İlham Əliyev Vətən müharibəsində Azərbaycana əbədi zəfər qazandıracaq

 

Azərbaycan əsgəri haqqın və ədalətin bərpasını təmin etmək əzmindədir

 

Təcavüzkarlıq xislətindən əl çəkməyən Ermənistanın cəbhəyanı rayonlarda və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalini hədəf seçməsinə cavab olaraq Azərbaycan Ordusunun sentyabrın 27-dən etibarən başladığı çevik və qətiyyətli əks-həmlə əməliyyatları xalqımızın milli qürur yerinə çevrilib.

İlk gündən düşmənin ön müdafiə xəttinin yarılması, Cəbrayıl rayonu da daxil olmaqla xeyli sayda kəndin və strateji əhəmiyyətli yüksəkliklərin qısa zamanda işğaldan azad edilməsi xalqımızda qələbə əzminin və ovqatının daha da güclənməsinə səbəb olub.

Düşməni zəbt etdiyi mövqelərdən sürətlə geri çəkilməyə məcbur edən, çoxlu sayda zirehli texnikasını və canlı qüvvəsini sərrast atəşlə məhv edən Azərbaycan Silahlı Qüvvələrinin böyük əzm və rəşadəti xalqımızın hədsiz sevincinə, vətənpərvərlik və milli qürur hissinin alovlanmasına yeni təkan verib. Hər kəs Vətən müharibəsində qalib olacağımıza, qədim şəhərimiz olan Şuşaya bayraq sancacağımıza ürəkdən inanır!

Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin də haqlı olaraq qeyd etdiyi kimi, müharibənin başlanmasının məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Birləşmiş Millətlət Təşkilatının hələ 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan işğalçılıq siyasətini uzun illər ərzində davam etdirməyə çalışıb. Beynəlxalq hüquq norma və prinsiplərinə məhəl qoymayan, işğalçılıq niyyətindən əl çəkməyən bədxah qonşumuz uzun illər ərzində cəbhə xəttində vəziyyəti süni yolla gərginləşdirmək, təxribatlar törətmək və bu yolla mövcud "status-kvo”nu qoruyub saxlamaq niyyətində olub.

Atəşkəslə bağlı hələ 12 may 1994-cü il tarixdə imzalanmış Bişkək protokolundan sonra aparılan danışıqlar prosesinin məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi, habelə münaqişə ilə bağlı nizamlama planlarına etinasız yanaşması səbəbindən nəticə verməməsi bu gün beynəlxalq ictimaiyyətə yaxşı məlumdur. Qarşı tərəfin BMT-nin nizamlama ilə bağlı 4 məlum qətnaməsinə əməl etməməsi, beynəlxalq hüququn sərhədlərin toxunulmazlığı prinsipini uzun illərdir ki, pozması Azərbaycan tərəfindən haqlı olaraq bütün dünyaya dəfələrlə bəyan edilib. Bununla belə, 30 ilə yaxın müddətdə Ermənistanda hakimiyyətdə olan siyasi qüvvələr ölkədaxili gərginliyi azaltmaq, ictimaiyyətin diqqətini ciddi sosial-iqtisadi və siyasi problemlərdən yayındırmaq, vaxt qazanmaq məqsədilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən siyasi alət kimi yararlanmağa çalışıblar.

Ərazisi işğala məruz qalmış Azərbaycanın 30 ilə yaxın müddətdə diplomatik təmkin nümayiş etdirməsi, beynəlxalq təşkilatlar və aparıcı dövlətlərin münaqişəni danışıqlar yolu ilə tənzimləmək çağırışlarına həssaslıqla yanaşması, lakin bunun müqabilində işğalçı Ermənistana ciddi beynəlxalq təzyiqin göstərilməməsi son illərdə vəziyyəti daha da gərginləşdirmişdi. BMT ilə yanaşı, Avropa Şurası, Avropa İttifaqı, NATO, İslam Konfransı Təşkilatı və digər mötəbər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qətnamə və bəyanatlarına məhəl qoymayan Yerevanın aşkar şəkildə ərazi ilhaqı siyasəti yürütməsi, Dağlıq Qarabağa dünya praktikasında mövcud olan ən yüksək müxtariyyət statusunun verilməsi təklifi ilə razılaşmaması danışıqlar prosesini "dalana dirəmişdi”. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, "Əgər beynəlxalq ictimaiyyət qətnamələrin yerinə yetirilməsini təmin edə bilmirsə, Azərbaycan bunu özü edəcək”.

