“Siz Paşinyandan
soruşmalısınız onun əsgəri orada nə edir?”
Prezident İlham Əliyev
"Sky News” televiziya kanalına müsahibəsində
jurnalisti ədalətli olmağa səslədi
Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Sky News” televiziya kanalında müsahibəsi yayımlanıb.AZƏRTACmüsahibəni təqdim edir.
-Skynews-a müsahibə verməyə razılaşdığınız üçün çox sağ olun Prezident Əliyev. Fransa prezidenti bu günlərdə atəşkəsin razılaşdırılacağına və Sizin danışıqları bərpa edəcəyinizə əmin kimi görünür. Bunun başvermə ehtimalı varmı və hansı şərtlər əsasında?
-Bu, Ermənistanın mövqeyindən asılıdır. Azərbaycan həmişə danışıqlar prosesini dəstəkləmişdir. Səmimi söyləsəm, ATƏT-in Minsk qrupunun yaradılmasından bəri 28 il müddətində biz danışıqlarda iştirak edirik. Bizim ümidlərimiz var idi və indi də ümidlərimiz var ki, danışıqlar irəliləyişə və münaqişənin siyasi həllinə gətirib çıxaracaqdır. Lakin əfsuslar olsun ki, Ermənistanın mövqeyi əksinə idi. Onlar danışıqlardan bu prosesi sonsuz etmək üçün yalnız bir bəhanə kimi istifadə edirdilər. Başqa sözlə, onlar həmişə status-kvonu möhkəmləndirmək, status-kvonu dəyişməz olaraq saxlamaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və danışıqlar masasında olan və ATƏT-in Minsk qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərə əsasən qaytarmalı olduqları torpaqları qaytarmamağı istəyirdilər. Buna görə ümid edirəm ki, Ermənistan döyüş meydanında bu acı məğlubiyyətlə üzləşəndən sonra onlar daha məntiqli olacaq və vasitəçilərin məsləhətlərinə qulaq asacaqlar, danışıqlar masasında səmimi olacaqlar. Danışıqlar münaqişənin siyasi həllinə və işğal olunmuş ərazilərin boşaldılmasına gətirib çıxarmalıdır.
-Biz hansı ərazilərdən danışırıq? Biz, sadəcə, Dağlıq Qarabağdan danışırıq, yoxsa onların təhlükəsizlik zonası adlandırdıqları işğal olunmuş yeddi Azərbaycan rayonundan danışırıq? Çünki aydındır ki, Siz bu torpaqların hamısını geri ala bilməyəcəksiniz.
-Bizim ərazi bütövlüyümüz bütün dünya tərəfindən tanınır. Bütün ölkələr Dağlıq Qarabağın da daxil olduğu Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistanın mövqeyi, əslində, yenə də bir bəhanə idi ki, onlar Dağlıq Qarabağın ətrafında olan bu yeddi rayonu özlərinin təhlükəsizlik zonası adlandıraraq onları işğal altında saxlamaq üçün bir bəhanə kimi istifadə edirdilər. Lakin bu günün toqquşmaları göstərir ki, müasir dünyada təhlükəsizlik zonası yoxdur. Müasir hərbi avadanlıq hətta uzun məsafələrə belə təhlükəsizliyi təmin etmir. Təhlükəsizlik siyasi yollarla təmin olunmalıdır. Buna görə biz həmişə deyirdik ki, siyasi həll bütün tərəflər üçün - azərbaycanlılar, ermənilər, ərazidə yaşayan digər millətlər üçün təhlükəsizlik qarantiyalarını təmin edəcək. Ermənistanın dəstəkləməkdən imtina etdiyi əsas prinsiplərdə torpaqların açıq-aydın necə geri qaytarılacağı göstərilir. Birinci mərhələdə Dağlıq Qarabağın cənub-şərq tərəfində yerləşən beş Azərbaycan rayonu, sonra Dağlıq Qarabağ və Ermənistan arasında yerləşən iki Azərbaycan rayonu qaytarılmalıdır. Sonra azərbaycanlılar Dağlıq Qarabağa qayıdırlar. Dağlıq Qarabağda 25 faiz azərbaycanlı əhali olub, onların da hüquqları təmin edilməlidir. Onlar yaşadıqları yerə - qədim Şuşa şəhərinə və digər yerlərə qayıdırlar və biz normal kommunikasiyaları bərpa edirik. Biz xalqlar arasında təmasları bərpa edirik. Mən əminəm ki, insanlar yavaş-yavaş barışacaqlar. Bu, vasitəçilərin planıdır və biz bunu dəstəkləyirik.
