Niderlandın iki ermənipərəst
partiyasının Azərbaycan əleyhinə qətnamə qəbul
etmək istəyi puça
çıxıb
Oktyabrın 7-də Niderland Parlamentinin antimiqrant, antimüsəlman və antitürk mövqeyində olan və Ermənistan maraqlarını dəstəkləyən 2 partiya tərəfindən (“Xristian Demokratik Çağırış” partiyasının nümayəndəsi Martin van Helvert və “Xristian İttifaqı” partiyasının nümayəndəsi Joel Voordevind) Azərbaycanın işğal olunmuş ərazilərində gedən son hərbi əməliyyatlar ilə əlaqədar ölkəmizin əleyhinə qətnamələrin qəbulu təşəbbüsü ilə çıxış ediblər.
İrəli sürülmüş layihədə Azərbaycanın dövlət və hökumət rəhbərliyi, Niderland-Azərbaycan iqtisadi əməkdaşlıq əleyhinə sanksiyanın tətbiqi, o cümlədən Azərbaycana guya Yaxın Şərq ölkələrindən gəlmiş döyüşçülərin iştirakı ilə bağlı araşdırmanın aparılması və Azərbaycan tərəfindən atəşkəsin bərpa edilməsi tələbi ilə çıxış edən deputatların təklifləri yer almışdır.
AZƏRTAC xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyi tərəfindən milliyyətçi və irqçi mövqeyi ilə seçilən bu kimi deputatlara etiraz məktubları göndərilib və Azərbaycanın 30 ilə yaxın təcavüzə məruz qaldığı bildirilib. Eyni zamanda, Azərbaycan icması vasitəsilə parlamentə qarşı etiraz kampaniyası təşkil edilib. Nəticə olaraq, qəbul olunmuş ümumi qətnamədə Azərbaycanın əleyhinə hər hansı bir sanksiya tətbiq edilməyib.
Əlavə olaraq bu kimi
qətnamələrin qəbul edilməməsində əslən
türkiyəli Niderland vətəndaşı,
“Denk” partiyasından olan
deputat Tunahan Kuzunun xüsusi rolu olub. Belə
ki, parlamentdə haqlı və ədalətli
mövqe tutan T.Kuzu Ermənistanın Azərbaycanın ərazisini
işğal etdiyini və
bu barədə BMT TŞ-nin
4 qətnaməsinin olduğunu bildirib, Ermənistanın işğal
olunmuş ərazilərdən
çıxarılmasını tələb edib
və bu mövqe parlamentin son qərarına
öz töhfəsini verib.
Azərbaycan.- 2020.-8 oktyabr.- S.15.