Baş prokuror Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi
hərbi cinayətlərlə əlaqədar həmkarlarına
müraciət edib
Ermənistanın Azərbaycan Respublikasının mülki əhalisinə qarşı müxtəlif cinayətlər törətməsi və həmin cinayətlərdə xarici ölkələrdən gətirilmiş muzdluların iştirak etməsinə dair Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən mühüm sübutlar əldə olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, baş vermiş hadisələrlə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən həmkarlarına həm birbaşa, həm də diplomatik kanallarla rəsmi müraciət edilib.
Bəyanatda bildirilir: “Məlum olduğu kimi, sentyabrın 27-dən etibarən təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək, Cenevrə Konvensiyaları və ümumilikdə beynəlxalq hüquqdan irəli gələn müvafiq öhdəliklərini kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri, hətta döyüş bölgələrindən kənarda yerləşən Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Abşeron və Xızı rayonlarını ağır silahlardan atəşə tutmağa davam edir. Bu günədək Ermənistanın hərbi təcavüzü nəticəsində 3-ü uşaq, 9-u qadın olmaqla 31 mülki şəxs həlak olub, 164 mülki vətəndaş ağır yaralanıb, ümumilikdə 1054 yaşayış evi, 142 mülki obyekt, 45 çoxmənzilli bina dağıdılıb. Azərbaycan Respublikasının silahlı qüvvələri tərəfindən erməni təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq humanitar hüquqa tam riayət etməklə səmərəli əks-hücum və adekvat cavab tədbirləri həyata keçirilməkdədir.
Azərbaycan Ordusunun təsirli cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri əhəmiyyətli sayda canlı qüvvə itkisi ilə üzləşdiyinə görə ölkənin hərbi-siyasi rəhbərliyinin çağırışı əsasında xarici ölkələrdə yaşayan erməni diasporu tərəfindən muzdluların Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı döyüşmək məqsədilə Dağlıq Qarabağa göndərilməsi təşkil olunur. Bu hərəkətlər beynəlxalq hüquq normalarına zidd olmaqla, eyni zamanda, Azərbaycanın və xarici dövlətlərin qanunvericiliyə əsasən cinayət hesab olunur və beynəlxalq təhlükəsizliyin pozulmasına şərait yaradan təhlükəli amildir.
Bildirirəm ki, artıq iki faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, hazırda istintaq əməliyyat tədbirləri davam etdirilməklə həmin şəxslərin vətəndaşı olduqları ölkələrin səlahiyyətli qurumlarına hüquqi yardım haqqında sorğular göndərilib.
Bundan başqa, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ölkəmizin işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslərə qarşı kəsərli cinayət-hüquqi tədbirlərinin tətbiqi davam etdirilir.
Qeyd
olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının
Baş Prokurorluğu adından bir daha bəyan və xəbərdar
edirəm ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi,
silahlı qüvvələrinin, xaricdə fəaliyyət
göstərən diaspora təşkilatlarının, habelə
qondarma rejimin çağırışları əsasında
Dağlıq Qarabağa gəlib döyüşlərdə
iştirak edən muzdlulara, həmçinin Azərbaycan
Respublikasının işğal olunmuş ərazilərində
qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul
olan fiziki və hüquqi şəxslər barəsində beynəlxalq
hüquq normaları və Azərbaycan Respublikasının
qüvvədə olan cinayət qanunvericiliyi çərçivəsində
kəsərli tədbirlərin görülməsi təmin
ediləcək.
Bu
cür qanunsuz əməllərin qarşısının
alınması məqsədlə xarici dövlətlərin səlahiyyətli
orqanlarını təsirli, preventiv və təxirəsalınmaz
tədbirlərin görülməsinə qətiyyətlə
çağırıram”.
Azərbaycan.-2020.- 10 oktyabr.- S.3.