Ötən illərdə ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan üzücü və gərgin danışıqlar prosesi bir neçə dəfə problemi real həll müstəvisinə yönəltsə də, Ermənistan rəhbərliyinin aşkar siyasi cığallığı üzündən sülhə gəlmək mümkün olmayıb. Həmsədrlərin bununla bağlı qətiyyətsiz mövqe nümayiş etdirməsi, bəzi hallarda təcavüzkara hətta açıq şəkildə siyasi və hərbi dəstək vermələri fonunda danışıqlar prosesi xüsusilə son 2 ildə tamamilə mənasız xarakter almışdı. Ermənistanın avantürist baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır” kimi sərsəm bəyanatı, son 2 ildə Dağlıq Qarabağdakı qeyri-qanuni rejimi münaqişə tərəfi kimi qəbul etdirməyə çalışması, danışıqların 20 ildən artıq müddətdə formalaşmış baza prinsiplərini pozması və təxribat yolunu tutması onların Azərbaycanı münaqişəyə təhrik etmək cəhdlərindən xəbər verirdi. Təcavüzkar tərəfin danışıqlar prosesini pozması, əsassız tələblər irəli sürməsi, müharibəyə hazırlaşması barədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin çoxsaylı xəbərdarlıqlarından həmsədr ölkələrin heç bir nəticə çıxarmaması, təcavüzkara qarşı təsirli mexanizmlərdən istifadə edilməməsi hər kəsdə danışıqların mənasızlığı fikrini də qətiləşdirmişdi.

Onu da xüsusi vurğulamaq lazımdır ki, son illərdə düşmən bir neçə dəfə təxribatlara əl atıb və hər dəfə də layiqli cavabını alaraq geri çəkilib. Hələ 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyat qrupları düşmən ordusunun təxribatlarına cavab olaraq 3 istiqamətdə planlı tədbirlər həyata keçirib. Açıq döyüş əməliyyatları ilə Horadiz istiqamətindəki strateji yüksəkliklər, Lələtəpə, habelə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi geri qaytarılıb. Beləliklə, işğaldan azad olunmuş torpaqlarımıza "Böyük Qayıdış”ın əsası qoyulub. Eləcə də 2017-ci ildə Naxçıvan MR-də aparılmış uğurlu Günnüt əməliyyatı, minlərlə hektar ərazinin təmizlənməsi düşmənin zəif ordusunda və xalqında ciddi ruh düşkünlüyünə, bədbinliyə səbəb olub.

Hələ 2017-ci ilin iyul ayında təcavüzkar ölkənin silahlı birləşmələrinin Füzuli rayonunun cəbhəyani ərazidə yerləşən Alxanlı kəndində dinc sakinləri atəşə tutmaları nəticəsində kənd sakinləri - Quliyeva Sahibə İdris qızının və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhra Etibar qızının həlak olması Ermənistanın insanlığa və bəşəriyyətə qarşı növbəti cinayətini bir daha dünyaya nümayiş etdirdi. Bu, Ermənistanın təcavüzkar ordusunun beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq dinc mülki əhalini - qadınları, ahıl insanları və uşaqları atəşə tutması, amansızcasına qətlə yetirməsi ilə bağlı ilk fakt deyil. Müxtəlif rayonların dinc sakinlərini ağır artilleriyadan, iriçaplı silahlardan davamlı atəşə tutan erməni silahlı birləşmələri bununla azərbaycanlı əhalini qorxu və təlaş içərisində saxlamağa, kəndlərimizin, qəsəbələrimizin boşalmasına çalışsalar da, məkrli məqsədlərinə nail ola bilməyiblər.

