Britaniya parlamentinin üzvü Bob Bləkmən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamə irəli sürüb

 

Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkmən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə irəli sürüb.

AZƏRTAC xəbər verir ki, qətnamədə Ermənistanın 27 sentyabr tarixindən başlayaraq Azərbaycana qarşı təcavüzkarlıq aktları həyata keçirdiyibunun Ermənistan ilə Azərbaycan arasında silahlı münaqişəni daha da gərginləşdirdiyi qeyd olunur. Sənəddə bu silahlı münaqişənin kökündə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu qanunsuz hərbi nəzarəti altında saxlamasının dayandığı bildirilir. Qətnamədə 1990-ci illərin əvvəlində bu münaqişə nəticəsində 30 min insanın həyatını itirdiyi, bir milyondan çox insanın öz doğma yurd-yuvalarını tərk edərək məcburi köçkün vəziyyətinə düşdüyü vurğulanır.

İcmalar Palatası Böyük Britaniya hökumətini 1994-cü ildə imzalanmış atəşkəs sazişini kobud şəkildə pozduğuna, Azərbaycanın silahlı qüvvələrinin mövqelərinə və mülki şəxslərə qarşı intensiv hücumlar edərək iriçaplı silahlardan, minaatanlardanartilleriyadan istifadə etdiyinə görə Ermənistanı qınamağa çağırır. Bundan əlavə, sənəddə Böyük Britaniya hökuməti BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə də qeyd olunduğu kimi, Ermənistandan hərbi qüvvələrini Azərbaycanın qanunsuz olaraq işğal edilmiş ərazilərindən çıxarmasını tələb etməyə çağırılır.

 

Azərbaycan.- 2020.-8 oktyabr.- S.7.