Müxalifət indi
Prezident İlham
Əliyevin birmənalı olaraq
yanındadır
Qüdrət
HƏSƏNQULİYEV: "Azərbaycanın milli
maraqlarını ifadə edən bütün
partiyaların təmsilçiləri Vətən müharibəsində
Ali Baş
Komandanın əsgərləridirlər”
Torpaqlarımızın azadlığı uğrunda başlanan Vətən müharibəsi Ordumuzun qələbələri ilə davam edir. Cəbhənin bütün istiqamətlərində işğal altındakı ərazilərimiz azad edilir. Bu savaş həm də göstərdi ki, Azərbaycanda möhkəm və sarsılmaz milli, o cümlədən siyasi həmrəylik var.
Milli Məclisin deputatı,
Bütöv Azərbaycan Xalq
Cəbhəsi Partiyasının sədriQüdrət Həsənquliyevlə
söhbətimiz də bu barədədir.
Şanlı Ordumuz tarixi vəzifəsini uğurla yerinə yetirməkdədir
Qüdrət Həsənquliyevin sözlərinə görə, sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatından sonra cəbhə xəttində baş verənlər,Ordumuzun əks hərbi əməliyyatlara başlamasının səbəbi Azərbaycan torpaqlarının 30 ildən artıqdır işğal altında qalmasıdır.
BMT Təhlükəsizlik Şurasının hələ 1993-cü ildə qəbul etdiyi 4 qətnamədə Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərini dərhal boşaltması tələb olunsa da, 27 ildir ki, bu, icra olunmur: "Təəssüf ki, nə beynəlxalq təşkilatlar, nə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin danışıqlar yolu ilə həllinə nail olmaq üçün yaradılmış ATƏT-in Minsk qrupu Ermənistana heç bir təzyiq göstərmir. Sanki Minsk qrupunun məqsədi işğalı davam etdirmək və zaman ötdükcə Azərbaycanı elə bir vəziyyətə gətirib çatdırmaqdır ki, bununla barışsın. Yəni respublikamızın başqa yolu qalmasın. Bu gün Azərbaycana çağırışlar edirlər ki, danışıqları davam etdirsin. Amma heç kim Ermənistandan işğalda saxladığı torpaqlardan çıxmasını tələb etmək istəmir.
Ona görə də Ermənistanın növbəti təxribatından sonra ordumuz əks-hücuma keçərək işğal altında olan ərazilərimizin azad edilməsi uğrunda savaşa başlayıb. Şanlı Ordumuz bu tarixi vəzifəsini uğurla yerinə yetirməkdədir. Davam edən döyüşlərdə Ermənistan ordusunasarsıdıcı zərbələr vurulub, torpaqlarımızın bir qismi işğaldan azad edilib. Ermənistanın baş naziri döyüşlərin dayandırılmasına nail olmaq üçün zəng etmədiyi dövlət qalmayıb. Prezident İlham Əliyevin dediyi kimi, dövlət başçılarını da bezdirib”.
Qeyd olundu ki, Azərbaycanın qarşısında hərb meydanında duruş gətirə bilməyən Ermənistan faşist xislətinə sadiq qalaraq Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən şəhər və kəndlərini, mülki insanları atəşə tutur. Hərbi əməliyyatlar başlayandan Ermənistanın Gəncəni, Tərtəri, Ağdamı, Goranboyu və digər şəhər və rayonlarımızı atəşə tuması nəticəsində 30-dan artıq mülki azərbaycanlı həlak olub. Çox təəssüf ki, beynəlxalq təşkilatlar bunu da görməzdən gəlir, Ermənistanın müharibə cinayətləri törətməsinə göz yumurlar.
Lakin bu döyüşlərdə Azərbaycan Ermənistanı layiqincə cəzalandırır, işğalçıya tarixinin ən gözəl dərsini verir. Hesab edirəm ki, Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş şərtlər qəbul olunana qədər əməliyyatlar davam etdirilməli, Ermənistan işğal etdiyi bütün Azərbaycan ərazilərindən çıxarılmalıdır.
