun
nəticəsində hazırda xəstəlik nəzarət
altındadır. İndiyə qədər pandemiya
ilə mübarizədə qazandığımız nailiyyətləri
itirməmək üçün karantin rejiminin
qaydalarına əməl olunması zəruridir. Eyni zamanda, dövlətimiz,
xalqımız və milli təhlükəsizliyimiz
üçün belə bir
mürəkkəb dövrdə karantin
qaydalarına əməl olunması virusla
mübarizədən daha böyük
əhəmiyyətə malikdir. Bu işdə hər bir vətəndaşımızın
töhfəsi təqdirəlayiqdir.
Bununla belə xəstəliyin yayılmasına, karantin rejiminin qaydalarının pozulmasına məsul olan şəxslər və mülkiyyət formasından asılı olmayaraq müəssisə sahiblərinin nəzərinə çatdırırıq ki, karantin rejiminin tələblərinə riayət edilmədiyi hallarda aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görüləcəkdir. Bununla əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib və onlar nəzarət tədbirlərini daha sərt və ciddi şəkildə davam etdirməlidirlər.
Belə mürəkkəb dövrdə torpaqlarımızın azad olunması uğrunda göstərdiyimiz birlik, vətəndaş həmrəyliyi və intizamın görünməz düşmən olan koronavirus xəstəliyi ilə mübarizədə də göstərilməsi olduqca vacibdir.
Odur ki,
hər bir vətəndaşa müraciət
edərək karantin rejiminin
tələblərinə daha ciddi əməl etməyə, bununla
da bütün gücümüzü işğalçı
düşmənlə mübarizə üçün
səfərbər etməyə çağırırıq”.
Azərbaycan.-
2020.- 8 oktyabr.- S.4.