2020-ci il iyul ayında Ermənistanın münaqişə regionundan xeyli uzaqda yerləşən Tovuz rayonunda - sərhəd istiqamətində ölkəmizə hücum cəhdi, mülki və hərbi obyektləri artilleriya atəşinə tutması növbəti açıq təxribat idi. Mülki evlərin və obyektlərin dağıdılmasının qarşısının alınması üçün Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinə və artilleriya qurğularına sərrast zərbələrin endirilməsi, düşmənin hərbi birləşmələrinin yaşayış mənqəqələrimizdən daha uzaq mövqelərə çəkilməyə məcbur edilməsi məqsədilə iyul ayında daha bir uğurlu əməliyyat həyata keçirildi. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradə və qətiyyətinə məsuliyyətlə yanaşan, habelə xalqımızın böyük dəstəyini hiss edən Silahlı Qüvvələrimiz həmin hərbi əməliyyatlar zamanı da yüksək taktiki və strateji hazırlıq səviyyəsi nümayiş etdirdilər. Müdafiə Nazirliyi tərəfindən düşmənin çoxlu sayda canlı qüvvəsinin və zirehli texnikasının, habelə strateji əhəmiyyətli hərbi bazalarının dəqiq atəş zərbələri ilə məhv edildiyini təsdiqləyən real videogörüntülərin yayılması insanlarda böyük sevinc hissi yaranmasına səbəb oldu.

Tovuz rayonu sərhəddindəki uğurlu əməliyyatlarımız bir sıra mühüm reallıqları da üzə çıxardı. İlk növbədə məlum oldu ki, Azərbaycan xalqının milli maraqlarını daim önə çəkən, mürəkkəb geosiyasi məkanda qətiyyətli, düzgün qərarlar qəbul etmək cəsarəti ilə seçilən güclü siyasi lideri, rəhbəri var! Həmin günlərdə Ali Baş Komandanımızın düşmənin hərbi təxribatlarının qarşısının alınması və layiqli cavabının verilməsi ilə bağlı əmrləri ordumuzun ruh yüksəkliyinə səbəb olmaqla yanaşı, xalqımızın böyük dəstəyi ilə qarşılandı. Təəssüf ki, bu qısamüddətli hərbi toqquşmalarda müəyyən itkilərimiz də oldu: Azərbaycan Ordusunun generalı Polad Həşimov, eləcə də polkovnik İlqar Mirzəyev ön xətdə, açıq döyüş zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldilər. Bu fakt ilk növbədə onu göstərdi ki, Azərbaycanın yüksək vəzifəli hərbçiləri ön cəbhədə torpağı üçün canını fəda etməkdən belə çəkinmirlər.

Ermənistan Tovuz döyüşləri zamanı Rusiyanın təsir dairəsində olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dəstəyinə ümid etsə də, buna nail ola bilmədi. Azərbaycan qısamüddətli hərbi toqquşmalar zamanı Ermənistana istər hərbi, istər diplomatik, istərsə də təbliğat baxımından layiqli cavablar verdi. Məhz Azərbaycan hakimiyyətinin qabaqlayıcı tədbirləri, qətiyyətli mövqeyi nəticəsində Yerevanın Tovuz döyüşləri ilə bağlı KTMT-nin xüsusi iclasını çağırmaq cəhdləri puça çıxdı. Ermənistan KTMT-nin açıq dəstəyinə ümid etməklə, hərbi və iqtisadi baxımdan Azərbaycandan dəfələrlə zəif, başqa dövlətlərə arxalanan dövlət olduğunu etiraf etdi. KTMT-nin aparıcı dövləti olan Rusiya isə ATƏT-in Minsk qrupunun həmsədri kimi Tovuz döyüşləri zamanı hadisənin siyasi balansın pozulması kimi dəyərləndiriləcək hansısa açıqlama vermədi. Erməni siyasi rəhbərliyi və cəmiyyəti bundan açıq şəkildə təşvişə düşərək Rusiya və KTMT ilə hərbi-siyasi əməkdaşlığın səmərəsiz olduğunu bildirdilər.

2020-ci ilin avqust ayında keçirilən Azərbaycan-Türkiyə birgə təlimləri ilə Ermənistana və onun bəzi havadarlarına açıq siyasi ismarıclar verildi. Tovuz döyüşlərindən sonra Ermənistana silah ötürülməsi ilə bağlı narahatlığın rəsmi Bakı tərəfindən açıq şəkildə nümayişi isə göstərdi ki, ölkəmiz milli təhlükəsizliyini təhdid edən bütün xoşagəlməz geosiyasi proseslərə qətiyyətli və çevik reaksiya vermək əzmindədir. Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqın və dövlətin təhlükəsizliyinin əsas təminatçısı olaraq zəruri məqamlarda ciddi siyasi iradə və qətiyyət nümayiş etdirir.

