Qoşulmama Hərəkatının virtual formatda nazirlər iclası keçirilib

 

Oktyabrın 9-da Qoşulmama Hərəkatının virtual formatda nazirlər iclası keçirilib. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Xarici İşlər nazirinin müavini Araz Əzimovun sədrliyi ilə keçirilmiş iclasda Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər nazirləri, nazir müavinləri və BMT yanında daimi nümayəndələri iştirak ediblər.

İclasın əvvəlində Xarici İşlər naziri Ceyhun Bayramovun videobəyanatı səsləndirilib. Bəyanatda nazir Qoşulmama Hərəkatının əsasını təşkil edən Bandunq Prinsiplərinin qəbul edilməsindən keçən 65 il ərzində bu prinsiplərin beynəlxalq münasibətlərdə ədalətliliyi təşviq etdiyini, sülh və təhlükəsizliyə artan təhdidlər fonunda əhəmiyyətinin daha da artdığını qeyd edib.

Nazir Ermənistanın beynəlxalq hüququn prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinə zidd olaraq ölkəmizin ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlaması faktı və bu ərazilərin ilhaqı üçün apardığı qanunsuz fəaliyyətlər barədə məlumatları iclas iştirakçılarının diqqətinə çatdırıb.

Ermənistan silahlı qüvvələri tərəfindən 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Azərbaycana qarşı törədilən növbəti hərbi təcavüz və buna cavab olaraq Azərbaycan silahlı qüvvələri tərəfindən həyata keçirilən qətiyyətli əks-hücum tədbirləri barədə məlumat verən nazir Ermənistan tərəfindən Azərbaycanın silahlı qüvvələri ilə yanaşı, beynəlxalq humanitar hüquqa zidd olaraq mülki əhali və mülki obyektlərin də hədəf alındığını diqqətə çatdıraraq, hücum nəticəsində Azərbaycanın mülki şəxsləri arasında çoxsaylı itkilərin qeydə alındığını, mülki obyektlərə ciddi ziyan vurulduğunu qeyd edib.

Nazir Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən mülki əhaliyə və mülki infrastruktura məqsədyönlü hücum etməklə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulduğu bir şəraitdə dünya ictimaiyyəti tərəfindən Azərbaycanla həmrəylik ifadə edilməsinin hər zamankından daha vacib olduğunu qeyd edib.

Daha sonra iclasın “Bütün cəbhə boyu Azərbaycan Respublikasının silahlı qüvvələrinin mövqeləri və mülki yaşayış məntəqələrinə qarşı Ermənistan Respublikası tərəfindən silahlı hücum” adlı bəndi altında Qoşulmama Hərəkatı üzv dövlətləri tərəfindən yekdilliklə Xüsusi Bəyannamə qəbul edilib.

Xüsusi Bəyannamədə Qoşulmama Hərəkatına üzv dövlətlər Ermənistan-Azərbaycan münaqişəsində mülki şəxslər arasında itkilərlə müşayiət olunan toqquşmaların bərpasından narahatlığı ifadə ediblər. Hərəkat üzvləri münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinə prinsipial dəstəklərini bir daha ifadə edərək, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəklərini vurğulayıblar. Üzv dövlətlər Hərəkatın prinsipial mövqeyi əsasında Azərbaycan Respublikası ilə həmrəyliklərini ifadə ediblər.

İclas zamanı Xarici İşlər nazirinin müavini Araz Əzimov Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrlik fəaliyyətinin bir illik hesabatını təqdim edib. Daha sonra Bandunq Prinsiplərinin qəbul edilməsinin 65 illiyi ilə əlaqədar Qoşulmama Hərəkatının COVID-19 pandemiyası daxil olmaqla, hazırkı çağırışlara effektiv və birgə cavabları ətrafında müzakirələr aparılıb və iclasın Siyasi Bəyannaməsi qəbul edilib.

 

Azərbaycan.-2020.- 10 oktyabr.- S.4.