-25 faiz azərbaycanlı əhalinin Dağlıq Qarabağa qayıtmasına icazə verilsə, siz Dağlıq Qarabağın müstəqilliyini tanıyarsınız?
-Xeyr. Heç vaxt. Bu məsələ heç vaxt danışıqlar masasında olmamışdır. Bizim mövqeyimiz çox aydın idi ki, Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq. Çünki bu, bizim qədim torpağımızdır. Dağlıq Qarabağın tarixi indi yaxşı məlumdur. İkincisi, bu, Azərbaycanın tərkib hissəsidir və biz kiçik sayda olan insanlara nəyə görə müstəqillik verməliyik? Azərbaycan dünyadakı bütün ölkələr kimi multietnik ölkədir. Milli azlıqlar Azərbaycanda və dünyanın bir çox ölkələrində sülh və ləyaqət içində yaşayırlar. Milli azlıq olmaq o demək deyil ki, sizin ayrılmağa, separatizmə hüququnuz var. Separatizm beynəlxalq ictimaiyyət üçün böyük təhlükədir və dünyanın bütün ölkələri separatizmi qınayır. Bizə qarşı edilənlər Dağlıq Qarabağdakı ermənilərin separatizmi və Azərbaycana qarşı Ermənistan dövlətinin hərbi təcavüzü idi. Bu da bizim indi üzləşdiyimiz vəziyyətə gətirib çıxarıb. İşğal, bir milyon azərbaycanlı köçkün, azərbaycanlılara qarşı etnik təmizləmə, dağıdılmış şəhər və kəndlər. İndi biz ərazilərimizi azad etdikdə orada baş verənlərə dair videolar mövcuddur. Hər şey məhv edilib, sanki Stalinqraddır, İkinci Dünya müharibəsindən sonra Stalinqradın vəziyyətindən daha da pisdir.
-Lakin Siz regionun paytaxtı olan Stepanakertə qarşı
elə bunu edirsiniz. Siz bunu Şuşaya qarşı edirsiniz,
hansı ki, dünən bir yox, iki dəfə atəşə
tutulmuşdur. Oradakı kilsəyə iki dəfə
zərbə vurulmuşdur və açıq-aydın idi ki,
orada mülki şəxslər və jurnalistlər özlərinə
sığınacaq tapmışdılar.
-Birincisi,
bu Ermənistan tərəfindən təxribat idi. Biz heç vaxt keçmişdə belə şeylər
etməmişik. Bizdə Bakının mərkəzində
erməni kilsəsi var. Siz buraya gələ və ya kimisə
göndərə bilərsiniz....
-Xeyr,
xeyr. Ermənilər öz kilsələrini atəşə
tutmazlar ki? Bu, necə ola bilər?
-Bu, bizi
belə tərzdə təqdim etmək üçün
çox güman ki, onların təxribatıdır. Lakin mən sizə deyə bilərəm ki, onlar
bizim şəhərləri atəşə tuturlar. Ermənistanın bombardmanı nəticəsində
31 nəfər mülki şəxsimizin öldüyünü
bilirsinizmi? 170 yaralı var və mindən çox ev tamamilə dağıdılıb və ya
onlara ziyan dəyib və bu da Ermənistanın bizim mülki
şəxslərimizə qarşı hücumu nəticəsində
olub. Onlar ballistik mərmilərdən istifadə
edirlər. Ballistik mərmilərdən.
