Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında videokonfrans keçirilib

 

Oktyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası arasında birgə videokonfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, videokonfransda çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərindən danışıb. Bildirib ki, bu tədbir Azərbaycan-Türkiyə qardaşlığının ifadəsidir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında münasibətlər yüksək səviyyədə inkişaf edib.

Əli Əhmədov qeyd edib ki, ölkəmiz öz torpaqlarını Ermənistanın işğalından azad etmək uğrunda mübarizəyə başladıqdan sonra artıq bütün dünya Azərbaycanla Türkiyənin sarsılmaz qardaşlığından danışır. Eyni zamanda, bu dostluq və qardaşlıq Azərbaycanın ədalətli mübarizəsinə çox böyük mənəvi dəstək verir.

YAP sədrinin müavini Azərbaycan Prezidenti İlham Əliyevin münaqişənin həlli ilə bağlı prinsipial mövqeyini bir daha diqqətə çatdırıb, bu məsələdə birmənalı dəstəyinə görə Türkiyə dövlətinə və xalqına təşəkkürünü bildirib. Qeyd edib ki, bu gün Azərbaycan öz torpaqlarının işğaldan azad olunması uğrunda ədalətli savaşa başlayıb. Azərbaycanın hər bir vətəndaşı istəyir ki, 30 il işğal altında olan torpaqları azad etsin. Ərazilərimiz işğaldan azad olunur və Azərbaycan bayraqları bu torpaqlarda dalğalanır. Bu savaş bütün ərazilərimiz azad edilənə, sərhədlərimiz bərpa olunana qədər davam edəcək. Ölkədə bütün xalqımız, o cümlədən bütün siyasi partiyalar, QHT-lər Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Dünya getdikcə Azərbaycanın haqq işini daha geniş hiss edəcək. Azərbaycanın və Türkiyənin apardığı işlər nəticəsində biz buna nail oluruq. 30 il ərzində bu münaqişənin sülh yolu həllini gözləmişik”.

Ötən illər ərzində ATƏT-in Minsk qrupunun və həmsədrlərin münaqişənin həlli və işğal altındakı torpaqların azad edilməsi üçün lazımi işləri görə bilmədiklərini deyən YAP Sədrinin müavini qeyd edib: “Azərbaycan öz haqq işi uğrunda mübarizə aparır. Bu mübarizə Qafqaza sülh gətirəcək. Türkiyə haqqın və ədalətin yanındadır. Qarabağı işğaldan azad etməklə Azərbaycan Qafqazda sülhün və əmin-amanlığın bərqərar olmasına töhfələrini verir. Ümid edirəm ki, döyüşlər başa çatanda işğaldan azad olunan Qarabağda YAP və AKP-nin birgə toplantısını keçirəcəyik. Azərbaycanda hər kəs bu savaşın böyük qələbə ilə başa çatması arzusu ilə yaşayır. OrdumuzPrezidentimiz bu böyük qələbə üçün lazım olan bütün tədbirləri görür. Türkiyə cəmiyyətində də hər kəs Qarabağ savaşından danışır. Onu da qeyd etmək istəyirəm ki, münaqişənin nizamlanması üçün vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu ötən illər ərzində özünü doğrultmadı. Buna görə də münaqişənin həlli üçün yeni format tapılmalı və Türkiyə bu prosesdə fəal iştirak etməlidir. Çünki zaman göstərdi ki, problemin həllinə regiondan uzaqda olan dövlətlər deyil, məhz region ölkələri böyük töhfələr verə bilər. Bu baxımdan, Türkiyənin rolu xüsusi qeyd edilməlidir”.

Türkiyə bütün qəlbi ilə Azərbaycan dövlətinin və xalqının yanındadır. Bütün beynəlxalq təşkilatlarda sona qədər Azərbaycana dəstək göstərəcəyik.