İşğalçı ilə ancaq bu şərtlərlə danışmaq lazımdır
Prezident İlham Əliyevin şərtləri barədə ətraflı danışan Qüdrət Həsənquliyev dedi ki, Paşinyan ötən il "Qarabağ Ermənistandır” deməklə ən böyük səhifə yol verdi. Ona görə cənab İlham Əliyev haqlı olaraq Paşinyandan bu ifadəyə görə xalqımızdan üzr istəməsini tələb edir. Eyni zamandaPaşinyan deməlidir ki, Qarabağ Ermənistan deyil. Daha sonra isə hansı qrafiklə işğalçı qüvvələri Qarabağdan çıxarmasına dair təminat verməlidir. Cənab İlham Əliyev bu şərtləri ilə tam haqlıdır, çünki işğalçı ilə ancaq bu cür, bu tonda, bu şərtlərlə danışmaq lazımdır.
Müsahibim onu da qeyd etdi ki, 30 ildən artıqdır ki, azərbaycanlılar doğma yurdlarından didərin, köçkün düşüblər: "Bu illərdə neçə-neçə insan yurd həsrəti ilə dünyadan köçüb. 30 ildə işğal altındakı torpaqlarımız talanıb, məhv edilib. Azad olunmuş torpaqlarımızda çəkilən kadrlardan görünür ki, şəhər və kəndlərimizi vəhşicəsinə viran qoyublar, evlərin daş-divarına qədər söküblər. Alman faşistlərinin etmədiyini erməni faşistləri ediblər. Bütün bunların qarşısında Prezident İlham Əliyevin Paşinyandan Azərbaycan xalqından üzr istəməyi tələb etməsi tamamilə normaldır. Bizim hüququmuz var ki, erməni faşizmi üzərində məhkəmə qurulması üçün bu ölkəni beynəlxalq məhkəməyə verək. Necə ki, alman faşizmi ilə bağlı Nürnberq məhkəməsi qurulmuşdu. Biz onlardan Azərbaycana vurduqları ziyana görə kompensasiya tələb etməliyik. Xüsusi hərbi tribunal yaradılmalı və Azərbaycanda müharibə cinayətlərinə yol vermiş bütün erməni cinayətkarlar layiqli cəzasını almalıdırlar”.
BAXCP sədri Fransa prezidenti E.Makronun ölkəsinin ATƏT-in Minsk qrupunun həmsədri kimi, mandatına zidd olan bəyanatları barədə də fikirlərini bildirdi. Dedi ki, həmin bəyanatlardan sonra Fransa Minsk qrupunun həmsədri olmaqla bağlı mənəvi haqqını tam itirdi: "Əslində Fransanın özü həmsədrlikdən imtina etməlidir. Hüquqda hansı hallarda hakimin özünün özünə etiraz etməsi məsələsi var. Əgər çəkişən tərəflərin birinə yaxınlığı varsa, hakim ədaləti təmin etmək üçün özünə etiraz etməlidir. Ermənistanı müdafiə edən Fransanın isə artıq vasitəçi olmaq haqqı itib. Makron açıq şəkildə ermənipərəst mövqedən çıxış etməklə nəinki özünə, Fransa dövlətinə də hörmət qoymadı. Bu baxımdan dövlət də gərək özünə hörmət qoysun, belə vəziyyətlərdə özünə etiraz etsin. Fransada güclü erməni diasporası var və onlar bir çox siyasətçiləri pul ilə ələ alırlar, bəzilərini seçkilərdə dəstək verəcəkləri ilə şirnikləndirirlər, bəzilərini isə şantaj edirlər. Bu baxımdan Makronun məqsədi əslində erməni diasporasının dəstəyini qazanmaqdır. Azərbaycan ictimaiyyəti bunu qətiyyətlə pisləyir və tələblərimizdən biri də o olmalıdır ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədrliyindən kənara çəkilməlidir”.
Ermənistanın
münaqişəyə üçüncü tərəfi cəlb
etmək niyyəti iflasa uğrayıb
Ermənistanın əsas məqsədlərindən biri üçüncü dövləti münaqişəyə cəlb etmək, o cümlədən KTMT-dən dəstək almaqdır. Bu barədə danışanQüdrət Həsənquliyev dedi ki, Ermənistanın münaqişəyə üçüncü tərəfi cəlb etmək niyyəti iflasa uğrayıb: "Rusiya Ermənistanın hərbi müttəfiqi olsa da, onunla birlikdə KTMT-də təmsil olunsa da, ölkənin rəhbəri bildirdi ki, müharibə Azərbaycanın ərazisində gedir. Əslində Rusiya həm də Ermənistandan tələb etməlidir ki, beynəlxalq hüquqa riayət etsin. Bunu etməsə belə, ən azından Ermənistana açıq formada dəstək vermir və bəyan edir ki, döyüşlər Azərbaycan torpaqlarında gedir. Hazırda Rusiya Ermənistanın, Türkiyə isə Azərbaycanın yaxın hərbi müttəfiqidir. Münaqişə də bu dörd dövlətin iştirakı ilə həllini tapmalıdır”.