-Lakin Siz bunu Dağlıq Qarabağda öz mərmilərinizlə
edirsiniz. Sizin
çox müasir dron texnologiyanız var ki, o, Sizə
hədəf aldıqlarınızı dəqiqliklə
görməyə imkan verir. Beləliklə, niyə
görə mülki obyektlərə zərbə vurulur?
-Xeyr,
xeyr. Biz heç vaxt mülki şəxslərə
hücum etmirik. Bizim Dağlıq
Qarabağ ərazisində etdiklərimiz ondan ibarətdir ki,
biz onların tanklarını, silahlarını, artilleriya
sistemlərini hədəfə almışıq və həmçinin
biz onların hərbi infrastrukturunu hədəf
almışıq. Bu hərbi infrastrukturun
bəzən şəhər mərkəzində yerləşməsi
bizim günahımız deyil. Lakin biz
heç vaxt qəsdən mülki şəxsləri hədəf
almamışıq. Bəli, bizim müasir
silahlarımız var, lakin onların heç də
hamısı müasir deyil. Bəzi səhvlər ola bilər. Ona görə bizim tərəfdən
mülki şəxslərin qəsdən hədəf
alınması heç vaxt baş verməmişdir. Əksinə, təmas xəttinə çox
yaxın yerləşən Tərtər şəhəri
bombardmana məruz qalır. Gündə
şəhərə 2000 mərmi düşür. Demək olar ki, məhv edilib. Heç kim bunun haqqında danışmır. Ona görə xahiş edirəm ki, gəlin, bu məsələdə
ədalətli olaq. Biz bunu
başlamamışıq və bizim mülki şəxsləri
hədəfə almağa ehtiyacımız yoxdur. Bizə ərazilərimiz lazımdır. Müharibə bitdikdən sonra yanbayan
yaşayacağımız mülki şəxsləri niyə
görə hədəfə alaq ki? Dağlıq
Qarabağdakı erməni əsilli insanlar oradakı kriminal
rejiminin girovlarıdır. Əminəm ki,
müharibə bitdikdən sonra onlar bizimlə sülh və ləyaqət
içində yanbayan yaşayacaqlar.
-Siz qeyd
etmisiniz ki, Ermənistanın öz qoşunlarını
çıxarmasını görmək istəyirsiniz. Lakin
Siz, eyni zamanda, onu da söyləmisiniz ki, orada sülhməramlıları
qəbul etməyə hazır deyilsiniz. Onda Siz
erməni həmkarlarınızı necə əmin edə bilərsiniz
ki, bütün torpaqları geri götürməyəcəksiniz?
-Siz mənə
sülhməramlıları görmək istəmədiyimi nə
vaxt söylədiyimi desəniz sizin sualınıza cavab verərəm.
Amma mən bunu heç vaxt deməmişəm.
Bu, yanlış informasiyadır, üzr istəyirəm.
Mən heç vaxt deməmişəm...
-Lakin Siz bu ərazidə sülhməramlıları qəbul
etməyə hazırsınızmı?
-Sülhməramlılar ATƏT-in Minsk qrupu tərəfindən
münaqişənin həlli üçün işlənib
hazırlanmış əsas prinsiplərdə təmin edilən
ünsürlərdən biridir və sülhməramlılarla
bağlı bənd var. Lakin biz bu bəndə
çatmamışıq ki, onu lazımi şəkildə
müzakirə edək, çünki tezdir. Çünki
biz ilk olaraq əsas məsələni - işğalı, ərazilərin
boşaldılmasını həll etməliyik və azərbaycanlılar
oraya qayıdandan sonra əlbəttə ki, sülhməramlılar
gəlməlidirlər. Bu, razılaşma
çərçivəsindədir. Əgər bu, hər
iki tərəfdən imzalansa, onda hər iki tərəf bu
sülhməramlıların kim
olacağını seçəcək. Beləliklə,
biz buna qarşı deyilik. Lakin biz faktiki
olaraq bu bəndlə bağlı danışıqların
aktiv fazasında deyilik.