Ermənistan rəhbərliyinin son 2 ildə danışıqlardan faktiki olaraq imtina edərək Azərbaycana qarşı qəbuledilməz və əsassız şərtlər irəli sürməsi, terrorçu qruplaşmaları, muzdlu döyüşçüləri işğal etdiyi ərazilərimizdə yerləşdirməsi, cəbhə bölgəsində və qoşunların təmas xəttində açıq təxribatlar törətməsi hərbi əməliyyatların bərpası ehtimalını zamanla daha da artırırdı. Bu azmış kimi son aylarda Şuşa şəhərində qondarma Dağlıq Qarabağ rejimimin "rəhbəri”nin "andiçmə mərasimi”nin təşkili, "Dağlıq Qarabağ parlamenti”nin Xankəndidən Şuşaya köçürülməsi barədə qərarın qəbulu düşmənin növbəti təxribatları, Azərbaycanı yeni müharibəyə təhrik etmək cəhdləri idi.

Nəhayət, son aylarda Ermənistanın müharibəyə hazırlaşması ilə bağlı Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyəti xəbərdar etməsi, BMT-nin 75-ci sessiyasında videoformatda çıxışında açıq bəyanat verməsi fonunda həmsədr dövlətlərin gözləmə mövqeyi seçməsi 26 ildən sonra hərbi əməliyyatların yenidən başlamasına gətirib çıxardı. Sentyabr ayının sonlarına doğru Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsi və qoşunların təmas xəttində yeni təxribatlar törətməsi, mülki əhalini və obyektləri ağır artilleriyadan atəşə tutması, dinc insanların öldürülməsi və yaralanması Azərbaycanın düşmənə əks-həmlə əməliyyatları ilə layiqli cavab verməsini qaçılmaz hərbi gedişə çevirdi. Müzəffər Ordumuz qısa müddətdə əks-hücumla işğal altında olan bir sıra strateji əhəmiyyətli əraziləri - Cəbrayıl rayonunu, eləcə də bir sıra kəndləri, yüksəklikləri işğaldan tam azad edərək Bişkək protokolunun imzalanmasından sonra düşmənə ən sarsıdıcı zərbəni vurdu.

Azərbaycan Ordusu illərdir ki, davam edən ədalətsizliyə birdəfəlik son qoymaq üçün 2 həftəyə yaxın müddətdə əzm və rəşadətlə irəliyə atılaraq düşmənə sarsıdıcı zərbələr endirir. Ermənistan silahlı qüvvələrinin hərbi texnika və canlı qüvvəsinin məhv edilməsini, habelə qənimət olaraq ələ keçirilməsini nümayiş etdirən video və fotokadrlar xalqımızda torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə, məcburi köçkünlərin doğma yurdlarına qayıdacağına qəti əminlik yaradır. Ermənistanın istər iqtisadi, istərsə də hərbi baxımdan Azərbaycandan qat-qat zəif dövlət olması, düşmənin silahlı qüvvələrinin uzun müddət hərbi müqavimət göstərmək imkanında olmaması, sarsıdıcı itkilərə məruz qalması da xüsusi qeyd edilməlidir. Müqayisə üçün bildirək ki, Ermənistanda əhali sayının cəmi 2,9 milyon nəfər təşkil etməsi fonunda Azərbaycanda bu rəqəm 10 milyon 100 min nəfərə çatır. İnsan resurslarının hərbi əməliyyatların uğurla aparılması baxımından strateji əhəmiyyətini isə xüsusi qeyd etməyə ehtiyac yoxdur.

Azərbaycanın 2020-ci il üçün dövlət büdcəsi gəlirlərinin 15 milyard dolları ötməsi fonunda Ermənistanda cəmi 3,9 milyard dollar təşkil edir. Azərbaycanın strateji valyuta ehtiyatlarının 52 milyard ABŞ dollarına yüksəlməsi müqabilində Ermənistanda bu rəqəm cəmi 2,6 milyard dollar təşkil edir. Koronavirus pandemiyasının davam etdiyi dövrdə Azərbaycanda ümumi daxili məhsul cəmi 3 faiz, Ermənistanda isə 6 faizdən çox azalıb.