Bu fikirləri isə Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Numan Kurtulmuş çıxışı zamanı söyləyib. N.Kurtulmuş bildirib : “Türkiyə dövləti olaraq Azərbaycana qətiyyətli dəstəyimizi ifadə edirik. Türkiyə sonadək Azərbaycan xalqının və dövlətinin yanında olacaq. “Bir millət, iki dövlət” şüarını təkcə sadəcə söz olaraq söyləmirik. Azərbaycana ən kiçik zərbə dəydiyi zaman bizim bütün vətəndaşlarımız bunu özündə hiss edir. Türkiyə Azərbaycanın haqlı savaşında sona qədər onun yanında olacaq. Bu dəstəyi partiyalar səviyyəsində göstərmək, Yeni Azərbaycan Partiyası ilə AKP arasında əməkdaşlığı genişləndirmək üçün indiki konfransı keçiririk. Azərbaycanın haqlı mübarizəsində onu dəstəkləyirik. Bu məsələdə bəzi ölkələr də Azərbaycanın mövqeyini dəstəkləyib. Dağlıq Qarabağ münaqişəsində işğalçı tərəf Ermənistandır. Bir sıra Avropa ölkələrində diaspor vasitəsilə Dağlıq Qarabağ probleminin həllinə mane olan ölkə də Ermənistandır. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından bütünlüklə çəkilməlidir. Azərbaycan öz torpaqları uğrunda mübarizə aparır. Azərbaycan Ordusu dünyanın gözü önündə bu hədəflərə doğru irəliləyir, işğalçılara göz açmağa imkan vermir. Diləyimiz Qarabağın işğaldan azad olunmasıdır”.

Türkiyənin Azərbaycanın haqq işini bütün platformalarda dilə gətirdiyini, dünya ictimaiyyətinin Ermənistanın işğalçı olduğunu bildiyini vurğulayan AKP rəsmisi söyləyib: “Atəşkəsdən bəhs etsələr də, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsindən danışmırlar. Bu, qəbulolunmazdır. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir, münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri icra edilməlidir. Ona görə də işğalçıya təzyiqlər göstərmək lazımdır. Biz Türkiyə olaraq bütün dünyaya başa salmağa çalışırıq ki, bu regionda sülhsabitliyin təmin olunması üçün erməni işğalına son qoyulmalıdır. Biz Qafqazda münaqişə istəmirik. Azərbaycanın tarixi torpağı olan Qarabağ işğaldan azad edildikdən sonra bölgədə davamlı sülh təmin olunacaq. Türkiyə olaraq bu regionda bütün xalqların sülh şəraitində yaşamasını istəyirik”.

Numan Kurtulmuş qeyd edib ki, Ermənistan PKK və digər terrorçuları Dağlıq Qarabağdakı döyüşlərə cəlb edir. Bu isə yolverilməzdir. “Qarabağın işğalı 30 ildir davam edir. Bu 30 illik müddətdə ATƏT-in Minsk qrupunun problemin həlli üçün ciddi təşəbbüsləri olmadı. Azərbaycanın haqlı mübarizəsi də buna görədir. İnşallah. azərbaycanlı qardaşlarımız bu savaşda zəfər çalacaqlar. Haqq mübarizəsində şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm”, - deyə o vurğulayıb.

Milli Məclisin Azərbaycan - Türkiyə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Türkiyənin Azərbaycanın haqq işinə dəstəyinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini deyib. O bildirib ki, bu amil Azərbaycanın haqlı mübarizəsinin beynəlxalq birliyə çatdırılmasında da mühüm rol oynayacaq. Ə.Əmiraslanov cəbhədə vəziyyətin gərginləşdiyi gündən etibarən türkiyəli həmkarları ilə daim təmasda olduqlarını da diqqətə çatdırıb.

TBMM-nin Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım isə çıxışında bildirib ki, işğalçı Ermənistan Azərbaycan torpaqlarından çıxmalıdır. Əks halda, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün sonadək mübarizə aparacaq. Şamil Ayrım qeyd edib ki, hazırkı şəraitdə Azərbaycanda müşahidə olunan milli birlik qürurvericidir. Onun fikrincə, bu birlik sayəsində Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad edəcək və bu məsələdə Türkiyə daim qardaş ölkənin yanındadır.