-Sizin
danışıqlarla bağlı şərtləriniz sonuncu
genişmiqyaslı hərbi əməliyyatlar
başlamamışdan əvvəl dəyişməz olaraq
qaldığı kimi görünür. Mənə
maraqlıdır, əgər danışıqlar əvvəllər
heç vaxt uğurlu olmayıbsa nəyə görə
silahlar indi işə düşüb?
-Bilirsiniz,
danışıqlar 1992-ci ildən aparılır. Həmin vaxtdan bəri sıfır irəliləyiş
olub. Ermənistan həmişə
danışıqları pozmaq üçün bəzi
manipulyasiya alətlərindən istifadə edirdi. Bu il iyuldan başlayaraq onlar bizə qarşı 3
dəfə hərbi hücuma keçdilər. İyulda
onlar Ermənistanla Azərbaycan arasındakı sərhəddə,
Qarabağ regionundan uzaqda bizim mülki şəxslərimizə
və hərbi mövqelərimizə hücum etdilər.
Bu, 4 gün davam etdi, biz onları geri oturtduq.
Onlar ərazi işğal edə bilmədilər
və biz dayandıq, çünki bizim Ermənistan tərəfdə
heç bir hərbi məqsədimiz yoxdur. Avqustun 23-də onlar terror aktı törətmək
üçün diversiya qrupu göndərdilər, qrupun rəhbəri
saxlanıldı və o, ifadə verir. Sentyabrın
sonunda onlar bizim şəhərlərimizi artilleriya
bombardmanına tutdular və günahsız insanları
öldürdülər. Biz cavab verməli
olduq. Biz onları geri oturtmalı idik və
bunu da etdik. Ona görə də biz
danışıqların tərəfdarıyıq. Mən sizə iki misal çəkə bilərəm.
Ötən il Ermənistanın baş
naziri elan etdi ki, "Qarabağ Ermənistandır”. Bu, nə deməkdir? Bu, son deməkdir.
– Mən
ondan bunun nə demək olduğunu soruşdum.
– Nəyi
nəzərdə tuturdu?
- O dedi
ki, bu, o deməkdir ki, IV əsrdən bu yana
orada erməni kilsələri, erməni əhalisi olub. Sovet İttifaqı qurulandan Dağlıq Qarabağda
etnik erməni əhali azərbaycanlılardan daha çox olub.
–
Bilirsiniz, o, yumşaq desək, həqiqəti söyləmir. O
ərazidə ermənilərin məskunlaşması XVIII əsrin
sonunda, XIX əsrin əvvəlində azərbaycanlı
İbrahim xanla rus generalı tərəfindən
imzalanmış Kürəkçay müqaviləsindən
sonra başlayıb. Həmin müqavilə nəticəsində
Qarabağ xanlığı Rusiyanın bir hissəsi oldu və
Rusiya başladı...
- Üzr
istəyirəm.
– Bu, məhz
belə olub. Ermənilər Dağlıq
Qarabağa belə gəliblər. Bu, cəmi
iki əsrdən azdır. O, IV əsrdən
danışır.
– Siz bu əsrin
əvvəlindən hakimiyyətdəsiniz və bu məsələ
ilə bağlı heç bir irəliləyiş yoxdur. Erməniləri günahlandırmaq asandır, lakin
Siz siyasi cəhətdən bunu həll edə bilmədiyiniz
üçün əsgərlərinizin indi cəbhə xəttində
öldüyünə görə şəxsən öz
üzərinizə məsuliyyəti
götürürsünüzmü?