2020-ci il üçün Azərbaycanın hərbi büdcəsinin 2,4 milyard ABŞ dolları təşkil etməsi fonunda Ermənistanın hərbi büdcəsi cəmi 625 milyon dollardır. "Global Fire Power” şirkətinin 2020-ci il üzrə araşdırmasına əsasən, Azərbaycan Ordusu dünyanın 138 ölkəsinin silahlı qüvvələrinin reytinq cədvəlində 64-cü, Ermənistan silahlı qüvvələri isə 111-ci yerdə qərarlaşır. Azərbaycan Ordusunun arsenalındakı hərbi texnika və silah-sursatın, eləcə də pilotsuz uçuş aparatların xeyli qisminin yerli sənaye məhsulu olması da xüsusi vurğulanmalıdır. Ermənistandan fərqli olaraq, Azərbaycan öz Ordusunu yerli istehsal hesabına yanacağ və sürtkü yağları ilə təchiz edir. Azərbaycandan fərqli olaraq, Ermənistan ordusunda daha çox keyfiyyətsiz, köhnə, istismar müddəti başa çatmış hərbi-texnika və silah-sursatlardan istifadə edilir. Ermənistanın beynəlxalq humanitar hüquqa zidd olaraq Azərbaycanın mülki obyektlərinə atdığı bir sıra raketlərin partlamaması bu faktı bir daha təsdiqləyir.

Ən başlıcası, təcavüzkar Ermənistanın vətəndaşlarından fərqli olaraq, azərbaycanlılar doğma torpaqları uğrunda vuruşurlar, hərbçilərimizdə vətənpərvərlik əhvali-ruhiyyəsi, döyüş ruhu son dərəcə yüksəkdir. Yayılan videokadrlardan da görünür ki, Ermənistan ordusunun hərbçiləri faktiki olaraq ruh düşkünlüyü və təşviş içində mövqelərini atıb qaçmaqdan savayı yol görmürlər. Vəziyyət o həddə çatıb ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə açıq döyüşlərdən çəkinən çoxsaylı erməni hərbçiləri zəncirlənir, onların əlinə qandal taxılır. Ermənistan ordusunun qısa zamanda məğlubiyyətə uğrayacağını dərk edən mülki əhali isə qanunsuz yerləşdirildiyi tarixi Azərbaycan ərazilərini kütləvi şəkildə tərk edir.

Cəbhə xəttindəki ciddi hərbi uğursuzluqlarını görən Ermənistan rəhbərliyinin göstərişi ilə Azərbaycanın həm cəbhəyanı, həm də cəbhədən çox uzaq məsafədə yerləşən yaşayış məntəqələri davamlı olaraq müxtəlif çaplı silahlardan, o cümlədən artilleriya qurğularından atəşə tutulur. Cəbhəyanı Tərtər, Füzuli, Goranboy, Beyləqan, Yevlax, Bərdə, Şəmkir rayonlarına, habelə Gəncə şəhərinə artilleriya zərbələrinin endirilməsi, mülki əhalinin və obyektlərin hədəf seçilməsi Ermənistanın müharibə cinayətlərinin davamıdır. Erməni tərəfi məqsədyönlü şəkildə mülki əhalini hədəf seçərək, beynəlxalq humanitar hüququ və Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozur, hətta qadağan olunmuş kaset tipli raket və bombalardan istifadə edir. Düşmən məqsədli və məkrli şəkildə Azərbaycanın adekvat cavab tədbiri kimi Ermənistan ərazisindəki hərbi hədəfləri vurmasına çalışır. Ermənistanın bu təxribatçı addımlarının məqsədi son nəticədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını üçüncü tərəf kimi münaqişəyə cəlb etməkdir. Lakin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkəsinin Ermənistan ərazisində aparılmayan hərbi əməliyyatlara müdaxilə etmək niyyətindən uzaq olmasını bəyan etməsi Ermənistan rəhbərliyinin məkrli planlarını tamamilə puça çıxarıb.

Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə Rusiyanın "Pervıy kanal” televiziyasına müsahibəsində bununla bağlı haqlı olaraq deyib: "Ermənistan ərazisindən artilleriya atəşlərinə baxmayaraq, biz Ermənistan ərazisinə heç bir zərbə endirmirik, Ermənistan ərazisinə keçmirik, hərçənd bunun üçün hər cür imkanımız var. Erməni tərəfi bu qarşıdurmaya KTMT-ni cəlb etməyə çalışır. Uğursuz cəhddir. O, Avropa ölkələrini cəlb etməyə çalışır. Mahiyyət etibarilə bu münaqişəni beynəlmiləlləşdirməyə çalışır. Müvafiq surətdə biz belə yanaşmanın yolverilməz olması barədə öz mövqeyimizi bildiririk”.