BAXCP
sədri onu da qeyd etdi ki, hərbi əməliyyatlar başlamazdan
öncə Ermənistanda ciddi siyasi gərginlik yaranıb. Xüsusən
Qarabağdan olanlarla Paşinyan arasında ciddi
böhran var:"Keçmiş prezidentlərə qarşı
cinayət işlərinin başlanılması, ölkənin
əsas müxalifət partiyalarından olan
"Çiçəklənən Ermənistan”ın sədri
Q.Tsarukyanın həbs olunması Ermənistandankı dərin
siyasi problemlərin göstəricisidir. Məhz
bu gərginliklər səbəbindən
Azərbaycana qarşı hərbi təxribatların törədilməsinə
başlanıldı. Sonuncu təxribat
Q.Tsarukyanın həbs olunmasından iki gün sonra törədildi.
Onun həbsi Ermənistanda çox
ciddi etirazla
qarşılandı. Digər tərəfdən Ermənistanda
sosial-iqtisadi vəziyyət olduqca ağırdır. Koronavirusun
qarşısının alınması üçün
aparılan mübarizə tədbirləri heç
bir nəticə vermir.
Üstəlik Ermənistanın pandemiya səbəbindən
iqtisadiyyatı çox geriləyib, vətəndaşlarının
sosial rifahı əhəmiyyətli dərəcədə
pisləşib. Azərbaycana qarşı yeni
təxribatların törədilməsinin əsas səbəblərindən
biri də məhz bu idi. Paşinyanın fikrincə, bütün bunlar Ermənistan
cəmiyyətinin diqqətini mövcud
problemlərdən yayındıra bilərdi”.
Azərbaycan isə dəfələrlə xəbərdarlıq etmişdi. Bu barədə danışan BAXCP sədri dedi ki, Prezident İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda, BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşdə Ermənistanın yeni hərbi planlar hazırlaması, bu məqsədlə cəbhəyə yeni qüvvələr cəmləməsi, o cümlədən könüllü hərbi qüvvələr yaratması barədə xəbərdarlıq etmişdi: "Hətta Paşinyanın arvadı da bu könüllü birliklərin yaradılması çərçivəsində Qarabağa gəlmiş, hərbi təlimdə iştirak etmiş, silahdan atəş açmışdı. Prezident İlham Əliyev çox doğru olaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı ki, könüllü ordunun yaradılmasının tək məqsədi Azərbaycana hücum etməkdir. Təəssüf ki, dünya ictimaiyyəti bu təxribatları pisləmirdi. Paşinyan "Qarabağ Ermənistandır” bəyanatını verəndə, müdafiə naziri D.TonoyanABŞ-da "Yeni ərazilər üçün yeni müharibə”deyəndə, Tovuzda təxribat törədəndə, Livandan gətirilən erməniləri Qarabağda qanunsuz məskunlaşdıranda da beynəlxalq ictimaiyyət buna heç bir reaksiya vermədi. Bununla Ermənistan tərəfi faktiki olaraq danışıqlar prosesini dayandırdı. Nəticədə Azərbaycan son təxribatdan sonra torpaqlarını güc yolu işğaldan azad etmək qərarını verdi”.
Qardaş Türkiyə Azərbaycanın yanındadır
Qardaş Türkiyə dövlətinin bu günlərdə Azərbaycana göstərdiyi güclü dəstəklə də bağlı Qüdrət Həsənquliyevin fikirlərini öyrəndik. Onun sözlərinə görə, Türkiyə Prezidentinin, Xarici İşlər və Müdafiə nazirlərinin bu günlərdə Azərbaycanın haqq işini dəstəkləmələri ilə bağlı verdikləri bəyanatlar, açıqlamalar olduqca qürurvericidir. Son olaraq Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkəmizə səfəri zamanı bəyan etdi ki, lazım gəlsə bir dövlət kimi davranacağıq. Bütün bunlar Azərbaycanın hərbi əməliyyatları daha mübariz şəkildə keçirməsi üçün vacibdir.