– Bizim əsgərlərimiz
öz torpağımız uğrunda həlak olurlar. Bizim əsgərlərimiz tarixi və beynəlxalq səviyyədə
tanınmış Azərbaycan torpağında həlak
olurlar. Erməni əsgərlər
hansı torpaqda ölürlər? Onlar
Füzulidə ölürlər, Cəbrayılda ölürlər,
onlar digər Azərbaycan ərazilərində ölürlər.
Onların orada nə işləri var? Siz Paşinyandan soruşmalısınız onun əsgəri
orada nə edir? Qondarma "Dağlıq
Qarabağ ordusu”nun 90 faizi Ermənistan vətəndaşlarından
ibarətdir. Onlar bizim
torpağımızdadırlar. Xəritəyə
baxmaq kifayətdir. Bizim üçün
bu, Vətən Müharibəsidir. Biz
özümüzü müdafiə edirik. Biz
öz ərazi bütövlüyümüzü bərpa etmək
istəyirik ki, bir milyon köçkünün geri
qayıtmasına imkan yaradaq. Bizim etdiyimiz
budur. Biz 28 il idi səbirlə
inanırdıq ki, danışıqlar irəliləyişə
gətirib çıxaracaq. Nəticədə
hazırkı vəziyyət yarandı. Biz
təcavüzkarı geri oturdub cəzalandıranda, bilirsiniz
ki, siyasi cəhətdən hücuma məruz qaldıq. Mən əsas prinsipləri qəbul etdim, Paşinyan
isə rədd etdi. Mən Ermənistanla Azərbaycan
arasında olan danışıqların formatını qəbul
edirəm. Paşinyan isə deyir ki, yox, Azərbaycan
Dağlıq Qarabağla danışıqlar
aparmalıdır. Bu, təkcə mənim
tərəfimdən deyil, Minsk qrupu tərəfindən də
qəbuledilməzdir. Beləliklə,
hazırda baş verənlərə görə onu
günahlandırmaq lazımdır.
– Fransızlar
və ruslar deyirlər onlarda kəşfiyyat məlumatı var
ki, Sizin cəbhə xəttində
suriyalı muzdlulardan istifadə olunur. Siz bunu qəti
şəkildə inkar edirsiniz?
– Tamamilə
qəti şəkildə. İndiyə kimi mənə
bu kəşfiyyat məlumatını təsdiqləyən bir
sənəd belə təqdim olunmayıb. Qoy
onlar bu kəşfiyyat materialını mənə göstərsinlər.
Bu ittihamlar səsləndiriləndən sonra
bizim kəşfiyyat nümayəndələri təmaslar
qurdular. Öz həmkarları ilə bu təmaslar
zamanı heç bir dəlil təqdim olunmadı. Əgər dəlil varsa, niyə qəzetlərdə
yoxdur, niyə sizin kanalınızda yoxdur? Bu
dəlil haradadır? Göstərin onu mənə.
Dəlil yoxdur. Bizim muzdlulara
ehtiyacımız yoxdur. Bizim yaxşı
hazırlanmış, yaxşı təlim keçmiş
yüz min döyüşçümüz var. Bizim müasir
avadanlığımız var. Bizim öz
torpağımızı azad etmək üçün
bütün lazımi hərbi komponentlərimiz var. Bizim
etdiyimiz məhz budur. Bu, feyk xəbərdir.
– Sonuncu
sual. Siz bu mərhələdə
danışıqlara yenidən başlamaq üçün
masaya hansı xoşməramlı jestlə gələ bilərsiniz?