Son günlər Ermənistan silahlı qüvvələrinin daha da azğınlaşması, Azərbaycanın strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərini hədəf seçməsi N.Paşinyan hakimiyyətinin ciddi təlaş işində olmasının əyani təzahürüdür. Uğursuzluqları ilə barışmaq istəməyən düşmən silahlı münaqişələrə dair bütün saziş və konvensiyaları kobud şəkildə pozaraq insanlıq əleyhinə cinayətlərə əl atır. Uzun illər ərzində Azərbaycanın strateji əhəmiyyətli obyektlərini (Səngəçal neft-qaz terminalı, Mingəçevir su anbarı, BTC boru xətti və s.) vurmaqla təhdid edən Ermənistan son günlərdəki hərbi məğlubiyyətlərini "ört-basdır etmək”, daxili narazılıqları yatırmaq ümidi ilə BTC-ni hədəf seçib. Sözügedən boru kəmərinin hərbi əməliyyatların aparıldığı bölgədən 100 kilometrdən də uzaq məsafədə - Yevlax rayonu ərazisində vurulmasına cəhd göstərilməsi bunun əvvəlcədən hazırlanmış məqsədli təxribat olmasına hansısa şübhə yeri qoymur. Aşkar görünür ki, son 10 gündə daxildəki dayaqları tamamilə sarsılan, xaricdəki havadarlarını münaqişəyə tərəf qismində cəlb edə bilməyən Ermənistan Azərbaycanın neft-qaz infrastrukturunu hədəf seçməklə erməni cəmiyyətindəki ruh düşkünlüyünün qarşısını almağa mənasız cəhdlər edir.

Prezident İlham Əliyev oktyabrın 5-də "TRT Haber” televiziya kanalına müsahibəsində Ermənistanın bu təxribatları barədə deyib: "...Bəyan etmişdilər ki, əgər Dağlıq Qarabağ ətrafında döyüşlər olarsa, bizim strateji infrastruktur layihələrimizi vurmağa hazırdırlar - Səngəçal neft-qaz terminalı və boru xətti. Ona görə Tovuz bölgəsində hücumun bir məqsədi də o idi ki, onlar test edirdilər, haraya qədər girə bilərlər. Çünki orada onların əsas məqsədi dövlət sərhədini keçmək, Azərbaycan torpaqlarını işğal etmək və həmin TANAP boru xəttinə yaxınlaşmaq, yaxud da ki, onu nəzarətə almaq idi. Ancaq bu, alınmayanda geri çəkildilər, bütün vasitəçilərdən imdad dilədilər”.

Ermənistan hakimiyyəti son günlər ağlasığmaz təxribatları ilə Azərbaycanı hərbi əməliyyatları davam etdirməkdən çəkindirəcəyinə sadəlövhcəsinə ümid edir. Bir neçə gün əvvəl strateji əhəmiyyətli Mingəçevir İstilik Elektrik Stansiyası və su anbarı istiqamətində kaset tipli raket hücumunu reallaşdıran düşmən tərəfi genişmiqyaslı dağıntılara, dinc insanların kütləvi şəkildə məhvinə, ekoloji fəlakətə səbəb olacaq təxribatlardan çəkinmədiyini nümayiş etdirir. Ermənistanın BTC-ni hədəf seçməklə aparıcı Qərb dövlətləri və şirkətlərini açıq şantaja məruz qoymaq, ümumən Avropanın enerji təhlükəsizliyini təhdid etmək cəhdləri də özünü qabarıq göstərir. Bunda digər bir məqsəd uğurlu əks-həmlə əməliyyatlarının dayandırılması üçün Qərb dövlətlərinin Azərbaycana təsirlərinin artırılmasına nail olmaqdır.