"Türkiyə və Azərbaycan qardaş dövlətlərdir. 1918-ci ildə Bakının işğaldan azad olunmasında türk ordusu yaxından iştirak etmişdi. Aradan bir əsr ötsə də, qardaş Türkiyə Azərbaycanın yanındadır. Bu dəfə ordusu ilə qatılmasa da, Türkiyə siyasi və mənəvi baxımdan Azərbaycana dəstəyini əsirgəmir, beynəlxalq miqyasda ölkəmizi müdafiə edir. Lakin Ermənistana kimsə gizli və ya açıq dəstək verəcəksə, Azərbaycanın haqqı var ki, Türkiyənin tam dəstəyindən yararlansın. Amma ümid edirəm ki, buna ehtiyac qalmayacaq. İranın Ali Rəhbəri Seyid Əli Xamneyinin Xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti Dağlıq Qarabağın Azərbaycana məxsus olması barədə, o cümlədən Prezident Həsən Ruhaninin açıqlaması göstərir ki, İran dövləti problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istəyir. Bu tipli bəyanatlar Azərbaycanın haqq işinin müdafiə olunmasına və problemin müsbət həllinə öz təsirini göstərə bilər”, - deyə Qüdrət Həsənquliyev bildirdi.
Partiyaların Prezidentə dəstəyi cəmiyyətimizin siyasi uğurudur
Xatırladaq ki, hələ sentyabrın 27-də Azərbaycanın 50 siyasi partiyası birgə bəyanat yayaraq Prezident İlham Əliyevə dəstək nümayiş etdirdilər. Bu barədə danışanBAXCP sədri dedi ki, bu, cəmiyyətimizin siyasi uğurudur: "Siyasi sahədə aparılan islahatların müsbət nəticəsi bu ərəfədə də özünü göstərdi, 50 siyasi partiya Ali Baş Komandanın ətrafında sıx birləşdi, hamısı eyni mövqedən çıxış etdi. Müxalifət indi Prezident İlham Əliyevin birmənalı olaraq yanındadır. Azərbaycanın milli maraqlarını ifadə edən bütün partiyaların təmsilçiləri Vətən müharibəsində Ali Baş Komanadanın əsgərləridirlər. Müxalifətin bu mövqeyi həm Azərbaycana qarşı olan beynəlxalq təzyiqlərin, həm də daxildə olan bəzilərinin pozuculuq fəaliyyətinin qarşısını alır. Bu baxımdan mən 50 siyasi partiyanın belə bir məqamda Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini çox yüksək qiymətləndirirəm. Bu milli birliyi, həmrəyliyi biz sona qədər davam etdirməliyik. İndi hamı torpaqlarımızın azadlığı haqqında düşünməlidir və çalışmalıdır ki, Qələbəyə öz töhfəsini versin”.
Qüdrət Həsənquliyev onu da bildirdi ki, siyasi partiyalar, o cümlədən BAXCP Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışına qoşularaq informasiya müharibəsində ölkəmizin haqlı mövqeyinin müdafiə olunması və beynəlxalq ictimaiyyətə çatdırılması işində yaxından iştirak edirlər: "Bizə qarşı Ermənistan və erməni lobbisi tərəfindən böyük savaş açılıb. Döyüş meydanında əsgərlərimiz vuruşur, amma informasiya müharibəsində hamı döyüşə bilər. BAXCP qoşulduğu Avropa Mühafizəkarlar və İslahatçılar Partiyasının bütün üzvlərinə, o cümlədən burada müşahidəçi qismində iştirak edən ABŞ-ın Respublikaçılar partiyasına, digər tərəfdaş partiyalara Ermənistanın işğalçılıq siyasəti barədə xüsusi məktublar göndərib. Məktublarda qeyd olunub ki, siz hüquqa önəm verən partiyalar və vicdanlı insanlar kimi Ermənistanın işğalçılıq siyasətini pisləməli və bir milyondan artıq azərbaycanlının öz doğma yurduna qayıtması üçün öz səsinizi ucaltmalısınız”.
Yekunda Vətən müharibəsinin Azərbaycanın Qələbəsi ilə başa çatacağını deyən Qüdrət Həsənquliyev bir daha vurğuladı ki, hər bir azərbaycanlı bacardığı qədər bu işə öz töhfəsini verməlidir.
Müsahibəni
yazdı:
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2020.- 10 oktyabr.- S.5.