– Biz artıq bunu etdik. Yeri gəlmişkən, kimin danışıqların əleyhinə olması ilə bağlı sizə bir söz də deyə bilərəm. Hələ bu müharibə başlamazdan əvvəl Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Minsk qrupunun həmsədrləri ilə görüşmək üçün Cenevrəyə dəvət olunmuşdular. Ermənistanın xarici işlər nazirinin oktyabrın əvvəlində səfər edəcəyi gözlənilirdi, bizim xarici işlər nazirinin oktyabrın 8-də səfər edəcəyi gözlənilirdi. Beləliklə, Ermənistanın xarici işlər naziri buna məhəl qoymadı, getmədi. Bizim xarici işlər naziri dünən Cenevrədə həmsədrlərlə görüş keçirdi. Biz Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüşün Rusiyada təşkil olunması ilə bağlı Rusiyadan təklif alanda razılaşdıq. Beləliklə, bizim xarici işlər naziri bir saat əvvəl Moskvaya çatıb. O, rusiyalı həmkarı ilə görüşəcək, mən proqramın necə olacağını, onun Ermənistanın naziri ilə görüşüb-görüşməyəcəyini bilmirəm, lakin o, oradadır. Biz sülh yolu ilə həll istəyirik, amma həll. Biz həll istəyirik, imitasiya yox, daha 30 il ərzində boş sözləri yox, praktiki addımları, vaxt cədvəlini, insanlarımızın evlərinə nə vaxt qayıdacağını, onlar üçün təhlükəsizlik zəmanətinin nədən ibarət olacağını və bizim necə barışacağımızı bilmək istəyirik. İki millət barışmalıdır. Biz qonşuyuq. Biz əbədi olaraq düşmənçilik şəraitində yaşaya bilmərik. Bu, dayandırılmalıdır. Lakin tarixi həqiqət və beynəlxalq hüquq əsasında dayandırılmalıdır.
-Dağlıq Qarabağda fəaliyyət göstərən jurnalistlərlə bağlı sual. Sizin sözçünüz deyib ki, onlar Azərbaycan ərazilərində qanunsuz olduqlarına görə hədəf obyektləridir. Siz də belə hesab edirsiniz?
– Bizim mövqeyimiz çox ədalətli və aydındır. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bizim mövqeyimiz ondan ibarətdir ki, əgər hər hansı əcnəbi vətəndaş, - təkcə jurnalist deyil, - Dağlıq Qarabağa səfər etmək istəyirsə xahiş edirik bizə məlumat versin. Biz hər hansı xüsusi münasibət gözləmirik. Sadəcə olaraq, bizə məlumat verin ki, belə bir şəxs səfər etmək istəyir. Bizdə belə bir məlumat olanda, ərazi bütövlüyümüzə belə bir hörmət əlaməti olanda, biz heç vaxt etiraz etmirik. Bu prosedur olmadan oraya gedənlər Xarici İşlər Nazirliyimizin qara siyahısına salınır və onların Azərbaycana girişinə qadağa qoyulur. Əgər həmin adamlar bizim xarici işlər nazirinə məktub yazırlarsa ki, biz səhv etmişik və ya gələn dəfə sizə məlumat verəcəyik, biz onları qara siyahıdan çıxarırıq. Bu, ədalətlidir. Bizim ehtiyacımız olan yeganə şey hörmətdir. Ona görə də mən fürsətdən istifadə edərək hadisələri işıqlandırmaq üçün oraya səfər etmək istəyən jurnalistlərə mesaj vermək istərdim. Xahiş edirəm e-mail vasitəsilə bizim Xarici İşlər Nazirliyimizə məlumat verin və oraya gedin. Heç bir problem yoxdur.
– Yəni, Siz onları hədəfə almayacaqsınız?
– Biz heç vaxt belə etmirik, heç vaxt. Niyə də etməliyik? Biz jurnalistlərin gəlməyində maraqlıyıq. Mən hər gün televiziyadayam, hər gün müsahibələr verirəm, çünki biz mövqeyimizi çatdırmaq istəyirik, gördüyümüz işi diqqətə çatdırmaq istəyirik. Biz təcavüzkar deyilik, biz təcavüzə məruz qalmışıq. Təcavüzkar Ermənistandır. Biz ərazilərin geri qaytarılmasını istəyirik. Bu qədər.
– Prezident Əliyev, bu gün bizimlə söhbət etdiyinizə görə təşəkkür edirəm.
– Çox sağ olun.
Azərbaycan.-2020.- 10 oktyabr.- S.1-2.