Dostluq qrupunun rəhbəri bu günlərdə Türkiyənin Xarici İşlər naziri ilə birlikdə Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olduğunu deyibbu görüşlə bağlı təəssüratlarını bölüşüb. O, həmçinin hər gün azərbaycanlı həmkarları ilə əlaqə saxlayaraq, cəbhədəki vəziyyətlə maraqlandığını söyləyib. “Ermənilərin dinc insanları atəşə tutması vəhşilikdir”, - deyən Ş.Ayrım zəfərin Azərbaycanın yanında olacağına əminliyini bildirib.

Türkiyə dövlətinin Azərbaycana dəstəyi birmənalıdır.

Bu fikri isə videokonfransda çıxışı zamanı Ədalət və İnkişaf Partiyasının baş katibi, deputat Fatih Şahin deyib. Deputat bildirib: “Azərbaycanın tarixi torpağı olan Qarabağı işğalçılardan azad etmək hüququ var. Bu yolda Türkiyə xalqı öz dəstəyini hər zaman ifadə edib. AKP və YAP olaraq sıx əlaqələrimiz var. Hesab edirəm ki, indiki məqamda əlaqələrimizi daha da gücləndirməliyik. Bizim birliyimiz dövlətlərimizin birliyinin daha da güclənməsinə xidmət edir. Biz Azərbaycanın haqq savaşında qalib gələcəyinə inanırıq”.

AKP-nin Vətəndaş cəmiyyəti və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, deputat Jülide Sarıeroğlu çıxışında türk xalqının dualarının Azərbaycanla olduğunu söyləyib. O deyib: “İnanıram ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsi qələbə ilə başa çatacaq. Bu yolda Azərbaycan Ordusuna dualarımızla dəstək veririk”.

Sonra çıxış edən AKP-nin tanıtım və media şöbəsinin müdiri, deputat Mahir Ünal deyib ki, Qarabağın işğal altında olması qəlbimizdə bir yara idi. “Xocalı faciəsinin yarasını ürəyimizin dərinliyində hiss edirik. Bu gün isə gəldiyimiz nöqtə odur ki, tezliklə haqq öz yerini tapmalıdır. Bu gün Azərbaycan Ordusu Qarabağın işğaldan azad edilməsi yolunda zəfərlər qazanmaqdadır. Bu zəfərlər təkcə Azərbaycanda deyil, Türkiyədə, eləcə də bütün İslam coğrafiyasında coşqu yaratmaqdadır. Biz Türkiyə, AKP olaraq Azərbaycanın ədalətli mübarizəsinə daim dəstək veririk. Bu dəstəyi beynəlxalq media müstəvisində də göstəririk. Hesab edirik ki, Qarabağ probleminin həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir”, - deyə Mahir Ünal vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova çıxışında bildirib ki, hazırkı məqamda Türkiyənin dəstəyi torpaqlarımızın işğaldan azad edilməsi işində xalqımızın mənəvi gücünü artırır. ATƏT-in Minsk qrupunun fəaliyyətinə münasibət bildirən B.Muradova Prezident İlham Əliyevin bu qurum haqqında fikirlərini də xatırladıb. O deyib ki, artıq Minsk qrupunun heç bir perspektivi yoxdur. B.Muradovanın fikrincə, Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə digər münaqişələrin həlli üçünyol xəritəsi göstərir. Bununla da beynəlxalq müstəvidə sülhə və təhlükəsizliyə töhfə vermiş oluruq.

Milli Məclisin İntizam Komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov isə çıxışında Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədərimiz isə bizim kədərimizdir” kəlamını xatırladıb. Azərbaycanla Türkiyənin qardaşlığının sarsılmaz olduğunu söyləyən E.İbrahimov hazırkı məqamda bu qardaşlığın təntənəsini yaşadığımızı söyləyib. O, əmin olduğunu bildirib ki, Azərbaycanın başladığı mübarizə torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnəcək.

 

Azərbaycan.- 2020.-9 oktyabr.- S.1-2.