Azərbaycanın irəli sürdüyü təklifləri dəyərləndirməyən, Dağlıq Qarabağa yüksək muxtariyyət verilməsi təklifini qəbul etməyən Ermənistan indi daha sərt və prinsipial şərtlərlə üz-üzə qalıb. Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə” televiziya kanalına müsahibəsində ölkəmizin hərbi əməliyyatların dayandırılması üçün prinsipial və qətiyyətli mövqeyini bir daha ifadə edib: "...Hesab edirəm ki, danışıqlara geri qayıtmaq üçün birinci Ermənistanın baş naziri "Qarabağ Ermənistan deyil” deməlidir, çünki "Qarabağ Ermənistandır” ifadəsi yalandır, Qarabağ Azərbaycandır! O, torpaqların sahibi olan bizə onların qaytarılmasını təmin edən iyirmi il ərzində işlənib hazırlanmış prinsiplərə sadiq qaldığını deməlidir. Bu çirkin hərbi hücuma keçdikdən sonra o, bizə şəhərlərimizdən qoşunların çıxarılması üzrə vaxt cədvəlini verməlidir və belə olan halda biz savaşı dayandırmağa hazırıq. Əks halda biz bunu güc yolu ilə edəcəyik, biz ərazi bütövlüyümüzü güc yolu ilə bərpa edəcəyik və ona yerini göstərəcəyik”.

Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev düşmənə hərbi cəbhə ilə yanaşı, informasiya savaşında da sarsıdıcı zərbələr vurur. Dövlət başçısı açıq hücum xarakterli diplomatiya yürüdərək konkret faktlar əsasında Ermənistanı və onu açıq formada dəstəkləyən bəzi dövlətləri beynəlxalq miqyasda ifşa edir. Bu xüsusda diqqət cəlb edən məqamlardan biri də cənab İlham Əliyevin beynəlxalq KİV-ə verdiyi müsahibələrdir. Həmin müsahibələrin təhlili dövlətimizin rəhbərinin münaqişənin gerçək mahiyyəti və hazırkı gedişi ilə bağlı ciddi arqumentlərə söykənən fikirlərinin beynəlxalq ictimai rəyə ciddi təsir etdiyini göstərir. Ermənistanın işğalçılıq siyasəti və bunun yaratdığı təhdidlər məntiqi arqumentlərlə dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Aparıcı beynəlxalq KİV-ə müsahibələrində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın haqlı mövqeyinə dəstək verən ölkələrin sayını daha da artırır.

Ermənistanın baş naziri N.Paşinyanın isə populizm, pafos üzərində qurulan məntiqsiz, əsassız cavabları isə onu dünya miqyasında tənqid obyektinə çevirir. Hələ bu ilin fevral ayında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təşkil edilən panel müzakirələr bunun bilavasitə təsdiqi idi. Həmin müzakirələr zamanı Prezident İlham Əliyev Ermənistanın baş nazirinə diplomatiya dərsi keçməklə, onun gülünc və əsassız arqumentlərini əsaslandırılmış şəkildə rədd etdi.

Ermənistanın baş naziri N.Paşinyanın xarici KİV-ə müsahibələri onun daim aciz duruma düşməsi, ciddi arqumentə əsaslanmayan fikirlər səsləndirməsi ilə müşayiət edilir. Bu ilin avqustunda Nikol Paşinyan BBC-nin "HARDTalk” proqramına verdiyi müsahibədə məhz qeyd edilənlər səbəbindən çətin vəziyyətə düşüb. Jurnalist Stiven Sakur Paşinyana Ermənistanın Azərbaycan ərazilərini qanunsuz işğalı, Tovuz istiqamətində həyata keçirdiyi hərbi təxribat, mülki vətəndaşımızı qətlə yetirməsi, Dağlıq Qarabağa qanunsuz yol çəkilməsi, Avropa parlamentarilərinin bununla bağlı bəyanatı və digər məsələlərlə bağlı suallar ünvanlayıb. Paşinyan suallar qarşısında aciz duruma düşüb, onlardan yayınıb, rabitəsiz cavablar verib. Buna görə Paşinyan Ermənistanın özündə də ciddi tənqid hədəfinə çevrilib.

Sentyabrın 29-da "Rossiya-1” telekanalında yayımlanan "60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə dövlətimizin başçısı cəbhə bölgəsindəki real vəziyyət barədə ciddi və əsaslandırılmış informasiyaları bir daha Rusiya və dünya ictimaiyyətinə çatdırdı. Ermənistanın baş nazirinin verilişdəki çıxışı isə ənənəvi olaraq saxta və yalan xarakterli məlumatlar əsasında quruldu.

Ümumilikdə, Azərbaycan Prezidentinin son günlər ərzində "Əl-Cəzirə”, "Əl-Ərəbiyyə”, "TRT Haber”, "Pervıy Kanal”, "CNN-Türk, "Evronyus” televiziya kanallarına verdiyi müsahibələrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, habelə cəbhə zonasındakı son hərbi əməliyyatlarla bağlı aydın, səlis, qətiyyətli fikirləri ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir. Həmin müsahibələr Ermənistanla informasiya müharibəsində Azərbaycanın mövqelərini əhəmiyyətli dərəcədə gücləndirir, erməni yalanlarının dünya miqyasında ifşasına töhfə verir.

Xüsusi qeyd etmək istərdim ki, Azərbaycan Silahlı Qüvvələrinin - hərbçilərimizin döyüş və qələbə ruhu insanlarda böyük qürur, sevinc hissləri doğurur. Bir daha təsdiqlənir ki, ötən illər hədər getməyib - 1994-cü ilin may ayında atəşkəs barədə sazişin imzalanmasından sonra Azərbaycanda ordu quruculuğu və ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində əsaslı işlər göz qabağındadır. Bu gün Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığına malik peşəkar, hərbi-texniki vərdişlərə dərindən yiyələnmiş mükəmməl, vətənpərvər kadrlardan ibarətdir. Onu da xüsusi qeyd etmək lazımdır ki, son 17 ildə respublikamızın hərbi büdcəsi on dəfədən çox artıb. Ən müasir texnika və hərbi avadanlıqlarla təchiz olunan, döyüş ruhu yüksələn Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi naminə qətiyyətlə döyüşür.

1990-cı illərin əvvəllərindən fərqli olaraq cəmiyyətin bütün təbəqələri, o cümlədən müxalif siyasi partiyalar qısa müddətdə Ali Baş Komandanın ətrafında sıx birləşərək indiyə qədər görünməmiş milli birlik, həmrəylik nümayiş etdirirlər. Cəbhə zonasında ordumuzun düşmənə qarşı əks-həmlə əməliyyatları başladıqdan sonra ölkədə fəaliyyət göstərən 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yaydı, bu məsələdə hakimiyyət və xalqla birlik nümayiş etdirdi. Bu bəyanat Azərbaycanda yaşanan siyasi birliyin təcəssümü olmaqla yanaşı, həm də siyasi mövqeyinə baxmayaraq mütləq çoxluğun vahid amal ətrafında birləşməsinin əyani göstəricisi idi. Ermənistanın işğalçı siyasətinin şiddətlə qınandığı bəyanatda siyasi partiyalar qələbə uğrunda Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarını yüksək səviyyədə bəyan etdilər.

Bu gün hər kəs "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarını əsas tutaraq torpaqlarımızın düşməndən təmizlənməsi prosesinə əməli töhfəsini verməyə çalışır. Bu günlərdə yeniyetmələrdən tutmuş ahıl insanlaradək hamının əlinə silah alaraq cəbhəyə yollanmağa hazır olduğunu bildirməsi də hərbi-psixoloji üstünlüyün əldə edilməsi baxımından vacib məqamlardandır. Dövlət başçısının qismən səfərbərlik elan edilməsi barədə sərəncamına müvafiq olaraq əli silah tutan minlərlə insanın, o cümlədən gəncin cəbhəyə yollanması cəmiyyətdə döyüş və qələbə əzminin yüksək olduğunu göstərir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin hərbi əməliyyatların dayandırılması üçün konkret şərtlər irəli sürməsi, Ermənistanın bu şərtlərə əməl etməyəcəyi təqdirdə ərazi bütövlüyümüzün güc yolu ilə bərpa ediləcəyi barədə qətiyyərli fikirləri xalqımızda ruh yüksəkliyi yaradır. Hər kəs ürəkdən əmindir ki, Azərbaycanın işğal altında olan bütün ərazilərinə öz üçrəngli bayrağını sancacağı, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıdacağı gün uzaqda deyil.

Vətən müharibəsində qələbə bizimlədir!

 

Qüdrət KƏRİMOV,

"Xəzər” QSC-nin sədri,

iqtisad elmləri doktoru

 

Azərbaycan.- 2020.-9 oktyabr.- S.1; 5.